“Milli-mənəvi dəyərlər hər bir dövlətin inkişafı üçün çox vacib olan amillərdəndir”

 

Nigar Abdullayeva: “Xeyriyyəçiliyin inkişafı xalqa aid bütün milli-mənəvi dəyərlərimizin qorunması və təbliğatı üçün çox böyük addımdır”

Xalqımızın sahib olduğu milli-mənəvi dəyərlər, tariximizdə iz qoymuş xeyriyyəçilər, onların başladıqları və irs olaraq qoyduqları xeyriyyəçilik məktəbinin davamçıları QHT sektorunda da öz aktivliyi ilə seçilirlər. “Damla” İctimai Birliyi də müxtəlif hökumət və qeyri-hökumət təşkilatları, xeyirsevər iş adamları və ictimaiyyət nümayəndələrinin dəstəyi ilə bu mədəniyyəti təbliğ edir. İctimai Birliyin sədri Nigar Abdullayeva ilə həmsöhbət olub görülmüş və görüləcək işlərlə bağlı fikirlərini öyrəndik:

-Nigar xanım, “Damla”nın fəaliyyət istiqamətləri hansılardır?

- “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi artıq 5 ildir ki, fəaliyyətdədir. Rəsmi qeydiyyatdan isə 2011-ci il 27 may tarixində keçib. Fəaliyyətimiz İctimai Birliyin adından da bəlli olduğu kimi aztəminatlı ailələrə müxtəlif yardımların yönəldilməsi ilə bağlıdır. Belə ki, aztəminatlı ailələrə ehtiyaclarına uyğun olaraq maddi yardımlar olunmasına, eyni zamanda onlara cəmiyyətdə eynihüquqlu insanlar olduğuna inam yaratmaq məqsədilə mənəvi dəstək olmağa çalışırıq. Bu ailələrdəki uşaqların elmli və şüurlu şəxsiyyətlər olaraq yetişdirilməsi üçün tərbiyə və təhsillə bağlı layihələri təşkil edirik. Gələcəyimizin daha işıqlı olması üçün bu yönümdə çox böyük proqramlara yer verən dövlətimizə ictimai birlik olaraq dəstək olmağa çalışırıq.

- Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?

- Milli-mənəvi dəyərlər hər bir dövlətin inkişafı üçün çox vacib olan amillərdəndir. Bizim ən önəmli dəyərimiz olan xeyriyyəçilik mədəniyyətinin inkişafı isə xüsusilə önəmlidir. Birliyimizin əsas məqsədi H.Z.Tağıyev kimi xeyriyyəçilərdən irs qalmış bu məktəbi bərpa etmək, onun həyata tətbiq olunmasıdır. Cəmiyyətin birlik və sülh içində yaşaması üçün cəmiyyət fərdlərinin bir-birini anlaması çox vacibdir. Çox sadə bir dildə dəsək, insanlar ətrafindakıların halından xəbərdar olarlarsa, ehtiyacı olanlara yardım etmək düşüncəsi ilə hərəkət edərlərsə, bu, cəmiyyətimizin mərhəmət, şəfqət və qayğı hissləri ilə bir-birinə bağlı olan toplum olacağı deməkdir. Belə bir cəmiyyətin təşkil etdiyi dövlət isə günü-gündən güclənəcək. Əlbəttə ki, paylaşmaq-yardımlaşmaq proqramları həm iqtisadiyyatın, həm də elmin inkişafına dəstəkdir. Çünki “paylaşmaq” dedikdə maddi, mənəvi-bütün anlamlar nəzərdə tutulur.

- Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr keçiribsiniz?

- Fəaliyyət göstərdiyimiz illər ərzində bir çox xeyriyyə layihələri təşkil edilib. Bunlara misal olaraq xeyriyyə satış-sərgilərini göstərmək olar. Hansı ki əlil, şikəst uşaqların, gənclərin əl işlərinin satışı olub. Əldə olunan vəsait onlara verilib, təhsillərinə, ehtiyac duyduqları işlərə yönəldilib. Valideyn himayəsindən məhrum uşaqların təhsil almalarına, kurslara getmələrinə yönəldilib, eləcə də həmin uşaqlar maddi və sosial yardımlarla əhatə olunub.

Qeyd edim ki, hər il olduğu kimi, bu il də 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə “Damla” İB uşaqları unutmadı. Belə ki, birliyin qeydiyyatında olan bir və ya hər iki valideyn himayəsindən məhrum 33 uşaq üçün bayram şənliyi təşkil olundu. Şənlikdə uşaqlar və əməkdaşlarımızla yanaşı, 25 valideyn də iştirak edirdi. Bayram şənliyi respublikamızın gözəl guşələrindən biri olan Quba rayonunda açıq havada təşkil edildi. Uşaqların gözəl vaxt keçirib, ürəkdolusu əylənməsi üçün əməkdaşlarımız tərəfindən əvvəlcədən hazırlanmış oyunlar, yarışlar keçirildi. Bir-birindən maraqlı olan bu oyunlarda uşaqlar komanda şəklində bölünərək yarışmağa başladılar. Daha sonra klounların iştirakı ilə uşaqlar oxudular, oynadılar. Eyni zamanda bu körpə balalarımıza nahar fasiləsində əyləncədən sonra yemək verildi. Uşaqların sevincinə daha da sevinc qatan isə tədbirin sonunda onlara paylanılan hədiyyələr oldu. Bir sözlə, bu günü onlar üçün bacardığımız qədər yaddaqalan etməyə çalışdıq.

Bundan başqa, davamlı olaraq Uşaq Bərpa Mərkəzinə gedən “Damla” İB qucaqdolusu hədiyyələrlə uşaqların görüşünə gedib. Mənəvi dəstəyi ilə uşaqların psixoloji durumunda sabitlik, sevinc, ümid yaradan xeyriyyə təşkilatımız 100-ə yaxın oyuncaq və uşaq bezləri paylayıblar. İnanın, bu layihələrin hər biri haqqında saatlarla danışa bilərik, çünki layihələrimizin hər biri çox uğurla keçib və cəmiyyət tərəfindən də böyük diqqətə səbəb olub. Biz bu nəticələrə çox sevinirik. Fürsətdən istifadə edib bizə tədbirlərimizin həyata keçirilməsində yardımçı olmuş hər bir kəsə, bütün xeyirsevərlərə, o cümlədən könüllülərimizə dərin minnətdarlığımı bildirirəm.

- Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?

- Hazırda xeyriyyə layihələrimiz davam edir. Yay mövsümü yaxınlaşdığından qeydiyyatımızdakı valideyn himayəsindən məhrum uşaqların yay tətillərini səmərəli keçirmələri üçün onları yay məktəblərinə, kurslara, maraqları olan idman növlərinə və s. yönəldərik.

Əlbəttə ki, hər layihəyə start verildiyi zaman təqdimetmə mərasimi ilə başladığı kimi, layihə sonunda bizimlə olan xeyirsevərlərə, həmçinin cəmiyyətə təqdim etmək üçün hesabat mərasimi təşkil olunur. Bizim fəaliyyətimizin ən önəmli şərti şəffaflıq prinsipimizdir. İndiyə kimi keçirilən bütün tədbirlərimizdə bu prinsipə birmənalı olaraq riayət etmişik.

-Gənc nəslin bu sahəyə marağı necədir?

- Çox müsbət. Bunu çox əminliklə deyirik, çünki layihələrimizin iştirakçıları arasında gənclərin sayı bunu sübut edir. Layihələrimizə qoşulan gənclərin sayı hər növbəti tədbirdə daha da artmaqdadır. Gənclərimizin xeyriyyəçilik sahəsinə marağı və bu barədə aktivliyi haqqında təkcə bizimlə əməkdaşlıq edən gənclərin sayına görə demirik, istər cəmiyyət arasında, istər internet şəbəkələri üzərindən müxtəlif xeyriyyə layihələri təşkil edən və bu layihələrə qoşulan yüzlərlə gənc var. Bu, çox sevindirici haldır. Biz çox inanırıq ki, gələcəyimiz çox layiqli əllərdədir.

-Bu işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq edirsinizmi?

- Əməkdaşlıq etdiyimiz QHT-lər, eləcə də dövlət qurumları var. Sağ olsun, cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının işimizə çox böyük dəstəyi olub. Hazırda da bundan bəhrələnirik.

- Milli-mənəvi dəyərlərin təbliğ olunması yolunda xeyriyyəçilik ənənələrinin nə kimi rolu var? Sizcə, milli-mənəvi dəyərlərin qorunması üçün nələr edilməlidir?

- Xeyriyyəçilik, eyni zamanda dövlətinə, xalqına, cəmiyyətinə sahib çıxmaq, tarixinə, incəsənətinə, mədəniyyətinə dəyər vermək deməkdir. Belə olduğu bir halda, fikrimizcə, xeyriyyəçiliyin inkişafı, xeyriyyəçiliyin təbliğatı-dövlətimizə aid bütün milli-mənəvi dəyərlərimizin qorunması və təbliğatı üçün çox böyük addımdır.

İctimai birliklərin bu sahədə ən önəmli işi milli-mənəvi dəyərlərin qorunması mövzusunda təbliğat layihələri təşkil etmək, məqsədyönlü və aktiv fəaliyyət göstərməkdir. Hazırda bizim “Tikdim ki, izim qala” adı altında “Tikdik ki, bizdən qala” layihəmiz var. Bu, XV əsrdən bu günümüzə kimi olan xeyriyyəçilik məktəbini əks etdirir və bu gün də bu yola davam etmək istəyiriksə, hərə öz üzərinə düşən işi lazımınca yerinə yetirməlidir. “Damla” İctimai Birliyi olaraq vəzifələrimizi layiqincə yerinə yetirməyə çalışırıq, layihələrimizdə bizimlə olmaq istəyən QHT-lərlə əməkdaşlıq etməyə hazırıq, elecə də onların fəaliyyətində hansı yenilikləri və layihələri görmək istədikləri haqqında fikirlərini bilmək bizim üçün çox maraqlı və faydalı olardı.

- Perspektivdə hansı layihələr gözlənilir?

- “Damla” İctimai Birliyi bundan sonra da fəaliyyətini daha geniş və planlaşdırılmış şəkildə qurmaq əzmindədir. Hazırda birliyimiz növbəti bir xeyriyyə satış-sərgisi keçirmək istəyir. Əlil və valideyn himayəsindən məhrum olmuş uşaqların, gənclərin əl işləri, rəsm əsərləri sərgilənəcək. Hazırlıqlar gedir. “Azərbaycanda lal-kar uşaq qalmasın” adlı bir layihəmiz də var, bu, dövlət qurumlarına təqdim olunub. Bu layihə gerçəkləşərsə, inanın ki, ölkəmizdə lal-kar kimi əlilliyi olan uşaq, gənc, insan qalmaz. Bildiyiniz kimi, qarşıdan Ramazan gəlir. Bayram hazırlıqlarına başlanılıb. Çalışdığımız qədər Allahın köməkliyi ilə nəzərdə tutduğumuz bu kimi işləri görməyə hazırlaşırıq.

 

Fuad HÜSEYNZADƏ          

 

Palitra.-2013.-20 iyun.-S.11.