“Gənclərimiz hər zaman bütün proseslərin nüvəsində durur

 

Rəşad Cəfərov: “Azərbaycan xalqı hər zaman öz gəncini mübariz, vətənpərvər ruhda tərbiyə edib

“İnnovasiyaya Doğru Gənclərə Dəstək” İctimai Birliyinin sədri Rəşad Cəfərovla müsahibəni təqdim edirik:

- Cəmiyyətin inkişafında gənclər nə dərəcədə öz töhfəsini verirlər?

- Hər zaman dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi və mədəni həyatımda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Bu, tarixən belə olub. Məncə, buna səbəb hər bir xalqın özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlamasıdır. Azərbaycan xalqı hər zaman öz gəncini mübariz, vətənpərvər ruhda tərbiyə edib. Elə buna görə də Azərbaycan gənci cəmiyyətimizə öz töhfəsini daha çox bu ruhda ortaya qoyur. Adı qürurla hər zaman çəkilən Mübariz İbrahimov, Avropa səhnəsindən qalib ayrılan NigarEldar, himnimizi idman arenalarında dəfələrlə səsləndirən digər gənclərimiz və sair. Bu gün Azərbaycan gənci çox yaxşı birləşməyi bacarmaq əzmindədir. Onlar müxtəlif təşkilatlarda birləşərək yeni, innovativ layihələri ilə cəmiyyətin inkişafına dəstək olmağa çalışırlar. Xüsusi ilə qeyd edim ki, bu gün dövlətimiz gənclərin fəaliyyəti üçün yaratdığı şəraitlə bəlkə də dünyanın bütün ölkələrinə nümunə ola biləcək səviyyədədir. Yaradılan bu şəraitdən Azərbaycan gənci heç zaman kənarda qala bilməz və qeyd etdiyim kimi hər zaman bütün proseslərin nüvəsində durur.

- Gənclərimizin ictimai-siyasi aktivliyi özünü necə göstərir?

- Sadəcə internet üzərindən bir balaca diqqət yetirsək Azərbaycan gəncinin bugünkü ictimai-siyasi aktivliyinin şahidi olmaq olar. Çox fəal şəkildə informasiya savaşına qoşulan gənclərimiz var. Çox zaman yalan informasiyaları ilə öndə olan düşmənlərimiz bu gün Azərbaycan gəncinin tutarlı faktları qarşısında tab gətirə bilmir. Dövlətimizə qarşı yönələn hər bir dezinformasiyaya gənclərimiz, gənclər təşkilatları dərhal reaksiya verirlər. Məncə, gənclərimizin üzərinə böyük bir məsuliyyət düşür - ictimai-siyasi aktiv olmaq məsuliyyəti. Azərbaycan gənci də bu məsuliyyəti başa düşürdaim fəallıq göstərir.

- Ümumiyyətlə, bu gün Azərbaycan gənclərini əsas narahat edən nədir?

- Ümummilli liderimiz Heydər Əliyevin bu barədə çox gözəl bir sözünü xatırladım. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Məncə, bu fikir bu gün də, sabah da Azərbaycan gəncinin devizi olmalıdır. Gənclərimizi təqvimimizdəki işğal tarixləri narahat etməlidir. Şuşanın, İrəvanın fəth olunması üçün xəritə çızmalıdır. Azərbaycan gəncinin üzərinə qara ləkə kimi yapışan məğlub əsgər adı bu gün Azərbaycan gəncini ən çox narahat edən məsələ olmalıdır.

- QHT olaraq gənclərlə bağlı hansı layihələr keçirirsiniz?

- Təşkilatımızın istiqamətindən də görünür ki, həyata keçirdiyimiz bütün layihələrin mərkəzində gənclər durur. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə həyata keçirdiyimiz “Təhsil körpüsü” tele-layihəsini, Gənclər və İdman Nazirliyi ilə olanMilli dəyərlərimizlə məktəbdən Avropaya doğru” layihəsini söyləyə bilərəm. Prezident yanında Gənclər Fondu ilə birgə reallaşdırdığımız “Xarici tələbələrin “Azərbaycan - ikinci vətənim” layihəsi bizi çox fərəhləndirdi. Bu gün də layihələrimiz davam edir. 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına gənclərin dəstək verməsini təbliğ edən sosial çarx hazırlayırıq. Həmçinin bölgələrdə internet mediasının etik qaydaları ilə bağlı təlimlər keçiririk. Üzərimizə düşən məsuliyyətimizi anlayaraq cəmiyyətimizin inkişafına öz töhfəmizi verməyə çalışırıq.

Fuad Hüseynzadə

Palitra.-2013.-1 noyabr.-S.7.