İKT-nin tətbiqində gələcəyə əsaslanan strategiya

Azərbaycanda İKT sektoru özünün dayanıqlı və dinamik inkişaf mərhələsindədir

Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Son illərdə ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır.

Ümummilli liderin 2003-cü il fevralın 17-də təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu sahədə yeni bir mərhələnin əsasını qoyub. Sözügedən strategiya təsdiqləndiyi dövrdən etibarən növbəti 10 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirib. Məlum olduğu kimi ölkə başçısı respublikamızda, ümumiyyətlə, informasiya cəmiyyətinin qurulması ilə əlaqədar bir dövlət proqramı qəbul edib ki, buElektron Azərbaycan” Dövlət Proqramı adlanır. Proqramın icrasından əldə olunan nəticələrin davam etdirilməsi və genişləndirilməsi məqsədilə 2010-cu ilin avqustunda Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nı (Elektron Azərbaycan) təsdiqləyib. Dövlət Proqramına uyğun olaraq informasiya və kommunikasiya infrastrukturunun və xidmətlərinin modernləşdirilməsi, ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, rəqəmsal televiziya yayımının və internetin milli seqmentinin inkişaf etdirilməsi, dövlət idarəçiliyinin bütün səviyyələrində e-hökumət həllərinin, o cümlədən e-imza və e-sənəd dövriyyəsinin geniş tətbiqi həyata keçirilir. Bu da ölkə əhalisinin İKT-dən istifadəyə aktiv cəlb olunmasına, kompyüterlərin və internetin yayılma səviyyəsinin artmasına səbəb olub. Bütün bunlar da öz növbəsində ölkəmizdə informasiya cəmiyyətinə keçid üçün əlverişli şərait yaradıb. E-hökumət həllərinin geniş tətbiqi dövlət idarəetməsində şəffaflığın, operativliyin və səmərəliliyin artmasına, vətəndaşların asan və sərbəst şəkildə dövlət orqanları ilə əlaqə yaratmasına gətirib çıxarıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin yaradılması da elektron hökumətin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Artıq fiziki və hüquqi şəxslərə keyfiyyətli və qənaətbəxş İKT xidmətləri təqdim olunur, eləcə də maddi-mədəni irsin qorunub saxlanılması və təbliğində İKT-dən istifadə təmin olunub. Bundan başqa dövlət orqanlarının vahid informasiya mübadiləsi şəbəkəsi inkişaf etdirilir.

Hazırda ölkədə həyata keçirilən İKT siyasəti təkcə ölkə daxili və milli məsələlərin həllinə yox, həmçinin beynəlxalq və regional inkişafa da öz töhfəsini verməkdədir.

Hal-hazırda respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. Bunun da səbəbi ölkəmizdə informasiya cəmiyyətinə keçid artıq praktiki müstəvidə, bir konkret fəaliyyət planı çərçivəsində icra olunması üçünəyyən tədbirlərin həyata keçirilməsidir. Məhz buna görə də bu gün Azərbaycanda İKT sektoru özünün dayanıqlı və dinamik inkişaf mərhələsindədir. Təsadüfi deyil ki, ötən 10 il ərzində İKT sektorunda orta illik artım tempi 20-25% təşkil edib. Sektor hər 3 ildə 2 dəfə genişlənıb və sektorun həcmi təqribən 6 dəfədən çox artaraq təxminən 2.0 milyard dolları ötüb. 10 il ərzində həyata keçirilən işlərin parlaq nümunəsi kimi Azərbaycanın ümumdünya kosmik məkanına inteqrasiyasını göstərə bilərik. Bu gün artıq ölkəmiz milli telekommunikasiya peykinə malik olan azsaylı dövlətlərdən biridir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev bizimlə söhbətində dedi ki, Azərbaycanda informasiya texnologiyalarının tətbiqi elmi şəkildə təşkil olunmalıdır. “Azərbaycanda informasiya cəmiyyəti ideyasının geniş tətbiq olunması üçün elmi araşdırmalar aparılmalıdır” deyən İTİ direktoru bu araşdırmaların tək dəqiq elmlər yox, eyni zamanda humanitar elmlər qarşısında vəzifələr qoyması qənaətindədir: “İnformasiya texnologiyaları Azərbaycana gəlməklə yanaşı, yeni iqtisadiyyat, psixologiya, sosiologiya, mənəviyyat gətirir. Ona görə də alimlər qarşısında bu istiqamətdə də vəzifələr durur”.

Ölkəmizdə İKT-nin tətbiqi gələcəyə əsaslanan strategiya əsasında həyata keçirlir. 2013-cü ilin ölkəmizdəİnformasiya-kommunikasiya texnologiyaları ilielan olunması bu sektora göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Respublikanın telekommunikasiya şəbəkəsində yeni texnologiyaların və mobil rabitə xidmətlərinin tətbiqi genişləndirilir. Bununla yanaşı telefon rabitəsi və internet xidməti tariflərinin optimallaşdırılması və stimullaşdırılması üzrə tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində informasiya texnologiyalarının daha da inkişaf etdirilməsi, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması, qarşıdakı 8-10 il ərzində qeyri-neft sektorunun inkişafını təmin etməklə, ölkədə ÜDM-in həcminin iki dəfə artırılması məqsədi qarşıya qoyulub. İqtisadiyyatda neft amilini minimuma endirmək, informasiya-kommunikasiya texnologiyalarının gələcək 10 ilə - hər il təxminən 20 faiz artımını təmin etmək, beləliklə, 2020-ci ilə qədər İKT sektorunun həcminin təxminən 4 dəfə genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlərə nail olunması istiqamətindəəyyənləşən strategiyaya uyğun olaraq, ilk növbədə, ölkədə internetin hərtərəfli inkişafını təmin etmək - genişzolaqlı, sürətli internetin istifadəsini, həcmini gələcək 3 ildə 85 faizə, minimum sürətini 10 meqabit saniyəyə çatdırmaq planlaşdırılır.

Bütün hallarda bu işlər cəmiyyət üçün edilir. Ona görə də cəmiyyətin hər bir təbəqəsi, hər bir fərdi informasiya cəmiyyətinə hazır olmalıdır.

Ən əsası isə, insanlar özləri bütün bu yeniliklərə meyilli olmalıdırlar.

 

Fuad Hüseynzadə

Palitra.-2013.-6 noyabr.-S.13.