Vyanada Mir Cəlalın xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Mərkəzin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında əvəzsiz rol oynamış Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışıb, bu il yazıçının 105 illiyi ilə bağlı həm Azərbaycanda, həm də xarici ölkələrdə silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında Mir Cəlal Paşayevin yaradıcılığının ölkəmizdə və onun hüdudlarından kənarda geniş tanındığını, 2008-ci ildə ədibin 100 illik yubileyinin UNESCO səviyyəsində geniş qeyd edildiyini deyib.

Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev Mir Cəlal haqqında məruzəsində görkəmli yazıçının Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslıq elminin inkişafında rolundan bəhs edib. Bildirilib ki, “Bir gəncin manifesti” romanı ilə geniş oxucu rəğbəti qazananəllif XX əsr Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafına böyük töhfələr verib.

Tədbirin bədii hissəsində Vyana Universitetinin doktorantı Yaqut Abdalla və Ştefan Rollfinke Azərbaycan və alman dillərində yazıçının “Anket Anketov”, “Ay İsmayıl, bir başa sal!” və “Öyrəncəkli” hekayələrindən parçalar oxuyublar.

Skripkaçı Stefan Kamilarov pianoda Marqarete Babinskinin müşayiəti ilə Qara Qarayev, Volfqanq Amadey Motsart və Ludviq van Bethovenin əsərlərini ifa edib.

Cavidan

Palitra.-2013.-7 noyabr.-S.6.