“Gənclər cəmiyyətin əsas qüvvəsinə çevrilib

Yəhya Babanlı:“Azərbaycan gənci xoşbəxtdir ki, öz ictimai-siyasi xadimlərinin sayı və sanbalı ilə seçilir

“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Yəhya Babanlıyla müsahibəni təqdim edirik-Gənclərimiz cəmiyyətin inkişafına nə dərəcədə öz töhfəsini verirlər?

- Hazırda Azərbaycan Respublikasında gənclərlə dövlət siyasətinin prioriteti və mühüm tərkib hissəsidir. Müasir dövrdə Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və ictimai, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin əsas qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edir. Dövlətin və cəmiyyətin inkişafında gənclərin yaxından iştirakının şahidi oluruq. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, elm-təhsil müəssisələrində, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

- Gənclərimizin ictimai-siyasi aktivliyi özünü necə göstərir?

-Zənnimcə, gənclərimiz olduqca ictimai və siyasi fəaldır. Bu, istər dövlət, istərsə də QHT sektorunda özünü aydın göstərir. Bu gün gənclərimiz prezident, parlament və bələdiyyə seçkilərinin aparıcı təbəqəsi hesab olunur. Gənclərimiz siyasi əhəmiyyət kəsb edən tirubunalarda öz sözlərini sərbəst ifadə edə bilirlər. İstər yerli, istər regional, istərsə də beynəlxalq tədbirlərdə respublikamızı layiqincə təbliğ və təmsil edirlər.

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə instisional və təşkilati quruculuq işləri reallaşdırılıb.

-Siz daha çox region gəncləri ilə bağlı layihələr həyata keçirirsiniz. Hazırda region gənclərinin ictimai-siyasi aktivliyi hansı səviyyədədir?

-Tarixən Azərbaycan insanı özünün yüksək potensialı ilə seçilib. Məhz Azərbaycan gənci xoşbəxtdir ki, bu xalq öz ictimai-siyasi xadimlərinin sayı və sanbalı ilə seçilir. Onların bu fəaliyyətdə nümunə götürəcək şəxsiyyətləri var. Bu gün gənclərimiz onları özlərinə örnək kimi qəbul edirlər. Azərbaycan gənci ictimai-siyasi aktivliyi, mükəmməlliyi və müdrikliyi Şah İsmayıl Qızılbaş, Sara Xatun, Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, Heydər Əliyev fəlsəfəsindən öyrənir. Bu nəslin davamçısı olan gənclərimiz də eyni bədənin bir əzası kimi öz savadı, dünyagörüşü və müsbət keyfiyyətləri ilə seçilir. Onlar cəmiyyətimizin inkişafında fəal iştirak edir, regionlarımıza xas xüsusiyyətlərin, sağlam keyfiyyətlərin qorunması, saxlanılması və gələcək nəslə ötürülməsində körpü rolunu oynayırlar. Hətta region gənclərinin paytaxt arzusu ilə onların öz potensiallarını daha da səfərbər etdiklərinin şahidi oluruq. Gənclər elə təəssürat yaradır ki, paytaxtla regionlar arasındakı məsafəni hiss etmirlər.

-Azərbaycan gəncləri öz üzərinə düşən məsuliyyəti anlayırmı?

-İstər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda yaşayan sağlam, məsuliyyətli, vətənini sevən, təbliğ və təmsil edən gənclərdən ibarət ordumuz formalaşıb. Bizim zəngin tarixi, mədəni-mənəvi xüsusiyyətlərimiz gənclərimizi ikiqat məsuliyyətli olmağa sövq edir. Hər bir gənc tarixi şəxsiyyətlərə malik bir xalqın nümayəndəsi oduğunun məsuliyyətini anlamalı və Tusi, Nizami, Nəsimi, Xan qızı Natəvan, Heyran xanım, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə və başqalarını özlərinə örnək götürməlidir.

Gənclər anlamalıdır ki, onlar zəngin tarixi keçmişlə yanaşı, kəşməkəşli tarixə, əlverişli coğrafi vəziyyətlə yanaşı, həssas coğrafiyaya, çoxtərkibli mədəniyyətlə yanaşı, mürəkkəb sivlizasiyaların qovuşduğu məkandır. Bu, onlarda məsuliyyət hissini daha da gücləndirməli, daha da çalışqan, inamlı və iradəli olmağa sövq etməlidir.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. Bugünədək 100-lərlə azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələrdə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilib. Bu da bizim savadlı, dünyagörüşlü gənclər ordumuzun formalaşması ilə yanaşı, milli missionerlərimiz, diaspor və lobbi potensialımıza da bir yeni nəfəsdir.

-QHT olaraq gənclərlə bağlı hansı layihələr keçirirsiniz?

-Biz, gənclərin maarifləndirilməsinə xidmət edən bir təşkilat kimi bu sahəyə yönəlik layihələr reallaşdırmağı qarşımıza məqsəd və vəzifə qoymuşuq. Bununla əlaqədar bir sıra layihələrimiz gerçəkləşib. Bu yaxınlarda yekun vuracağımız “Region gənclərinin ictimai fəallığının artırılması” layihəsi buna əyani misaldır. Hal-hazırda bu prinsiplərə yönəlik “Həmrəy”in Təhsil Mərkəzi fəaliyyət göstərir. Hazırda “Həmrəy: şagirdlərin təhsilinə dəstək” layihəsini həyata keçiririk. Bu layihəyə Xəzər Universiteti də dəstək verir və onlarla birgə davam etdiririk. Burada ödənişsiz Azərbaycan dili, ingilis dili, riyaziyyat və kompyuter dərsləri keçirilir. Bu layihəni mütəmadi keçirməyi qərarlaşdırmışıq. Bu yaxınlarda isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Təmiz ekologiya - sağlam həyat” devizi adı altında ekoloji aksiya keçirməyi təklif etdik. Bu, nazirlik tərəfindən çox müsbət qarşılandı və yaxın vaxtlarda bunun gerçəkləşdirilməsi planlaşdırılıb.

-Gənclərimiz layihələrinizdə fəal iştirak edirlərmi?

-Cari ilin sentyabr ayının 27, 28, 29-da “Həmrəy” ölkəmizin şimal-qərb bölgəsində silsilə tədbirlər həyata keçirdi. Belə ki, Prezident yanında Gənclər Fondunun 3-cü qrant müsabiqəsində qaliblərdən biri olmuşdu. Bu çərçivədəRegion gənclərinin ictimai fəallığının artırılması” adlı layihənin icrası reallaşdırıldı. İcra planına uyğun olaraq Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ, Oğuz və Şəkidən olan gənclərə seminar-təlimlər keçirildi. Bu tədbirlərdə 500-dən çox gənc aktiv iştirak edirdi.

Qeyd etdiyim “Həmrəy: şagirdlərin təhsilinə dəstək” layihəsinin bir neçə gündür başlamasına baxmayaraq çoxlu sayda müraciət edənlər və qeydiyyatdan keçənlər vardır. Bu da əsas verir ki, mübaliğəsiz deyək ki, belə tədbirlərdə gənclər aktiv iştirak edirlər. Ən sevindiricisi odur ki, gənclərimiz belə tədbirlərə böyük maraq göstərir, fəal iştirak edir və maariflənməyə, bilik və bacarıqlarını artırmağa can atırlar. Bu da oların inkişafında mühüm amildir.

-Gənclərin daha da maariflənməsi üçün nələr edilməlidir?

-Azərbaycan gəncinin idealı ulu öndər Heydər Əliyevin başlatdığı və son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. 2011-ci il 6 aprel tarixində Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında sərəncam imzalanıb. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Prezident yanında Gənclər Fondu yaradılıb. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Bununla da Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradacaq. Sözügedən dövlət proqramında qoyulan ən ümdə məsələ gənclərin maarifləndirilməsinə dəstək məsələsidir. Əminəm ki, bu proqram aidiyyəti qurumlar tərəfindən düzgün və vaxtında icra olunsa, müvafiq sahədə böyük nailiyyətlər əldə olunacaq. O ki qaldı daha nələr etmək olar sualına, əsasən günün-zamanın tələblərinə uyğun layihələr, proqramlar qəbul olunmalı və icra edilməlidir. Xüsusən, televiziya, radio verlişlərinə diqqət yetirilməli, gənclər üçün əhəmiyyət kəsb edən və maarifləndirilməsinə ehtiyac duyulan sahələr üzrə müvafiq verilişlər hazırlanmalı, gənclərdə hərbi-vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə müxtəlif verilişlər yayımlanmalı, gənclərin dünyagörüşünü inkişaf etdirmək üçün müvafiq məşhur telekanalların verilişləri tərcümə edilməli və s. tədbirlərin reallaşdırılması məqsədəuyğundur. Bildiyimiz kimi bu il ölkəmizdə “İKT ilidir. Bu, dövrümüzdə olduqca aktual və strateji sahədir. Gənclərin internet resrusları sahəsində maarifləndirilməsinə böyük ehtiyac var. Onlar bu sahədən düzgün istifadə etməlidir. İstər asudə vaxtlarının səmərəli təşkili, istərsə də öz vətəni barədə təbliğat işinin qurulmasında. Bu gün sosial şəbəkələr dünyada söz sahibinə çevrilib desək yanılmarıq. Gənclər də bundan Azərbaycan həqiqətləri kontekstində istifadə etməli, ərazi bütövlüyümüzün bərpası istiqamətində aparmalıdırlar.

Sonda qeyd edim ki, ən əsası odur ki, gənclərimiz əsl vətəndaşlıq məsuliyyətini tam dərk etməlidir və vətənimizə layiqli, dövlətimizə, milli məfkurəmizə sədaqətli olmalıdır.

Bizim də “Həmrəy” olaraq amalımız budur. Bu istiqamətdə gənclərimizin həmrəyliyinə çalışırıq və buna səsləyirik. Gəlin ki, həmrəy olaq! Həmrəyliyimiz gələcəyimizin uğurudur!

Fuad Hüseynzadə

Palitra.-2013.-20 noyabr.-S.7.