Elçin Həsən: “Zəngin mədəni irsimizi təbliğ etməliyik”

Aydınlar Elmi İctimai Birliyi “yeni doğulmuş” QHT sayılır. Təşkilat yenicə dövlət qeydiyyatından keçib. Amma təşkilatın sədri Elçin Həsənin qəzetimizə müsahibəsindən görünür ki, yeni elmi fikir və ideyalarla fəaliyyətə başlayıblar.

-QHT olaraq sizin prinsipləriniz nədən ibarətdir?

-Prinsiplərimizi şüarabənzər formada ifadə eləsək, bizdə “11A” adlanan prinsiplər toplusu var ki, o da bunlardır: alim ol, aktiv ol, aqil ol, agah ol, ayıq ol, azad ol, açıq ol, aşkar ol, adil ol, arif ol ki, aydın olasan. Qısa cümlə ilə ifadə eləsək,prinsiplərimiz bir elmi şəbəkə olaraq xalis niyyətli, fədakar, xalqı üçün hər növ əziyyətlərə qatlaşan, əzmkar, qətiyyətli, comərd və savadlı olmaqdır.

- Gənclərin Azərbaycan tarixi, dövlətçilik ənənələri və mədəni irsə bağlılığı necə olmalıdır?

- Belə bir bağlılıq əlbəttə ki, olmalıdır. Tarix ibrət vasitəsidir. Təəssüf ki, insanların əksəriyyəti tarixi sadəcə fəxr və münaqişə vasitəsi kimi istifadə edir. Bizə görə isə tariximizin istər uğurlu, istər uğursuz səhnələri bizim üçün bilinməsi mühüm olan və ibrət alıb bugünümüzü və sabahımızı düzgün dəyərləndirməyimiz üçün bir vəsilə olmalıdır. Allah Təala daQuran”da əyyən tarixi qissələri yalnız ibrət almağımız üçün bizlərə bildirdiyini dəfələrlə vurğulayıb. Keçək dövlətçilik ənənələrinə. Bəzən insanlarımız millətçiliklə dövlətçilik məfhumlarını səhv salır. Millətçiliyi sırf milli mənsubiyyətə görə öz millətini başqasından üstün bilmək kimi qiymətləndirsək, təbii ki, bu məqbul bir düşüncə və ideologiya deyil. Dövlətçilik isə dövlətin, xalqın maraqlarına, gələcəyinə xidmət şüurunda olmaqdır ki, bu hər bir vətəndaşın sahib olmalı olduğu dəyər və yanaşmadır. Qaldı ki, mədəni irsə, bu da çox geniş məfhumdur və düşünürəm ki, kifayət qədər zəngin mədəni irsimiz olduğuna görə hər bir azərbaycanlı bu irsdən pay aparmalıdır.

- Siz bu bağlılığın hansı dərəcədə olduğunu düşünürsüz?

- Bu gün gənclərimizin bu dəyərlərə bağlılığı görünsə də, görüləsi çox işlər var. Burda çox faktorlar nəzərə alınmalıdır. Müharibə dövründən xeyli zaman keçməsi və gənclərimizin o dövrün gənclərinə nisbətdə Qarabağ dərdindən ən azı tarixi məsafə olaraq nisbətən uzaqlaşması, əyləncə xarakterli mövzuların həddindən artıq qabardılması, təhsilimizdə hələ də davam edən əyyən çatışmazlıqlar, mənəvi maarifləndirmədə olan çatışmazlıqlarımız, dini-mənəvi təbliğatda firqələşmə və xarici siyasi-ideoloji maraqların yer alması və s. bunlar hamısı gənclərin milli-mədəni dəyərlərə bağlılığına, onun artmasına təəssüf ki, ciddi şəkildə öz mənfi təsirini vermiş olur. Amma buna baxmayaraq ümidlərimiz var, inşallah, görülən əyyən işlərin sayəsində bu şeylərin müsbətə doğru dəyişəcəyinə çox ümid edirik. Digər tərəfdən də, sadəcə üst qurumların təşəbbüslərinə ümid bağlamaq deyərdim ki, ən böyük yanlışlıqlarımızdan biridir. Hər bir fərd özünün, ailəsinin və cəmiyyətinin hərtərəfli inkişafında öz imkan və qabiliyyətləri çərçivəsində işlər görməlidir. Əks halda heç bir inkişafdan söhbət gedə bilməz.

- Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?

-Qarşıdan gələn QHT-lərə qrant mükafatı ayrılması müsabiqəsində iştirak etmək fikrimiz var. Özüm bakalavr təhsilini Dövlət İqtisad Universitetində almışam və magistratura təhsilimi də Liverpool Universitetində Beynəlxalq Neft və Qaz İdarəçiliyi üzrə almışam. Digər təsisçi rəhbər Samir Aslanov da fərqli ixtisaslar üzrə üç universitet məzunudur, bundan əlavə ölkəmizdə İslam maliyyəsi üzrə diplomu olan ilkin, azsaylı və güclü mütəxəssislərdəndir. Digər üzvlərimizin də əksəriyyəti iqtisadçı olduğuna görə böyük ehtimalla maliyyə sahəsinə aid bir mövzuda tədbir keçirməyi nəzərdə tutan bir layihə hazırlanacaq. Amma növbəti illərdə artıq tam müxtəlif elmi sahələrdə oxuyan və ya çalışan üzvlərimiz olacağı təqdirdə fərqli istiqamətlərdə layihələrimiz olacaq.

- Gənc nəslin milli ruhda formalaşması üçün onların milli-mənəvi dəyərlərə bağlılığı yetərincədirmi?

-Bilirsiniz, əslindəmilli-mənəvi dəyərlərdedikdə bunları eyniləşdirmək olmaz. Hər ikisinin ayrı mənasını nəzərdə tutmaqla birgə ifadə etmək olar, əlbəttə. Bunların arasında əyyən ortaq cəhətlər olsa da xeyli fərqlər mövcuddur. Məsələn, Qarabağ probleminin həll olunması uğrunda atılan addımlar və ya Azərbaycan xalqına məxsus hansısa mədəni irsin qorunması şüurunda olmaq kimi dəyərlərdə mənəvilik olsa da bunlar daha çox milli dəyər kimi qiymətləndirilməlidir. Digər tərəfdən, məsələn, insanlara xidmət və ya özünə rəva bilmədiyini başqasına da rəva bilməmək və ya əliaçıqlıq kimi insani keyfiyyətləri isə mənəvi dəyərlər kimi səciyyələndirmək lazımdır.

- Sizcə, elmin inkişafında son məqsəd nə olmalıdır?

-Biz elmi bir təşkilat olsaq da elmi və savadı bir son hədəf olaraq deyil, vasitə olaraq qiymətləndiririk, insanların düşüncə üfüqünü və ruhunu genişləndirmək üçün, mənəviyyatını və insanlığa xidmətini yüksəltmək üçün, eyni zamanda təbii ki, sosial rifahın inkişafı üçün bir vasitə. Bunlar olmadıqca elmin öz-özlüyündə heç bir dəyəri qalmaz. Və təəssüf ki, bu gün elmi inkişafın ən yüksək həddə olduğu Qərb dünyasında belə elmin özünə kökündən yanlış bir yanaşma var. Onlar elmi sərbəst hədəf olaraq görür və elmin vasitə ola biləcəyi şeylər arasında ancaq maddi rifahı götürürlər. Qısa və açıq ifadə eləsək, bütün insanlara xoşbəxtlik lazımdır. Bunu heç kim inkar eləməz. Maddiyyat və rahatlığın insanın xoşbəxt həyat sürməsində inkarolunmaz rolu olsa da, bunların xoşbəxtliyin özü olmadığını hər bir ağıllı şəxs dərk edir. Məhz bu səbəbdən də, elmi son hədəf olaraq görənlər ruh elminə, mənəviyyat elminə - bu ən dərin və zəruri elmdir - laqeyd yanaşdıqlarına görə onların insanlığın səadətinə, hüzurlu həyatına demək olar heç bir qatqıları olmayıb. Yeri gəlmişkən, bizim şüarımıza da diqqət etsəniz, elmə olan yanaşmamızı anlayarsız. Elmdən aydınlığavə “11A” prinsipi də alimlikdən başlayıb aydınlıqda bitir. Yəni elm bizim üçün aydınlığın özü deyil, aydınlığa doğru gedən yolun başlanğıcıdır.

- Elmin təbliğ olunması üçün nələr edilməlidir?

-Bu sual çox əhatəli cavab tələb edir. Bunun üçün əvvəl də qeyd elədiyim kimi hədəflər düzgün əyyən edilməlidir. İstənilən fəaliyyət birbaşa, ya dolayısıyla insanların ruhuna xidmət etməlidir. Elmin təbliğ olunması üçün biz hələ elmin nə olduğunu, nələri ehtiva etdiyini əyyənləşdirməliyik. Təəssüf ki, bu məsələdə də çatışmazlıqlar sezilir və bizlər hələ də “elm” dedikdə hətta əksər hallarda yalnız dəqiq elmləri, rəqəmsal elmləri təsəvvür edir və ya nəzərdə tuturuq.

Elmin nələri əhatə etdiyini əyyənləşdirdikdən sonra, istər təhsil mərkəzləri, istər digər təşkilat və qurumlar tərəfindən hərtərəfli, dəqiq və təcrübəli işlənmiş maarifləndirmə prosesi getməlidir. Əlbəttə ki, bu məsələlərdə yeni nazirimizdən də gözləntilərimiz çoxdur. İnstitutların metodik və maliyyə baxımdan inkişafında ciddi artıma ehtiyac var. Təhsil sahəsində çalışanların əməkhaqlarında nəzərəçarpacaq artıma ehtiyac var. Bunlar baş tutmadıqca, elmin inkişafından danışmaq əbəs olar. Azərbaycan xalqının daxilən kifayət qədər elmə meyilli xalq olduğunu nəzərə alsaq, bu çatışmazlıqların aradan qaldırılacağı təqdirdə ölkədə istər düşüncə tərzi, istərsə elmi nailiyyətlər baxımdan çox ciddi irəliləyişlərin olduğunu müşahidə edərik.

- Hər hansı dövlət və QHT-lərlə əməkdaşlıq edirsinizmi?

-Hələ ki, rəsmi olaraq heç kimlə əməkdaşlıq etməyə başlamamışıq. Amma təbii ki, bunsuz olmaz. Yerli QHT-lərdən əlavə xaricdəki, xüsusilə Qərb ölkələrində analoji fəaliyyət göstərən təşkilatlar, elm xadimləri, ictimai xadimlərlə əlaqələr yaratmağa çalışırıq.

- Görüləcək hansı işləriniz var?

-Görüləcək çox işlərimiz var. Yaxın gələcək üçün onu deyə bilərəm ki, inşallah dekabrda İngiltərə, Kanada, ABŞ səfərlərimiz olmalıdır, həm tədbirlərə qatılmaq, həm böyük şəxsiyyətlərdən, elm xadimlərindən müsahibə almaq məqsədilə. Sonrakı işlər sponsorluq məsələsindən də xeyli aslı olaraq qalır, çünki hələ planlarımızı tam həyata keçirmək üçün sponsorumuz yoxdur.

Diqqətinizə və maraqlı suallarınıza görə şəxsən öz adımdan və təşkilatımızın adından minnətdarlığımı bildirirəm.

Fuad Hüseynzadə

Palitra.-2013.-22 noyabr.-S.11.