Zaqatalada Avropa irs günləri

 

Mədəniyyət müəssisələrində, qoruqlarda “Açıq qapı” günləri, muzey və rəsm qalereyalarında “Mədəniyyət abidələrimiz” mövzusunda fotosərgilər təşkil olunub

 

Layihə çərçivəsində təqdim etdiyimiz məqalə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Avropa irs günləri layihəsinin Azərbaycanda ilk dəfə olaraq təntənəli şəkildə qeyd olunması ilə bağlıdır. Qeyd edək ki, hər il ölkəmizin müxtəlif regionlarında keçirilməsi nəzərdə tutulan tədbirlər bu il Şəki, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edib.

Sentyabrın 27-də başlanan Avropa irs günləri çərçivəsində bu rayonlarda silsilə tədbirlər, o cümlədən ümumtəhsil məktəblərində mədəni irsin qorunması mövzusunda dərslər keçirilib, mədəniyyət müəssisələrində, qoruqlarda “Açıq qapı” günləri, muzey və rəsm qalereyalarında “Mədəniyyət abidələrimiz” mövzusunda fotosərgilər təşkil olunub.

Zaqatala rayon Mədəniyyət Evinin qarşısındakı meydanda Avropa irs günləri layihəsinə həsr olunmuş təntənəli bayram şənliyi keçirilib. Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının, layihənin iştirakçısı olan rayonların mədəniyyət və turizm şöbələri nümayəndələrinin, şəhər sakinlərinin iştirak etdikləri bayram şənliyində rayonların yaradıcı kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər. Şəki incəsənət məktəbinin xor, Zaqatala rayon Mədəniyyət Evinin rəqs, Qax rayon İncəsənət məktəbinin rəqs, həmçinin Balakən rayonunun “Nənələr” və “Cahan” folklor kollektivlərinin çıxışları şənlik iştirakçılarında xoş ovqat yaradıb. Tədbir iştirakçıları layihə çərçivəsində bu rayonlarda keçirilmiş rəsm müsabiqələrində qalib gəlmiş balaca rəssamların əsərlərindən ibarət sərgilərə baxıblar.

Daha sonra bayram iştirakçıları zurnaçılar dəstəsinin ifa etdiyi musiqinin sədaları altında şəhərin yenidən qurulmuş Dədə Qorqud Meydanına yürüş edib, burada Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin ifasında maraqlı konsert proqramını izləyiblər. Konsertdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rüfət Nəbiyev, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Yeganə Axundova çıxış edərək Avropa irs günləri layihəsi və bu onun çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, Avropa Şurası və Avropa İttifaqı tərəfindən ümumavropa bayramı elan edilən bu əlamətdar gün hər bir Avropa ölkəsində böyük təntənə və coşqu ilə qeyd olunur. Hər il sentyabrın sonunda Avropa Mədəniyyət Konvensiyasını imzalamış 50 ölkədə minlərlə abidə və tarixi ərazidə pulsuz giriş elan olunur, sakinlərin iştirakı ilə folklor gecələri, etnoqrafik şənliklər keçirilir. Qeyd olunub ki, 1985-ci ildə əsası qoyulmuş layihənin bu ildən etibarən ənənəvi olaraq hər ilin sentyabrında ölkəmizdə də keçirilməsi nəzərdə tutulub. Hər il respublikamızın müxtəlif regionunu əhatə edəcək tədbirlər öz başlanğıcını məhz ölkəmizin zəngin tarixi-mədəni irsə malik bir bölgəsindən götürüb. Yerli və əcnəbi turistlərin, eləcə də bölgə sakinlərinin tarix və mədəniyyət abidələrinə sərbəst girişini təmin etmək məqsədi daşıyan Avropa irs günləri bəzi ölkələrdə tədbirlər hər il müəyyən regionu əhatə edir, bəzilərində isə bütün ölkə boyu qeyd olunur, tarix və mədəniyyət abidələrinin qapıları hamının üzünə açılır. Ümumiləşdirilmiş statistik məlumatlara əsasən, son dövrlərdə Avropa irs günləri çərçivəsində hər il Avropanın 100.000-dən çox mədəni irs abidəsində açıq qapı günləri təşkil olunur və 20 milyon nəfər ziyarətçi tarix və mədəniyyət abidələrini ziyarət edir. Bildirilib ki, Avropa irs günləri layihəsinin əsas məqsədi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etməklə tarix və mədəniyyət abidələrinin qorunmasına ictimaiyyətin diqqətini cəlb etmək və milli-mədəni irsi geniş təbliğ etməkdir. Gənclərin Avropa irs günlərinə həsr etdikləri fləşmob şənlik iştirakçılarının böyük marağına səbəb olub. Bayram tədbirinin sonunda Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri maraqlı konsert proqramı ilə çıxış edib. Proqrama Üzeyir Hacıbəylinin “Arazbarı”, Müslüm Maqomayevin “Azərbaycan”, Aqşin Əlizadənin “Cəngi”, Niyazinin “Arzu”, “Qaytağı”, Qara Qarayevin “Adajio və rəqs”, Tofiq Quliyevin “Sevgi valsı” və digər Azərbaycan və Avropa bəstəkarlarının əsərləri daxil olub. Konsert bayram iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, belə tədbirlər bölgələrdə mədəniyyət kollektivlərinin inkişafına, mədəni həyatın zənginləşməsinə, turist axınının artmasına səbəb olacaq. Son illərdə Azərbaycanda mədəniyyətin inkişafına göstərilən qayğı daha da artıb, bu sahədə çalışanların iş şəraitini günün tələbləri səviyyəsinə çatdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Mədəniyyətin və incəsənətin inkişafına diqqət yeni mədəniyyət ocaqlarının inşasında da özünü göstərir. Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət alıb. Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəniyyət infrastrukturu yaradılıb, çoxlu sayda mədəniyyət obyektləri tikilib istifadəyə verilib. Balakəndə inşa olunan Mədəniyyət Mərkəzi də bu sırada mühüm yer tutur. İkimərtəbəli binanın ümumi sahəsi 3 min 244 kvadratmetrdir. Mərkəzin 260 yerlik tamaşa zalında müxtəlif mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Mərkəzdə yeməkxana, texniki və xidməti otaqlar da var. Binanın ikinci mərtəbəsində isə müxtəlif dərnəklər fəaliyyət göstərəcək. Burada rəsm zalı, heykəltəraşlıq, əmək, rəqs, musiqi dərnəkləri və müəllimlər otaqları var. Ümumiyyətlə, Balakəndə 27 millətin nümayəndəsi yaşayır. Milli irsin qorunub saxlanması, eləcədə əhaliyə göstərilən mədəni xidmət işində rayonumuzda yaşayan hər bir millətin adət-ənənələri təbliğ olunur. Belə ki, milli azlıqlar içərisində üstünlük təşkil edən avar xalqına məxsus Qaysa kənd Mədəniyyət evində “Cahan” folklor ansamblı, Şambul kənd mədəniyyət evində “Qızlar” rəqs qrupu, Mahamalar kənd mədəniyyət evində “Təbəssüm” rəqs qrupu, ingiloylar yaşayan İtitala kənd Mədəniyyət evində isə “Şəlalə” rəqs studiyası fəaliyyət göstərir. “Cahan” folklor ansamblı 2011-ci ildə Bakı şəhərində keçirilən “Azərbaycan doğma diyar” devizi altında Milli Azlıqların İncəsənəti III Respublika festivalında fəal iştirak edib, Xalq kollektivi adına layiq görülüb. Rayonda keçirilən tədbirlərdə onların çıxışlarına xüsusi yer verilir. Eyni sözləri Qəbələ rayonu haqqında da deyə bilərik. Bu rayonda fəaliyyət göstərən “Zopu-zopu” folklor rəqs ansamblı, “Bulaq başı”, “Gülbuta”, “Gülüstan” folklor qrupları yerli və beynəlxalq tədbirlərdə fəal iştirak edirlər.

Həmin musiqi qruplarının çıxışı yerli və xarici tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanır, bir çox müsabiqə və festivalların mükafatlarını qazanırlar. Bum qəsəbəsinin Mədəniyyət evində fəaliyyət göstərən “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı xalq oyunları, deyimləri və musiqini özündə birləşdirir. 1980-ci ildə yaradılmış ansambla 1989-cu ildə xalq kollektivi adı verilib. Ansambl bu günədək Rusiya, Fransa, Türkiyədə keçirilən bir çox beynəlxalq festival və müsabiqələrdə diplom və fəxri fərmanlara layiq görülüb. Hazırda 12 üzvü olan ansambl rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir. Bundan əlavə, 2001-ci ildən Nic qəsəbəsinin Mədəniyyət evində fəaliyyət göstərən “Cəngi” folklor ansamblı Bakıda “Azərbaycan doğma diyar” festivalının, milli azlıqların bədii özfəaliyyət kollektivlərinin respublika festivalının mükafatlarını qazanıb. Ansamblın repertuarına “Cəngi”, “Tərəkəmə”, “Heyvagülü”, “Kəndimiz”, “Qoçəli”, “Vağzalı”, “Mirzəyi” rəqsləri daxildir.

2010-cu ildən Hacallı kənd Mədəniyyət evində fəaliyyət göstərən “Gülüstan” folklor qrupunun 9 qadın üzvü var. Qəbələdə fəaliyyət göstərən “Bulaq başı”, “Gülbuta” folklor qrupları ümumrayon tədbirlərində müntəzəm iştirak edirlər.

 

Anar Miriyev

 

Palitra.-2013.-1 oktyabr.-S.11.