Ukraynada Azərbaycanın zəngin tarixi-mədəni irsi təbliğ edilir

 

Sumı şəhərində Azərbaycan-Ukrayna dostluğuna həsr olunmuş konsert proqramı təqdim edilib

 

Layihə çərçivəsində təqdim etdiyimiz yazı Ukraynada Azərbaycan həqiqətlərinin, zəngin tarixi-mədəni irsimizin təbliği ilə bağlıdır.

Qeyd edək ki, bir neçə gün öncə Ukraynanın Sumı şəhərində Azərbaycan Ukrayna dostluğuna həsr olunmuş konsert proqramı təqdim edilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan konsert proqramının rəsmi hissəsində Sumı Vilayət Deputatlar Şurasının sədri Gennadi Mixailenko çıxış edərək ölkələrimiz arasındakı iqtisadi, siyasi, elmi və mədəni əlaqələrin inkişaf dinamikasından danışıb.

Son illər Azərbaycanın inkişaf edərək beynəlxalq arenada nüfuz sahibinə, bölgədə isə lider dövlətə çevrilməsinin tarixi əhəmiyyətindən danışan Gennadi Mixailenko, Azərbaycanın hər bir uğurundan dost və qardaş Ukrayna xalqına da pay düşdüyünü vurğulayıb. Vilayət Radasının rəhbəri bildirib ki, bu gün Azərbaycan-Ukrayna dostluğu strateji müttəfiqlik zirvəsinə ucalıb. Azərbaycan dövləti müstəqillik tarixinin yüksəliş və intibah dövrünü yaşayır: Mən çox şadam ki, Ukraynanın bölgədə Azərbaycan kimi güclü və etibarlı strateji müttəfiqi var. Biz bu münasibətləri inkişaf etdirib gələcək nəsillərə ərməğan etməliyik. Bu baxımdan Sumı Vilayət Deputatlar Şurasının deputatı, bölgənin sosial-mədəni həyatında yaxından iştirak edən Əfqan Salmanova minnətdarlığımı bildirirəm. Çünki o, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün xalq diplomatiyası missiyasını üzərinə götürərək layiqincə yerinə yetirir.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Sabir Rzayev çıxış edərək, müstəqillik tarixlərini qoşa addımlayan Azərbaycan ilə Ukraynanın beynəlxalq forum və sammitlərdə eyni mövqedən çıxış etmələrini hər iki ölkənin uğuru kimi səciyyələndirib.

Tədbirə qatılanlara minnətdarlığını bildirən Sumı Vilayət Deputatlar Şurasının deputatı Əfqan Salmanov Azərbaycan ilə Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Azərbaycanda yaxınlaşmaqda olan 9 oktyabr prezident seçkilərinə münasibət bildirən Əfqan Salmanov bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlı arxalarında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss edir. Bu baxımdan qarşıdan gələn prezident seçkilərinin hər bir azərbaycanlının diqqət mərkəzində olduğunu bildirən Ə.Salmanov Sumı vilayətində yaşayan Azərbaycan vətəndaşlarının sesvermədə iştiraklarının təmin olunması üçün oktyabrın 9-da Azərbaycanın Ukraynadakı səfirliyində təşkil edilmiş seçki məntəqəsinə getmək üçün bir neçə avtobus təşkil olunduğunu nəzərə çatdırıb. Tədbirdə Azərbaycanda əlverişli investisiya mühitindən və iş adamlarına yaradılan geniş imkanlardan bəhs edən Sumı Vilayət Deputatlar Şurasının deputatı Vladimir Tokar, Vilayət Administrasiyasının rəsmi nümayəndəsi Natalya Federenko, Ukrayna Azərbaycanlıları Konqresinin Sumı Vilayət təşkilatının sədri Əli Vəliyev və başqaları son illər ölkələrimiz arasında mal dövriyyəsinin bir neçə dəfə artmasını hər iki dövlətin uğurlu siyasətinin məntiqi nəticəsi kimi səciyyələndiriblər. Sonda Ukraynanın Xalq artisti Qurban Abbasovun rəhbərliyi ilə Azərbaycan-Ukrayna dostluğuna həsr olunmuş maraqlı konsert proqramı nümayiş etdirilib. Qeyd edək ki, bu gün Azərbaycan diasporunun güclü olduğu ölkələrdən sayılan Ukraynada çoxsaylı diaspor təşkilatları fəaliyyət göstərməkdədir. Ukraynada yaşayan və diaspor işində fəallıq göstərən soydaşlarımız arasında gənclərimiz daha çox aktiv görünürlər. Bu ölkədə azərbaycanlı gənclərin yaratmış olduğu bir sıra təşkilatlar və onların diaspor işinə verdiyi dəstək belə deməyə əsas verir.

Ukraynada fəaliyyət göstərən ən güclü və şəbəkələşmiş təşkilatlardan biri Ukrayna Azərbaycanlı Gənclər Birliyidir. Məlumat üçün qeyd edək ki, Ukrayna Azərbaycanlı Gənclər Birliyi 2010-cu il, aprel ayının 24-də bu ölkədə yaşayan bir qrup fəal gənc soydaşımız tərəfindən təsis edilib. Təsadüfi deyil ki, aprelin 24-ü tarixi həmin gündən etibarən Ukraynadakı azərbaycanlı gənclərin həmrəylik günü kimi tarixə düşüb. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təsis toplantısında iştirak edən gənc soydaşlarımız əksəriyyət səs çoxluğu Anar Tahirovu sözügedən təşkilatın sədri seçiblər. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətə başladığı zaman qarşısına qoyduğu məqsəd və vəzifələr sırasına Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması, zəngin tarixi-mədəni irsimizin təbliği və diaspor işinə dəstək daxil edilib. Birmənalı olaraq qeyd etmək olar ki, fəaliyyət göstərdiyi qısa vaxt ərzində Ukrayna Azərbaycanlı Gənclər Birliyi yarandığı zaman qarşısına qoyduğu məqsəd və vəzifələrin icrası istiqamətində məqsədyönlü şəkildə fəaliyyət göstərərək müxtəlif tədbirlər, layihələr həyata keçirib. Ukrayna Azərbaycanlı Gənclər Birliyi fəaliyyət dövründə bu ölkənin siyasi həyatında da fəal rol oynamağa çalışıb. Belə ki, təşkilat Ukraynada keçirilən parlament seçkilərində öz namizədi ilə mübarizə aparıb. 2012-ci il, oktyabrın 28-də Ukrayna Ali Radasına keçirilən seçkilərdə yeganə azərbaycanlı namizəd məhz Ukrayna Azərbaycanlı Gənclər Birliyinin üzvü Rəna Nəzərova olub. Yarandığının ikinci ilində Ukrayna Azərbaycanlı Gənclər Birliyi növbəti forum keçirib. Forumda azərbaycanlı gənclərin milli mənəvi dəyərlərini qoruyub yaşatmaları şərti ilə Ukraynanın ictimai siyasi, elmi, mədəni həyatına inteqrasiya olunmaları istiqamətində irəli sürülən tövsiyələr, ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri ideoloji təxribatların qarşısının alınmasında birgə mübarizənin aparılması strategiyasının düzgün qurulması forumun uğurlu nəticələri kimi dəyərləndirilib. Azərbaycanın dövlət müstəqilliyinin ildönümü Ukrayna Azərbaycanlı Gənclər Birliyi tərəfindən yüksək səviyyədə qeyd olunub. Belə ki, bu münasibətilə Ukrayna Azərbaycanlı Gənclər Birliyi Odessa şəhərində bayram konserti təşkil edib.

Tədbirdə gənc və istedadlı müğənni Aysel Teymurzadənin, Dnepropetrovsk şəhərində fəaliyyət göstərən 7 rəqs ansamblının, ö cümlədən bir sıra xalqların musiqi kollektivlərinin iştirakı ilə keçirilən konsert proqramı soydaşlarımıza xoşyadda qalan anlar yaşadıb. Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Ukrayna Azərbaycanlıları Gənclər BirliyininDünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin birgə təşkilatçılığı ilə Donetsk şəhərində möhtəşəm muğam konserti təşkil edilib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyi fəaliyyət göstərdiyi 3 il müddətində Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də ermənilərin Xocalıda həyata keçirdikləri soyqırımın dünya ictimaiyyətinə çatdırılması prosesində aktiv iştirak edib. Adıçəkilən təşkilat hər il Xocalı soyqırımının ildönümü ərəfəsində bu ölkədə və onun müxtəlif şəhərlərində etiraz aksiyaları təşkil edir. Məhz Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada fevral ayı Xocalı ayı elan edilib.

 

Anar Miriyev

 

Palitra.-2013.-3 oktyabr.-S.11.