Qədim Şabranın tarixini yaşadan muzey

 

Tarix-Diyarşünaslıq Muzeyində Şabranın tarixini, mədəniyyətini əks etdirən 3572 eksponat nümayiş etdirilir

 

Layihə çərçivəsində budəfəki məqaləmiz qədim Şabran rayonu haqqındadır. Bu gün müasir, müstəqil, inkişaf edən Azərbaycanın bütün bölgələri kimi Şabran rayonu da inkişaf dövrünü yaşayır. Yeni inşa edilən müasir mədəniyyət obyektləri şabranlıların istifadəsinə verilib. Müasir mədəniyyət müəssisələri rayonun mədəni həyatını bir qədər də zənginləşdirib. Müasir mədəniyyət obyektləri ilə yanaşı rayonda bir sıra qədim tarixi abidələr mövcuddur. Dövlət qayğısı nəticəsində həmin tarixi abidələr qorunur. Rayonun 2011-ci ildə Əfsanələr Paytaxtı elan edilməsi rayounun mədəni həyatında böyük canlanma yaratmaqla yanaşı, bu sahəyə diqqəti bir qədər də artırıb. Məqaləmizdə rayonun mədəni həyatı, tarixi abidələri haqqında məlumat verəcəyik:

Şabran rayonunda 150-dək tarixi abidə var

Zəngin tarixə malik Şabran Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş qədim bölgələrimizdəndir. Tədqiqatçılar yazılı tarixi mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq burada hələ eramızdan əvvəl yaşayış məskəni olduğunu müəyyən ediblər. İndi bu torpaqda yeni şəhər, yeni Şabran inkişaf edir. Qədim şəhərin xarabalıqları arasında tariximizin bir çox səhifələrinə işıq salmaq, onları öyrənib üzə çıxarmaq həm də mədəni irsimizin bir sıra maraqlı məqamlarını öyrənmək baxımından rayonda yaradılan Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Bu muzeydə qədim Şabranın tarixini əks etdirən və turistlər üçünmaraq kəsb edəcək çoxlu sayda eksponat var. Ümumilikdə, Şabran rayonunda 150-dək tarixi abidə var ki, onlardan ən möhtəşəmi qədim Şabran və Çıraqqala abidələridir. Son illər bu abidələrin həm mədəni irs nümunəsi, həm də turizm potensiallı məskən kimi təbliği yönündə müəyyən işlər görülür. Muzeydə bu abidələr haqqında da geniş məlumatlar əks olunub. Muzeyin həyətində Şabran rayonunun qədim tarixini əks etdirən daş eksponatlar, o cümlədən burada aparılan arxeoloji qazıntılar nəticəsində tapılan müxtəlif növ əşyalar nümayiş etdirilir. Muzeydə Şabranın xəritəsi, rayon haqqında ümumi məlumatlar və dövlət atributları əks olunub. Ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən Dəvəçi rayonu ərazisindəki "Şabran şəhəri" tarix və mədəniyyət abidəsi kimi tarixi qoruq elan edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla rayonun adı özünə qaytarılıb. Belə ki, Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılıb. Mədəniyyət və Turizm Nazirliyinin 2010-2014-cü illər üçün Xalq yaradıcılığı Paytaxtları proqramına əsasən 2011-ci il üçün Şabran şəhəri Azərbyacanın Əfsanələr Paytaxtı elan olunub. Muzeydə rayonun tanınmış ziyalıları və 1941-1945-ci illər Böyük Vətən müharibəsində Şabrandan olan qəhramanların haqqında məlumatlar da yerləşdirilib. Rayon şəhidləri üçün isə ayrıca guşə yaradılıb. Muzeydə Şabranın tarixini, mədəniyyətini əks etdirən 3572 eksponat nümayiş etdirilir. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb. Muzeydə rayonda toxunan xalçalardan da nümunələr var. Hazırda rayonda Pirəbədil, Şahnazərli, Zeyrə, Xlebuta, Pirədəbil Heyrəti, Hacı Qayıb, Yeni Çiçi xalça növləri toxunur. Şabran ilkin orta əsrlərdə maketi xüsusi maraq doğurur. Şamaxı şəhər kimi tam formalaşana qədər Şabran Şirvanşahların paytaxtı olub. Şəhərin Şirvanşahların iqamətgahı olmasını sübut edən faktorlardan biriburada Şirvanşahlar nəslinə aid sərdabənin olmasıdır. Monqol əsarəti dövründə Şabran əsas şəhər rolunu oynayıb. Həmin dövrdə monqol hökmdarının vəziri, tarixçi Fəzullah Rəşidəddinin oğluna yazdığı məktubda Şabrandan bəhs edib. Muzeydə qədim Şabranın ticarət əlaqələrini əks etdirən sxemmaraq doğurur.

40 dəvə yükü qızıl haradadır?

O dövrdə məhək daşı məhz Şabran şəhərində istehsal edilib. Məhək daşı vasitəsi ilə qızılın əyyarı müəyyən olunurdu. Bir sözlə arxeoloqların Şabran qoruğunda apardıqları arxeoloji qazıntılar zamanı aşkar edilən müxtəlif eksponatlar indi rayonun Tarix-Diyarşünaslıq Muzeyinin qiymətli eksponatları sırasındadır. Qədim Şabranda tapılan əşyalar sırasında o vaxt əraziyə çəkilən sukanalizasiya xətlərinin nümunələri, qədim su qabları da diqqəti cəlb edir. Burada aparılan arxeoloji qazıntılar isə bu şəhərin tarixinin daha qədim olduğunu təsdiqləyir. Qədim Şabranda tapılan maddi-mədəniyyət nümunələri burada müsəlmanlarla yanaşı xristian və yəhudilərin də yaşadığını deməyə əsas verir. Tolerant bir şəhər kimi məşhur olan Şabran digər cəhətləri ilə də fərqlənir. Tarixçilərin fikrincə, qədim Şabranda qibtə ediləcək səviyyədə istehsal sahələri olub və şəhərsalma prinsiplərinə əməl edilib. O dövrdə tikinti materialı kimi geniş istifadə olunan qırmızı kərpic məhz Şabran şəhərində istehsal edilirdi. Eləcə də qızılın əyarını müəyyənləşdirmək üçün burada daşlar olub ki, tarixçilər bunu da maraqlı fakt kimi dəyərləndirirlər. Deyilənə görə, bu yerlərdə 40 dəvə yükü qızıl da basdırılıb. Yayılan bu əfsanələr Şabranın qədim bir məskən olmaqla hələ sirrinintam açılmadığını göstərir. Şabranda bir sıra qədim abidə və tikililər günümüzə qədər gəlib çıxıb. Qədim Şabran körpüsü orta əsrlər Azərbaycan memarlıq sənətinin ən yaxşı nümunələrindən hesab oluna bilər. Üç tağının əsasının qalıqları aydın görünən bu körpü hazırda Bakı-Quba magistral yolunun sol tərəfində, Ərəblər və Pirəmsən kəndləri hüdudlarındadır. Şabran şəhərinin abadlığından bəhs edərkən burada XI-XII əsrlərə aid küçəni, üstü örtülü kanalizasiya sistemini qeyd etmək lazımdır. Bunu qazıntılar zamanı tapılan çay daşlarından düzəldilmiş tikinti qalığı sübut edir. Müəyyən yerlərdə, uzunluğu 1,5, eni 20 sm olan bütün daşların ortası nov şəklində yonularaq kanalizasiya xəttinə qoşulub. Aparılan son araşdırmalar zamanı Şabran şəhərinin yerində uzunluğu 5 m olan su arxının qalıqları, qala bürcləri, IX-X və XVI-XVII əsrlərə aid saxsı qablar, mis pullar, sandıq formasında olan məzar daşları tapılıb.

Tur Heyerdal Şabranda aşkar edilən maddi-mədəniyyət nümunələrini yüksək qiymətləndirib

Şabranda ilk dəfə olaraq IX əsrə aid kanalizasiya sistemi aşkar olunub. Şəhərə təqribən 14 kilometr məsafədə yerləşən xüsusi tinglər vasitəsi ilə su kəməri çəkilib. Şabran şəhərinin öyrənilməsinə 1980 - ci ildə başlanılıb. Arxeoloji qazıntılar zamanı 3 tikinti layından ibarət təbəqə aşkar olunub. Rayon ərazisində Gülüstani-İrəm ölkə əhəmiyyətli memarlıq abidəsi, Almastəpə, Ağmul, Çaqqallı təpə kimi ölkə əhəmiyyətli arxeoloji abidələr, yerli əhəmiyyətli memarlıq abidələri olan Aygünlü, Baş Əmirxanlı, Zeyvə Ləcədi kəndlərində yerləşən XIX əsrə aid məscidlər Gilavar kəndindəki kilsə var. Azərbaycanın bu qədim şəhərinin xarabalığı Şabran rayonun Şahnəzərli kəndi yaxınlığındadır. Şabran sözünün etimiologiyası barədə müxtəlif mülahizələr mövcuddur. Onun sabirlərlə əlaqədar olması ehtimalı daha inandırıcıdır. Müxtəlif fonetik dəyişikliklərlə Orta Asiya ərazisində mövcud olan Şabran toponimi Şabran, Sabiran şəkildə işlədilib. Arxeoloji tədqiqatlar Şabranın erkən orta əsrlərdə şəhər kimi formalaşdığını sübut edir. Mühüm ticarət-karvan yolu üzərində yerləşən Şabran ipək ticarəti mərkəzlərindən olub. IX əsrdən başlayaraq Şabranda dulusçuluq, ipəkçilik, şüşə istehsalı, metal - işləmə s. sənətkarlıq sahələri inkişaf edib. Orta əsrlərdə böyük zərbxanalardan biri Şabranda olub. Şabranda çoxlu dulusçuluq emalatxanası olub. Şabranda çörəkçilər məhəlləsi, sənətkarlıq emalatxanası aşkar edilib. 1982- ci ldə məşhur Norveç səyyahı alimi Tur Heyerdal Azərbaycanda olarkən Şabranda da olub, buradan aşkar edilmiş maddi-mədəniyyət nümunələrini yüksək qiymətləndirib.

 

Anar Miriyev

Palitra.-2013.-9 oktyabr.-S.11.