Aşıq çox savadlı olmalıdır

 

Aşıq olmaq istəyən gənc ustad yanında qalmalıdır ki, aşıq sənətini də mükəmməl öyrənə bilsin

 

Beş il aşıq Hüseyn Saraclıya qulluq etdim

Müsahibimiz aşıq-sazbənd Kövrək Muraddır.

- Aşıq Murad, siz klassik aşıq sənətinin təmsilçisisiniz... Məlumdur ki, aşıq sənətinin özəyi, ana axarı olan klassik yol itir... Artıq bu cığırla getmək istəməyənlərin sırası genişlənir. Klassik yolun itməsi səbəbini nə ilə izah edə bilərsiz?

- Əvvəla onu deyim ki, klassik yol qədimlərdən başlayan, ustadlarımızdan bizə yadigar qalan bir yoldur. Belə deyək, dədə-baba yoludur. Vaxtilə klassik ənənə mövcud olub, amma bu gün bu yol, dəst-xətt itməkdədir. Müasir aşıq sənətində klassik yol çox zəif çalarlarla özünü göstərir. Aşıq sənətində klassikanın qorunması mütləqdir. Çünki aşıq sənəti bizim milli-mənəvi dəyərlərimiz sırasında başda durur. Bu baxımdan biz həm sazımızı, həm də aşıq sənətinin klassik yolunu qorumalıyıq. Klassik yolun itib-batmasına səbəb bundan ibarətdir ki, gənc nəsil ustada qulluq etmək istəmir.

-Demək istəyirsiz ki, klassik yolun itməsi meylləri özünü ustad-şəyird ənənəsinin pozulması ilə büruzə verir...

- Tamamilə doğrudur. Bu gün saz çalanlar çoxdur. İnkar etmirəm, onların arasında istedadlı gənclər də az deyil, ancaq onlar natamamdırlar. Müasir gənclər aşıq sənətinin sirlərini öyrənmək üçün ustad yanına getmirlər. Aşıq olmaq istəyən adam ustad yanında qalmalıdır ki, aşıq sənətini də mükəmməl öyrənə bilsin. Aşıq sənəti yalnız havacatları bilməklə bitmir, burada dastançılıq da, şairlik qabiliyyəti də, hazırcavablıq da, ədəb-ərkan da, məclisdə, el-obada özünü necə aparmaq qaydası da var. İndi kimi dindirirsən saz çalır, özünə aşıq deyir. Amma sadə tamaşaçı həmin adamların nəyə qadir olduğunu bilməsə də, biz ustada qulluq etmiş aşıqlar kimin aşıq sənətində kim olduğunu yaxşı bilirik...

-Kövrək Murad, dədə Ələsgər deyir ki, şəyirdlikdə can çürütdüm, hərgiz ustad olmadım...

- Allah dədə Ələsgərə də, ondan əvvəlki və sonrakı ustadlara rəhmət eləsin. Aşıq sənəti, saz sonsuz bir aləmdir. Ona bələd olmağa, sirlərinə vaqif olmağa bəzən bir ömür kifayət etmir. Aşıqlıq belədir ki, insan hər gün öyrənir. Aşıq ümumiyyətlə, çox savadlı olmalıdır ki, hər şeydən anlayışı olsun, saz-söz meydanında aciz qalmasın. Odur ki, aşıq bilik boxçasını günü-gündən zənginləşdirməlidir...

- Yeri gəlmişkən, Hüseyn Saraclıya şəyird olmağınızdan da danışasınız. Siz onun neçənci şəyirdisiniz?

- Bilirsiz ki, keçmiş çağlarda toylar payızda başlayardı. Payızın elə bu vaxtları idi Hüseyn Saraclı bizim kəndə, Borçalının Aran-Dəllər kəndinə toya gəlmişdi. Mənim də onda 17-18 yaşım olardı. O vaxt artıq kənddə həvəskar aşıq kimi məclislərə gedirdim. Nə isə, həmin məclisin axırlarına yaxın kənd ağsaqqallarından biri məni göstərin dedi ki, ay aşıq Söyün (Hüseyn), bir bu cavan qoy bu cavan oğlan da bir saz çalıb oxusun. Ondan mənim o məclisdə oxumağım üçün icazə istədi. O, da izn verdi, bir Göyçə gülü havası çalıb oxudum. İfam ustadın xoşuna gəldi... Hələ məni tərflədi də. Dedi ki, uzun boğazın var, səndən yaxşı aşıq çıxar. Dedim, ay Söyün əmi, məni özünə şəyird götürərsənmi? Razılıq verdi. Beləlilə, 1974-cü ilin payızında ustadın yanına şəyird getdim. Mən onun sonuncu şəyirdi oldum. Ustadımın mənə qədər 12 şəyirdi vardı, mən də oldum 13-cü şəyirdi. O zaman ustad şəyirdi evində saxlayırdı və şəyird də ailənin bir üzvünə çevrilirdi. Mən Hüseyn Saraçlının yanına gedəndə onun 60 yaşı vardı. Bu minvalla düz 5 il ustadımın evində qalıb ona şəyirdlik etdim. İndiki saz məktəblərində olduğu kimi bir aşıq 20 şəyirdlə birdən məşğul olmurdu. Onda ustadla az şəyird götürürdülər. Dərslər əsasən axşamlar keçirilirdi. Gündüzlər isə, ustad özü işində olurdu, şəyird isə çox vaxt təsərüffat işlərinə kömək edirdi, elə də olurdu ki, ustadla səfərlərə çıxırdı. Bütün şəyirdlər necə mən də elə ustada qulluq edirdim. Ustad şəyirdə yalnız aşıqlığın sirrlərini öyrətmirdi, həm də ədəb-ərkan öyrədirdi... Necə oturub durmağı, məclisdə özünü aparmağın qaydalarını izah edirdi. Mən ustadımla Borçalını qarış-qarış gəzmişəm, Qarabağa, Naxçıvana, Qərbi Azərbaycanın rayonlarına getmişəm. Ustaddan çox şey görüb-götürmüşəm. Amma indi ustada qulluq etmək istəmirlər. Demək olar ki, bu gün ustad-şəyird ənənəsi tarixə qovuşmaqdadır. Bax, qızım, ustada klassik yolun itməsinə səbəb budur. Ustad yanında olmayan aşığın sözsüz ki, klassik yolu bilməsi mümkün deyil. Cavanlara tövsiyyəm odur ki, nə qədər ustad aşıqlar sağdır gedib sənətin sirlərini mükəmməl öyrənsinlər.

- Belə çıxır ki, indi nə şəyird götürən ustad aşıq var, nə də şəyirdliyə meyilli olan gənc. Ustad-şəyird ənənəsini hansı yolla bərpa etmək olar?

- İndi ustad aşıqlardan ancaq aşıq Əli Quliyev evində şəyird saxlayır. Qalanları isə evə şəyird aparmır. Gedib saz məktəblərində dərslərini deyib evlərinə gəlirlər. Bununla ustad-şəyird ənənəsini davam etdirmək mümkün deyil. Şəyird ustadla mütəmadi ünsiyyətdə olmalıdır. Onlar məişətdə də, məclislərdə də birlikdə olsalar, bunun nəticəsi yaxşı olar. İki-üç saat dərs keçməklə ustad-şəyird əlaqəsi tamamlanmır. Bü gün saz çalan gənclər çoxdur. Bu da onunla əlaqədardır ki, Bakıda saz məktəbləri çoxdur. Təbii, sənəti yaşatmaq lazımdır. Ustad aşıqlar şəyird götürməlidir ki, öz bilgilərini onlara ötürə bisinlər. Telekanallarda xalq yaradıcılığına, aşıq sənətinə çox az yer verilir. Bu gün efirlərdə peşəkar, ustad aşıqlara elə də meydan verilmir. Tutalım, məni bir proqrama dəvət edirlər, özləri də deyir ki, 5 dəqiqə danış. Mən 5 dəqiqəyə tamaşaçıya nə deyə bilərəm, nə çatdıra bilərəm? Halbuki ustad aşıqlara geniş meydan verilməlidir ki, onlar tamaşaçıya öz sözünü deyə bilsin. Bir klassik saz havası çalıb oxusun, onun yaranma tarixindən danışsın, keçmiş sənətkarları yada salsın. Ancaq biz demək olar ki, televiziyalarda bunun şahidi ola bilmirik. Bu səbəblərdən də televiziya proqramlarına getməkdə maraqlı deyiləm. Efirlərə daha çox şou yaradan, boş-mənasız danışan şəxsləri dəvət edirlər, onlar da əllərinə saz alıb həm sazı, həm də sənəti qiymətdən salmaqla məşğul olurlar. Lakin aşıq şou yaradan deyil, müdriklik göstərən el sənətkarıdır. Aşıq sənətində ən vacib amillərdən biri də aşığın çox savadlı olmasıdır. O, o qədər savadlı olmalıdır ki, heç bir sualın qarşısında aciz qalmasın. Ancaq bu gün televiziyalar aşığın savadsız olduğunu bəyan edirlər. Efirə savadsız aşıqlar çıxarır və camaat da bundan belə nəticə əldə edir ki, aşıqlar savadsızdır. Halbuki belə olmalı deyil. Aşıq savadlı olmalıdır ki, bədahətən deyişməyi bacarsın, ona verilən qıfılbəndləri, bağlamaları aça bilsin. Bu gün cəmiyyətədə aşıq sənətini düzgün yolda təbliğ edən, onu gənclərə sevdirən jurnalistlər olmalıdır.

- Bu ilin sentyabr ayında Gədəbəydə Aşıq Musiqi Məktəbi açıldı. Bu da aşıq sənətinin inkişafına səbəb olacaq... Bu barədə nə deyərdiniz?

- Bu məktəbin açılmasını təqdir edirəm. Dövlətimiz sağ olsun ki, aşıq sənətinə böyük dəyər verir. Cənab Prezident özü Aşıq Musiqi Məktəbinin açılışında iştirak etdi. Aşıq Musiqi Məktəbləri Qazaxda, Ağstafada, Qaxda, Şamaxıda və başqa rayonlarda da var. Burda gənclər aşıq sənətini öyrənir. Ancaq bu məktəblər ustad-şəyird ənənəsini davam etdirmir. Burada ustad aşıqlardan çox saz müəllimləri dərs deyirlər. Hər halda, sazın təbliği üçün yaxşı bir işdir.

- Saz təbiətin vurğunudur. Bəs saz bəşəriyyətin hansı gözəlliyindən ilham alır ki, belə füsunkardır, belə qüdrətlidir?

- Saz bineyi-qədimdən öz dinləyicisindən ilham alır. Canlılar arasında yeganə arılardır ki, anaları öldükdə onlar da məhv olurlar. Aşıq da belədir. Əgər onun dinləyicisi yoxdursa o ruhdan düşür, aşıq məhv olur. Bu gün aşıq sənətinə dövlət səviyyəsində böyük fikir verilsə də, cəmiyyət, dinləyici onu lazımı səviyyədə, layiq olduğu şəkildə qiymətləndirə bilmir. İnsanların saza tələbatı zəifdir. Mən əsl aşıqdan və əsl sənətdən danışıram. Ancaq deyim ki, İranda, Cənubi Azərbaycanda və Türkiyədə aşıq sənətilə camaat çox ciddi maraqlanır. Orada dinləyicinin aşığa marağı çoxdur. Onlar səbirlə aşığa qulaq asır. Amma bizim dinləyicinin klassik havalara qulaq asmağa səbirləri yoxdur. Mən yayda Qarsa getmişdim. Orada aşıq sənətinə böyük marağın, sayğının şahidi oldum. Qars aşıq sənəti bizim aşıq sənətilə uyğundur.

- Bizdən 20-25 il əvvəl hansı ustadlar vardı bu dünyada və onlardan bizə nə qaldı?

- Yaxşı sualdır. Kimlər yox idi ki, bu dünyada... Ustadım aşıq Hüseyn Saraclı, aşıq Əmrah Gülməmmədov (o, XX əsrdə sazın ilk böyük islahatçısı olub, sazda pərdələrin və simlərin sayını artırıb), aşıq Kamandar Əfəndiyev, aşıq İmran Həsənov, aşıq Əkbər Cəfərov, aşıq Mikayıl Azaflı və başqa aşıqlar öz əzəmətlərilə yaxın 20-25 ilə qədər tamaşaçılar qarşısında çıxış ediblər. Onlardan bizə gözəl dastanlar, unikal saz havaları, unudulmaz ifalar qalıb, bir də ədəb-ərkan. Onlar həm çox böyük sənətkarlar idi, həm də bütöv şəxsiyyətlər idi. Mən 15 il öz ustadımla Borçalıda aşıqlıq etdim. Bakıya gəldikdən sonra isə, aşıqlığı buraxmaq məcburiyyətində qaldım. Çünki mən istəyən məclislər və mən istəyən insanlar artıq yoxdur. Varsa da onların bizə əli çatmır. Bu zamanədə aşıqlıq etmək çətindir. Aşığın dinləyicisi olmalıdır ki, o da ilham alsın...

Türkiyənin Qars şəhərində qonaq olarkən çox insanlarla görüşdüm. Orada bizim borçalılar çoxdur. Qarsda olarkən Günay Yıldızın rəhbərlik etdiyi Aşıqlar Birliyinə getdim. Burada çox yaddaqalan mənzərənin şahidi oldum. Günay Yıldız Aşıqlar Birliyində bir otağa bütün ustad aşıqların şəkillərini vurub. Bütün aşıqların şəklinin başında, yuxarısında Hüseyn Saraclının şəklini asıb. Mən ondan soruşdum ki, Günay bəy, bu qədər aşıqların içində nə üçün mənim ustadımın şəklini lap başa vurmusunuz? O, mənə cavab verdi ki, mən uşaq olanda atam onun ifasına qulaq asıb səhərə qədər ağlayardı. Ona görə də, o, mənim üçün çox əzizdir. Qarsda aşıq sənətinə böyük vurğunluq gördüm. Düşünürəm ki, gələn yay da Qarsa gedim...

- Son illər sazbəndliklə məşğulsunuz... Əslində sazbəndlik saza bəndlik, vurğunluq deməkdir... Əl işinizə bənd olub sizdən saz alanlar çoxdurmu?

- Narazılığım yoxdur, müştərilərim olur. Mənim sazlarımı əsasən Cənubi Azərbaycan aşıqları alıb aparır. Oradakı aşıqların bir çoxunun sazını mən bağlamışam. Cənubi Azərbaycanda 28 il saz qadağan edilib, amma aşıqlıq ölməyib. Çünki saz xalqın ruhudur. Sazı xalqın məhəbbəti yaşadıb. Bu məhəbbətin gücü qalib gəlib hər şeyə. Hazırda orada aşıq sənəti çox yüksək səviyyədə inkişaf edir. Türkiyə, Rusiya və digər ölkələrdə düzəltdiyim sazlar çoxdur.

Kövrək Muradla söhbətimiz xoş və səmimi oldu. Aşıq məni bir-birindən qədim, bir-birindən gözəl saz havalarına qonaq etdi... Qaraçı, Azaflı dubeyti, Mansırı, Yanıq Kərəmi (klassik üslubda), Bəhməni kimi saz havaları üstə Yunis Əmrədən, Qaracaoğlandan, Dədə Ələsgərdən, Məzahir Daşqından oxudu... Bir hava da çaldı, dedi ki, özü yaradıb. Bu havaya öz ruhuna, ürəyinə uyğun Kövrək dubeyti adı verib... Kövrək Muradı öz sazları ilə baş-başa qoyub sənətkardan ayrıldıq.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-26 oktyabr.-S.10.