Bizə savadlı, bilikli, dünya kinosundan informasiyası olan kinoşünaslar lazımdır

 

Nadir Əliyev: Regionların inkişafını və oradakı yaşayış səviyyəsinin yaxşı mənada dəyişməsini nəzərə alsaq kənd həyatından bəhs edən filmlərin çəkilməsi vacibdir

Layihə çərçivəsində müsahibimiz prodüser Nadir Əliyevdir:

Qorxma, mən səninləyəm-1919un prodüseri Nadir Əliyev kino sahəsində mövcud vəziyyət və bu istiqamətdə görülən işlərdən danışdı:

- Kino yaradıcı işdir və icraçı prodüser ilk növbədə yaradıcı insan olmalıdır. O təkcə vəsaiti paylaşdıran, xərcləyən insan olmamalıdır. Bilməlidir ki, pulu nəyə xərcləyir. Bundan başqa təkcə rejissorun tələbi ilə hərəkət etməməli, özünün münasibətini də göstərməlidir. Çünki birinci növbədə həm rejissor, həm prodüser filmin sonrakı taleyi haqqında fikirləşməlidirlər. Konkretləşdirsək, zövqlü, yaradıcı insan olmalı, vəsaiti lazımı səmtə yönəltməlidir. Müşahidələrimə əsasən deyim ki, son illər xaricdən gələn kino qrupları ilə işləyərkən mən onlar tərəfindən texnikaya, çəkiliş avadanlığına maliyyə ayrılmasına simiclik etməmələrini gördüm. Çünki müasir kino texnikadan çox asılıdır. Hər bir prodüser ən müasir kameradan çəkməyə çalışmalıdır və kino istehsalında ən müasir texnologiyalardan istifadə etməlidir. Şübhəsiz, vəsait ona çatmır. Amma o götür-qoy edir ki, bu məqamda hansı daha vacibdir. Ən əsası sən işini elə qurmalısan ki, çəkiliş dövrü tez bitsin və onun hesabına əldə edilən qənaəti filmin xeyrinə işləyən lazımi sahəyə yönəldə biləsən.

Hər bir insanın daxili təbiəti var. Kinoda bu işlə məşğul olacağım heç yatsaydım yuxuma da girməzdi. Yadımdadı, 1958-ci il idi. Bağda, qonşumuzda bizdə olmayan bir şey var idi- televizor. Bir dəfə axşam uşaqlarla həyətdə oynayırdıq, Kimsə dedi ki, axşam televizorda müharibə haqda film göstəriləcək. Valideynlərimin icazəsi olmadan qonşuya getdim, qapını açan olmadı. Onların da hasarı mənim boyumdan hündür idi. Mən bir neçə dəfə səslədim, amma heç kəs cavab vermədi. Daşı qoydum ayağımın altına, hasara söykənə-söykənə uzaqdan filmə baxmağa başladım. Evə gələndə üstüm-başın dağınıq, soyuqdan titrəyirdim və gözlərimdə yaş var idi. Anam qapıda məni qarşıladı və mən ona hər şeyi danışdım, o isə heç nə demədi. Ertəsi gün axşam atam gəldi və maşından bir qutu çıxartdı. Bu televizor idi. Mənim sevincimin həddi hüdudu yox idi. Bəlkə də bu uzun yolun başlanğıcı idi. Kinoya vuruldum və rejissor olmaq istədim. Amma kinematoqrafiya institutuna daxil olmaq istəyəndə mənə dedilər ki, rejissorluq üçün hələ çox cavanam. Məni uşaq kimi aldadıb film direktorluğuna yönəltdilər və belə də alındı. İmtahan verdim və Moskva Dövlət Kinematoqrafiya İnstitunun İqtisadiyyat fakültəsinə daxil oldum. İndi isə o fakültə prodüser fakültəsi adlanır.

-Bu səbəbdən Azərbaycanda da direktorlar prodüser kimi tanınır?

- Sovet dönəmində filmin direktoru iki vəzifə icra edirdi. O həm maliyyə, həm də təşkilati məsələlərə baxırdı. Bizdə bu gün Azərbaycanda prodüser sözü öz mənasını tam doğrulda bilmir. Birinci, hələ elə bir prodüser yoxdur ki, öz təklifi və ideyası ilə filmi çəksin, aparıb onu satsın, pul qazansın. Çünki prodüserin əsas işi budur. O qazanmalıdır ki, o biri filmini çəkə bilsin. Bizim indiki durumumuz belədir : filmi çəkdilər, rejissor deyir ki, mən getdim hansısa festivaldan medal, diplom aldım. Amma kinoya tamaşaçı baxmalıdır və prodüser ondan pul qazanmalıdır. Mən özümə həmişə direktor demişəm. Rusiyada film direktoru - təşkilati işlərlə məşğul olur, yəni çəkiliş meydançasını təşkil edir, lazimi texnikanı hazırlayır. İcraçı prodüser maliyyə strategiyasını qurur və düzgün istiqamətə yönəldir. Amma bizdə isə köhnə qaydadır.

-Sizcə, bu gün Azərbaycanda hansı kino peşələrinə daha çox ehtiyac var?

- Məni narahat edən məsələlərdən biri də Azərbaycanda kinoşünasların olmamasıdır. Bir iki nəfər var ki, onlar da yaşlı nəsildir. Gənclər heç nə yazmırlar. Bizə savadlı, bilikli, dünya kinosundan informasiyası olan kinoşünaslar lazımdır. Ona görə də bir rejissor film çəkir, həmin filmə normal lisenziya verilmir və bu da öz növbəsində yaradıcı insanda öz işi haqqında razılıq hissi yaradır.

-Son işlədiyiniz filmlərdən bir də Doludur. Qarabağ müharibəsindən bəhs edir. Sizcə bu mövzuda biz yerli, yoxsa xarici tamaşaçılar üçün film çəkməliyik?

- Filmi xarici ya da daxili tamaşaçılar üçün çəkmək lazım deyil. Müharibə bəşəri mövzudur, təkcə Azərbaycana aid deyil. Mən hesab edirəm ki, Qarabağ problemi həll olunmadıqca və olunduqdan sonra da bu mövzuda filmlər çəkilməlidir. Bu baxımdan həyat yalnız Bakıda cərəyan etmir, regionların inkişafını və oradakı yaşayış səviyyəsini yaxşı mənada dəyişməsini nəzərə alsaq kənd həyatından bəhs edən filmlərin çəkilməsi də vacibdir. Bu da əhalinin öz regionlarına dönməsinə yardımçı ola bilər. Bu mövzunu da gündəmdə saxlamaq vacibdir. Ümumiyyətlə məncə, insanları təmizliyə çağıran mövzulu filmlərə həmişə üstünlük verməliyik.

-Sonuncu işiniz Qorxma mən səninləyəm 1919 filmi Azərbaycan və Rusiyanın birgə istehsalı kimi qiymətləndirilir. Bilmək istərdim, bu ölkələr filmdə hansı proporsiyalarla təmsil olunur?

- Bu film birgə iş olduğundan vəzifələr bölünür. Rusiya filmi bütün texniki avadanlıqlarla və həmin avadanlıqları işlədən mütəxəssislərlə təmin etdi. Üstəlik əsas yaradıcı kollektiv də Rusiyadan idi. Filmin rejissoru və ssenari müəlllifi Yuli Qusman, hər iki ölkəni təmsil edirdi. Quruluşçu operator Vadim Alisov, rəssam və səs rejissoru da Rusiyadan idi. Filmin baş qəhrəmanlarına gəlincə, Lev Durov, Muxtarbəy Kantemirov, Mixail Yefremov Rusiyadan, Polad Bülbüloğlu və iki gənc aktyor : Eldar Qasımov, Kristina Güləliyeva Azərbaycandan idilər. O ki, qaldı filmin maliyyə məsələlərinə, burda çox hissə Azərbaycanın, digər hissə isə Rusiyanın payına düşürdü.

-Müştərək layihələr müxtəlif xasiyyətli insanları bir yerə cəlb edir ki, bu da ünsiyyətdə çətinlik yaradır. Siz bu problemlə qarşılaşmadınız ki?

- Qətiyyən, bu heç bir problem yaratmadı. Çəkiliş heyəti iki ay Azərbaycanda qaldı. Təsəvvür edin ki, texniki və yaradıcı heyət bir- birilərinə o qədər isinişdilər ki, ayrılanda hətta kövrəlmişdilər. Bu çox normal vəziyyətdir. İnsanlar birgə işləyirlər, biri -birilərinin xasiyyətlərini öyrənirlər, birgə çörək yeyirlər, əziyyət çəkirlər nəticədə bir ailə kimi doğmalaşırlar. Onlar arasında ən əsas bağlılıq hamısının kinematoqrafçı olmasındadır. Bu baxımdan kinonun çətinliyini də, ağırlığını da öz çiyinlərində hiss edən bu insanlar arasında həmişə həmrəylik var.

-Film Azərbaycan, yoxsa Rusiya tamaşaçısına daha çox ünvanlanıb?

- Bu filmdə əksər hadisələr Azərbaycanda baş verir. Qəhrəmanlar da hər iki ölkənin nümayəndələridir. Mənə elə gəlir ki, hər iki tərəf üçün film maraqlı olmalıdır. Yaş məsələsinə gəlincə, film gənclər üçündür. Belə ki, filmdə gənc nəslin çox sevdiyi məcaralar, döyüş epizodları, komik hadisələr və s. öz əksini tapıb. 1982-ci ildə Qorxma mən səninləyəm filmi Mərkəzi televiziya ilə nümayiş olunanda Azərbaycanfilm kinostudiyasının ünvanına çoxlu sayda məktublar gəlirdi. Tamaşaçılar filmin mahnılarını, sözlərini, özünü istəyirdilər. İnanıram ki, bu film də ondan geri qalmayacaq. 80 -cı illərin tamaşaçıları bu gün də sağdırlar. Əminəm ki, onlar da bu filmin davamını səbirsizliklə gözləyirlər.

- Dünya təcrübəsində davam filmləri heç də həmişə uğurlu olmur. Elə Rusiyanın istehsalı olan və indiyə qədər də çox sevilən filmlərin davam filmləri də uğursuzluq zolağından qurtula bilmir...

- İlk film - Qorxma mən səninləyəm 1981-ci ildə çəkildi. Tamaşaçılar filmi həqiqətən çox sevdilər. İnandırım sizi, bu gün sovet məkanında Azərbaycandan söhbət gedəndə hamı Qorxma mən səninləyəm filminin adını çəkir. Bu filmdə çox gözəl aktyor ansamblı yaranmışdı. Polad müəllimin gözəl musiqisi və mahnılarını ən məşhur sovet estradasının müğənnilərinin filmdə ifa etməsi o dövr üçün böyük ajiotaj və maraq doğururdu. Həmin tamaşaçılar heç şübhəsiz filmin davamını istərdilər. Yeni ssenaridə 1919-cu il, ilk Demokratik Cümhuriyyətin qurulmasından sonrakı hadisələrdən söhbət açılır. Polad Bülbüloğlu Teymur Məmmədbəyov rolunda ölkənin nüfuzlu adamlarından biri, bəstəkar və Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentinin deputatıdır. Həmidə Ömərova onun həyat yoldaşıdır. Düz qeyd etdiniz, təcrübələr bəzən onu göstərir ki, davam filmləri istənilən nəticəni vermir. Bir qayda olaraq birinci film yaxşı olur, ikinci film ona bənzəyir. Amma şübhə etmirəm ki, bizim filmin taleyi uğurlu olacaq.

-Bu müştərək layihə Azərbaycana nə qazandıracaq?

- Bu Azərbaycanı tərənnüm edən bir film olacaq. Azərbaycanın təbiətini, adət -ənənələrini, insanlarının mərdliyini və dostluğunu nümayiş etdirəcək. Bir sözlə, Azərbaycan bu layihədən çox şey qazanacaq. Film iki - Azərbaycan və rus dillərində olacaq və ilk öncə Rusiyanın Mərkəzi kanalları ilə göstəriləcək. Nəzərə alsaq ki, ORT kanalına bütün keçmiş SSRİ ölkələrinə daxil olan dövlətlər baxır, bu, film üçün uğurlu olacaq. Hətta deyərdim ki, böyük səs-küy yaradacaq Təsəvvür edin, sovet dönəmində axşam saat 8-9 radələrində Mərkəzi kanalı ilə hansısa filmin nümayiş olunması o demək idi ki, bu filmə 60 milyondan artıq əhali tamaşa edir. Ondan sonra bütün SSRİ bu filmi tanıyırdı. Hətta mahnılarının sözlərinə qədər əzbər bilirdilər. Bundan başqa Rusiyanın imkanı var ki, filmi Avropada da göstərsin.

 

Nigar Abdullayeva

Palitra.-2013.-29 oktyabr.-S.11.