Pikə Axundova: Musiqimiz dünyada yaxşı təbliğ və təmsil olunur

 

Pikə Mirzəağa qızı Axundova - beynəlxalq müsabiqələr və "Gənclər Mükafatı" laureatıdır. 1984-cü ildə Bakı şəhərində anadan olub. O, ilk musiqi təhsilini 4 yaşında ikən anasından alıb, daha sonra fortepiano ixtisası üzrə 1989-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin hazırlıq, 1990-cı ildə isə 1-ci sinfinə daxil olub. Müəllimləri - Gülarə Namazovadan, Nailə Rəcəbovadan və birİlham Abdullayevdən bəstəkarlıq dərsləri almağa başlayıb. 2001-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini 3 şöbə üzrə - fortepiano, bəstəkarlıq, nəzəriyyə ixtisasları üzrə əla qiymətlərlə bitirib.

2001-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq və Fortepiano şöbələrinə qəbul olub. Bəstəkarlıq ixtisası üzrə professor Arif Məlikov, fortepiano ixtisası üzrə isə Dilarə Mirzəquliyevanın sinfində təhsil alıb.

2005-ci ildə magistraturaya qəbul olub, 2007-ci ildə həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomları ilə bitirib. 2007-ci ildə aspiranturaya qəbul olub və 2010-cu ildə buranı da fərqlənmə diplomu ilə bitirib. Hal-hazırda Bülbül adına orta ixtisas musiqi məktəbində və G.Şaroyev adına 11 illik musiqi məktəbində bəstəkarlıq və fortepiano ixtisasları üzrə muəllim vəzifəsində çalışır.

Nailiyyətləri isə 2004-cü ildə Sankt-Peterburqda keçirilən, A.Rubinşteynə həsr olunmuş Gənc Pianoçu-Bəstəkarların 4-cü Beynəlxalq Müsabiqəsində 3-cü yer üzrə laureat olub. Eyni zamanda, A.Rubinşteyn mövzusuna yazılmış ən yaxşı əsərə görə 1-ci dərəcəli xüsusi mükafat alıb, 2004-cü ildə Qırğızıstanda keçirilən İssık-kul Ulduzları beynəlxalq festivalının qalibi, 2000-ci ildə Sankt-Peterburqda keçirilən Pianoçu-Bəstəkarların 1-ci beynəlxalq müsabiqəsinin qalibi, 1998-ci ildə N.Əliverdibəyov adına 2-ci ümumşəhər müsabiqəsinin diplomantı, Qızıl Açar-99mahnı müsabiqəsinin qalibi, 2005-ci ildə İlin ən yaxşı kamera əsəri nominasiyasında Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülüb.

Bundan əlavə, Mədəniyyət və Turizm, o cümlədən Gənclər və İdman nazirliklərinin təşkil etdiyi bir çox seminar və konsertlərin fəal iştirakçısıdır və Dövlət Gənclər Siyasətində keçirilən tədbirlərdə fəal iştirakına görə diplomu liə təltif olunub.

Müsahibimiz gənc bəstəkar Pikə Axundova oldu. Azərbaycan Bəstəkarlar İttifaqına yenicə üzv olmuş P.Axundova təəssüralarını qəzetimizlə bölüşdü. Bu gün bir gənc bəstəkar kimi, sənət yaradıcılığı haqqında söhbət açdı. Müsahibəmizi təqdim edirik:

-Pikə xanım, gənc bəstəkar olaraq hansı işləri görürsünüz?

- Mən bir neçə ay öncə Bəstəkarlar İttifaqına üzv oldum. Yenicə üzv olmağıma baxmayaraq, Bəstəkarlar İttifaqı ilə çoxdan əlaqədəyəm. Tələbəlik illərindən başlayaraq, mütəmadi olaraq Bəstəkarlar İttifaqının pleniumlarında gənc bəstəkarların əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişəm və hər zaman bu ittifaqla əlaqədə olmuşam. Bu ilin iyul ayında Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçildim.

O ki, qaldı mənim yaradıcılığıma, Bəstəkarlar İttifaqının üzvü olmağım bu sənətdə məsuliyyətimi daha da artırır. Bu həm də bəstəkarın daha ciddi qəbul olunmasına zəmin yaradır və mənim üçün böyük fəxrdir ki, dahi Üzeyir bəyin əsasını qoymuş qurumun bu gün mən də üzvlərindən biriyəm. Bilirik ki, Q.Qarayev, F.Əmirov kimi böyük bəstəkarlar bu qurumun üzvü olublar. Bu insanların sırasına qatılmağım mənə böyük qürur verir. Yəni, mən bundan sonra daha keyfiyyətli, daha sanballı, daha məhsuldar işləməyi düşünürəm. Hal-hazırda simfonik orkestr üçün II hissəli əsər yazmışam. Bu əsərdə milli alətlərimiz üçünpartiyalar olacaq. İndi isə bu əsərin orkestrləşmə prosesi gedir.

-Əsərlərinizi bəstələdiyiniz zaman hansı janrlara daha çox üstünlük verirsiniz?

- Mən Bəstəkarlıq kafedrasını bitirmişəm. Həm bakalavr, həm magistr, həm də aspirantura pilləsi üzrə təhsil almışam. Hal-hazırda Bülbül adına orta musiqi məktəbində nəzəriyyə şöbəsinin müdiriyəm. Artıq bəstəkarlığı tədris edirəm. Təbii ki, mən bu günə qədər akademik musiqi sahəsində fəaliyyət göstərirəm. Mən fortepiano konsertinin müəllifiyəm. Onu Qəbələ Musiqi festivalında ifa etmişdim. İki simfoniyam, saysız-hesabsız fortepiano əsərlərim, inistrumental əsərlərim, xor üçün yazdığım əsərlər var ki, mən artıq özümü akademik musiqi sahəsində təsdiq etmişəm.

Aygün Bəylərin Sən mənim ruhumun qida yerisən (Qəlbimin səsi) adlı mahnısı, Zaur Əmiraslanovun Bakı mahnısı, uşaq tamaşalarına və s. mahnılar bəstələmişəm. Amma akademik musiqi mənim əsas profilimdir.

- Gənc bəstəkar olaraq, Azərbaycan bəstəkarlıq sənətini hansı sahələrdə irəliyə aparmaq istəyirsiniz?

- Fikrimi açıq şəkildə bildirim ki, özümü musiqinin bütün sahələrində sınayıram və sınamağa da davam edirəm. Bir çox janrlara müraciət edib, özümü təsdiq etmək fikrindəyəm. Mənim üçün musiqi deyilən anlam var ki, mən onun içindəyəm. Bir bəstəkar üçün musiqinin bütün janrları ona lazımdır. Məsələn, əgər mən simfoniya yazıramsa, çalışıram, orada yenilik edim. Bununla da yeni addım atmış oluram. Hər musiqinin özünəməxsus yeri var. Ancaq mənim ən çox sevdiyim musiqi janrı fortepiano üçün bəstələnən musiqi əsərləridir. Bu da təsadüfi deyil. Çünki mən bəstəkar-pianoçuyam. Pianist olaraq həm müsabiqələr laureatı olmuşam, həm də bəstəkar pianist kimi beynəlxalq müsabiqələrdə mükafatlar almışam. Fortepiano əsərlərimin ilk ifaçısı da özüm oluram. Simfoniya, səhnə əsəri yazmağı düşünürəm, balet üzərində çalışıram. Lakin əsərlərimdə rahatlıq tapdığım musiqi fortepiano musiqimdir. Pianoda ifa etdiyim zaman bütünləşirəm. Bəlkə də bunun səbəbi illərin qoyduğu izlərdir. Çünki özümü tanıyandan, 3 yaşımdan səhnədəyəm. VIII sinfə qədər ancaq pianist kimi təhsil almışam, IX sinifdən isə hər iki ixtisas - həm bəstəkarlıq, həm də fortepiano üzrə paralel təhsil almışam. Ali məktəb illərində də əllərimi pianodan kənar qoymamışam. Bu gün də yaradıcılığımda fortepiano üçün bəstələdiyim əsərlər üstünlük təşkil edir.

-Bu gün Fərhad Bədəlbəyli, Əzizə Mustafazadə kimi gözəl pianoçularımız var. Sizcə, sizin əsərlərinizi ifa edə biləcək pianoçular varmı?

-2011-ci ildə Moskvada Çaykovski adına Konservatoriyada Bizim Akademiyanın 90 illik yubileyi keçirildi. Fərhad müəllim məni Moskvaya dəvət etdi. Biz orada konsert proqramı ilə çıxış etdik. Mən konsertdə fortepiano üçün yazdığım Sonatamı ifa etdim. Konsertdə Murad Adıgözəlzadə də çıxış edirdi. Məşq zamanı və konsertdə əsərimi bəyənib, notları məndən istədi. Bir çox pianoçular mənim əsərlərimi ifa etmək istəyirlər. Məsələn, pianoçuların tədris proqramında mütləq Azərbaycan bəstəkarının pyesi çalınmalıdır. Bülbül adına məktəbdə dövlət imtahanlarında, konsertvatoriyada Azərbaycan bəstəkarının əsəri kimi mənim əsərlərimi çalırlar. Mənə çox vaxt deyirlər ki, o əsərləri sənin kimi heç kim ifa edə bilməz. Bir bəstəkar kimi mənə də maraqlıdır ki, mənim düşündüyümü o necə qəbul edir, öz süzgəcindən necə keçirir. Mənim əsərlərim həm Kamera Orkestrı ilə, həm də pianoçular tərəfindən solo ifa edilib. Mən inanıram ki, onlar mənim əsərlərimi yaşadacaqlar.

-Bir bəstəkara nə ilham verir?

-Təbii ki, ilham mənbəyi, ilham pərisi yaradıcı insanlar üçün vacib faktordur. Amma mən bu işləri ilhama buraxmıram. Necə ki, müəllim və ya həkim hər gün işə gedir, mən də oturub çalışıram və o anda mənə ilham gəlir. Bu artıq mənim gündəlik işimə çevrilib.

-Bir bəstəkar və musiqiçi kimi orkestrlərin yaranması və onların inkişafı barədə nə düşünürsünüz?

-Orkestr yaratmaq mənim ən böyük planlardan biridir. Sadəcə, bunun üçün maliyyə vəsaiti lazımdır. Çünki bizim çox gözəl savadlı ifaçılarımız var. Məsələn, bizim konservatoriyanın nəzdində gənclərdən ibarət kamera simfonik orkestr var. Amma əsas odur ki, orkestrın fəaliyyəti dayanmadan davam etsin.

-Bilirik ki, Qəbələ Beynəlxalq Festivalı təkcə Azərbaycanda deyil, dünyada yayımlanır. Siz bu festivalın iştirakçılarından birisiniz. Dünyada vətənini təbliğ etmək, aydın məsələdir ki, qürurvericidir. Bu hissi bir çox vətəndaş yaşayıb. Bəs, vətəndə olub Azərbaycanı dünyaya təbliğ etmək necə hissdir?

-Bəli, çox maraqlı sualdır. Bu çox qəribə hissdir. Mən də bir çox beynəlxalq festivallarda iştirak edib, dünya səhnələrində çıxış etmişəm. Qeyd etdiyiniz kimi, hər kəs dünyada öz vətənini təmsil edə bilər. Lakin vətənində olub, dünyaya xalqının mədəniyyətini göstərməkdən böyük fərəh hissi duyuram. Dünyanın dörd bir yanından gələn qonaqların qarşısında öz ölkəni yüksək səviyyədə təbliğ etmək xüsusi hissdir.

-Sizin fikrinizcə, vətəndaş beynəlxalq festivallarda xalqının milli musiqisini ifa etməklə özünü göstərməyi daha yaxşı bacarar, yoxsa, dünya musiqisini?

-Hazırda bizdə bir neçə beynəlxalq festival keçirilir. Məsələn, Beynəlxalq Muğam Festivalında muğamımız, milli musiqimiz təmsil olunur. Qəbələ festivalında isə klassik musiqi ilə yanaşı, həm də muğamımız səslənir. Beynəlxalq Rostropoviç Festivalında isə sırf simfonikakademik musiqi təmsil olunur. Üzeyir Hacıbəyli Festivalında da akademik musiqi təmsil olunur. Kiçik bir respublika olaraq bu qədər proyektlərə imza atıb, dünyanın tanınmış musiqiçilərini ölkəmizə dəvət etmək bizim üçün böyük bir üstünlükdür.

-Sizcə, xarici ölkələrdə milli musiqimiz təbliğ olunur? Sizin fikrinizcə, bugünkü musiqiçilər milli musiqimizi dünyada necə təmsil edirlər?

- Mən bir çox tədbirlərdə iştirak edirəm. Xarici ölkələrdə keçirilən mədəniyyət günlərini izləyirəm. Orada bir çox konsert proqramları keçirilir, gözəl ifaçılar dəvət olunur. Düşünürəm ki, yaxşı təmsil olunurlar.

-İndiki gəncləri gələcək kadr kimi, gələcəyin bəstəkar nəsli kimi necə görürsünüz?

-Mən artıq neçə ildir ki, kadr hazırlayıram. Bəstəkarlıq kafedrasına mənim tələbələrim əla qiymətlərlə qəbul olunurlar. Burada da öz inkişaflarını davam etdirirlər. Sadəcə, indiki gənclərin maraq dairələri çox genişdir. Bunun yaxşı tərəfləri də var. İnternetin həyatımıza bu qədər siraət etməsi əlbəttə ki, yaxşıdır. Çünki indiki tələbə internet vasitəsilə hər hansı bir əsəri həm dinləyir, həm də bu bəstəkarın inkişafına vizual olaraq yardım edir. Bəzən bunun mənfi tərəfi də yaranır ki, bu, tələbənin konsentrasiyasını pozur. Təbii ki, bunu hər kəsə şamil etmək olmaz. Əlbəttə, yaxşı tələbələr varbu, bəstəkarlıq məktəbinin inkişafına zəmin yaradır. Mən inanıram ki, onlar bəstəkarlıq məktəbini layiqincə davam etdirəcəklər.

-Bugünkü həyatınızda bəstəkarlığın rolu necədir? Özünüzü bəstəkarlıqda nə zaman duydunuz?

-Bəlkə də mən musiqiçi olmasaydım, başqa insan olardım. Musiqi məni həqiqətən bir insan kimi dəyişdirdi. Mən anladım ki, bu işin içindəyəmsə, ruhən düşkün insan olmamalıyam. Çünki, sabah mənə kimsə pislik edə bilər, incidə bilər. Mən əvvəl xaraktercə sakit insan idim. Daxildə emosional olsam da, məişətdə belə deyildim. Bəstəkar olmağım məni bir insan olaraq dəyişdi. Anladım ki, nəyə qadir olduğumu sübut etməyi bacarmalıyam.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-18 sentyabr.-S.13.