“Elmdə iqtisadiyyat, hüquq, tarix üzrə ixtisaslara daha çox axın var

 

AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov: “Gənclərin elmi fəaliyyətinin stimullaşdırılması üçün onlara müəyyən qədər güzəştlər lazımdır”

 

Məlum olduğu kimi, 2012-ci ildə doktoranturaya qəbul imtahanları artıq başa çatıb. Doktoranturaya qəbul olunanlar artıq təsdiq olunub. Bu il qəbul olunmuş gənc doktorantlar artıq doktorantura təhsili almaq və elmi fəaliyyətlə məşğul olmağa start veriblər. Bəs gənc tədqiqatçıların elmlə bağlı motivasiyasını necə dəyərləndirmək olar? Onların fəaliyyətini stimullaşdırmaq üçün nələr nəzərdə tutulub?

 Bu barədə “Palitra”ya fikirlərini AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov bildirdi: “AMEA Rəyasət Heyəti tərəfindən ötən ilin sonuna qədər yeni qəbul olunmuş doktorantların təsdiq olunması prosesi başa çatıb. Demək olar kİ, nəzərdə tutulmuş plan yerləri tam şəkildə doldu. Bəzi boş yerlər qaldı, bunun da səbəbi odur ki, bir çox  ixtisaslarda rəqabət güclü idi, bəzi yerlərdə isə konkurs zəif olduğu üçün az sayda boş yerlər qaldı. Bu boş yerlər çox cüzi saydadır. Demək olar ki, plan üzrə ayrılmış yerlər əsasən doldu. Yekun olaraq onu demək olar ki, bu il üçün doktoranturaya qəbul imtahanları məqbul şəkildə həyata keçirildi”.

Gənclərin hansı ixtisas və sahələrə daha çox meyil göstərdikləri və elmi baxımdan yetişmək istədikləri ilə bağlı fikirlərini bildirən akademik qeyd etdi: “Keçən ilin və bu ilin dinamikası göstərir ki, iqtisadiyyat, hüquq, tarix elmləri üzrə ixtisaslara daha çox axın var.  Buna baxmayaraq başqa ixtisaslar üzrə sənəd verənlərin sayı da az deyildi. Ümumilikdə götürsək, gənclərin elmə gəlmək istəklərini və motivasiyalarını qənaətbəxş saymaq lazımdır. Həmçinin dəqiq elmlər, təbiət elmləri sahəsində də gənclər ixtisaslaşmağa həvəs göstərirlər ”.

Məlum olduğu kimi, gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilir. Məsələn, az öncə Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən elmi dərəcə məhdudiyyəti qoyulmadan gənc tədqiqatçıların xarici ölkələrdə beynəlxalq konfranslarda iştirakı, elmi təcrübələr keçmələri üçün müsabiqə elan edilib. Bu və digər stimullaşdırıcı tədbirlər gənclərin elmə həvəsini artırır. Bu barədə fikirlərini bildirən akademik A.Həşimov qeyd etdi: “Bütün bu tədbirləri birmənalı şəkildə müsbət qiymətləndirirəm. Nə qədər çox bu qəbildən stimullaşdırıcı tədbirlər həyata keçirilsə, gənclərin həvəsi daha da artacaq və onlar daha intensiv elmi fəaliyyətlə məşğul olacaqlar. Gənclərin elmi fəaliyyətinin maliyyələşdirilməsi onların həm elmi-tədqiqatlarının keyfiyyətini, həm də məsuliyyətini artıracaq.  Bütün bu cür tədbirlər dövlət tərəfindən ona görə həyata keçirilir ki, həm gənclər təminatlı bir şəkildə elmlə məşğul olsunlar, həm də onların tədqiqatları müasir tələblərə cavab versin. Bu, o demək deyil ki, əvvəlki tədqiqatlar keyfiyyət baxımından geridə olub. Xeyr. Əvvəlki tədqiqatlar da keyfiyyət baxımından çox yüksək olub. Amma hazırda baş verən elmi dinamizm, yeni elm sahələrinin yaranması gənclərimizin müasir tələblərlə ayaqlaşmasını diktə edir. Həmçinin cəmiyyətin inkişaf dinamizmi əvvəlki tədqiqatların bir sıra məqamlarda aktuallığını azaltmasına gətirib çıxarır. Buna görə də gənc tədqiqatçıların elmi işləri, tədqiqatları müasir tələblərə cavab verməlidir. Burada elmi tədqiqatlara yanaşmada innovativlik və çeviklik özünü göstərməlidir. Hazırda elektron elm anlayışı ortaya çıxıb. Müasir elmi avadanlıqların və vasitələrin tədqiqatçıya verdiyi imkanları, araşdırma şəraitini lazımınca qiymətləndirmək lazımdır. Bütün bu yeni vasitələrdən lazımınca istifadə edilməlidir”.

Elmi dərəcə almaq üçün uzun müddət növbə gözləmək məsələləri ilə bağlı fikirlərini bildirən akademik qeyd etdi ki, bu məsələdə müəyyən qədər problem var:  “Müdafiə məsələləri ilə Ali Attestasya Komissiyası və bu təşkilatın yaratdığı dissertasiya şuraları məşğul olur. Hər bir elmi və təhsil müəssisələrində dissertasiya şuraları yaradılır. Bu dissertasiya şuralarında müəyyən tələblər qoyulur. Burada ixtisaslarla bağlı növbələrin yaranmasına da toxunmaq lazımdır. Elə ixtisaslar var ki, onlarla bağlı növbələr çox olur. Amma növbələrin yaranması heç də o demək deyil ki, tədqiqatçılar müdafiə edə bilmirlər. Onlar müəyyən prosedur qaydalarına uyğun olaraq elmi işlərini təqdim edirlər və vaxtları çatanda müdafiə edirlər. Amma hər halda gənclərin elmi fəaliyyətinin stimullaşdırılması üçün onlara müəyyən qədər güzəştlər lazımdır. Bu baxımdan burada qaydalara müəyyən qədər dəyişiklik etmək lazımdır ki, gənclər yetkinlik dövründə dissertasiyalarından aldıqları nəticələrin bəhrəsini görmək üçün müəyyən qədər vaxt itirməsinlər.  Burada “Təhsil haqqında” qanundan irəli gələn bəzi məsələlər var. Həm doktoranturaya aid  təhsillə bağlı, həm də müdafiə qaydalarında müəyyən dəyişikliklərə ehtiyac var”.

 

 

İlkin AĞAYEV

 

Palitra.-2013.-10 yanvar.-S.5.