Gənc rəssamımız İtaliya incəsənət elitasının diqqət mərkəzində

 

Gənc azərbaycanlı rəssam Məryəm Ələkbərli İtaliyanın paytaxtı Roma şəhərində rəngkarlıq üzrə mükafata layiq görülüb. 21 yaşlı Məryəm Ələkbərlinin yaradıcılığı Avropada, xüsusən də İtaliyada şöhrət qazanıb. Fransa, Rusiya, İtaliya və digər ölkələrdə sərgiləri keçirilən istedadlı gənc rəssamımız öz sənəti ilə Azərbaycanı Avropada layiqincə təmsil edir. O, öz yaradıcılığı ilə İtaliyanın incəsənət elitasının diqqət mərkəzindədir. Məryəmin sənəti barəsində İtaliyanın çox nüfuzlu və məşhur sənətkarları, incəsənət xadimləri fikirlərini bildiriblər. İtaliyada yaşayan rəssam Həsən İsgəndərovun qəzetimizə bildirdiyinə görə, Məryəm Ələkbərli yaradıcılığı ilk dəfə bu ölkənin çox məşhur sənətkarı Alfio Mongellinin diqqətini çəkib. O, Məryəm barəsində belə deyib: “İlk dəfə Məryəmin əsərini görəndə onun istifadə etdiyi çılğın, əlvan rənglər məni rəssamın daxili aləminin nə qədər zəngin olması barəsində düşündürdü. Biləndə ki, Məryəm çox gənc bir qızdır, mən heyran olmuşdum ”. Xatırladaq ki, A. Mongelli Məryəmin sənətinə hörmət əlaməti olaraq, onun barəsində yaradıcılıq kitablarını Roma Rəssamlıq Akademiyasının kitabxanasına təqdim edib. İtaliyanın məşhur sənətşünası Caterina Tomeo Məryəmin sənətinin böyük pərəstişkarı olduğunu, eləcə də onun sənətini izlədiyini bildirib: “Məryəm gənc, istedadlar arasında birincilər sırasındadır. Onun sənətini çox sevirəm, otağımda onun əl işlərindən ibarət olan təqvim asmışam. Hər gün böyük zövqlə onun əsərlərinə baxıram”. Onu da əlavə edək ki, Məryəm Ələkbərli bütün Şərqdə və MDB ölkələri arasında ilk rəssamdır ki, bu il incəsənət beşiyi sayılan Romada akademik ilin təntənəli açılışına dövlət komissiyası tərəfindən dəvət alıb. İtaliyanın ən məşhur sənətkarı Davide Dormino deyib ki, Məryəm yaradıcılığının həssaslığı sərhəd bilmir. D.Dorminonun təşəbbüsü ilə Məryəmin namizədliyi mükafatlandırılmaq üçün irəli sürülüb. Qeyd edək ki, İtaliyanın məşhur rəssamlarından sayılan Maria Pina BentivengaGianna Bentivenga Məryəm Ələkbərliyə səs verərək onu dəstəkləyiblər. Nəzərə çatdıraq ki, Məryəm Ələkbərli İtaliya tarixində ilk rəssamdır ki, bu yaşında rəssamlıq üzrə mükafat alıb.

Fuad

Palitra.-2014.-2 aprel.-S.13.