Gənc nəsli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edən tur-aksiya

 

Asif İmanlı: “Bu yerlərlə tanışlıq şagirdlərin Vətənimizə olan sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə təsir edəcək, onların mənəvi inkişafında müsbət rol oynayacaq

 

Məlum olduğu kimi Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən şagirdlər ölkəmizin dülbər guşələri, tarixi məkanları ilə tanış olurlar. Maarifləndirici tur-aksiya yeniyetmə yaşında olan gənc nəslin mənəvi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Qədim tarixi məkanlar, diyarşünaslıq muzeyləri, maddi mədəniyyət nümunələri ilə yerində tanışlıq onların mənəvi inkişafı, Vətənə, torpağa bağlı vətəndaş kimi böyüməsinə müsbət təsir edəcək. Layihə çərçivəsində yazımız da tur-aksiyanın gənc nəslin mənəvi inkişafına təsiri ilə bağlıdır.

 

Gənc nəslin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması ölkəmizin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edir

Tur-aksiya çərçivəsində respublikamızın qərb bölgəsinə ekskursiya edən lənkəranlı məktəblilər Şəmkirdə olublar.

Rayonla tanışlığa erkən orta əsr Şəmkir qalasından başlayan şagirdlərə arxeoloji qazıntılar zamanı aşkar edilən tarixi nümunələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Böyük İpək Yolunun üstündə yerləşən və kənar basqınlardan qorunmaq məqsədilə salınan şəhərin ərazisi təxminən 30 hektardır. 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun ərazidə apardığı qazıntılar zamanı məlum olub ki, ərəb, Bizans, Hülakü və Atabəylərdən sonra ərazi çar Rusiyası qoşunlarının hücumuna məruz qalıb. Arxeoloji qazıntılar zamanı çar Rusiyası ordusunun burada yaratdığı “hərbi qarnizonun qalıqları, yaşayış evləri və onlara məxsus pul vahidləri aşkar edilib. Sonra qonaqlar Şəmkir şəhərindəki Gənclər Mərkəzində olublar. Burada şagirdlərə məlumat verilib ki, mərkəz rayon gənclərinin ən çox sevdikləri yerdir. Möhtəşəm Heydər Əliyev Mərkəzi də lənkəranlı məktəblilərdə xoş təəssürat oyadıb. Onlar burada ümummilli liderin həyat və fəaliyyəti ilə daha yaxından tanış olub, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, eləcə də Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu vaxtlarda çalışdığı otaqlarından nümunələrə tamaşa ediblər. Sonra şagirdlər Bayraq muzeyində olublar. Onlar, həmçinin abidələr və istiqlal parklarını gəziblər və XVIII əsr alman kilsəsinə baxıblar. Lənkəranlı şagirdlər Gəncədə də olublar. Aksiya iştirakçıları Heydər Əliyev parkını gəzdikdən sonra buradakı Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Sonra lənkəranlı məktəblilər Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən guşələrə baxıblar. Burada keçirilən görüşdə qədim Nizami yurduna səfər edən lənkəranlı şagirdlər bu aksiyanın təşkilatçılarına minnətdarlıqlarını ifadə etdilər. Bildiriblər ki, dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən bu aksiya şagirdlərə yaşadıqları ölkənin hər bir regionu ilə ətraflı tanış olmağa imkan verəcək. Lənkəranlı şagirdlər artıq aksiyanı tamamlayaraq doğma şəhərlərinə qayıdıblar. Turun qrup rəhbəri Asif İmanlı ilk təəssüratlarını bölüşərək deyib: “Təəssüratımız olduqca zəngindir. Rayonun IX-XI sinif şagirdləri regionun qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə yaxından tanış oldular. Bu yerlərlə tanışlıq şagirdlərin Vətənimizə olan sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə təsir edəcək, onların mənəvi inkişafında müsbət rol oynayacaq. Gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması ölkəmizin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edir. Məktəblilər üçün belə bir imkan yaratdığına görə aksiyada iştirak edən şagird və müəllimlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

 

Şəbnəm Hüseynli: “Bütün bunlar Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğuna əyani sübutdur

Lənkəran şəhərindəki 10 nömrəli tam orta məktəbinin X sinif şagirdi Zəhra Məmmədova sevincini belə ifadə edib: “Gəncənin, Göygölün və Şəmkirin tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında kitablardan və sənədli filmlərdən məlumatım vardı. Tur-aksiya zamanı isə oxuduqlarımı bir daha əyani şəkildə gördüm. Necə deyərlər, min dəfə eşitməkdənsə, bir görmək yaxşıdır”. Lənkəran şəhərindəki 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Şəbnəm Hüseynli söhbətə qoşularaq rəfiqəsinin sözlərinə aşağıdakıları əlavə edib: “Tur-aksiya zamanı yadımda daha dərin izlər buraxan tarixi abidələr oldu. Gəncə tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən qədim eksponatlar, Nizami Gəncəvinin və Cavad Xanın məqbərələri, Çökək hamamla tanışlıq, Göygöl rayonunda alman yaşayış məntəqələri ilə tanışlıq, Şəmkir şəhərində aparılan arxeoloji qazıntılar yaddaşıma abədi həkk olunub. Bütün bunlar Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğuna əyani sübutdur”.

 

İradə İsrailova: “Maarifləndirici tur-aksiya yeniyetmə və gənclər üçün əvəzsiz bir tədbirdir”

“Ölkəmizi tanıyaq” tur-aksiyasının Qubadan olan iştirakçıları respublikamızın şimal-qərb bölgəsinə ekskursiyada olub, Şəkinin qədim tarixi-memarlıq abidələri ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər. Quba məktəblilərinin Şəki ilə ilk tanışlığı Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayını ziyarətlə başlanıb. Saray tur iştirakçılarının böyük marağına səbəb olub. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Saray 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.

Sarayın həyətindəki yaşı 500-ə çatan qoşa Xan çinarları məktəblilərin böyük marağına səbəb olub. Şagirdlərin diqqətinə çatdırılıb ki, iki il əvvəl Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd olunub.

Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər. Tur-aksiyanın iştirakçıları sonra “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində olublar. Məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır. XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaraymehmanxana kompleksi ilə tanışlıq da Quba məktəblilərinin ürəyincə olub. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən, bu karvansarayda qalıb, ticarətlə məşğul olublar. Bildirilib ki, hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir. Hər il bu abidənin həyətində beynəlxalq səviyyəli tədbirlər, festivallar keçirilir. Səfər proqramına uyğun olaraq aksiya iştirakçıları daha sonra XIX əsrə aid tarixi-memarlıq abidəsi Şəki Cümə məscidinə və burada fəaliyyət göstərən İslam Mədrəsəsinə baş çəkiblər.

Tur-aksiya iştirakçıları Fazıl kəndində yerləşən və eramızdan əvvəl II minilliyin ikinci yarısına, tunc dövrünə aid olan qədim yaşayış məskəni - Təpəbaşı nekropolu, “Əbədi sükut dünyası” labirinti ilə tanış olublar. Şəkiyə səfərləri çərçivəsində Quba məktəbliləri Kiş kəndində yerləşən qədim alban məbədini də ziyarət ediblər. Qonaqların diqqətinə çatdırılıb ki, məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Məbədin içərisindəki Yaloylutəpə mədəniyyətinə aid nümunələr, həyətindəki ilkin orta əsrlərə aid sərdabələr məktəblilərin böyük marağına səbəb olub. Qədim və müasir Şəki ilə tanışlıq Quba məktəblilərini heyran edib. Qubadakı texniki təmayüllü liseyin direktoru İradə İsrailova bildirib ki, “Ölkəmizi tanıyaq” devizi ilə təşkil edilən bu maarifləndirici tur-aksiya yeniyetmə və gənclər üçün əvəzsiz bir tədbirdir. Qeyd edib ki, şagirdlər üçün Azərbaycanın bölgələri ilə tanışlıq, qədim tariximizin, adət-ənənələrimizin öyrənilməsi, mədəniyyət abidələrimizin ziyarət olunması, turizm mərkəzləri və başqa gəzməli-görməli yerlərlə tanışlıq məqsədilə təşkil edilən bu tur-aksiya olduqca vacib və vaxtında reallaşdırılan tədbirdir. Dövlətimiz yetişməkdə olan nəslin yaxşı təhsil alması ilə yanaşı, onların ölkəmizi hərtərəfli tanımaları üçün nə lazımdırsa edir. İradə İsrailova şagirdlərin tur çərçivəsində qidalanması, istirahətin mənalı təşkili, əylənmələri və proqrama uyğun olaraq obyektlərlə tanışlığı kimi vacib məsələlərin dövlətimiz tərəfindən həll edilməsini razılıq hissi ilə vurğulayıb. Liseyin direktoru diqqətə çatdırıb ki, Prezidentin tapşırığına əsasən orta məktəblərin IX-XI sinif şagirdləri üçün Azərbaycanın bölgələrini gəzmək imkanının yaradılması və bu gözəl təşəbbüsün ilk dəfə uğurla reallaşdırılması hamının ürəyincədir: “Aksiyanın gedişində şagirdlərə vətənpərvərlik hisslərinin aşılanmasına, eləcə də onlara Azərbaycanın bölgələri barədə daha ətraflı maarifləndirmə işinin təşkilinə, yeniyetmələrin intellektual səviyyəsinin və dünyagörüşünün artırılması istiqamətində söhbətlərin aparılmasına böyük önəm verilib”. Quba məktəbliləri səyahətlərini başa vuraraq Qubaya qayıdıblar.

Şagirdlərin səfərdən xoş təəssüratlarla qayıtdıqlarını bildirən qrupun rəhbəri Mehparə Rüstəmova deyib ki, dövlət başçısı xalqımızın gələcəyi olan gənclərin savadlı, geniş dünyagörüşünə malik olmaları üçün əlindən gələni edir.

Quba şəhərindəki 3 nömrəli tam orta məktəbin şagirdi Fəzilə Ağayeva deyib ki, haqqında kitablarda oxuduğu tarixi yerləri gəzib: “Xüsusilə Şəkinin tarixi məkanları mənim yaddaşımda unudulmaz izlər buraxdı”. Həmin məktəbin digər şagirdi Məhəmməd Əliyev Qəbələnin qədim tarixi ilə yanaşı, müasir simasının da onu valeh etdiyini bildirərək deyib: “Bu şəhər nağıllar aləmini xatırladır. Ölkəmizin dilbər guşələrini gəzib zövq aldıq”.

 

Anar Miriyev

Palitra.-2014.-6 avqust.-S.11.