Musiqi vasitəsilə uşaq və gənclərin mənəvi inkişafına yardımçı olmağa çalışırıq”

 

Ölkədə həyata keçirilən siyasət gələcək üçün fiziki-mənəvi baxımdam sağlam nəsil yetişdirilməsinə xidmət edir

Layihə çərçivəsində təqdimatımız Bakı şəhər Səbail rayonu ərazisində fəaliyyət gəstərən Cövdət Hacıyev adına 3 saylı Uşaq musiqi məktəbi ilə bağlıdır. Uşaq musiqi məktəblərinin gənc nəslin mənəvi inkişafında rolu əvəz olunmazdır. Qeyd edək ki, Cövdət Hacıyev adına 3 saylı uşaq musiqi məktəbi 7 sentyabr 1955-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Mədəniyyət şöbəsinin əmri əsasında yaradılıb. 2004-cü ildə Prezidentin “C.Hacıyev xatirəsinin əbədiləşdirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinin 25 fevral 2004-cü il tarixli 50 nömrəli əmri ilə məktəbə görkəmli bəstəkar, Azərbaycan milli simfonizminin banisi Cövdət İsmayıl oğlu Hacıyevin adı verilib.

 

Məktəbdə 5 şöbə fəaliyyət göstərir- fotepiano, xalq çalğı alətləri, nəzəriyyə, orkestr alətləri və xor şöbəsi. Məktəbdə fortepiano, skripka, gitara, vokal, klarnet, truba, saksafon, trombon, fleyta, zərb aləti, tar, kamança, qanun, nağara, balaban, qarmon, xanəndə, xor, estrada oxuma üzrə 310 şagird təhsil alır. Məktəbdə xalq çalğı alətləri ansamblı, simli alətlər ansamblı, nəfəs alətləri orkestri, qanunçalanlar, nağaraçalanlargitaraçalanlar ansamblları, xor kollektivi fəaliyyət göstərir. Məktəbin şagirdləri bir sıra uğurlara imza atıblar. Q.Qarayev adına fortepiano ifaçılarının Bakı müsabiqəsində İlizarova Kristina 3-cü yeri tutub, IV Respublika xor müsabiqəsində məktəbimiz fəxri fərmanla təltif edilib. Fortepianoda müşayiətlə keçirilən müsabiqədə 3 fəxri fərman və 1 diplomla təltif edilmişik. Ülkər Qüdrətli fleyta ilə nəfəs alətlərinin respublika müsabiqəsində həvəsləndirici mükafat alıb. Eyni zamanda V respublika xor müsabiqəsində laureat olmuşuq. Q.Qarayev adına fortepiano ifaçılarının Bakı müsabiqəsində Yusifli Gülarə və İlizarova Kristina diplomla təltif ediliblər. “Gənc ifaçılar təhlil və ifa edir” adlı respublika müsabiqəsində Ağababayeva Ceyran laureat olub. Məktəb “Uşaqların musiqi dünyası” adlı I Bakı festivalında fəxri fərman alıb. Gənc pianoçuların Q.Qarayev adına I respublika müsabiqəsində Məmmədzadə Arzu və Abbaslı Nəzrin diplomla təltif ediliblər. Nəfəs alətlərinin II respublika müsabiqəsində Əliyev Rəsul (fleyta) diplom, Bağırov Rauf (fleyta) və Məmmədov Sabir (klarnet) laureat olublar. Yəni, məktəbin kollektivi müntəzəm olaraq müsabiqələrə qatılaraq oradan əliboş qayıtmırlar. “İlin müəllimi” müsabiqəsinin qalibi arasında da məktəbin təmsilçisi var. Belə ki, Tofiq Əsgərov 2011-ci ildə bu müsabiqədə qalib olub. Fəaliyyət göstərdiyi illər ərzində məktəbin təxminən 2250 nəfər məzunu olub. Həm Mədəniyyət və Turizm Nazirliyi, həm Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, eyni zamanda Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məktəbə daim qayğı göstərilir. Məktəbin qarmon ixtisası üzrə müəllimi İrzaquliyeva Sonya Sadıq qızı 2009-cu ildə Əməkdar müəllim fəxri adına layiq görülüb. Məktəbin direktoru Məhin Orucova deyir ki, məktəbin müəllimləri hər il müxtəlif ixtisaslar üzrə mədəniyyət işçilərinin ixtisasartırma kurslarına göndərilir: “Müasir dövrdə insanların şəxsiyyətinin formalaşmasında estetik tərbiyə və estetik mədəniyyətin rolu xeyli artıb. Məlumdur ki, musiqi sənəti yalnız estetik zövq aşılamır, həmçinin insanları tərbiyələndirir, öyrədir, kamilləşdirir. Bu deyilənlər musiqinin cəmiyyətdə, o cümlədən yetişməkdə olan gənc nəslin hərtərəfli harmonik inkişafında, onların musiqi estetik tərbiyəsində nə qədər böyük rol oynadığını bir daha sübut edir. Musiqi vasitəsilə uşaq və gənclərin mənəvi inkişafına yardımçı olmağa çalışırıq”. Direktor qeyd edir ki, fəaliyyət göstərdiyi illər ərzində təxminən məktəbin 2250 nəfər məzunu olub: “Məktəb, 2009-cu ildən Salyan rayon Q.Əsgərov adına uşaq incəsənət məktəbi və Bərdə rayon 4 saylı uşaq incəsənət məktəbi ilə hamilik işi aparır. Bakı şəhərində yerləşən musiqi məktəbləri, C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyi, N.Hikmət adına uşaq kitabxanası , A.Şaiq adına uşaq kitabxanası, 91, 49, 163, 51 nömrəli orta ümumtəhsil məktəbləri və 157 saylı uşaq bağçası ilə əməkdaşlıq edirik. Hər tədris ilində müxtəlif səpkili tədbirlər keçirilir.Tədrisin səviyyəsini yüksəltmək , düzgün metodiki aparmaq, yeniliklər tətbiq etmək, yeni metodlarından istifadə etmək məqsədilə məktəbdə metodiki kabinə yaradılıb. Nəfəs və simli alətlərin tədrisinə daha ciddi nəzarət olunur. 2001-2002-ci tədris ilində nəzəri fənlərin tədrisinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə ilk dəfə məktəbdaxili nəzəriyyə olimpiadası keçirilib, qaliblərin mükafatlandırılması və şagirdlərin konserti görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ev muzeyində təşkil edilib. 2012-ci ildə görkəmli bəstəkar Cövdət Hacıyevin 95 illik yubileyi ilə əlaqədar məktəbdə fortepiano ifaçılarının məktəbdaxili müsabiqəsi keçirilib. Bütün ixtisaslar üzrə şagirdlərin texniki cəhətdən inkişaf olunması məqsədi ilə hər tədris ilinin əvvəlində "Ev tapşırığı-etüdlər" başlığı altında dinləyişlər keçirilir. Musiqi ədəbiyyatı fənni üzrə biliklərinin mükəmməllişdirilməsi, tədris proqramı üzrə musiqi materiallarının professional şəkildə mənimsənilməsi məqsədi ilə musiqi nömrələri 2010-2011-ci tədris ilindən şagirdlərə CD disklər vasitəsi ilə çatdırılır. 2013-cü ildən başlayaraq bu proses DVD disklər vasitəsi ilə həyata keçirilir. Məktəbin kollektivi uşaqların musiqi təhsilinə yiyələnməsi, onların bədii-estetik zövqünün formalaşması və Azərbaycanımıza layiq musiqiçilər kimi yetişməsi yolunda var qüvvəsi ilə çalışır”. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında Uşaq musiqi ,incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı” na əsasən Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə 2012/2013-cü tədris ilindən məktəbdə Xor şöbəsi açılıb. 2012-2013-cü tədris ilində yeni açılmış Xor şöbəsinə 20 nəfər şagird qəbul edilib. Məktəbin qəzalı vəziyyətdə olması ilə əlaqədar 2010-cu ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsaslı təmir və yenidənqurma işləri aparılıb. Məktəbdə uşaq və gənclərin mənəvi inkişafında mühüm rol oynayan bir sıra tədbirlər həyata keçirilir. Məsələn, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi məktəbində tədbir keçirilib. Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, fiziki-mənəvi baxımdan sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman diqqət mərkəzində saxlanılır. Tədbirdə musiqi məktəbinin direktoru Məhin Orucova uşaqların beynəlxalq müdafiəsi və rəhbərlik etdiyi 3 saylı uşaq musiqi məktəbi ilə bağlı məlumat verib. Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların bizim gələcəyimiz və ölkəmizin gələcəyi olmasını nəzərə alsaq onların müdafiəsinə hamınıqla qoşulmaq bizim borcumuzdur. Qeyd olunub ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummillli lider tərəfindən qoyulub. Uzaqgörən siyasi liderin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu günuğurla davam etdirilir. Azərbaycan Prezidentinin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Bu siyasət gələcək üçün fiziki-mənəvi baxımdam sağlam nəsil yetişdirməyə xidmət edir. Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlib. Bu gün dövlətimiz hər bir uşağın yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd - uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.

 

Anar Miriyev

Palitra.-2014.-7 avqust.-S.11.