Elməddin Zərbəlizadə:” Gələcəyə ümidlə baxırıq”

 

 

“Ukraynadakı millətlər arasında fərqlənib, aktiv olmaq çox vacibdir

 

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Ukraynada ali təhsilini davam etdirən aktiv gənc Elməddin Zərbəlizadədir. Bu savadlı və bacarıqlı gənclə olan müsahibəni oxuculara təqdim edirik.

 

-Özünüz barədə məlumat verərdiniz?

 

-Mən, Elməddin Zərbəlizadə 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Orta məktəbi Sumqayıt şəhər Təfəkkür liseyində oxumuşam. Orta təhsilimi uğurla aldıqdan sonra, 2010-cu ildə ali təhsil almaq üçün Ukraynanın Kiyev şəhərinə gəldim.

 

- Xaricdə təhsil almaq arzunuz barədə də söz açardınız. Niyə məhz Ukrayna?

 

-Ümumiyyətlə uşaq yaşlarımdan mənim və valideynlərimin istəyi olub ki, xaricdə təhsil alım. Bu istək üzərindən gələcəyimi bu ölkədə, məhz Ukraynada qurmaq qərarına gəldim. Bu qərarda da, Ukrayna və Azərbaycan dövlətləri arasında olan qardaşlıq münasibətləri az rol oynamadı. Yəni ki, əgər iki dövlət arasında yüksək səviyyəli münasibətlər qurulursa, orada tələbə-təhsil mübadiləsi də müsbət yöndə inkişaf edir. Bu mənada niyə də məhz Ukraynanı seçməyək? Ukrayna bir sıra sahələrdə olduğu kimi, təhsil sahəsində də Azərbaycana öz qapılarını geniş açıb.

 

-Oxuduğunuz ali məktəb haqqında söz açardınız. Təhsil, tədrisin səviyyəsi sizi qane edirdimi?

 

-Mən bakalavr təhsilimi Kiyev Dövlət İqtisad Universitetində almışam, hazırda da Kiyev Dövlət Nəqliyyat Universitetində magistr üzrə təhsilimi davam etdirirəm. Bildiyimiz kimi, Ukraynada 800-dən artıq ali təhsil ocağı var. Ukraynada hazırda qabaqcıl dövlət universitetlərində sınaqdan keçmiş sovet təhsil sisteminin yeni Avropa təhsil modelinin ortaq sintezi tətbiq edilir. Bu da Ukraynaya, sözün əsl mənasında təhsil almaq üçün gələn gənclərə savadlı bir mütəxəssis kimi yetişməyə imkan yaradır.

 

- Ukrayna da çoxmillətli ölkə olduğu üçün burada diaspor fəaliyyəti çox vacibdir. Diaspor işlərində necə, aktivlik göstərirsinizmi?

 

-Ukraynaya təhsil almağa gəldiyim ilk vaxtlardan səfirliyimizin burada fəaliyyət göstərən diaspor təşkilatlarımızın keçirdiyi tədbirlərdə aktiv şəkildə iştirak etmişəm. Bu gün Ukraynada fəaliyyət göstərənÜmumukrayna Azərbaycanlı Gənclər Təşkilatınınicraçı direktoru olaraq, fəaliyyətimi daha yüksək səviyyədə davam etdirirəm. Verdiyimiz ideyalar keçirdiyimiz tədbirlərlə, istər ukraynalı, istər azərbaycanlı gənclər arasında müsbət mənada fərqlənməyə çalışıram. Bundan sonra da, istər təşkilatımız adına, istərsə öz adıma Azərbaycan naminə səmərəli fəaliyyət göstərməyə hazıram. Çünki bu, mənim xaricdə yaşayan azərbaycanlı olaraq borcumdur. Düşünürəm ki, nəinki hər bir xaricdə təhsil alan gəncimiz, eləcə başqa ölkələrdə yaşayan soydaşlarımız da ölkəmiz, millətimiz adına olan bütün tədbirlərdə aktiv olmalı, təbliğat kampaniyalarında yaxından iştirak etməlidirlər.

 

- Yeri gəlmişkən, elə soydaşlarımızın oradakı fəaliyyəti barədə söz açardınız. Azərbaycanlılar kimi işlərə baş vururlar, sadaladığınız təbliğat tədbirlərində aktivlik göstərirlərmi?

 

-Ukraynada yaşayan təhsil alan tələbələrimizin içində ictimai fəal gənclərimiz çoxdur. Baxmayaraq ki, Ukraynaya oxumağa gələn gənclərimizin əksəriyyəti vətənimizdə ali təhsil ocaqlarına qəbul olmayandır, amma ixtisaslı, savadlı gənclərimiz az deyil. Barəsində söz açdığımız savadlı gənclər bacardıqları qədər həm təşkilatımızda, həm diaspor fəaliyyətində özlərini aktiv şəkildə göstərirlər. Burada yaşayan soydaşlarımızın əksəriyyəti isə Ukraynaya ötən əsrin sonlarında işləmək üçün gələnlərdir. Onların arasında da dövlətçilik ənənəmizə sadiq olanlar çoxdur. Ümumilikdə, onu da vurğulamaq istərdim ki, hər şey təbliğatdan, aktivlikdən asılıdır. Ukraynada qeyri-millətlər çoxdur. Amma onların arasında fərqlənib, aktiv olmaq çox vacibdir.

 

-Aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?

 

-Azərbaycan gəncliyinin hazırkı durumu digər ölkələrdəkindən çox irəlidədir. Gənclər sektorunda son illərdə formalaşan vətəndaş cəmiyyətləri bunun bariz nümunəsidir. Mən bir ictimai fəal gənc olaraq, dövlətimizin gənclər barədə apardığı siyasəti çox yüksək qiymətləndirirəm. Müşahidələr aparanda belə qənaətə gəlmək olar ki, gənclər siyasətinin bu şəkildə davam etdirilməsi ümumilikdə cəmiyyətimiz üçün çox xeyirlər verəcək. Nəticədə , gələcəkdə dövlətçiliyimizin əmin əllərdə olacağını deyə bilərik.

 

- Son illərdə ali təhsil ocaqlarında oxuyan tələbələrimizin xarici ölkələrdə təhsillərini davam etdirməsi halları da çoxalıb. Bununla bağlı dövlət proqramları da həyata keçirilir. Bunu necə dəyərləndirərdiniz?

 

- Bəli, haqlısınız. Belə hallar çoxalıb. Son illərdə gənclərimizin xaricdə təhsillə bağlı maraqlarını da çox yüksək dəyərləndirirəm. Bildiyimiz kimi, xaricdə təhsilin gənclər üçün bir çox üstün cəhətləri var. Bura dünyagörüşü, fərqli millətlərdən dost qazanmaq, onların mədəniyyətlərini mənimsəmək ən əsası, sözlə ifadə olunmayacaq dərəcədə

təcrübə əldə etmək kimi amillər daxildir. Bununla bağlı dövlətin apardığı proqramlar gənclərə öz gələcəklərini qurmaqda kömək olur. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən ötən əsrin 70-80-ci illərində qoyulan xaricdə təhsillə bağlı aparılan siyasət bir çox həmvətənlərimizin SSRİ-nin əksər möhtəşəm universitetlərində ali təhsil əldə etməsinə şərait yaratdı. Hazırda da İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bu gün dünyanın xeyli aparıcı universitetlərinin adlarını sadalamaq olar ki, hər il o təhsil ocaqlarına kifayət qədər azərbaycanlı tələbə qəbul olur, dövlət onların təhsilini diqqətdə saxlayıb, qayğı göstərir. Qısası, inkişaf göz önündədir, ümumilikdə iqtisadiyyatımızın inkişafı tələb edir ki, cavan, perspektivli kadrlar yetişsin. Bu səbəbdən , xaricdə təhsil alıb geri dönən tələbələrimizə xeyli imkanlar açılır. Düşünürəm ki, belə davam etsək yaxın illərdə Azərbaycan bütün sahələrdə kadr siyasətində xeyli uğurlar əldə edəcək.

 

-Bəs ümumiyyətlə, ölkədə gənclərimiz, tələbələr üçün yaradılan şərait necə, sizi qane edirmi?

 

-Mən bir ictimai fəal gənc olaraq, dövlətimizin gənclər barədə apardığı siyasəti çox yüksək qiymətləndirirəm. Ölkəmizdə gənclərə yaradılan şəraitdən çox razıyam. Son illərdə gənclərə dəstək üçün yaradılan dövlət idarələri, fondlar gənclərimizə fəaliyyətlərini daha da yüksək səviyyəyə qaldırmağa imkan verir. Tələbələrimiz inkişafdadırlar. İlbəil təhsilimizdə inkişaf nəzərə çarpır. Düzdür, hələ ki tam razı qala bilmərik, amma son zamanlarda bir çox yeniliklər görülən işlər gələcəyə ümidlə baxmağa əsas verir.

 

-Özünüzün gələcək planlarınız barədə...

 

-Gələcək planlarım təhsilimlə bağlıdır. Təhsilimi tam şəkildə bitirmək istəyirəm, bununla bərabər, diaspor fəaliyyətimi daha şəbəkəli faydalı davam etdirmək istəyirəm. Fürsətdən istifadə edib, sizə ümumilikdə redaksiyanıza dərin təşəkkürümü bildirirəm. Biz aktiv gəncləri yada salıb, cəmiyyətə təqdim edirsiniz.

 

Tural

Palitra.- 2014.- 2 dekabr.- S.6.