“Hollandiyada əhalinin çox az hissəsi ali təhsillidir”

 

Bəhruz Sadıqov: “Holland ailəsinin öz övladlarına ev, maşın almaq, toy etmək kimi bir öhdəliyi yoxdur”

 

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Bəhruz Sadıqovdur. Hazırda Hollandiyada ali təhsilini davam etdirən bu istedadlı və uğur formulunun sirlərini bilən gənclə olan müsahibəni oxuculara təqdim edirik.

 

-Özünüz barədə məlumat verərdiniz?

 

-Mən - Sadıqov Bəhruz Babək oğlu 1991-ci il 13 oktyabrda Bakı şəhərində anadan olmuşam. İbtidai təhsilimə 1998-ci ildə Yasamal rayonu şəhid Eldar Məmmədov adına 21 saylı orta məktəbdə başladım. 2002-ci ildə Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinə qəbul oldum və orta təhsilimi burda davam etdirdim. Orta məktəbdə Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarında tarix və coğrafiya fənləri üzrə Bakı birinciliyinə layiq görüldüm. 2009-cu ildə həmin liseyi yüksək qiymətlərlə bitirib 680 balla Prezident təqaüdçüsü olaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə qəbul oldum. Universitetdə təhsil aldığım müddətdə təkcə akademik fəaliyyətlə deyil, sosial fəaliyyətlə də məşğul olmuşam. Sosial fəaliyyətimi təkcə universitet səviyyəsində məhdudlaşdırmayıb, elə 1-ci kursdan ölkə səviyyəsinə yüksəltməyə nail oldum.

 

-Yüksək balla ali məktəbə qəbul olan bir tələbə üçün xaricdə təhsil almaq qərarı da asan və gözlənilən olardı.

 

-Başqa bir ölkədə ali təhsil almaq barədə hələ orta məktəbdə təhsil alarkən düşünürdüm. Universiteti bitirdikdən sonra belə bir fikrim olduğunu ailəmə də bildirdim. Onlar da bu fikrimi dəstəklədilər və daim arxamda oldular. Əslində xaricdə təhsil almaq fikrimin olduğunu eşidən hər kəs məni dəstəklədi. Amma bu işdə ən çox dəstəyi ailəm və ikinci ailəm saydığım Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı – “ATGTİ ailəsi” , şəxsən sədr – Şahin İsmayılov göstərdi. Universitet illərində təkcə akademik fəaliyyətlə deyil, eyni zamanda sosial fəaliyyətlə də məşğul olurdum. Bu işdə ATGTİ mənə və deyərdim ki, bir çox gənclərə körpü rolunu oynadı. Bizim asudə vaxtımızın səmərəli təşkil olunmasına və öz bacarıqlarımızdan yararlanaraq Azərbaycanı bir çox ölkələrdə təmsil etməyimizə yardımçı oldu. Yaradılan fürsətlərdən istifadə edərək xarici ölkələrdə yay məktəbləri, konfrans, seminar və treninqlərdə iştirak etdim və bu mənim gələcək təhsilimdə və karyeramda effektiv rol oynadı.

 

- Azərbaycanda kifayət qədər səviyyəli və tanınan bir ali təhsil ocağında oxudunuz. Hazırkı seçiminiz necə, sizi qane edirmi? Universitetinizdəki təhsilin səviyyəsindən söz açardınız.

 

-Mən hazırda Niderland Krallığının Erasmus Rotterdam Universitetində “kommersiya və şirkət hüququ” üzrə magistr təhsili alıram. Oxuduğum universitet dünyanın və Avropanın ən yaxşı hüquq təhsilini tədris edən universitetdir. Təhsil və tədrisin keyfiyyətindən isə tam razıyam. Tələbələrə nəzəriyyədən çox praktika öyrədilir. Məncə, Azərbaycan təhsil sistemindəki ən böyük problemlərdən biri də elə budur. Bizdə daha çox nəzəriyyəyə üstünlük verilir. Şifahi leksiyalar isə tamam ləğv olunub, tədrisin hər sahəsi elektronlaşdırılıb. Dərsdə iştirak etməyən tələbə dərs materiallarını və məlumatları elektron variantda əldə edə bilər. Bundan əlavə ixtisasımız üzrə daim dövlət və özəl müəssisələri ziyarət edir, proseslə daha yaxından tanış olmaq imkanı əldə edirik. Müəllimlərin tələbələrlə münasibəti isə tam səmimi fundament üzərində qurulub. Tədris prosesini həyata keçirən professorlar isə öz sahələrinin peşəkarlarıdır və praktikada qarşılaşdıqları çətinlikləri bizlərlə bölüşürlər. Bu da bizim boşluqları doldurmağımıza və gələcəkdə ölkəmizdə bu sahədə çətinliklərin aradan qaldırılmasına yönəlmiş bir töhfədir.

 

- Adətən gənclərimiz təhsil üçün getdikləri ölkələrin mühitinə, adətlərinə çətin alışırlar. Sizdə necə, Hollandiyaya uyğunlaşmaq prosesi çətin keçmədi ki?

 

-Belə bir sualla tez-tez qarşılaşıram. Mən təhsil alacağım ölkəni seçəndə ailəm də daxil olmaqla hər kəs bir az narahat idi. Çünki ölkəmizdə Niderlandla bağlı çoxlu uydurmalar var, amma reallıq isə tamam fərqlidir. Yerli xalq gəlmələrə qarşı çox mehriban və dost münasibət göstərir. Burada sizi tanımayan kimsənin sizə salam verməsi və ya gülümsəməsi adi haldır. Yerli xalq öz istirahətinə çox üstünlük verir, xüsusilə həftə sonları və tətillərdə səyahət etməyi çox sevirlər. Əhalinin yaşayış səviyyəsi isə demək olar ki, dövlət tərəfindən balanslaşdırılıb. Əhalinin əsas hissəsini orta təbəqə təşkil edir. Hər bir şəxs öz təhsili və ya işi ilə yanaşı hər hansı bir idman növü ilə məşğul olur. Sağlam həyat tərzi və idman yerli xalq üçün əvəzolunmazdır. Məncə Azərbaycanla Niderland əhalisi arasında əsas fərq burda insanların universitetə daxil olmaq öhdəliyinin olmamasıdır. Hətta deyərdim ki, əhalinin çox az hissəsi ali təhsillidir. Ali təhsil olmadan da insanlar işləyə bilər və öz karyerasını qura bilərlər. Azərbaycanda isə bu artıq bir öhdəliyə çevrilib. Bununla bağlı olaraq da idman və incəsənət sahəsində bizdən daha üstündürlər. Bundan əlavə gənclər ailədən asılı olmağı sevmir. Onlar öz həyatlarını və karyeralarını özləri qurmağa üstünlük verirlər. Ailənin də öz övladlarına ev, maşın almaq, toy etmək kimi bir öhdəliyi yoxdur. Ən əsası isə yerli xalq bahalı maşınlar və dəbdəbəli həyat tərzini xoşlamır. Əhalinin 70%-i velosipeddən istifadə edir. Onlar öz sağlamlığı və səyahətləri ilə öyünürlər. Onu da qeyd etmək lazımdır ki, mentalitet baxımından əhalinin həyat tərzində bizim cəmiyyətdə qəbul olunmayacaq davranışlar da var.

 

-Vətəndə, ictimai işlərdə aktiv olduğunuzu dediniz. Hollandiyada necə, fəallıq göstərə bilirsinizmi?

 

-Doğrusu, tədrisin ağır yükü bu işdə bizə bir az mane olur, amma bacardığım qədər bütün tədbir və diaspor tədbirlərində iştirak edir və əlimdən gələn yardımı edirəm.

 

- Bəs digər azərbaycanlı tələbələr necə, aktivdirlərmi?

 

-Azərbaycanlı tələblər çox aktiv fəaliyyət göstərirlər və daim ölkəmizin tanıdılmasına səy göstərirlər. Biz daim azərbaycanlı tələbələrlə görüşlər təşkil edir və ölkəmizin və Qarabağ həqiqətlərinin Avropada və dünyada tanıdılması üçün yeni fəaliyyət planları hazırlayırıq. Bundan əlavə son dövrlərdə Azərbaycanda keçirilən və keçiriləcək bir sıra beynəlxalq tədbirlər barədə də yerli xalqa və digər ölkə nümayəndələrinə məlumatlar veririk. Niderland Krallığında soydaşlarımız da çoxdur. Onlar da bizə çox doğma münasibət göstərir, evlərində qonaq edirlər. Hər bir çətinliyimiz olanda yardım edirlər, necə deyərlər qəribçilikdə olduğumuzu hiss etdirmirlər.

 

- ATGTİ-nin sizin aktiv gənc kimi formalaşmağınızdakı rolunu qeyd etdiniz. Bəs ümumilikdə gəncliyimizin hazırkı durumunu necə xarakterizə edərdiniz?

 

-Son dövrlərdə Azərbaycan gəncinin səsini dünyanın hər bir ölkəsindən eşitmək mümkündür. Bu, çox təqdir olunası haldır. Gənclərin sosial aktivliyi son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Bu işdə Azərbaycandakı gənclər təşkilatlarının, xüsusilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) rolu əvəzolunmazdır. Gənclərin pis vərdişlərdən uzaqlaşdırılıb sosial fəaliyyətə cəlb olunması hər bir şəxsdə sevinc doğurur və bunun miqyası ildən-ilə artır. 10 il əvvəlki və indiki Azərbaycan gənci arasında təhsil və dünyagörüşü sahəsində fərq təqdir olunasıdır. Düşünürəm ki, bu proses universitet və kolleclər səviyyəsindən məktəb səviyyəsinə də daşınmalıdır. Bəli, hazırkı Azərbaycan gəncliyi ilə fəxr etmək olar, ancaq bu, hər şey demək deyil. Hələ də pis vərdişlərdən uzaqlaşmayan gənclər var. Fikrimcə, biz onları da öz tərəfimizə çəkib, bu prosesə cəlb etməliyik. Bu prosesdə dövlətlə yanaşı ailənin və biz gənclərin üzərinə böyük öhdəlik düşür.

 

- Xaricdə təhsilə üstünlük verən tələbələrimizin sayı da çoxalıb. Bunu necə dəyərləndirərdiniz?

 

-Bəli, mən də özümü həmin nəslin bir nümayəndəsi kimi hesab edirəm. Son illərdə gənclər peşəkar təhsilin əhəmiyyətini anlayır və daim bunu inkişaf etdirməyə can atır. Təhsilin ölkə səviyyəsindən kənara daşınması çox gözəl haldır. Hazırda Azərbaycan gəncinin təhsilin istənilən sahəsində, dünyanın istənilən ölkəsində göstərdiyi uğurlar Azərbaycanın, Azərbaycan xalqının balansına yazılır. Azərbaycan tələbəsinin xaricdə əldə etdikləri akademik uğurlar hər bir gəncimizin, hər bir azərbaycanlının sevincinə səbəb olur. Mən də həmin gənclərdən biri olmaq yolunda irəliləyirəm. Eyni zamanda xaricdə təhsil almaq istəyən gənclərə daim nəzəri və praktiki biliklərimlə məsləhət verirəm və hər zaman məsləhət verməyə, yardım etməyə hazıram.

Dövlətimiz də bu işdə daim gənclərin yanındadır. Təhsil sahəsində keçirilən proqramların bu işdə böyük rolu var. Mənim fikrimcə, əgər gənc müvafiq dil və akademik göstəricilərə uyğun gəlib universitetə qəbul olunubsa, digər prosedurları bir az yüngülləşdirmək lazımdır.

 

-Ölkəmizdə tələbələr üçün yaradılan şərait sizi qane edirmi?

 

-Dövlət səviyyəsində bəli, amma universitet səviyyəsində yox. Azərbaycan dövləti daim gənclərin yanındadır və daim gənclərə dəstək olur. Təhsil, idman, gənclər və digər sahələrdə həyata keçirilən proqramlar, Gənclər və İdman Nazirliyinin gənclərə qayğısı bunun bariz nümunəsidir və bu qayğı ilbəil artmaqdadır. Ancaq onu da qeyd etmək lazımdır ki, universitet səviyyəsində gənclərin sosial fəaliyyətində müəyyən məhdudiyyətlər var. Əlbəttə, bu bütün universitetlərə aid olmasa da, bir çoxunda belədir. 5 il əvvəl gənclər öz layihələrini, fərdi istedad və bacarıqlarını göstərməyə çətinlik çəkirdilər. Hazırda isə bu sahədə ATGTİ və digər gənclər təşkilatları , eyni zamanda Gənclər və İdman Nazirliyi, Gənclər Fondu daim bacarıqlı və istedadlı gəncləri dəstəkləyir, onlara yardım edir.

 

-Yəqin artıq gələcəklə bağlı planlarınız var...

 

-Təhsilimi bitirdikdən sonra əsas məqsədim dövlətimizə və xalqımıza öz ixtisasım üzrə yararlı olmaq. İstər ölkə daxilində, istər ölkə xaricində Azərbaycanı təmsil etmək və daima inkişafda olan ölkəmizin bu uğurunda mənim də payım olmasına çalışmaqdır. Bu işdə gənclərin böyük rolunu nəzərə alıb, onlarla çalışmaq və onları bu sahədə həvəsləndirmək də gələcək planlarımın əsasını təşkil edir. Bundan əlavə akademik fəaliyyətlə olmasa da, daha da peşəkarlaşmaq üçün təhsilimi gələcəkdə daha da təkmilləşdirmək planım var.

 

Tural Tağıyev

Palitra.-2014.-24 dekabr.-S.6.