Bir neçə universitetə qəbul olsam da, İstanbul Texniki Universitetini seçdim

Ayan Ağazadə: “Taekvondo və kapoeyra ilə məşğul olmağım təhsilimə mənfi təsir etmir

Palitra”nın xaricdə təhsil alan gənclərlə bağlı rubrikasının budəfəki qonağı Ağazadə Ayandır. Ayan, Türkiyədə ali təhsilini davam etdirən savadlı, aktiv gənc olmaqla yanaşı idman fəaliyyətində də bir sıra uğurlara imza ata bilib. O, həm də bir vaxtlar teleaparıcı kimi də tamaşaçıların sevimlisi olub. Ayan Ağazadə ilə olan müsahibəni oxuculara təqdim edirik.

-Ayan xanım, özünüz barədə ətraflı məlumat verərdiniz.

-Mən, Ağazadə Ayan, 1995-ci ildə Bakı şəhərində anadan olmuşam və 134 nömrəli orta məktəbi bitirmişəm. Orta məktəbdə oxuyarkən məktəbin ictimai həyatında aktiv iştirak etmişəm. 4 yaşımdan rəqslə, bədii gimnastika və rəssamlıqla məşğul olmuşam. Hətta, orta məktəbin ictimai həyatında aktiv iştirakıma, dərslərimdə və rəssamlıqda qazandığım uğurlara görə bir neçə diplomla təltif olunmuşam. 5 yaşımdan etibarən isə 4 il ərzində "Space" telekanalında "Böyüklər bizi görməyəndə" verilişinin aparıcısı olmuşam. 2007-ci ildə isə ANS telekanalında "Bala dili" verilişinin aparıcısı oldum. Bundan başqa "Təbəssüm" və "Lalələr " rəqs ansambllarının üzvü olarkən bir neçə dəfə Azərbaycanı Türkiyənin Ankara və Mersin şəhərlərindəki festivallarda təmsil etmişəm.

- Bəs necə oldu ki, Türkiyədə təhsil almaq qərarı verdiniz? Bu ölkədə təhsil şərtləri çətin deyil ki?

-Uşaqlıqdan mənim ən böyük arzularımdan biri xaricdə təhsil almaq olub. Orta məktəbi bitirdikdən sonra təhsilimi xaricdə davam etdirmək qərarına gəldim və hətta bir neçə universitetə qəbul olundum. Onların ərisindən İstanbul Texniki Universitetində İqtisadiyyat fakültəsini seçməli oldum. O ki qaldı seçimimin məhz Türkiyə olmasına, buna səbəb kimi deyə bilərəm ki, Türkiyədə Avropanın ən reytinqli ingilisdilli universitetlərinin daha çox olmasıdır. Türkiyədəki təhsili heç də asan adlandırmaq olmaz. Biz orada təkcə nəzəriyyədən deyil, həmçinin gözəl praktiki dərslərdən də bəhrələnirik.

-Tələbələrimizin aktivliyi hansı səviyyədədir? İctimai diaspor işlərində fəallıq göstərirsinizmi?

-Tələbələrimizin əksəriyyəti universitetin ictimai həyatında aktiv iştirak edirlər. Əksər tələbələrimiz müxtəlif təşkilatların üzvləridirlər. Yəni, təşkilatlar da aktivlik göstərirlər, gənclərimizlə işləməyi sevirlər. Buna misal olaraq “AZEDER” təşkilatını göstərə bilərəm. Bu qurum mütəmadi olaraq müxtəlif tədbirlər keçirir və tədbirlərdə bizim tələbələr fəallıq göstərirlər. Konkret olaraq mənim fəaliyyətimə gəldikdə isə hər zaman aktiv olmağa çalışıram. Lakin idmana vaxtımın çoxunu ayırıram deyə, ictimai işlərdə hər zaman aktivlik göstərmək mümkün olmur. Vaxt azlığı belə yerdə öz sözünü deyir.

-Rəqs, bədii gimnastika, daha sonra isə kapoeyra və taekvondo ilə məşğul olmusunuz. Hansı daha çətindir? Rəqs və bədii gimnastika xanım üçün məqbul sayılır, kapoeyra və taekvondo ilə məşğul olmağınız bir qədər çətinliklər yaratmadı ki?

-İdmanın hər növü özünə görə çətin və əziyyətlidir. Həyatımın vacib hissələrindən biri idmandır. Mən, kapoeyra və taekvondo döyüş növləri ilə ciddi məşğul oluram. 2012-ci ildə kapoeyra üzrə respublika çempionatında ikinci yer tutmuşam, 2013-cü ildə isə kapoeyra üzrə dünya çempionatında iştirak etmişəm. Sizin üçün belə idman növlərinə üstünlük verməyi çətinlik yaratmır kisualınıza gəldikdə isə bir çoxlarının mənim bu seçimimə ilk reaksiyası demək olar ki, neqativ idi. Bu məsələyə bir qədər "şübhəli" yanaşanların içində mənim anamın da adını çəkmək olar. İdmanla məşğul olursansa, zədələr də qaçılmaz olacaq. Təbii ki, məndə də idman məşğuliyyətləri zədələrsiz ötüşmədi. Lakin taekvondo və kapoeyrada zədələrin sayı bədii gimnastikadan qat-qat çox idi. Ümumiyyətlə, bir şeyi qeyd edim ki, mən uşaqlıqdan rəqs etməyi çox sevirdim, konsert və festivallarda çıxışlarımdan isə daim məmnun qalırdım. Ən çox qürurverici anlardan biri isə o idi ki, mən bu festivallarda öz vətənimi təmsil edirdim və səhnəyə çıxırdım. Böyüdükcə maraqlarım dəyişdi və mən daha ciddi idman növünə üz tutdum. Seçimim isə rəqslə döyüşü özündə birləşdirən Braziliyanın idman döyüş növü kapoeyra oldu.

- Deyirlər, ikinci yer tutmağın özü də çempionatın qalibi olmağına bərabər sayılır. Siz də 2012-ci ildə kapoeyra üzrə 2-ci yerə layiq görülmüsünüz.

- Haqlısınız. Amma kapoeyra üzrə ilk çempionatımda çıxış etmək təəssüf ki, mənə qismət olmadı. Yarışlardan bir qədər öncə həkimlərim və valideynlərim qəti surətdə məni məşqlərdən uzaqlaşdırdılar. İdmandan imtina etmək mənim üçün təsəvvüredilməz bir mənəvi zərbə idi. Lakin həkimlərin obrazlı şəkildə desəm, təqibinə baxmayaraq, çoxsaylı müalicə prosedurlarından sonra nəhayət ki, məşqlərə qayıtdım. İkinci çempionata hazırlıqlara başladım və bu hazırlıqlar da, demək olar ki, asan keçmədi. Çünki həmin ərəfədə bütün vaxtımı və gücümü universitetə hazırlaşmağa sərf edirdim. Bütün bunlara baxmayaraq, mən əzmkarlıq göstərərək respublika çempionatında ikinci yerə çıxa bildim. Bu yerə layiq görüldüm və kapoeyra üzrə milli komandamıza üzv seçildim. Bundan sonra isə mən təhsil almaq üçün İstanbula getməli oldum. Bu səbəbdən də Bakıdakı yarışlarda iştirak edə bilmədim.

-Türkiyədə necə, bu fəaliyyətinizi davam etdirə bildinizmi?

- Əlbəttə. İstanbula gələrkən ilk növbədə, buranın kapoeyra idman klubları ilə maraqlandım və sevimli idmanımı Türkiyədə davam etdirmək qərarına gəldim. İstanbuldakı məşqlər məni qane etmədiyindən, qərara gəldim ki, olimpiya döyüş növü olan taekvondo ilə məşğul olum. Taekvondoda təcrübəmin hələ ki, olmaması səbəbindən irimiqyaslı yarışlarda iştirak etməmişəm. Bu yarışlarda iştirak etmək üçün idmançının qırmızı-qara və ya qara kəməri olmalıdır. Mənim isə hələ ki, qırmızı kəmərim var. Türkiyədə taekvondo ilə 4-5 ay məşğul olandan sonra klub yarışlarında iştirak etməklə üçüncü yerə layiq görüldüm.

-Ayan xanım, televiziya fəaliyyətiniz də olub. Bir çox hallarda televiziyada aparıcı işləmək gənclər üçün tramplin rolunu oynayır. Yəni, buradan əyyən dövlət işlərinə getmək üçün istifadə edirlər və daha perspektivli qurumlara baş vururlar. Nə əcəb, sizdə belə maraq olmayıb?

- Öncə onu deyim ki, uşaq olarkən vaxtımın çoxunu anamın işlədiyi televiziya kanalında keçirirdim. Anam montaj otaqlarında, çəkiliş meydançalarında işləyərkən, mən də sözün həqiqi mənasında beləcə televiziya təcrübəmi artırırdım. Bu təcrübə mənə gələcəkdə uşaq verilişinin aparıcısı olarkən gərək oldu. Aparıcılıqdan böyük zövq aldığıma baxmayaraq, məktəbdəki dərslərimdən və sevimli idmanımdan geri qalmaq istəmirdim. Buna görə mənim seçimim oxumaq və gələcəkdə iqtisadçı olmaq idi. Qısası, mən də dediyiniz amillərə meyil etməmişəm və heç vaxt telekanal fəaliyyətimdən tramplin kimi istifadə etmək niyyətim olmayıb.

- Aktiv gənc kimi bugünkü Azərbaycan gəncliyini necə xarakterizə edərdiniz? Ümumiyyətlə, sizin kimi çoxşaxəli fəaliyyət xəttini seçmək istəyən gənclərimizə hansı məsləhətləri verərdiniz?

-Həmvətənlilərimə və həmyaşıdlarıma məsləhətim bu olardı ki, ürəyinizin səsinə qulaq asın. O, sizi heç vaxt aldatmaz və düzgün qərarların qəbulunda köməyiniz olar. İstədiyiniz kimi addım atın. Çünki bu, sizin həyatınızdır. Yanlış addımlardan heç kəs sığortalanmayıb. Səhviniz olsa belə, bu, sizin üçün həyat dərsi və yeni başlanğıcın bünövrəsi olacaq. Özünüzə inanın, özünüz olmağa çalışın. Siz bu həyatda təkrarolunmazsınız, həyat isə, təəssüf ki, çox qısadır və özünüzü bir kimsəyə bənzətməyə dəyməz. Və nəhayət, xoşbəxt olun! Bütün bu məsələlərə fikir verilsə, insan uğurla irəliləyə bilər.

-Gələcəkdə həyata keçirmək istədiyiniz hansısa planlarınız varmı?

-Planlarım çoxdur, bunların əsası - öz sənətim üzrə gözəl mütəxəssis olmaq və idmanda ən yüksək zirvələri fəth etməkdir. Sizin qəzetinizə isə çoxlu oxucu və uğurlar arzu edirəm. Peşənizdə və həyatınızda ən yüksək zirvələrə çatmağı arzulayıram. Seçdiyiniz yol şərəfli yoldur və gənclər üçün yer ayırdığınız üçün də ayrıca təşəkkürümü bildirirəm.

Tural Tağıyev

Palitra.-2014.-4 fevral.-S.5.