“Mənəvi dəyərləri təbliğ edən QHT-lər bir-birilərinə dəstək olmağa çalışırlar”

Vüqar Zifəroğlu: “Milli-mənəvi dəyərlərlə bağlı maarifləndirmə işi və təbliğat aparılmalıdır”

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu 2004-cü ildə təsis olunub. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 17 aprel 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. "Oğuz" MAQ-ın əsas məqsədi elmi araşdırmalarla məşğul olan müstəqil tədqiqatçıları öz sıralarında birləşdirməklə xalqımızın milli-mənəvi dəyərlərini, mədəni irsini, tarixini, adət-ənənələrini öyrənmək və təbliğ etmək, bu istiqamətlərdə araşdırmalar aparmaq, gənclərin elmi maariflənməsinə yardımçı olmaq, əhalinin maariflənməsinə və milli şüurun yüksəldilməsinə kömək etmək, milli dövlətçiliyin inkişafına yardımçı olmaqdır. Oğuzun sədri Vüqar Zifəroğlu ilə müsahibəni təqdim edirik.

-Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?

- Mənəvi dəyərlər hər millətin özünəməxsusluğunu ortaya qoyan və milli kimliyi təsbit edən başlıca meyarlar toplusudur. Dəyərlərdən uzaqlaşmaq, milli kimliyini itirmək, səni bir millət olaraq özünəməxsus xüsusiyyətlərinə görə fərqli edən cəhətlərindən uzaq düşmək deməkdir. Dövləti formalaşdıran millət faktorudur. Bir dövlət onu quran millətin maraqlarının təminatçısıdır. İndi təsəvvürünüzə gətirin ki, əgər bir millət öz dəyərlərinə sahib çıxa bilməyərək, digər mədəni təsirlər altında əriyər və yox olarsa, o zaman bu ölkənin mövcudluğunu şərtləndirən sosial-siyasi şərtlər ödənilərmi? Bu səbəbdən birmənalı şəkildə vurğulamaq olar ki, milli-mənəvi dəyərlərin qorunması ölkənin, cəmiyyətin inkişafı və eləcə də təsirlərdən, hər cür mədəni ekspansiyadan qoruması baxımından son dərəcə əhəmiyyətlidir.

-Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr həyata keçiribsiniz?

- Bu istiqamətdə müxtəlif tədbirlərin təşkil edilməsində fəal iştirak etməklə yanaşı, eyni zamanda bir çox layihələrdə də ekspert kimi iştirak etmişik. 2003-cü ildən başlayaraq birliyimizin ekspertlərinin müəllifliyi ilə 9 kitabımız nəşr edilib. Bu kitablar arasında təkcə milli kimliyimizi ortaya qoyan tarixi mənbələrin ilk dəfə ana dilimizə tərcümələri deyil (məsələn, “Ön və Orta Asiya türklərinin tarixinə dair dörd anonim mənbə”, “X əsr yəhudi-xəzər yazışması”), eyni zamanda tariximiz və ədəbiyyatımızla bağlı yeni və müasir baxışı özündə əks etdirən ciddi elmi araşdırmalara (məsələn, “Dastan ədəbiyyatımıza kənar təsirlər”, “Babək və hürrəmilik”) rast gələ bilərsiniz. Bu araşdırmaları aparmaqda, tarixi mənbələri ana dilimizə tərcümə etməkdə məqsədimiz bir millət olaraq kimliyimizi və mənəvi dəyərlərimizi, tarixi keçmişimizi təbliğ etməklə gənclərimiz arasında maraq oyatmaqdır. Sevindirici haldır ki, buna bir çox hallarda nail ola bilmişik. Nəşr edilən kitablarımız bütün yaş qruplarında, xüsusən də gənclər arasında maraqla qarşılanıb.

-Hazırda bu istiqamətdə hansı işlər görürsünüz? Perspektivdə hansı layihələr gözlənilir?

- Yeni araşdırmalar, tərcümələr və kitablar... Məsələn, xalq qəhrəmanımız Babəklə bağlı Sovet dövründən indiyədək bizə sırınan stereotipləriBabək və hürrəmilik (yalanlar və gerçəklər)” araşdırması dağıtmağa müvəffəq olmuş birliyimizin eksperti Ceyhun Bayramlı, hazırda bu əsərin ikinci hissəsi üzərində işini yekunlaşdırmaqdadır. Digər ekspertimiz Anar Turan dövlət atributlarımızın mənası və dəyərlərimizin orada əks edilməsi ilə bağlı maraqlı bir əsər üzərində çalışır. Daha bir ekspertimiz Taleh Cəfərovun bu ilQondarma erməni soyqırımıəsəri nəşr edildi. Hazırda o, ermənilərin lobbi fəaliyyəti ilə bağlı araşdırmalarla məşğuldur. Mən, hazırda milli kimliyi və dəyərləri, bir çox hallarda isə milli və dövlət maraqlarını hədəf alan informasiya müharibəsi və media vasitəsi ilə psixoloji təsir problemi üzərində çalışıram. Bununla əlaqədar keçən il, “Media imperiyasıadlı elmi monoqrafiyam nəşr edildi. Mənim əllifliyimlə Azərbaycan dilinə ilk dəfə çevrilərək 2009-cu ildə nəşr edilmiş “X əsr yəhudi-xəzər yazışması”nın genişləndirilmiş və yeni mənbələr əlavə edilmiş nəşrini planlaşdırırıq. Biz eyni zamanda mütəmadi olaraq mediada da məqalələrlə çıxış edirik. Eyni zamanda bədii ədəbiyyat janrlarından, məsələn, roman dilindən istifadə edərək də mənəvi dəyərlərimizin, tarixi keçmişimizin təbliğ edilməsi üçün çalışırıq. Keçən il nəşr edilən əllifi olduğumSirrromanı, gözlədiyimdən daha artıq dərəcədə maraqla qarşılandı. Hazırda mən və Ceyhun Bayramlı bu səpkidə daha iki roman üzərində işləyirik. Bir daha təkrar etmək istərdim ki, məqsədimizOğuz” MAQ olaraq mənəvi dəyərlərimizi təbliğ etməkdir.

- Bu işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq edirsinizmi?

- Əlbəttə. Əməkdaşlıq etməsək olmaz. Mənəvi dəyərlərin təbliğini öz hədəfi kimi qəbul edən qeyri-hökumət təşkilatları bu gün onsuz da azlıqdadır. Təəssüf ki, QHT-lərin bəzisi mənəvi dəyərləri təbliğ etmək əvəzinə, Qərb aludəçiliyini və mədəniyyətini təbliğ etməklə məşğuldur. Bu səbəbdən də bizim kimi düşünən qeyri-hökumət təşkilatları bir-birilərinə dəstək olmağa çalışırlar. Bu əməkdaşlığın ən bariz nümunəsi kimi, keçən il icrasına başlanılanMilli kimlik konsepsiyasının hazırlanmasılayihəsini misal çəkə bilərəm. Layihə "Müasir İnkişaf" İctimai Birliyinin təşkilatçılığı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2013-cü ildə həyata keçirildi. Layihənin məqsədi Azərbaycan Respublikasının milli dövlətçilik maraqları əsas götürülməklə milli dövlətçilik ideologiyasının- “Milli KimlikKonsepsiyasının layihəsini hazırlamaqdır. Biz dəOğuz” MAQ olaraq layihədə aktiv iştiraka cəlb edildik. Layihə çərçivəsində keçirilən dəyirmi masa və konfransda iştirak edərək fikrimizi bildirdik. Layihənin yekunu kimi yaxın zamanlarda milli kimliyin əsas məqamları ilə bağlı 23 araşdırma məqaləsinin yer alacağı bir toplu nəşr ediləcək. Sevindirici haldır ki, bizim 4 ekspertimizin məqalələri də bu topluda yer alacaq araşdırmaların içində öz əksini tapacaq. Ümid edirik ki, layihənin ardı da olacaq və bu istiqamətdə daha geniş görmək imkanı əldə edə biləcəyik.

- Gənc nəslin bu sahəyə marağı necədir?

- İstənilən mövzuya maraq oyadan tərəf, o mövzu ətrafında təbliğatını quran və işi aparan tərəfdir. Gənclərimizin istər mənəvi dəyərlərimizin öyrənilməsi və təbliği, istərsə də milli kimliyimizlə bağlı məsələlərin araşdırılmasında kifayət qədər marağı var. Bunu istər keçirdiyimiz, istər dəvət aldığımız tədbirlərdən, istərsə də nəşr etdiyimiz kitablara olan maraqdan görmək olar. Sadəcə biz, bu təbliğatı elə şəkildə qurmalıyıq ki, bu maraq daim və davamlı olsun. Bunlar elə həssas məsələlərdir ki, hətta xoş məramla olsa belə ifrata varmaqla ikrah və inamsızlıq hissi oyatmaq olar. Bu səbəbdən də hər şey bu təbliğatın necə və kimlər tərəfindən qurulmasından asılıdır. Bəzən mənəvi dəyərlərdən elə adamlar danışırlar ki, mənim özümdə bu bir qədər ikrah və qıcıq yaradır.

- Uşaq və gənclərin milli-mənəvi dəyərlərə bağlılığını artırmaq üçün yaşlı nəslin üzərinə hansı məsuliyyət düşür?

- Yaşlı nəsil hər zaman öz sözü və yeri ilə örnək göstərilməli olan bir nəsildir. Ağsaqqala, yaşca böyük olan insana hörmət etmək bu millətin ən unudulmaz və vazkeçilməz dəyəridir. Bu səbəbdən onların gənc və hətta orta nəsillə bir növ dialoqu son dərəcə maraqlı və müsbət nəticələr verə bilər.

-Milli-mənəvi dəyərlərin qorunması üçün nələr edilməlidir?

- Maarifləndirmə işi və təbliğat aparılmalıdır. Biz informasiya əsrində yaşayırıq. Kütləvi informasiya vasitələrinin necə böyük gücə malik olması barədə söhbət açmaq yersiz olardı. KİV bu gün bütünlüklə ayrı bir dünyadır və bu dünya öz sosial-psixoloji təsiri mahiyyəti ilə əvəzedilməz və müqayisəyəgəlməz dərəcədə böyük təsir gücünə malikdir. Təkcə dövlət proqramları və QHT-lər vasitəsi ilə deyil, media vasitəsi ilə də bu təbliğat aparılmalıdır. Amma təəssüf ki, bir çox hallarda biz bunun əksini görürük. Bu gün inkişaf edən Azərbaycanda avropalaşmanın üstünlükləri olsa da, bunun mənfi tərəfləri də var. Xarici kinofilmlərin, musiqinin təsiri altında formalaşan gənc nəsil ənənəvi mədəni-mənəvi və bədii oriyentirlərdən sürətlə uzaqlaşır. Mentalitetə yad olan və media vasitəsi ilə təbliğ edilən bu amillər gənc nəsil arasında önəmli yer tutmağa başlayır. Bütün bunlar isə öz növbəsində gənc və daha yaşlı nəsil arasında hətta bəzən keçilməsi mümkün olmayan böyük sədd yaradır, onların bir-birini anlamasını çətinləşdirir. Media isə həyəcan təbili çala bilmir. Əvəzində isə, sensasiya doğuran, qeybət xarakterli bəsit xəbərlər, milli psixologiyamıza qətiyyən uyuşmayan, yüz ildə bir dəfə təsadüfən baş vermiş bayağı nəsnələr, incəsənət ulduzlarının şəxsi həyatında baş vermiş mənasız, cəmiyyət üçün heç bir əhəmiyyəti olmayan hadisələr, qeyri-etik şəkillər, kollajlar mediada istənilən qədərdir. Qloballaşma, dünya mədəniyyətinə inteqrasiya, dinlər və mədəniyyətlərarası dialoq prosesinə cəmiyyətimizin sosial-mədəni reaksiyası, mənəvi-əxlaqi dəyərlərimizin dirçəldilməsi və ən azından, media vasitəsi ilə təbliğinə qanunauyğun bir meyil doğurur. Bunu əsla unutmaq olmaz.

Fuad Hüseynzadə

Palitra.-2014.-8 fevral.-S.11.