Naxçıvan Muxtar Respublikası: bir əsrə sığmayan inkişaf

Muxtar respublikanın 90 illiyi tamam olur

Naxçıvan Muxtar Respublikası ölkəmizin uzun illər boyu qəhrəmanlıq, şücaətlik, mərdlik rəmzinə çevrilməklə hər bir azərbaycanlının milli qüruru, iftixarı olub.

Hər qarış torpağında böyük, qüdrətli Azərbaycan dövlətinin dünənini, bu gününü və gələcəyini yaşadan bu müqəddəs diyar milli vətənpərvərlik ruhumuzun daim yüksək olmasına xidmət etməkdədir.

Naxçıvan Muxtar Respublikası bu günə qədər-yəni 1924-2014-cü illəri əhatə edən 90 illik dövrdə ümumilikdə ölkəmizin tarixi, iqtisadi-siyasi həyatında müstəsna rol oynayıb. Statistik rəqəmlərə diqqət edərkən görürük ki, muxtar respublika təşkil edildiyi ildə burada şəhər əhalisinin sayı 11 min, kənd əhalisinin sayı 79 min nəfər olmaqla, ümumi əhalinin sayı 90 min nəfər (ilin sonuna) olub. İqtisadiyyatın inkişaf istiqamətlərinin hələ ilk müəyyənləşdirildiyi ildə sənaye məhsulunun həcmi (faktiki qiymətlərlə) 0,1 milyon manat, xam ipək 2 ton, duz 18,5 min ton təşkil edib. Naxçıvan Muxtar Respublikasının əhalisinin əsasən kənd yerlərində yaşamasını, yəni fəaliyyətlərinin kənd təsərrüfatına aid olduğunu nəzərə alaraq burada göstərilən ildə müvafiq sahə bitkilərinin əkin sahəsi (bütün təsərrüfat kateqoriyaları üzrə) 45 min hektar olub. Həmin il üzrə statistik rəqəmlər ət istehsalının (kəsilmiş çəkidə) 0,9 min ton, süd istehsalının isə 5,2 min ton həcmində olduğunu təqdim etməkdədir.

Hər bir dövlətin iqtisadi siyasətinin əsasında sosial tarazlığın qorunması dayanır. Bu baxımdan da muxtar respublikamız təşkil olunduğu ildə bu sahəyə də diqqət ayırıb və yaranmasının ilk ili olmasına baxmayaraq insan amilinin inkişafına yönəlmiş tədbirlərə 6,2 min nəfərlik şagird potensialı ilə start verib. Bu ildə muxtar respublikada bütün ixtisaslardan olan həkimlərin sayı 19 idi.

İllər geridə qaldıqca Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən inkişafyönümlü hadisələr irəliyə doğru gedərək burada yeni mərhələnin də başlanmasına əsaslar yaratmaqda idi. Xüsusən də, bütünlükdə ölkə miqyasında (hətta keçmiş SSRİ məkanında inkişaf tempinə görə) ən məhsuldar dövr kimi tarixə həkk olunan və milli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinin birinci dövrü ilə bağlı olan 1970-1980-ci illərin böyük tərəqqi və yüksəlişini Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişaf sahələrində görmək mümkündür. Elə statistik göstəricilərə diqqət edərkən artıq 1924-cü il üzrə yuxarıda təqdim edilmiş göstəricilər 1970-1980-ci illərdə müvafiq olaraq belə olub: Əhalinin sayı 205,7 min nəfər-248,5 min nəfər, ondan şəhər əhalisi 51,0 min nəfər-66,0 min nəfər, kənd əhalisi 154,7 min nəfər-182,5 min nəfər təşkil edib. Regionun sənaye əhəmiyyətinin yüksəlməsinə diqqət artırılmaqla sənaye məhsulunun həcmi (faktiki qiymətlərlə) artaraq 5,3 milyon manat-14,8 milyon manat olub. 1970-1980-ci illərdə muxtar respublikada xam ipək 49 ton-104 ton olub, duz isə 62,1 min tona-81,8 min tona qalxıb.

1970-1980-ci illərdə statistik rəqəmlər ət istehsalının (kəsilmiş çəkidə) 3,7 min ton-5,7 min ton, süd istehsalının isə 18,9 min ton-27,2 min ton həcmində olduğunu göstərir. 1924-cü ildə Naxçıvan Muxtar Respublikasında insan amilinə göstərilən diqqət qeyd olunduğu kimi 6,2 min nəfərlik şagird potensialı ifadə olunurdusa, artıq 1970-ci və 1980-ci illərdə bu rəqəm müvafiq olaraq, 53,1 min nəfər-65,4 min nəfər təşkil etməkdə idi. İqtisadiyyatın bütün sahələrində özünü göstərən inkişaf meyilləri sosial sferanın yüksəlişi ilə yadda qalaraq öz müsbət təsirini bağışlayıb. Bu fakt kadr hazırlığı istiqamətində daha aydın şəkildə görünməkdədir. Belə ki, artıq 1970-1980-ci illərdə muxtar respublikada bütün ixtisaslardan olan həkimlərin sayı artaraq 262-591-ə çatmışdı.

Ümummilli lider özünün siyasi fəaliyyətinə aid olan bütün dövrlərdə Naxçıvan Muxtar Respublikasının hərtərəfli yüksəlişinə bitməz, tükənməz diqqət göstərib, ərazinin çoxşaxəli iqtisadiyyatının formalaşdırılmasını təmin edib. Əraziyə və əhalinin tələbatına uyğun istehsal sahələrinin yaradılması, bununla da iqtisadiyyatın yeni mərhələyə qədəm qoyması məhz 1970-ci və 1980-ci illərin ən mühüm töhfələrindəndir. Hansı ki, bunlar ötən 90 ilin inkişaf xronikasında çox zəruri amil hesab olunur. Bəhs olunan illərdə kənd əhalisinin fəaliyyətində böyük stimul yaranıb, onların fəaliyyətlərində məhsuldarlıq artıb. Belə ki, həmin illər üzrə muxtar respublikanın sosial-iqtisadi inkişafının strukturunda müvafiq olaraq 23,3 min ton-62,1 min ton üzüm, 22,5 min ton-27,0 min ton taxıl, 6,1 min ton-7,2 min ton meyvə və giləmeyvə (birlikdə), 37,0 milyon ədəd-98,5 milyon ədəd mineral su, 65 (onlarda uşaqların sayı 2531 nəfər)-66 (onlarda uşaqların sayı 2629 nəfər) daimi məktəbəqədər uşaq müəssisələri, 210 ümumtəhsil məktəbləri (dərs ilinin əvvəlinə), 53,1 min nəfər-65,4 min nəfər şagird, 3-4 orta ixtisas təhsil müəssisəsi, 1,1 min nəfər-1,8 min nəfər tələbə, 232-244 kitabxana, 166-229 klub müəssisəsi, 2-4 muzey və s. yer almaqdadır.

Bütün bunlardan da görünür ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində, onun milli dövlətçilik siyasətindən qidalanmaqla, 90 il ərzində bir əsrə sığmayan inkişaf yolu keçib. Yuxarıda inkişaf istiqamətlərini və tempini ifadə edən göstəricilər həm də ona görə çox əlamətdardır ki, həmin nailiyyətlər elə həmin dövrlərdə hakim olan keçmiş SSRİ-nin zaman-zaman ölkəmizə və onun regionlarına qeyri-doğma münasibətləri və məhdud qayğısı şəraitində əldə olunub. Ona görə də belə mühitdə sadalanan yüksək nailiyyətləri qazana bilmişiksə, bunu yalnız ulu öndər Heydər Əliyevə borcluyuq. Çünki istinad etdiyimiz rəqəmlərlə ifadə olunan uğurlar böyük Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci qızıl illərin nailiyyətləri əsasında mümkün olub.

Müasir müstəqilliyin 23-cü ilində Naxçıvan Muxtar Respublikası özünü bütün dünyaya daha möhkəm əsaslarla inkişaf edən, tərəqqinin zirvəsinə yüksələn, iqtisadiyyatın çoxşaxəli, dayanıqlı, müqavimətli inkişafının təmin edilərək milli iqtisadi potensiala birbaşa xidmət edən, uğurlu sosial siyasətin təşəkkül tapması ilə daha da möhkəm dayaqlara söykənən, həm də öz ayaqları üzərində dayanmaqla ölkə iqtisadiyyatına dayaq olmağı bacaran XXI əsrin Naxçıvanı və Muxtar Dövləti kimi təqdim etməkdədir. 1995-ci ildən keçdiyimiz on doqquz ilə yaxın dövrdən üzü bəri, müdrik siyasətdən məharətlə bəhrələnərək qətiyyətli, möhkəm iradəli, sağlam, hər bir sakininin tələbat, maraq və mənafelərini ifadə etməyi bacaran bir iqtisadiyyat quran, formalaşdıran Naxçıvan Muxtar Respublikası iqtisadi tarazlığın təşəkkül tapdığı və bununla da hər birimizin sonsuz qürur və iftixarımızla zəngin bir diyara çevrilib. Müasir iqtisadi münasibətlərin, şərait və qanunların özünə kök saldığı muxtar respublikada yeni fəaliyyət mexanizmlərinin inkişafı üçün faydalı mühit yaradılıb. Nəticə isə makroiqtisadi səviyyədə uğur və nailiyyətlər özünün ən geniş əhatə dairəsini formalaşdıra bilib.

Artıq geridə qoyduğumuz 2013-cü ilin makroiqtisadi göstəricilərinə diqqət edərkən görürük ki, həmin ildə muxtar respublikada istehsal olunmuş ümumi daxili məhsulun həcmi 2 milyard 338 milyon 928 min manat təşkil edib. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi isə 5423 manat (6911,8 ABŞ dolları) olub.

Muxtar Respublikada stimullaşdırıcı iqtisadi siyasətin müəyyən edilməsi imkan verib ki, burada ayrı-ayrı sahələrin istehsal əhəmiyyəti daha da artırılsın və milli iqtisadi inkişafda etibarlı dəstəyə çevrilsin. Fikrimizi son illərdə ərazidə ümumi daxili məhsulun strukturunda sənayenin və bu sahədəki məhsulların istehsal həcminin öndə olması da sübut edir. Belə ki, ötən ilin statistik göstəricilərində sənaye sahəsi 862 milyon 870 min manatla ikinci yerdə təşəkkül tapıb. Bu inkişaf digər sahələrin geriləməsi ilə deyil, sadəcə olaraq muxtar respublikada sənayenin struktur bölmələrinin yüksəlməsinə möhkəm diqqətin bariz nəticəsidir. Bu bir daha sübut edir ki, iqtisadiyyat təkcə burada əhalisinə görə çoxluq təşkil edən kənd təsərrüfatına aid olan ərazi məhsullarından ibarət olmayıb, eyni zamanda digər sahələrin də balanslı, əlaqəli, vəhdət halında insanların iqtisadi maraqlarına xidmət edə biləcək səviyyədə inkişaf etdirilməkdədir. Bu isə təbii ki, son nəticədə ölkəmizin milli-iqtisadi potensialının daha da artırılmasına münbit imkanlar açıb.

Ulu Tanrı bəşəriyyəti yaradarkən həm təbiətə, həm də cəmiyyətə xüsusi gözəllik bəxş edib. Buna görə də təbiəti, cəmiyyətin qida mənbəyi olsun deyə yaratdı. Cəmiyyətə isə təbiətdən səmərəli yararlanaraq onu daha da gözəlləşdirsin deyə zəka verdi. Muxtar respublikanın son iyirmi ilə yaxın inkişaf tarixinə diqqət edərkən bunu açıq-aydın şəkildə görə bilirik. Hər addımda yaşıllıqların salınması, hər qarış ərazidə yeni könül oxşar müasirtipli obyektlərin tikilməsi, su və nəqliyyat kəmərlərinin istifadəyə verilməsi, bir sözlə, təbiətlə cəmiyyətin vəhdətini təsdiq edən amillərin özünə yer tapması elə qeyd etdiklərimizi birə-bir təsdiq etməkdədir. Ölkəmizin sosial siyasətinin etibarlılığının göstəricisi olan bu tədbirlər muxtar respublikanın böyük tikinti meydançasına çevrilməsi ilə daha da geniş vüsət almışdır. Təsadüfi deyildir ki, ötən ilin sosial-iqtisadi inkişaf xronikasına diqqət edərkən təkcə 2013-cü ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala 1 milyard 37 milyon 748 min manat həcmində investisiya qoyulduğu məlum olur. Bütün bunların da yaratdığı əlverişli imkanlar nəticəsində muxtar respublikada 2013-cü ildə 592 müxtəlif təyinatlı obyektlər ya tikilib, ya yenidən qurulub, yaxud da əsaslı təmir edilib. Təbii ki, əldə olunan uğurlar bunlarla bitmir. Muxtar Respublikanın mövcud gözəlliyinə əlavə gözəllik qatacaq tədbirlər gələcəkdə də davam edəcək. Çünki hazırda da 157 müxtəlif təyinatlı obyektin inşası və ya əsaslı təmiri davam etməkdədir. Heç şübhəsiz bunların hamısı muxtar respublikada insan amilinin üstün tutulmasını təsdiq edir. İnsanların içməli suya olan tələbatının qarşılanmasına, nəqliyyat infrastrukturundan faydalı yararlanmasına, təhsil səviyyəsinin yüksəldilməsinə və məşğulluq potensialının artırılmasına və digər amillərin inkişafına yönələn xidmət bu qəbildəndir. Yaradılmış sağlam və əlverişli iqtisadi mühit nəticəsində təkcə keçən il 349,7 kilometr uzunluğunda içməli su xətti çəkilib, 163,9 kilometr uzunluğunda avtomobil yolları salınıb, 30-a yaxın məktəb binasının yenidənqurma və ya əsaslı təmir işləri həyata keçirilib, 1 oktyabr 2003-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək olan müddətdə burada 59369 yeni iş yeri açılıb ki, bunun da 42890-nı daimidir. Qeyd edək ki, təkcə 2013-cü ildə açılan yeni iş yerlərinin sayı 2260 olmaqla, daimi iş yerləri 2092 təşkil edib. Həyata keçirilən məqsədyönlü, düşünülmüş, uzaq gələcək üçün hesablanmış tədbirlər muxtar respublikamızın böyük inkişaf mənzərəsini yaradıb.

Beləliklə, Naxçıvan Muxtar Respublikasının ölkəmizin hərtərəfli inkişafındakı rolunu qiymətləndirmək, təkcə coğrafi baxımdan deyil, həm də iqtisadi, eyni zamanda da siyasi əhəmiyyətini dəyərləndirmək sözün həqiqi mənasında çox mühüm tarixi addımdır. Bu baxımdan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsini özündə əks etdirən sərəncam imzalaması bu kiçik əraziyə böyük diqqətin göstərilməsini bir daha təsdiq etdi. Bu bir daha göstərdi ki, artıq Azərbaycanda mükəmməl idarəetmə strategiyasına söykənən mütərəqqi, müdrik bir siyasət yeridilir və bu siyasət hər qarış torpağına sahib çıxır, bunu bacarır və mərdliklə qorunmasına xidmət etməkdədir.

Cavadxan QASIMOV

AMEA Naxçıvan Bölməsi, Təbii Ehtiyatlar İnstitutunun

İqtisadiyyat şöbəsinin müdiri,

İqtisad üzrə fəlsəfə doktoru

Palitra.-2014.-8 fevral.-S.10.