“Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində lazımi işlər aparılır”

Bəhlul İsmayılov: “Bir sıra gənclər təşkilatları milli dəyərlərə hörmətlə yanaşanlar üçün bir məktəbdir”

Gənclik bir xalqın gələcəyini, onun inkişaf yolunuəyyən edən, cəmiyyətin ictimai-siyasi həyatında ön sıralarda gedən aparıcı qüvvədir. Məhz bu gün gənclərimizin hər bir sahədə qazandığı uğurlar ölkəmizin inkişaf səviyyəsini, yüksəlişini, ictimai-siyasi potensialını təbliğ edən ən vacib meyarlardandır. Dövlətimiz də bu meyarı dəyərləndirərək gənclərimizdən diqqət və qayğısını əsirgəməyib, hər zaman onların yanında olaraq qabiliyyət və imkanlarını inkişaf etdirmək üçün lazımi göstərişlərini verib. Gənclərin dünyagörüşlü, fəal yetişməsində iştirak edən belə gənclərdən biri dəMübariz Gənclər” İctimai Birliyinin sədri Bəhlul İsmayılovdur. Onunla müsahibəmizi də elə bu istiqamətdə apardıq.

- Birlik olaraq hansı layihələri həyata keçirməyi qarşınıza məqsəd qoymusunuz ?

- Birliyimizin əsas məqsədi, gənclərdə elmə və təhsilə olan marağın və eləcə də vətənpərvərlik ruhunun artırılmasına kömək etmək, gənclər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək, sağlam həyat tərzinin formalaşdırılmasına kömək etməkdən ibarətdir. Birlik olaraq bir çox layihələri həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq.

- Siz ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti istiqamətində görülən tədbirlərdən necə bəhrələnirsiniz?

- Ümummilli lider Heydər Əliyev: “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Siz müstəqil Azərbaycanımızı XXI əsrdə yaşadanlar, quranlar və inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini sizə etibar edib, tapşıracağıq. Ona görə də Azərbaycan dövlətini yaşatmaq və inkişaf etdirmək üçün hazır olun. Azərbaycanın gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdən asılıdır”, - deyərkən gənclərimizin firavan gələcəyinə böyük ümidlər bağlamış, onların hərtərəfli fəaliyyət göstərmələri üçün lazımi tədbirlər həyata keçirmişdi. Bildiyiniz kimi 7 iyul 2011-ci il tarixində cənab Prezident İlham Əliyev “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu proqramın təsdiq edilməsi ölkəmizdə gənclərə olan diqqət və qayğının bariz nümunəsidir. Gənclər və İdman Nazirliyi keçən ildən etibarən, “Azərbaycan doğma diyarımdır” adlı gənclər üçün vətənpərvərlik yay istirahət düşərgələri təşkil edir. Artıq 2 ildir ki, mən də bu düşərgələrə rəhbərlik edirəm. Bu düşərgələrin əsas məqsədi, azərbaycançılıq məfkurəsinin təbliği və diyarşünaslığın inkişaf etdirilməsindən ibarətdir. Düşərgələrin keçirilməsində əsas məqsədlərdən biri də yeniyetmələri, gəncləri həqiqi hərbi xidmətə qismən də olsa hazırlamaqdır. Düşərgələrdə müxtəlif stolüstü oyunlar, idman bilik yarışları, sıra hazırlığı və. s. keçirilirdi.

- Bu gün yeniyetmələrdə vətənpərvərlik hissini qənaətbəhesab etmək olarmı?

- Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir. Bütün tərbiyə işini həyatla əlaqələndirmək üçün məktəbdə ictimai inkişaf qanunları şagirdlərə başa salınmalı, məktəbliləri xalqımızın adət-ənənələrinə hörmət ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissi inkişaf etdirilməlidir. Eyni zamanda, məktəbliləri vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə etmək, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşdırmaq lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində rayonlarımızın məktəblərində lazımi işlər aparılır. Uşaqlarla Vətəni qorumaq və sevməklə bağlı müxtəlif mövzularda söhbətlər edilir. Vətənpərvərlik hissinin yaradılmasında əhəmiyyətli rol oynayan “Cəsurlar” və “Şahinlər” hərbi idman oyunlarının, “Azərbaycan doğma diyarımdır” vətənpərvərlik yay istirahət düşərgələrinin keçirilməsi alqışalayiqdir. Uşaqların əsgər forması geyinərək, yarışda iştirak etməsi, onların bir anlıq özlərini əsgər kimi hiss etməsinə şərait yaradır. Ona görə də, belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir.

- Ümumiyyətlə, bugünkü gənclikdə milli mənlik şüuru, mənəvi dəyərlərə hörmət, azərbaycançılıq ideologiyası necə formalaşıb?

- Milli mənlik şüuru nədir? Bu ifadəni dərindən təhlil edəndə belə qənaət hasil olur ki, milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyəndə, ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir. Bütün bunlar hansı əsaslara söykənir. Hazırkı dövrdə etiraf etmək lazımdır ki, kifayət qədər ayıq-sayıq olan gənclik var. Avropada və digər xarici ölkələrdə yaxşı təhsil alan, yüksək intellektə malik gənclər var ki, onlar milli mənlik şüurunu arzuolunan səviyyədə dərk edir. Bütövlükdə milli dəyərlərimizə söykənən və bu dəyərləri düşüncəsində, davranışında, fəaliyyətində yaşadan gənclərimiz çoxdur. Bu cür insanlar həqiqətən də böyük alqışa layiqdir. Onu da qeyd edim ki, mövcud olan bir sıra gənclər təşkilatları milli dəyərlərə hörmətlə yanaşanlar üçün bir məktəbdir.

Fuad Hüseynzadə

Palitra.-2014.-12 fevral.-S.13.