Əli bəy Hüseynzadənin qızı Azərbaycana dəvət edilib

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzaver Alpsar ilə görüşüb. Baş konsul bildirib ki, Prezidentin sərəncamı ilə Əli bəy Hüseynzadənin 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur.

Sərəncamda bu görkəmli şəxsiyyətin türk dünyası xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynadığı, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürdüyü və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak etdiyi, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verdiyi vurğulanır.

H.Zeynalov deyib ki, Prezidentin sərəncamına uyğun olaraq Azərbaycan ilə yanaşı, digər ölkələrdə də Əli bəy Hüseynzadənin yubiley tədbirləri keçiriləcək. O, F.Alpsarı yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana dəvət edib. Prezidentin tarixi şəxsiyyətlərimizin xatirəsinin yaşadılmasına böyük diqqət yetirdiyi vurğulanıb.

F.Alpsar atasının xatirəsinin əziz tutulmasına, onun irsinin yaşadılmasına görə Azərbaycan xalqına və Prezidentə minnətdarlığını bildirib. O, dövlət başçısının sərəncamı ilə Azərbaycanda, Türkiyədə və digər ölkələrdə yubiley tədbirlərinin keçirilməsindən məmnun olduğunu söyləyib.

Yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana dəvəti məmnunluqla qəbul edən F. Alpsar bildirib ki, atasının həyatını xidmət üçün həsr etdiyi Vətəninə səfər onun üçün çox önəmli olacaq.

Palitra.-2014.-13 fevral.-S.5.