“Bitkilərdən hər kəs profilaktik məqsədlə istifadə etməlidir”

 

Fitoterapevt Elnur Rəhimov: “Fitoterapiya gündəlik həyat tərzi olarsa, bundan uğurlu nəticə almaq olar”

 

Hələ qədimdən dünyada müalicə üsulu xalq təbabəti olub. Amma təxminən 18 -19-cu əsrlərdən sonra-kimyəvi dərmanlarla müalicə metodu ortaya çıxandan sonra fitomüalicə haradasa arxa plana keçdi. Lakin son zamanlarda yenidən bitkilərlə müalicəyə böyük maraq yaranıb. Bunun səbəbini fitoterapevt Elnur Rəhimov qəzetimizə müsahibəsində açıqlayıb. Qeyd edək ki, E. Rəhimov Azərbaycan Tibb Universitetini bitirib və Türkiyədə ixtisasartırma kursu keçib. Ukrayna, Polşa, Çin, İranAlmaniyada konfranslara qatılıb. Hazırda fitoterapevt kimi fəaliyyət göstərir.

-Elmi Texniki Tərəqqinin bütün sahələrə olduğu kimi, tibb sahəsinə də təsiri olub. Daha çox kimyəvi dərmanlar üzərində tədqiqatlar aparılıb və müalicəyə sistemli şəkildə yerləşdirilib. Fitoterapiya (bitkilər) üzərində daha az öyrənildiyinə və üzərində elmi işlər aparılmadığına görə müalicə kimi arxa plana keçib. Kimyəvi dərmanların istehsalı və satışı bir sıra yerlərdə özünü məşhurlaşdırıb.

- Demək olarmı, insanlarda artıq son zamanlar dərmanlara inamsızlıq, fitoterapiyaya isə böyük inam yaranıb?

- Əslində kimyəvi dərman preparatlarının öz yeri var, dərman bitkilərinin öz yeri. Müalicə də belədir, adətən kompleks müalicədə birlikdə də istifadə oluna bilir. Bitkilərin yan təsirinin az olması və təbii yolla müalicəni göstərməsi hər kəs üçün daha əlverişlidir. Hər dərman bitkisini tanıyan isə fitoterapiya ilə məşğul ola bilməz. Fitoterapevt həkim dərman bitkilərini xüsusi şəkildə təyin etməlidir.

- Fitoterapiya ilə daha çox hansı xəstəlikləri tez müalicə etmək mümkündür?

- Tənəffüs sistemindən, laringit, faringit və bronxitlərin (astmatik, xroniki), ürək-damar sistemindən ateroskleroz, neyrosirkulyator distoniyahipertoniya zamanı kompleks müalicə kimi, həzm sistemindən qastrit , xora və kolitlərin, qaraciyər (qaraciyər piylənməsi) və öd kisəsi (xolesistit) xəstəliklərində geniş tətbiq olunur. Prostat vəzi və cinsi zəiflikdə bitkilərlə terapiya effektlidir. Həmçinin mastopatiya və qadın orqanların fibroz-kistoz xəstəliklərində dərman bitkiləri öz yerini tutur.

-Bu gün dünyadacavanlaşan bir çox xəstəliklər var. Fitoterapiyanın bunların qarşısına çıxacaq gücü varmı?

- Təbii üsulla təbii antioksidantların hesabına bu tipli xəstəliklərin qarşısını almaq olar. Fitoterapiya gündəlik həyat tərzi olarsa, orqanizmə ciddi nəzarət deməkdir və bundan uğurlu nəticə almaq olar.

- Ümumiyyətlə, elə bir zaman gələ bilərmi, kimyəvi dərmanlara “yoxdeyilsin?

-Belə olsaydı yaxşı olardı, amma elmi nailiyyətlər kimyəvi dərmanlar üzərində aparıldığına görə bunların müalicədə öz yerinin olması həmişə olacaqdır. Bitkilərlə müalicə isə həmişə təbii müalicə kimi gündəmdə qalacaq. Hələ o qədər öyrəniləsi bitkilər var ki, tədqiq olunarsa müalicə zamanı böyük nailiyyətlər əldə edə bilərik.

- Adətən insanlar hər hansı xəstəliyə tutulandan sonra həkimlərə üz tuturlar. Bəs, xəstəliklərin profilaktikası, eləcə də sağlamlıqlarının qeydinə qalanlar üçün hansı müalicəvi bitkilərdən istifadə etməyi məsləhət görərdiniz?

- Düzü, bitkilərdən hər kəs profilaktik məqsədlə istifadə etməlidir. Profilaktik məqsədlə boymadərən, ləkəli alaqanqal toxumu, gülümbahar, exinaseya, biyan kökü, immunotea çayı, hepartea çayı və şəfa vitamini istifadə etmək məsləhətdir. İstənilən dərman bitkisinin istifadəsindən öncə içlik vərəqini və həkim məsləhətini unutmamaq lazımdır.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-22 fevral.-S.15.