“Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizi bilməsi, qəhrəmanlarımızı tanıması gələcəyimiz üçün vacibdir

 

Gənclərin mənəvi inkişafında Vətən uğrunda döyüşən, hətta canından keçən qəhrəmanlarımızın böyük rolu var. Layihə çərçivəsində belə qəhrəmanlardan biri Cavad Həkimlidən söhbət açacağıq. Həmsöhbətimiz onun nəvəsi Azərbaycan Turizm İnstitutunun baş müəllimi Vüsalə Məmmədzadədir:

 

2-ci yazı

 

-Mayor Fətəlibəy Düdənginskinin Mehdi Hüseynzadə ilə Cavad Həkimlini ölümün girdabından xilas etməsi hadisəsi necə olub?

- Hadisə belə olub ki, Almaniyada əsirlər arasında azərbaycanlıları yəhudilər hesab edərək güllələyirdilər. Səbəbi isə hər iki millətin sünnət olunduqları üçün onları bir-birindən ayıra bilmirdilər. Əbdürrəhman Fətəlibəy Düdənginski Cavad Həkimlini və Mehdi Hüzeynzadəni ölümün cəngindən qurtarmışdı. Almanlara hər iki şəxsin yəhudi deyil, azərbaycanlı olduqlarını onların diqqətinə çatdırıb. Düdənginski demək olar ki, onların arxası və köməyi oldu. Tez- tez onlarla əlaqə saxlayır və ürək-dirək verirmiş. 1943-cü il martın 22- sində bütün müsəlman aləmi Novruz bayramını qeyd edirdi. Buna baxmayaraq C.Həkimlinin başı öz hayına qarışmışdı, bayram gününün necə gəlib çatmasından xəbəri yox idi. Həmin gün onlara xəbər verirlər ki, hazırlaşın sizi məscidə aparırıq. Berlində çox böyük məscid var idi. Almanlar azərbaycanlıları və yəhudiləri ayırmaq üçün Ərəbistandan müftiAlmaniyada çoxdan yaşayan azərbaycanlıları da dəvət etmişdilər. Görünür, almanlar həmin gün mərasimin keçirilməsini təsadüfi seçməmişdilər. Bu isə azərbaycanlı əsirlər üçün ikiqat bayram olmuşdu.

Azərbaycanlılar hamamdan çıxaraq məscidin həyətinə gəlməli idilər. Onlar beş nəfər idilər (C.Həkimli, M.Hüseynzadə və digərləri). Cavad Həkimli ilə Mehdi Hüseynzadə Ə.Düdənginskinin bir nəfər şəxslə danışdığını görüb, onlara yaxınlaşırlar. Həmin şəxsin qoluna Azərbaycanın aylı-ulduzlu üçrəngli bayrağı bağlanmışdı. Ə.Düdənginski onları yaxından tanış edərək bildirir ki, bu şəxs vaxtilə Azərbaycanın rəhbəri olmuş M.Ə.Rəsulzadədir. Onlar bir-biri ilə yaxından hal-əhval tutduqdan sonra xəbər gəlir ki, bayırdakılar məscidə daxil olsunlar. Namaz vaxtı olduğundan ordakılar dəstəmaz alıb, günorta namazını qılmağa hazırlaşırmışlar. Düdənginski Cavad babanı kənara çəkib soruşur ki, siz namaz qıla bilirsinizmi? “Mən qıla bilərəm, ancaq onlar qıla bilməyəcəklər” deyə C.Həkimli cavab verir (Cavad baba orta təhsilini ərəb dilində aldığından, Quranı rahat oxuya bilirdi). Düdənginski dərhal bildirir ki, “onda qoy namaz qılınıb qurtarsın, sonra gələrsiniz. Hərəniz bir yerə dağılın. Məscidə girib namaz qılmamaq ayıb sayılar, həm də işləri korlaya bilərsiniz”. Onlar uzaqlaşır və mərasim bitdikdən sonra qayıdırlar. Məscid mərasimi qurtardıqdan sonra əsir düşərgəsində başqa millətlər kimi azərbaycanlılardan ibarət hərbi legion təşkil edilir. Burada azərbaycanlılardan ibarət 314-cü diviziya təşkil olunur. Cavad babam alman dilini bildiyindən Deberitter rayonu Ştranges qəsəbəsində 4-cü şöbəyə tərcüməçi vəzifəsinə təyin edilir. Onun əsas vəzifəsi amerikan-ingilis hərbi hava qüvvələrinə alman hərbi qüvvələri vasitəsilə vurulan zərbələr və onların nəticələrini tərcümə etmək, məlumatı azərbaycanlılara çatdırmaqdan ibarət idi. M.Hüseynzadə hədsiz zarafatçıl olduğundan, Cavad babanın etdiyi tərcümələri düşərgədəki azərbaycanlılara qəsdən yanlış tərcümə edərmiş.

- Babanız Mehdi Hüseynzadənin dəfnində iştirakçı olub?

-Babamın sözlərinə görə, Amerikan-ingilis ordusuna qarşı almanlar tərəfindən aparılan vuruşmalar nəticəsində İtaliya ərazisində Amerika-ingilis ordusunun külli miqdarda hərbi texnikadöyüş sursatı qalmışdı. Alman ordusundan xeyli itkiyə yol verilmişdi. Onlar düşərgədə olan azərbaycanlıları öz tərəflərindən kömək etmək üçün Avstriyaya, oradan isə İtaliyanın şimalı Udine kəndinə gətiriblər. Sonra onları yaxınlıqda yerləşən Kardşika kəndində yerləşdirmək qərarına gəliblər. Yerli italyanların mehriban və səmimi münasibətlərini gördüklərindən fürsətdən istifadə edərək orada qalmış silahları yerli əhaliyə paylayır, paylaya bilmədiklərini isə gizlətməli olurdular. Sonra isə Triest şəhərində bir müddət qalmalı olublar. Min cür əzab-əziyyətdən sonra Aleksandr və Savvanın ( Ancelika )köməyi ilə düşərgədən qaçıb dağlar qoynunda məskən salan partizanlar dəstəsinə babam, Mehdi və Əsəd Qurbanov qoşula bilirlər. Babam Triest şəhər müdafiə xəritəsinin surətini ober-leytenant Şbetin planşetindən çıxardığından, sonradan partizan hərəkatının komandanlığı onları çox səmimiyyətlə qarşılayıb. Orada babamı hərbi savadına görə, kəşfiyyatın korpus qərargahının rəisi, Mehdini isə siyasi şöbə üzrə komandir təyin ediblər. 1944-cü il fevralın 13-də 57 nəfər azərbaycanlını əsir düşərgəsindən qaçıraraq öz dəstələrinə qoşa biliblər. Almanların ən mühüm müdafiə obyektlərinin dağıdılmasında babamgilin qrupu xüsusi fərqlənib. Bir gün Mehdi dəstəsilə kəşfiyyatdan qayıtdığı zaman Vitovle kəndində sloven bir dostunun evində söhbət edir və çörək yeyirlər. Onun bu kənddə olmasını isə Mehdinin qrupunda təzə fəaliyyət göstərən Mirdamət Seyidov çox yaxşı bilirmiş.Velosipedə minib almanlar içərisinə - Qorsiyaya gedir. Mehdinin Vitovle kendində olduğunu almanlara xəbər verir. 600 nəfər alman kəndi mühasirəyə alır və gecə saat 1-2 radələrində güclü atışma olur. Almanlar burada xeyli itki verirlər. Mehdi isə ağır yaralanır və səhər tezdən almanlar ona yaxınlaşan zaman tapançada qalmış bir patronu ilə özünə atəş açır. Əlində olan yeganə qumbaranın halqasını dartaraq, partladır. Orada özü qəhrəmancasına həlak olurxeyli alman zabit və əsgərləri yerlərindəcə gəbərdir. Azərbaycanlılardan Ənvər Məmmədov, Tağı Əlizadə və b.yaralanırlar. Sonra babam Şamil Süleymanovu yanına çağırıb, Mehdinin faşistlərin nəzarəti altında qalmış cəsədini çıxarmaq əmrini verir. Həmyerlilərimiz çox böyük qəhrəmanlıq göstərərək əfsanəvi qəhrəmanın cəsədini çıxarmağa nail oldular. Babam Mikayıl Qulubəyovla bir yerdə Mehdinin üzünü spirtlə silirsu ilə yuduqdan sonra onu paraşüt parçasına kəfənləyir və Çepovani kəndində dəfn edirlər. Mehdinin dəfnində Yuqoslaviyanın baş qərargahından gəliblər. Yerli əhalinin isə sayı-hesabı yox idi. Onun tabutunu isə xarrat gürcü balası David Tatiaşvili hazırlayıb. Baş daşının üstünü babam yazıb. Onun baş daşını qara parça ilə örtüb, üstünə qırmızı lent bağlayıb, beşguşəli ulduzoraq, çəkici isə baş hissəsinə taxıblar. Çoxlu gül-çiçək dəstəsi qəbrin üstünə tökülmüşdü. 2 gündən sonra almanlar gəlib yerli əhalini yığır. Ağsaqqalları Mehdinin qəbri üstünə gətirirlər. Baş daşındakı oraq, çəkici götürüb atır və ağsaqqallara bildirirlər ki, “Mixaylo bizim qatı düşmənimizdir. O bizə bu ərazidə misli görünməmiş ziyan vurub. Ancaq, həqiqətən böyük qəhrəmandır. Siz onu qoruyun. Əgər almanlardan kim isə bu qəbri dağıtmağa cəhd etsə, bu məktubu onlara göstərərsiniz. Məktubda qəbrə toxunmamaq haqda əmr vardeyib, çıxıb gedirlər. Babamın sözlərinə görə, Mehdini almanlar öldürəndən sonra ciddi keşik çəkirdilər. 17 nəfər göndərib ki, gedib onun cəsədini oğurlasınlar. Düz sutka yarımdan sonra tapşırığını yerinə yetiriblər. Dəfn zamanı yerli xalq çox kömək edib. Babam Quranı oxuya bildiyindən, onu oxuyubyönü qibləyə dəfn edib. Bunları olduğu kimi Cavad baba mətbuatda danışmışdı. 1946-cı ildə 170 nəfəri müşayiət edib Vətənə dönərkən, onun ölüm xəbərini, şəklini və başqa əşyalarını ailəsinə çatdırıb. Onların heç biri inanmırdı. Yalnız əşyalarını verəndən və hadisəni danışandan sonra inanıblar.

-Cavad Həkimlinin “Uzaq sahillərdə” filminin məsləhətçisi olması ilə bağlı fikirlər də var. Bu barədə nə deyərdiniz?

- Film çəkilən ərəfədə C.Həkimli 3-cü şərab zavodunun baş mühasibi işləyirdi. İşinin çox olmasına baxmayaraq, onun bu filmin çəkilişində məsləhətçi kimi iştirakının vacib olduğunu bildirdilər. Hətta filmdə ona komandirin rolunu ifa etməyi də təklif etmişdilər. O aktyor olmadığından həmin roldan imtina etmişdi. Film Bakıda, AğsuYaltada çəkilmişdi. Yaxşı xatırlayıram, Dağlıq Qarabağın işğalı başlayanda babam deyirdi: “O müharibə mənim üçün heç də Vətən müharibəsi deyildi. Əsl Vətən müharibəsi Qarabağ müharibəsidir. Ancaq o zaman İttifaqa Vətən deməsəydin, haqq-nahaq alnına millətçi damğası basardılar. Mənim üçün bu müharibə - Dağlıq Qarabağ müharibəsi Vətən müharibəsidir. Ruhdan düşmək qələbəni çətinləşdirir. İnam və iradə qələbənin rəhnidir. Bu günpartizan hərəkatına keçmək olar. Bu vacibdir. Dağlıq Qarabağı ovucunun içi kimi tanıyan onlarca, yüzlərcə aslan ürəkli, pələng biləkli çevik və cəsarətli oğullarımız çoxdur. Bunun üçün təkan və istək lazımdır”.

Həqiqətən də elə etməliyik ki, gənc nəsil, yeniyetmələr Qarabağı, erməni vəhşiliyini, Ermənistan adlı dövlətin Azərbaycan torpaqlarında yaradılmasını unutmasın. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizi bilməsi, qəhrəmanlarımızı tanıması gələcəyimiz üçün vacibdir. Cavad Həkimli, Mehdi Hüseynzadə kimi qəhrəmanlarımız heç vaxt unudulmamalıdır. Tez-tez mətbuat, televiziya, sosial şəbəkələr onların qəhrəmanlıqlarını yada salmalı, gənc nəslə örnək göstərməlidirlər. Bu baxımdan qəzetinizin səhifələrində “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” layihəsi çərçivəsində belə qəhrəmanların haqqında da yazılmasını bir müəllimə kimi təqdirəlayiq hal hesab edirəm. Fikrimcə, uşaq və gənclər belə qəhrəmanları nə qədər çox tanısalar mənəvi cəhətdən daha yetkin insan kimi formalaşarlar.

 

Nigar Abdullayeva

Palitra.-2014.-5 iyul.-S.11.