Musiqiidman dərslərinin keçirilməsi ixtisaslaşmış müəllimlərə həvalə olunmalıdır”

 

Uşaq və gənclərin mənəvi inkişafında mədəniyyətimizin mühüm rolu var. Mədəniyyətimizi daha yaxından bilən uşaq və gənclər onu yaşatmaq üçün daha dərindən öyrənməli, yaşatmalı və onlar da gələcək nəsillərə çatdırmalıdırlar. Son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı bir çox mühüm tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri kimi “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2014-cü il mayın 1-dən Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinə başlayıb.

 

Layihə ilə bağlı dünən keçirilən təqdimat mərasimində çıxış edən “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin rəhbəri İradə Yaqubova bildirdi ki, layihə çərçivəsində uşaq mahnılarının milli bazasının zənginləşdirilməsi məqsədilə “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarının not albomu və audiodiskdən ibarət toplumun tərtibi və buraxılması nəzərdə tutulub: “Toplum Bakı və Sumqayıt şəhərlərinin uşaq bağçalarına bilavasitə çatdırılacaq. Bu məqsədlə Bakı və Sumqayıt Şəhər İcra hakimiyyətləri ilə payızda birgə tədbirlərin keçirilməsi barədə razılıq əldə edilib. “ELS” gənc nəslin cəmiyyətimizin hərtərəfli inkişaf etmiş bir vətəndaşı kimi formalaşması istiqamətində apardığı fəaliyyət ərzində Azərbaycanın mədəni irsinin qorunması ilə bağlı problemlərlə üzləşib, onların aradan qaldırılmasına dair təkliflərini dəyirmi masalarda ictimai müzakirələrə çıxarıb”. Mövcud problemlərə toxunan İ.Qaqubova bildirdi ki, Azərbaycan bəstəkarlarının əsərlərinin geniş auditoriyaya təqdimatı və təbliğatı bu gün çox geriləyib. Onun sözlərinə görə, efirdə ögey övlada çevrilmiş bəstəkarlarımızın əsərləri gələcək nəsillərin musiqi yaddaşından silinməsi ilə nəticələnə bilər: “Eyni zamanda bu əsərlərin not şəklində də qalması bu gün müəmmalı bir məsələyə çevrilib. Belə ki, kitabxanalarda yalnız ora təqdim olunan materiallar saxlanılır. Əgər müəllif və ya nəşriyyat bunu etmirsə, deməli əsər qısa bir zamanda ümumiyyətlə, milli bazamız üçün itirilmiş ola bilər. Biz bu problemlə “meneviservetimiz.az” saytımızı yaratdıqda üzləşmişik. Digər tərəfdən, kitabxanalarda saxlanılan əsərlərin kağızının illər ötdükcə fiziki cəhətdən köhnəlməsi və yararsız vəziyyətə düşməsi real bir problem ola bilər. Onların elektron versiyaya köçürülməsi isə kitabxanaların texniki imkanları nəzərə alınsa böyük həcmli və çox uzun müddətli bir işə çevrilir”. “ELS” rəhbərinin fikrincə, eyni zamanda mədəni irsimizin istifadəçilərinin səviyyəsi də çox vacib məsələdi: “Dünya alimlərinin qənaətinə görə, uşağın bir şəxs kimi formalaşması 6-11 yaş arasında baş verir. Uşaqların yalnız bir qismi uşaq bağçalarına gedir, uşaqların dünyagörüşü, mədəni, fiziki inkişafı əsasən məktəbdə formalaşır, ona görə də müəllimlərin peşəkarlığı və tədris prosesinin bu sahədə böyük rolu var.

İ.Yaqubovanın sözlərinə görə, musiqi, təsviri sənət, texnologiya (əmək), fiziki tərbiyə (idman) dərslərinin tədrisini ibtidai sinif müəllimlərinin özlərinə həvalə edilməsi müəllim kadrlarının üzərinə düşən yükü, onların universal biliklərə və bacarıqlara malik tələbini üzə çıxarır. İbtidai sinif müəllimlərinin musiqi fənninin tədrisində peşəkarlığı isə ilk növbədə təhsil müəssisələrində aldıqları biliklər və bacarıqlardan asılıdır, lakin araşdırmalarımızın nəticələrinə əsasən, bu məsələdə problemlərin mövcudluğu və bunun ilk növbədə tədris planlarında saat yüklərinin azaldılması ilə bağlıdır.

O da vurğulandı ki, ibtidai sinif müəllim kadrlarının hazırlanmasında flaqman olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris planlarında bu gün gələcək müəllimlərin praktiki (yəni musiqi alətində çalmaq bacarığı) musiqi hazırlığına cəmi bir semestrdə 45 saat, nəzəri biliklərə yiyələnməsi üçün 90 saat ayrılıb: “Təəccüb doğuran odur ki, plana əsasən əvvəl çalmaq öyrədilir, musiqi savadı isə sonrakı növbəti semestrdə həyata keçirilir. Bu yeganə uyğunsuzluq deyil. Bu ixtisasa qəbul zamanı abituriyentdən musiqi təhsili haqqında heç bir sənəd tələb olunmur və belə bir təhsilin olmasına üstünlük verilmir. Apardığımız sorğular tələbələrin 82 faizinin evində musiqi alətinin olmaması, beləliklə də musiqi aləti arxasında əyləşmək imkanı yalnız universitetdə əldə etmələri, bu imkanında çox qısa müddətli olması aşkar edilib. Dərs zamanı universitet rəhbərliyinin qərarı ilə 7-8 nəfərdən ibarət qruplara bölünməsinə baxmayaraq, hər tələbənin alət arxasında əyləşdiyi vaxt çox məhdud olur. Ayrıca aləti olan və dərsdənkənar vaxtda məşğələlər üçün ayrılan auditoriyanın təşkilinə texniki imkanlar yoxdur. Əvvəllər bu təcrübəni qazanmaqda tələbələrlə 3 il ərzində fərdi surətdə məşğul olan Musiqi Akademiya, Musiqi Kollecindən ixtisaslaşmış müəllimləri kömək edirdi. Lakin bu gün bu imkanlar ləğv edilib və gələcək müəllimlərin hazırlığında problemlər qalmaqdadır. Nəticədə musiqi dərslərinin keçirilməsi nə məktəblilərdə, nə valideynlərdə, nə də müəllimlərin özlərində nəzərdə tutulmuş münasibəti formalaşdırmır, musiqi fənni isə arzuolunan fənlərin siyahısında yer tutmur. Eyni problemlər “Təsviri sənət” fənninin tədrisində də müşahidə olunur ki, tədris planında bu fənnə bu gün cəmi 45 saat ayrılır”.

İbtidai siniflərdə musiqi fənninin tədrisinə gəldikdə isə “ELS” rəhbəri deyir ki, ilk növbədə tədris planında çox sayda musiqi əsərlərinin dinlənilməsi, qiymətləndirilməsi və uşaq tərəfindən nəinki səslə, hətta sadə uşaq musiqi alətlərində ifası nəzərdə tutulmasını qeyd etmək lazımdır: “Dərsliklərə bu əsərlərin audio yazısı olan disklərin əlavə olunmaması və ümumiyyətlə, belə disklərin bugünədək buraxılmaması tədris prosesini demək olar ki, yox edir. Çünki, ibtidai sinif otaqlarında pianinoya digər musiqi aləti yoxdur ki, müəllim musiqi əsərini ifa etsin. Hələ demirik ki, həm opera ariyalarını, həm də muğam parçalarını eyni səviyyədə oxuya biləni tapmaq çətin işdir. Belə ifa uşaqlarda ümumiyyətlə, müəyyən janrlara xoşagəlməz təəssüratlar və pis münasibət formalaşdıra bilər. Dərsin məktəbin musiqi otağında keçirilməsi yuxarı siniflərə görə mümkün deyil. Uşaq musiqi alətlərinə gəldikdə isə məktəblərin büdcəsində belə bir xərc növü nəzərdə tutulmayıb”.

İ.Yaqubovanın fikrincə, digər sual doğuran məqam isə tədris vəsaitlərinin müəlliflik hüquqlarının nəşriyyatlara verilməsidir ki, bu da vəsaitlərin keyfiyyətinə mənfi təsir göstərməsi və mövcud qüsurların olmasına zəmin yaradır: Düzdür, 2012-ci ildən bu hüquq həm nəşriyyat, həm də Təhsil Nazirliyinə aid edilib, lakin tədris vəsaitlərinin məktəblilərin təhsilinə bilavasitə təsirini nəzərə alsaq, bu hüquqcavabdehlik yalnız Təhsil Nazirliyinin olmalıdır”. Beləliklə, araşdırma nəticəsində müəyyən edilən problemlərlə bağlı “ELS” bir sıra təkliflər hazırlayıb. Onlardan biri odur ki, Azərbaycanın mədəni irsinin qorunması və inkişafına yönəlmiş layihələrin dəstəyi məqsədilə mədəniyyət sahəsində müstəqil təşəbbüslərə Dövlət Dəstək Fondunun yaradılması zəruridir. Fond mövcud milli mədəni bazanın qorunması və müasir tələblərə uyğun işlənilməsi, bugünkü zəngin çoxşaxəli musiqi bazamızın qeydiyyata alınması, uşaq yaradıcılığının inkişafına yönələn müstəqil təşəbbüslərin və digər məsələlərin həlli ilə məşğul olmalıdır.

Həmçinin musiqi fənninin səmərəli tədrisi və gözlənilən nəticələrə nail olmaq üçün tədris proqramının dinləmə hissəsinə daxil olan musiqi əsərlərinin audio yazıları olan disklər buraxılmalıdır (disklər Azərbaycan və rus sektorları üçün ayrı-ayrılıqda və ya birgə buraxıla bilər). Musiqiidman dərslərinin keçirilməsi ixtisaslaşmış müəllimlərə həvalə olunmalıdır. Eləcə də ibtidai sinif müəllimi kadrlarını hazırlayan ali təhsil müəssisələrinin tədris planlarında tədrisinin keyfiyyətini təmin edən müvafiq dəyişikliklər edilməlidir. Təhsil vəsaitlərinin keyfiyyətinin artırılması məqsədilə onların hüquqi mülkiyyətçisi və cavabdehliyi daşıyan yalnız Təhsil Nazirliyi olmalıdır.

İ.Yaqubovanın sözlərinə görə, uşaq və gənclərimizin mənəvi inkişafı ilə bağlı problemlərin aradan qaldırılması vacib amildir. Əgər bu gün dərslikdə “Uşaqdovşanşeirinin müəllifi kimi Abdulla Şaiq deyil, Abbas Səhhət yazılırsa bu, artıq mövcud problemdən xəbər verir.

 

Nigar Abdullayeva

Palitra.-2014.-9 iyul.-S.11.