“Gənclərimiz onlara yaradılan imkanlardan daha geniş faydalanmalıdırlar”

 

Nigar Ələsgərova: “Layihələrimiz Gəncə gənclərinin və digər regionlardan olan gənclərin inkişafına, formalaşmasına xidmət edib”

Bu gün paytaxt gəncləri ilə yanaşı region gəncləri də ictimai-siyasi aktivliyi ilə seçilirlər. Belə gənclər hər zaman öz mənəvi və fiziki inkişafları üçün çalışırlar. Müsahibimiz Nigar Ələsgərova da “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri olaraq əsasən Gəncə şəhərində bu düşüncəli gəncləri ətrafına toplayıb. Qeyd edək ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyi 15 iyun 2012-ci il tarixində təsis edilib və elə həmin il də AR Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

 

- Sizin rəhbəri olduğunuz təşkilat gənclərin mənəvi inkişafı istiqamətində hansı işlər görür?

- Əsas hədəf qrupumuz gənclər olduğu üçün gənclərin inkişafı istiqamətində müxtəlif layihələr, tədbirlər, görüşlər həyata keçirmişik. Təvazökarlıqdan kənar olacaq, fəxrlə qeyd edə bilərəm ki, fəaliyyətimizin iki ili tamam olmayıb, amma uğurlarımız kifayət qədərdir. Mən qısaca layihələr haqqında sizə məlumat verəcəm. Belə ki, ilk layihəmiz AR Gənclər və İdman Nazirliyinin qrant elanı əsasında qalib olub. “Keçmişi öyrən, gələcəyi qur” adlı layihə qərb bölgəsində, Gəncə şəhərində gənclərin təşkilatçılığı və iştirakçılığı ilə ilk tele-layihə idi. Məqsəd gənclər arasında vətənpərvərliyi təbliğ etmək idi.

Gəncə şəhərində ilk dəfə icra etdiyimiz “Media Məktəbi” layihəsi onlarla gəncin media sahəsində biliklərini artırdı.

“Sosial Şəbəkələrdə Azərbaycan” layihəsi ölkəmizin internet üzərindən təbliği istiqamətində birliyimiz tərəfindən atılmış uğurlu addım idi.

Respublikada ilk dəfə turizm forumu- “Turizmin İnkişafı və Gənclər-I Forum” da 2013-cü ilin iyun ayında tərəfimizdən həyata keçirildi.

“Odlar Yurdu”nun bir yaşı da növbəti ilk ilə yadda qaldı. Belə ki, Gəncə şəhərində ilk Qala Gecə təşkil olundu. Xarici ölkələrdən də şəhərimizə təklif buyurmuş gənclərin iştirakı ilə keçirilən möhtəşəm gecə geniş media əhlinin diqqətini cəlb etmişdi.

“Gənclər ətraf mühitin mühafizəsində” layihəsi də gənclərin ətraf mühitə daha qayğıkeş olmalarına xidmət edən , 7 qərb regionunu əhatə edən layihə idi.

“Könüllülüyə çağırış” layihəsi Gəncə şəhərində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrini əhatə edirdi. Əsas məqsəd könüllü gənclər şəbəkəsini formalaşdırmaq idi.

“Gənclik ONUN İmzasıdır” layihəsi də respublikada icra olunmuş qeyri-adi layihələrdən biri idi. 300 nəfər gəncin iştirakı ilə ulu öndər Heydər Əliyevin canlı imzası yaradılmışdı. Tək ölkə mediasının deyil, hətta digər ölkələrin mediasında işıqlanan canlı imza dünyada yaradılmış ikinci böyük canlı imza idi.

“Ətraf mühit və MƏN” qış məktəbi Prezident yanında Gənclər Fondunun dəstəyi ilə icra olundu. Bildiyiniz kimi bu, ətraf mühitə həsr olunmuş ikinci layihə idi. Ümumiyyətlə, birlik olaraq ətraf mühit mövzusu bizim üçün daim diqqət mərkəzindədir.

Qərb bölgəsində ilk dəfə keçirilən “Fəal gənc” mükafatlandırma mərasiminin də təşkilatçılarından biri məhz “Odlar Yurdu” GİB idi.

Respublikada ilk dəfə sosial işlə bağlı forum daSosial iş=Cəmiyyətin İnkişafı” I Forum tərəfimizdən həyata keçirildi. Dünyada böyük bir hərəkat olan sosial ölkəmizdə yeni anlayışdır. Bu anlayışı təbliğ etməkdə bu forum yeni bir hərəkatın başlanğıcı oldu.

- Bu layihələrin region gənclərinin formalaşmasına nə kimi köməyi olub?

- Təbii ki, yuxarıda adları qeyd olunan layihələr birmənalı şəkildə Gəncə gənclərinin və digər regionlardan olan gənclərin inkişafına, formalaşmasına, yeni fəal gənc simaların cəmiyyətə qazanılmasına xidmət edib.

Onu da vurğulayım ki, “Odlar Yurdu” GİB olaraq fəaliyyətimizin IV ayında “Gənclər Təşkilatlarının IV Respublika Sərgisi”ndə təmsil olunduq. Fəaliyyətimizin VI ayından etibarən Gənclər Təşkilatları Milli Şurasının üzvüyük. 2013-cü il dekabr ayında respublikada ilk dəfə QHT olaraq məhz biz “The First” Milli Mükafatına layiq görüldük.

Qısa zaman öncə, may ayında ALLMAG fərdi inkişaf jurnalı bizi “İlin QHT-si” mükafatına layiq gördü.

Ümumiyyətlə, birlik olaraq respublikada həyata keçirilən bir çox tədbirlərdə də fəal təmsil olunuruq. Beynəlxalq əməkdaşlıqları da unutmuruq. 2 ilə yaxın müddətdə 11 ölkədə beynəlxalq tədbirlərdə ölkəmizi, şəhərimizi və “Odlar Yurdu”nu gənclərimiz layiqincə təmsil ediblər.

Həmçinin indiyədək əlamətdar günlərə həsr olunmuş yüzlərlə görüşlər, konfranslar, aksiyalar həyata keçirmişik, maarifləndirici video-çarxlar çəkilib. “Xoş gəldin, Novruz” buna misaldır.

-Region gənclərinin mənəvi inkişafı hansı səviyyədədir?

- Mən həmişə, müsahibələr zamanı, çıxışlarımda da, TV-lərdə qonaq olarkən də eynən bu ifadəni səsləndirirəm ki, Azərbaycanda dünyaya nümunə ola biləcək gənclər siyasəti həyata keçirilir. Bu gün gənclər üçün saysız-hesabsız imkanlar yaradılıb. Əsas məsələ gənclərin bu imkanları nə qədər dəyərləndirməsindədir.

Region gəncləri ilə təbii ki, paytaxt gəncləri arasında fərq böyükdür. Ancaq bu gün ölkənin hər bir bölgəsində Gənclər Mərkəzləri yaradılır, gənclər təşkilatlanır, Prezident yanında Gənclər Fondu müxtəlif regionlardan olan fərdi gənclərin ideyalarının dəstəklənməsi üçün maliyyə vəsaitləri ayırır. Təbii ki, bu, gənclər arasında rəqabət, inkişaf formalaşdırır, eləcə də region gənclərinin inkişaf səviyyəsinə müsbət təsir edir. Düşünürəm ki, gənclərimiz daha qoçaq olmalı, onlara yaradılan imkanlardan daha geniş faydalanmalıdırlar. Etiraf edək ki, gənclərimiz bir az tənbəldirlər.

-Gəncənin 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilməsi bir gənc olaraq yəqin ki, siziçox sevindirir?

- Qürurverici bir hadisədir! Bir Gəncə gənci olaraq tək məni deyil, zənnimcə, hər bir Azərbaycan gənci bu uğura sevinməlidir. Azərbaycan qeyri-Avropa ölkəsi olaraq bu müsabiqədə finala qədər yüksəldi və Gəncənin simasında möhtəşəm qələbəsini qazandı. Hər uğurda olduğu kimi bu uğurda da Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı, şəhər rəhbərliyinin böyük dəstəyi danılmaz idi. Bu qələbə təkcə Azərbaycan üçün deyil, ümumiyyətlə, region üçün önəmli hadisə idi. Hal-hazırda bütün Avropa gənclərinin, gənclərlə çalışan strukturların diqqəti Gəncəmizdədir. 2016-cı ildə Avropa Gəncliyi Gəncəmizdə olacaq. Bu həm ölkənin, həm də Azərbaycanın ikinci böyük şəhəri, ilk gənclər paytaxtının təbliğidir.

-Bu münasibətlə hansı işləri görməyi planlaşdırıbsız?

- Bildiyiniz kimi bu sahədə işləri koordinasiya etmək üçün “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi yaradılıb. Təbii ki, şəhərdə bu sahədə həyata keçiriləcək bütün layihələrdə Gəncənin fəal gənclər təşkilatı olaraq yaxından iştirak edəcəyik.

- Gəncədəki gənclər öz asudə vaxtlarını nə dərəcədə səmərəli keçirirlər?

- Gəncə son 3 ildə o qədər gözəlləşib, yenilənib ki, sözlərlə təsvir etmək çətindir. Ancaq görmək lazımdır. Ölkədə həyata keçirilən gənclər siyasəti Gəncədə ən yüksək səviyyədə icra olunur. Gənclər həm gənclər təşkilatlarında, yeni yaradılmış muzeylərdə, kitabxanalarda, həmçinin yeni salınan əsrarəngiz parklarda, velosiped meydançalarında əyləncəli məkanlarda zamanlarını keçirə bilərlər. Yuxarıda qeyd etdiyim kimi seçim gənclərin öz əlindədir. İmkanlardan ən yüksək səviyyədə yararlanmaq lazımdır.

-Gəncədəki gənclərin bacarıqlarının üzə çıxarılması baxımından treninqlər təşkil edirsizmi?

- Əlbəttə. Yarandığımız ilk gündən təlimlər, klublar təşkil edirik. Hal-hazırda birliyimizin daxilində Təlim Mərkəzi, Beynəlxalq Əlaqələr Departamenti, Kitab, Mafia, Turzim, İntellektual Gənclər, İstedadlı Gənclər, “Perfect English” (Mükəmməl İngilis dili) kimi klublar fəaliyyət göstərir.

Gənclərin maariflənməsi üçün “İntellektual Gənclər” klubu, “Mən Azərbaycanlıyam”, “Zəif Bənd” kimi intellektual oyunlar keçirilir. “Perfect English” klub gənclərin ingilis dili bacarıqlarını inkişaf etdirmək üçün davamlı olaraq, həftədə bir dəfə olmaqla “conversation”lar keçirir. Gənclərin asudə vaxtını əyləncəli keçirmək üçün “Mafia klub” hər həftə gənclərlə əyləncəli saatlar keçirir.

Ayda iki dəfə olmaqla kitabsevər gənclər “Kitab klubu”nda görüşür və oxuduqları kitabları müzakirə edirlər. Turizm klubu müxtəlif regionlara gəzintilər təşkil edir.

Təlim mərkəzi indiyədək 30-dan çox müxtəlif mövzularda təlimlər keçirib, yüzlərlə gəncin maariflənməsinə, yeni biliklər öyrənməsinə xidmət edib.

Yəni adları qeyd olunan klub və mərkəzlərimiz aktiv fəaliyyətdədirlər və hər iki aydan bir hazırlanan “İnkişaf Proqramı”na uyğun olaraq davamlı olaraq, müəyyən olunmuş tarixlərdə görüşləri həyata keçirirlər.

Adını unutduğum bir dahi, gözəl bir fikir səsləndirib: “Gənclik lüğətində “müvəffəqiyyətsizlik” deyə bir söz yoxdurOdur ki, gənclərimizi daha fəal, çalışqan olmağa, cəmiyyətə faydalı simalar olmağa dəvət edirəm.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-12 iyun.-S.11.