İsa Həbibbəyli: “Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Naxçıvanın xüsusi yeri var

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbiri açan institutun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva elmi sessiyanın Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən təşkil edildiyini bildirib. G.Baxşəliyeva qədim tarixə malik Naxçıvanın Azərbaycan dövlətçiliyi tarixində xüsusi yeri olduğunu qeyd edib. O, naxçıvanlıların daim milli mübarizədə ön sıralarda olduğunu bildirib, bu qədim diyarın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu vurğulayıb. Direktor müasir dövrdə ulu öndər Heydər Əliyevin dönməz iradəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında üç rəngli bayrağın Azərbaycanın dövlət rəmzi kimi qəbul edilməsinin ölkəmizdə müstəqil dövlətçiliyə misilsiz tarixi xidmətin ifadəsi olduğunu diqqətə çatdırıb.

Orta əsr mənbələrində Naxçıvan haqqında ətraflı məlumatlara rast gəlindiyini qeyd edən G.Baxşəliyeva bildirib ki, institutun profilinə uyğun olaraq bu elm müəssisəsində həmişə görkəmli alim və mütəxəssislər tərəfindən qədim diyarın tarixinə və tarixi coğrafiyasının araşdırılmasına dair mühüm elmi tədqiqat işləri aparılıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, Azərbaycanın çoxəsrlik dövlətçiliyi tarixində Naxçıvanın xüsusi yeri var. Naxçıvan tarixin ən müxtəlif dövrlərində, minilliklər boyu Azərbaycanın cənub-qərb ərazilərinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi uğrunda həmişə mübarizə aparıb.

Akademik tarixi faktlara əsaslanaraq Naxçıvanın zəngin və qədim tarixi, mədəniyyəti və müasir inkişafı ilə bağlı ətraflı məlumat verib.

İsa Həbibbəyli qədim Naxçıvan diyarının, tarixinin, onun tarixi coğrafiyasının öyrənilməsi istiqamətində Gəmiqayada beynəlxalq ekspedisiya tərəfindən yerlixarici mütəxəssislər tərəfindən aparılmış elmi-tədqiqat işləri barədə də ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə AMEA-nın Naxçıvan Bölməsinin yaradılması bu diyar haqqında yeni tədqiqatların yerli materiallar və aparılmış ekspedisiyalar nəticəsində yeni əsərlərin ərsəyə gəlməsi ilə nəticələnib. Akademik Naxçıvan sözünün etimologiyası haqqında da tarixi faktları diqqətə çatdırıb. Naxçıvanın misilsiz tarixi nailiyyətlərə imza atdığını xüsusilə vurğulayan akademik Naxçıvan Muxtar Respublikasının yaranmasının və keçdiyi şərəfli yolun Azərbaycan dövlətçiliyinin tarixi nailiyyəti olduğunu bildirib. İsa Həbibbəyli bu gün ölkəmizin digər bölgələri kimi, muxtar respublikanın da sürətlə inkişaf etdiyini xüsusi vurğulayıb, Naxçıvanı möhtəşəm Yeni Azərbaycanın parlaq bir əsəri kimi səciyyələndirib, ölkə rəhbərliyinin diqqət və qayğısı, muxtar respublika rəhbərliyinin yorulmaz fəaliyyəti nəticəsində daha da inkişaf etdiyini qeyd edib.

Sonra iştirakçıların “XVI yüzilliyin sonunda Osmanlı sənədlərinə görə Naxçıvan”, “Leksikoqrafiya sahəsində Fəxrəddin Hinduşah Naxçıvani və Məhəmməd bin Hinduşah Naxçıvaninin xidmətləri” mövzularda məruzələri dinlənilib.

 

Nigar Abdullayeva

Palitra.-2014.-12 iyun.-S.7.