“Gənclərə qoyulmuş sərmayənin öz bəhrəsini verməsi vaxtı çatıb”

 

Ruhiyyə Aslanova:

“Gənclərin sağlamlığına, mənəvi-əxlaqi tərbiyəsinə, təhsilinin artırılmasına xüsusi diqqət yetirilir

 

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanovadır. R.Aslanova bizimlə söhbətində Azərbaycanda dövlət tərəfindən gənclərin fiziki və mənəvi inkişafına böyük kapital yatırıldığını bildirdi. R.Aslanovanın sözlərinə görə, gənclər istənilən bir xalqın hərəkətverici qüvvəsi, cəmiyyət həyatının avanqardıdır.

Dünyanın bir sıra inkişaf etmiş ölkələrində əhalinin ümumi sayında gənclərin payının azalması fonunda, Azərbaycanda bu göstəricinin artması sayəsində hazırda ölkə əhalisinin təqribən 3 milyon nəfəri 16-29 yaş arası gəncdir:

“Azərbaycanda gənclərin sağlamlığına və fiziki inkişafına, onların mənəvi-əxlaqi tərbiyəsinə, təhsilinin artırılmasına, cəmiyyət həyatında fəal rol oynamasına xüsusi diqqət yetirilir. Son illər ərzində ölkədə gənclər təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb, onların reallaşdırdığı layihələrin maliyyələşdirilməsinə yönəlmiş vəsaitlərin həcmi qat-qat artıb. Azərbaycan Respublikası “Gənclər siyasəti haqqında” qanunla müəyyənləşdirilən dövlət gənclər siyasəti ölkə gənclərinin həm mənəvi əxlaqi tərbiyəsi və onların cəmiyyətin mədəni həyatında iştirakı, həm gənclərin sağlamlığı və onların fiziki inkişafı, həm də gənclərin məşğulluğunun təmin olunması kimi məsələlərə diqqət yetirir”.

R.Aslanova qeyd etdi ki, gənclərin intelektual və mənəvi dünyasının zənginləşdirilməsi məqsədilə müxtəlif maarifləndrici layihələrin həyata keçirilməsi yolu ilə gənclərdə kitaba və mütaliəyə marağın artırılması, onları xalqımızın mədəni irs abidələri ilə əyani tanış edərək milli-mənəvi dəyərlərin yayılmasına kömək göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə gənclərin elmi, intellektual potensialının artırılması üçün təhsil və mədəni islahatların həyata keçirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olunması da xüsusi əhəmiyyət kəsb edir: “Gənclərin və yeniyetmələrin fiziki inkişafı məsələsinə Azərbaycanda olduğu qədər bəlkə də düyanın heç bir ölkəsində diqqət ayrılmır. Orta məktəblərdə idman zallarının təmir olunması və onların lazımi avadanlıqlarla təmin olunmasından tutmuş, respublikamızın bütün ərazisində inşa edirlmiş müasir idman olimpiya kompleksləri, idmançılara dövlət qayğısı gənclərin idmana həvəsləndirilməsi işində həlledici rol oynayır. Lakin dövlətin üzərinə düşən vəzifələri icra etməsindən əlavə gənclərin özləri də asudə vaxtlarında idmanla məşğul olmağa üstünlük verməlidirlər, çünki idman sağlamlığın rəhnidir”.

Müasir dünyada inkişaf üçün təhsilin rolu əvəzedilməzdir: “Əlbəttə ki, inkişaf edən ölkəyə savadlı gənclər gərəkdir. Hər bir fərdin uğuru, onun təhsilindən asılıdır. Təhsil yalnız bilik və bacarıqlar əldə etmək üçün deyil, təhsil alanın və bütövlükdə insanın inkişafını təmin etmək üçün vacibdir. Hər bir yeniyetmə və gənc təhsil almaqla, bilik və bacarıqların daşıyıcısı kimi nəzəri biliklər qazanıb, inkişaf etməklə yanaşı, bacarıq və vərdişlərə yiyələnir, aldığı bilikləri təcrübədə, həyatda tətbiq edir, bununla da müstəqil fəaliyyətə hazır, bazar iqtisadiyyatı şəraitində rəqabətqabiliyyətli bir fərd kimi yetişir. Öz həyatını müstəqil qurmağı bacarır.

Son illər Azərbaycan Respublikasında aparılan sosial-iqtisadi islahatlar təhsilli gənclərin və yüksək ixtisaslı mütəxəssislərin cəmiyyətin ictimai-iqtisadi həyatında fəal surətdə iştirakı üçün geniş imkanlar yaradıb. Hazırda dünyanın müxtəlif ölkələrində dövlət hesabına təhsil alan gənclərimiz müasir bilik və təcrübəyə yiyələnərək Vətənə qayıdır və öz təcrübələrini doğma Azərbaycanımızın inkişaf etməsinə yönəldirlər. Eyni zamanda ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə tələbin artması ilə yaxın illərdə Azərbaycanın hüdudlarında da yüksək ixtisaslı peşəkar kadrlar ordusu meydana çıxacaq. Buna görə də Azərbaycan hökuməti yaxın illər ərzində meydana çıxacaq çoxlu sayda peşəkar kadrın ixtisaslarına uyğun işlə təmin olunması məsələsinə diqqət yetirməlidir. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan - 2020” inkişaf konsepsiyasının gerçəkləşdirilməsi baxımından da adıçəkilən prosesin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək istəyirəm ki, bu il 20 yaşını qeyd edən Azərbaycan Maarifçi Gənclər Təşkilatı yuxarıda adı çəkilən qanunların, proqramların hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edib. Bundan əlavə bu sahədə gənclər arasında maarifləndirmə işləri və çoxsaylı layihələr həyata keçirib. Təşkilat tək paytaxt gənclərinin deyil, region gənclərinində problemləri ilə yaxından tanış olub və müxtəlif səpgili layihələr həyata keçirib. Qeyd etmək istəyirəm ki, BP şirkətinin maliyyə dəstəyi ilə Sosial Sərmayə Proqramı çərçivəsində Azərbaycan Maarifçi Gənclər Təşkilatının Gəncədə ofisi yaradılıb və 3 illik proqram həyata keçirilib. Həmin layihə çərçivəsində ofisin 14 nəfər işçisi olub ki, bundan 12 nəfəri gənclər idi. Həmin gənclər bu gün müxtəlif sahələrdə çalışırlar və onların işlərində həmin müddətdə işlədikləri haqqında verilən xasiyyətnamələr böyük rol oynayıb. Layihə çərçivəsində SamuxGoranboy rayonlarında 7 icmada müxtəlif layihələr həyata keçirilib və layihələrin hamısı sağlam gələcək, sağlam həyat şəraiti, sağlam asudə vaxtın təşkili kimi işlərə xidmət edib.

Azərbaycan Maarifçi Gənclər Təşkilatının Yaponiyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə Kürdəmir rayonunda 3 məktəb, Salyan rayonunda 2 məktəb, İsmayıllı rayonunda 1 məktəb, Bakı Şəhəri 2 saylı Peşə məktəbi də daxil olmaqla 7 layihə həyata keçirib ki, bu da orada təhsil alan şagirdlərin təhlükəsiz və müasir standartlara uyğun məktəblərdə təhsil almalarına xidmət edib.

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Gənclər və İdman Nazirliyi ilə də həyata keçirdiyi aşağıdakı layihələr gənclərin məşğulluq probleminin, qaçqın və məcburi köçkün gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, yeni ixtisaslara marağın artırılması kimi xeyirxah işlərin həyata keçirilməsinə xidmət edib. Bu istiqamətləri bu cür qruplaşdırmaq olar: region gənclərinin məşğulluğunun gücləndirilməsi, 2012-ci il - “İdman ili” çərçivəsində gənc fotoqrafların sərgisi, “İnternet Jurnalistika Klubunun yaradılması, Qaçqın və məcburi köçkün gənclər arasında mənəvi bağların gücləndirilməsi”.

R.Aslanova Azərbaycan Maarifçi Gənclər Təşkilatının Azərbayacan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birbaşa gənclərə, sağlam gəncliyin inkişafına yardım edən layihələr həyata keçirdiklərini qeyd etdi: “Belə ki, “İlk dəfə məktəbə qədəm qoyan qaçqın və məcburi köçkün, aztəminatlı ailələrdən olan uşaqlar üçün hazırlıq kursları” “Narkomaniya əleyhinə “Ölümünü sifariş edənlər” sənədli filminin çəkilişi” kimi layihələr həyata keçirmişdir. Bundan əlavə, Azərbaycanda ilk dəfə “Qeyri-Hökümət Təşkilatları haqqında Milli Hesabat” hazırlanıb. Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbayacan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə də maraqlı layihələr edib. Belə ki, Azərbaycanda yaşıl turizm və Azərbaycan vegeterian mətbəxi haqqında maarifləndirici kitablar hazırlanaraq, nəşr etdirilib.

Bundan əlavə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə kor və zəif görən uşaqlar üçünUşaq Hüquqları Konvensiyası” brayel əlifbasında hazırlanıb və təlimlər təşkil edilib: Bir sözlə, bildirmək istəirəm ki, Azərbaycan Maarifçi Gənclər Təşkilatı 20 il ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin və gənclərin fiziki-mənəvi inkişafında gördüyü işlərdən daha artıq işlər görməyi növbəti 20 ildə öz qarşısına məqsəd qoyub”.

 

İlkin AĞAYEV

Palitra.-2014.-20 iyun.-S.7.