“Uşaqlar üçün Azərbaycan dilində cizgi filmlərinin sayı yetərincə olmalıdır”

 

Esmira Kazımova:“Nitq inkişafının ləngliyinin aradan qaldırılmasında valideynlər daha çox maraqlı olmalıdırlar”

Uşaqların mənəvi inkişafına ən ağır zərbəni nitq qüsuru vurur. Bu problem çox zaman insanın nəinki mənəvi inkişafının, ümumiyyətlə, cəmiyyətlə əlaqəsinin qarşısını alır. Nitq İnkişaf Mərkəzi isə belə uşaqlarda qüsurların aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Xatırladaq ki, Nitq İnkişaf Mərkəzi bu il fəaliyyətə başlayıb. Mərkəzin rəhbəri Esmira Kazımova qəzetimizə müsahibəsində dedi ki, əsas istiqamətləri defektoloq-loqopedlər üçün maarifləndirici seminarlar, kurslar təşkil etmək və nitqi qüsurlu uşaqlarla defektoloji-loqopedik məşğələlər aparmaqdır:

 

- Nitq İnkişaf Mərkəzi nitqi qüsurlu uşaqlar üçün nəzərdə tutulub. İstənilən reabilitasion məşğələ nitq inkişafına yönəldilib. Mərkəzimizin mütəxəssisləri tərəfindən valideynlərə xüsusi loqopedik masaj öyrədilir. Bunun üçün valideynlər zond və masajı öyrətmək üçün öyrədici disklərlə təmin olunur. Mərkəzimizdə qəbul pulsuzdur. Uşağın hərtərəfli yoxlanışı pulsuz həyata keçirilir. Hər bir uşaq üçün xüsusi proqram tutulur. Bu proqramın tutulmasında valideynin də istəyi nəzərə alınır. Proqram iki aydan bir dəyişilir.

- Uşaq və gənclərin fiziki və mənəvi inkişafı məsələlərinə dövlət tərəfindən nə dərəcədə diqqət göstərilir?

- Hal-hazırda diqqət hiss olunur. Belə ki, Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevanın köməkliyi ilə çoxlu sayda mərkəzlər tikilib. Amma əskikliklər hələ də var. Bu, danılmazdır. Əsas əskikliklərdən biri mütəxəssis çatışmazlığıdır. Həmçinin bu sahədə olan ixtisaslı kadrlar dövlətin maliyyə dəstəyi ilə xarici ölkələrdə staj keçsələr daha yaxşı olar. Çünki ildən-ilə yeni metodlar yaranır.

- Nitq qüsuru gendən gəlmədir, yoxsa sonradan qazanılma?      

- Həm irsi, həm də sonradan qazanılma ola bilər. Amma hər iki halda erkən müdaxilə vacibdir. Əsas da bilmək lazımdır ki, nitq qüsuru nə ilə bağlıdır. Yəni periferik aparatı, yoxsa mərkəzi nitq aparatı ilə bağlı olması nəzərdə tutulur. Nitq qüsuru mərkəzi nitq aparatı ilə bağlıdırsa mütləq bu zaman nevropatoloqun da müdaxiləsi vacibdir.

- Nitq inkişafının geriliyinin yaranma səbəbləri hansılardır?

- Nitq əsas psixi funksiyalardan biri olub, əsas kommunikativ funksiyadır. Ancaq insana məxsusdur. Ünsiyyət vasitəsilə insanın şüuru inkişaf edir və zənginləşir. Müasir dövrdə uşaqların çoxu ünsiyyətdən qaçır. Çünki hazırkı dövr texnika dövrüdür. Televiziya, kompyuter, internet inkişaf etdiyi üçün uşaqları cəlb edir. Uşaqlar televizora baxır və fikri tamamilə orda olur. Əksər hallarda bu zaman uşaqlarda ikidillilik yaranır.

Nitq ilkin yaş dövrlərində əmələ gələn lazımi funksiyadır. Nitqin inkişafı bir neçə faktordan asılıdır: uşağın özünün xüsusiyyətindən, sosial mühitdən, cinsindən (qızlar oğlanlara nisbətən daha tez danışmağa meyillidirlər), valideynlərlə ünsiyyətdən, fizioloji xüsusiyyətdən və s. Böyüyün nitqi uşaq üçün çox vacibdir. Nitqin inkişafının ləngliyi - uşağın nitqinin digər uşaqların nitqinə nisbətən gecikməsidir. Nitqin inkişafının ləngliyi (NİL) zamanı uşaq danışa bilir, amma yaşıdlarına nisbətən nitqində geriləmə olur. Xüsusi ilə də qeyd etmək lazımdır ki, nitqin ləngliyi ümumi psixikaya da təsirsiz ötüşməyə bilməz. Bu zaman uşaq ətrafdakı insanlarla ünsiyyətdən qaçır və ya çətinlik çəkir, emosiyaların əmələ gəlməsində və formalaşmasında gecikmə müşahidə olunur, hətta davranışa da mənfi təsir göstərir.

Nitqin ləngiməsi bu zamanlar yaranır: 1. Uşaqla danışmayanda uşaq öz dilində danışır, valideyn isə fikir vermir. Uşaq isə öz ampluasında davam edir. 2.Travma, doğuş zamanı baş beynin zədələnməsi nəticəsində, həmçinin sonradan xəstəliklərin olması. 3. Uşağın eşitməsində problemlər olanda. Nitqin inkişafında ləngliyi uşağın 3-4 yaş aralarında müəyyən etmək olar. Amma bu diaqnozu qoymaq üçün nevropatoloqun, psixoloqun və loqopedin rəyi üst-üstə düşməlidir. Bu zaman loqopedlə yanaşı psixoloqun işi vacib sayılır. İkilikdə daha gözəl effekt alınır. Nitqin ləngiməsi zamanı əsasən bu problemlər ortaya çıxır: nitqin hərtərəfli pozuntusu, deyilişi zamanı səs pozuntusu, qrammatik cəhətdən düzgün olmayan deyiliş, lüğət ehtiyatının zəifliyi, tempin və ahəngin pozuntusu, deyilən müraciəti anlamaması.

- Uşaqlarda nitqin inkişafı əsasən hansı mərhələni əhatə edir?

- İnsan dünyaya gələrkən nitqi özü ilə hazır şəkildə gətirmir. Uşağın psixi inkişafında nitq çox böyük rol oynayır. Tərbiyə işi düzgün təşkil edildikdə onun nitqinin inkişafı əsasən 4 mərhələni əhatə edir.

Birinci mərhələ nitqin inkişafının hazırlıq mərhələsidir. Bu, uşağın anadan olduğu gündən 1 yaşa qədər olan dövrü əhatə edir. İkinci mərhələ şifahi nitqin inkişafı mərhələsidir -1 yaşdan 3 yaşa qədər olan dövrdür. Üçüncü mərhələ şifahi nitqin zənginləşməsi mərhələsidir-3 yaşdan 7 yaşa qədər olan dövrüdür. Dördüncü mərhələ isə nitqin təkmilləşməsi və yazılı nitqin inkişafı mərhələsidir-7 yaşdan sonrakı dövrüdür.

Nitq, uşaq dünyaya gəldiyi gündən etibarən tədricən ünsiyyət vasitəsi kimi inkişaf edir və başqalarının emosional vəziyyəti, uşaq tərəfindən onun mimikası jest və pantomimikaları vasitəsilə anlaşılır.

3 yaşlı uşağın nitqində 1000-1500, 4 yaşlının nitqində 1600-1926, 5 yaşlı uşağın nitqində isə 2500-3000-ə yaxın söz ehtiyatı olur. Ona görə də istər valideynlər, istərsə də tərbiyəçi müəllimlər uşaqlara geniş izahatlı, düzgün tələffüz qaydalarını elə öyrətməlidirlər ki, onların nitqi inkişaf edib məktəb təlimi üçün zəruri olan səviyyəyə çatmasına müsbət təsir göstərsin.

- Belə uşaqlarda hansı psixoloji problemlər müşahidə olunur?

- Çox zaman nitq qüsurları uşaqlarda kompleks, özünəinamsızlıq da yaradır. Bu xüsusiyyətlərə görə uşaqlar məktəbə və bağçaya getmək istəmirlər. Elə psixika var ki, nitqi geri salır. Elə qüsurlu nitq var ki, psixikanı geri salır. Yəni uşağın nitqində qüsur varsa və ya ümumiyyətlə, nitq yoxdursa, uşağın psixoloji aləminə təsir edir. Belə ki, nitq vasitəsi ilə uşaq ünsiyyətə girir, lüğət ehtiyatı artır, təsəvvürlər formalaşır. Nitqdə ləngimə varsa, bu xüsusiyyətlər də ləngiyir. Amma psixoloji olaraq uşaqda ləngimə varsa, onun nitqinə mənfi təsirsiz ötüşməyə bilməz. Belə ki, uşaq, deyilən müraciəti anlamırsa, onun nitqində, lüğət ehtiyatında qüsurlar olacaq. Buna görə də uşaqla defektoloji-loqopedik iş aparılarkən mütləq uşağın psixoloji səviyyəsi, bacarığı, yaşı, diqqəti və aktivliyi nəzərə alınmalıdır.

- Siz uşaqlarda nitqin inkişafı üçün hansı işlər görürsünüz?

- İlk etapda uşağın artikulyar aparatı-lüğət ehtiyatı yoxlanılmalı və nevropatoloqun rəyi nəzərə alınmalıdır. Sonra məşğələlərə başlamaq lazımdır. Bu zaman loqopedik masajdan, artikulyar gimnastikalardan və s. istifadə olunur. Amma hər problemə fərdi yanaşılmalıdır.

- Hər halda bu baxımdan valideynlərin də üzərinə iş düşür...

- Sözsüz. Valideyn uşaqda nitq qüsurunu hiss etdiyi an mütləq mütəxəssisə müraciət etməlidir. Valideyn özü də uşaqla evdə çalışmalıdır. Loqopedin verdiyi tapşırığı təkrar etməlidir. Ən əsas da valideyn özü evdə səlis, rəvanlı nitqə üstünlük verməlidir. Uşağı ikidilliliyə məcbur etməməlidir. Uşaq, yaşına və psixoloji durumuna uyğun yüklənməlidir.

Nitq inkişafının ləngliyinin aradan qaldırılmasında valideynlər daha çox maraqlı olmalıdırlar. Yəni onlar mütəxəssislərin tapşırıqlarını evdə mütləq etməli, uşaqla sıx ünsiyyət qurmalı, uşağı televizor, kompyuterdən uzaqlaşdırmalıdırlar. Ən əsası da uşağı bağçaya qoymaq da bu işdə sizə yaxından yardım edər.

- Nitqin inkişafı üçün hansı maarifləndirici tədbirlər həyata keçirirsiniz?

- Azərbaycanın müxtəlif bölgələrində defektoloq-loqopedlər üçün seminarlar keçirilir, maarifləndirici kitabların satışını təşkil edir, televiziya verilişlərində çıxışlar edilir və s.

- Regionlardakı ailələrə də hər hansı dəstək göstərə bilirsinizmi?

- Regionlardan mərkəzimizə çoxlu sayda müraciətlər olur. Çünki regionlarda mərkəzlər demək olar ki, yox səviyyəsindədir. Biz o uşaqlarla işləməkdənsə, regionlarda olan müəllimlərin maariflənməsinə üstünlük veririk. Çünki biz 5-10 uşağa müvəqqəti olaraq yardım edə bilərik. O regionda qalan müəllimə isə çoxlu sayda uşağa kömək edə bilər.

Ailələrlə də profilaktik məsləhətlər veririk. Hər ailənin də imkanı çatmır ki, evini atıb bura gəlsin. Maddi vəziyyəti də nəzərə almaq lazımdır.

- Bu baxımdan yetərincə maarifləndirici əyani vəsaitlər varmı?

- Təəssüf ki, yoxdur. Mən özüm institutda oxuyanda fənnimizə aid cəmi bir kitab var idi. O da yarımçıq idi. İndi olsa-olsa maksimum 10 kitab olar. Tələbələrin və biz mütəxəssislərin əsas şikayəti də elə budur. Məncə, bu iş dövlət səviyyəsində həll olunmalıdır.

- Nitq qüsurlu uşaqların əqli və fiziki inkişafı üçün hansı tədbirlərin görülməsinə ehtiyac?

- İlkin olaraq valideynlər maariflənməlidir. Uşaq poliklinikalarında inkişaf terapevtləri, psixoloq, loqopedlər fəaliyyət göstərməlidir. Düzdür, bunlar var, amma yetərli sayda deyillər.

Ən əsas da bu uşaqlar üçün Azərbaycan dilində cizgi filmlərinin sayı yetərincə olmalı və xüsusi kanal olmalıdır. Çünki fikir versək əksər uşaqlarımız erkən yaşlarında rus və ya türk dilində danışırlar. Bu da uşağın ikidilli olmasına gətirib çıxarır. Təəssüf ki, bu zaman uşaq heç bir dildə düzgün danışa bilmir. Nitqi aydın olmur.

Bu uşaqlar üçün çox az sayda təhsil ocaqları var. Ən əsas da bu uşaqlarla erkən reabilitasiya işinə başlamaq lazımdır.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-27 may.-S.11.