Ədəbiyyat İnstitutu Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialı ilə əməkdaşlıq edəcək

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialının direktoru, pedaqoji elmlər doktoru, professor Natalya Sotnikova ilə görüş olub.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ölkə rəhbərliyi tərəfindən Azərbaycan elminə daima diqqət və qayğı göstərildiyini, bütün elmi istiqamətlərin, o cümlədən humanitar elmlərin daha da inkişaf etdirilməsi naminə mühüm qərarların qəbul edildiyini önə çəkərək akademiya rəhbərliyinin elmin inkişafını prioritet hesab etdiyini xüsusi vurğulayıb. Akademik bununla bağlı beynəlxalq əlaqələrə də daim diqqət yetirildiyini bildirib. O, rəhbərlik etdiyi institutun 80 ildə keçdiyi şərəfli yoldan danışıb, elmi-tədqiqat müəssisəsinin fəaliyyət istiqamətləri barədə rusiyalı qonaqlara məlumat verib. Akademik Azərbaycan-Rusiya əlaqələrinin uzun tarixi köklərə malik olduğunu, bu əlaqələrin daima inkişaf etdirildiyini nəzərə çatdırıb, iki qonşu xalq arasında elmi-mədəni əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin perspektivlərindən danışıb. Akademik İsa Həbibbəyli qloballaşan dünyada ölkələr arasında yeni istiqamətli fəaliyyət sahələrinə daima diqqət verilməli olduğunu, yeni dünya çağırışları ilə səsləşən birgə layihələrin reallaşmasının vacibliyini vurğulayaraq ölkələr arasında bir sıra önəmli sahələrlə yanaşı, elm, təhsil və mədəniyyət sferalarında da diqqətəlayiq uğurlar qazanmağın, mühüm nəticələrə nail olmağın mümkünlüyünü ifadə edib. Humanitar elmlər, xüsusən də ədəbiyyatşünaslıq sahəsində beynəlxalq əməkdaşlığın bir sıra vacib məqamlarını diqqətə çəkən akademik İsa Həbibbəyli qarşılıqlı elmi əlaqələrin daha da genişləndirilməsi naminə müvafiq razılaşmanın əldə edilməsi və sənədlərin qəbul edilməsinin əhəmiyyətini bildirərək bunun hər iki ölkə üçün faydalı olacağını qeyd edib. M.A. Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialının direktoru, pedaqoji elmlər doktoru, professor Natalya Sotnikova qonaqpərvərliyə görə akademiya rəhbərliyinə minnətdarlıq hisslərini ifadə etdikdən sonra rəhbərlik etdiyi universitetin fəaliyyət sahələri, elmi əlaqələri, burada aparılan tədqiqat işləri barədə məlumat verib. Rusiya və Azərbaycan xalqlarının əhatəli tarixi elmi-mədəni əlaqələrə malik olduğunu bildirən xanım, bu əlaqələrin daha da inkişaf etdirilməsinin xüsusi əhəmiyyətini nəzərə çatdırmış, beynəlxalq elmi əməkdaşlıq perspektivləri barədə danışıb. Professor Natalya Sotnikova elm, təhsil sahəsində Azərbaycanla əlaqə yaratmaqda maraqlı olduqlarını, bununla hər iki ölkə alimləri arasında əməkdaşlıq fəaliyyətinin daha da genişləndiriləcəyinə ümid etdiyini bildirib. 2015-ci ildə görkəmli rus yazıçısı Mixail Şoloxovun 110 illik yubileyinin beynəlxalq səviyyədə keçiriləcəyini diqqətə çatdıran qonaq humanitar elmlər, xüsusilə də ədəbiyyatşünaslıq üzrə birgə elmi əməkdaşlıq istiqamətləri haqqında fikirlərini bölüşərək iki müəssisə arasında əməkdaşlıq müqaviləsinin bağlanmasının vacib əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldıqdan sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialı arasında əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib. Müqaviləni akademik İsa Həbibbəyli və professor Natalya Sotnikova imzalayıb.

Görüşdə M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialının direktor müavini Liliya QriqoryevaNizami adına Ədəbiyyat İnstitutunun rəhbər heyəti iştirak ediblər.

Nigar Abdullayeva

Palitra.-2014.-28 may.-S.7.