“Azərbaycan qadınları diasporumuzun güclənməsində həmişə aparıcı rol oynayıb”

 

Mayisə Ağamirzəyeva: “Qarşıda duran məsələlər öncə birlik, sonra isə düzgün və mənalı fəaliyyət olmalıdır”

Hazırda Niderland Krallığında yeni diaspor ab-havası yaranmaqdadır. Bu baxımdan “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın da fəaliyyəti diqqəti çəkir. M. Ağamirzəyeva öz təbliğati işləri ilə Niderlandda Azərbaycanın diaspor kimliyini ortaya qoyur. Qeyd edək ki, Mayisə xanım ailə həyatı qurması ilə bağlı 11 ildir ki, Niderlandda yaşayır, 1 qızı və 1 oğlu var. Hazırda Haaqa şəhərində tibb sahəsində çalışır. Eyni zamanda diasporumuzun güclənməsi, Azərbaycanın tanıdılması üçün ictimai işlərdə aktivlik göstərir.

 

- “Ana Vətən”in yaranma tarixi və hazırkı fəaliyyəti haqda nə deyə bilərsiniz?

- Qadınlardan ibarət “Ana Vətən” cəmiyyətini yaratmaq təşəbbüsü yazıçı-ziyalı xanım Gülşən Lətifə məxsusdur. 10 il öncə Niderlandda yeni-yeni formalaşan diasporumuza yardım etmək fikrinə düşmək bir qadın üçün böyük cəsarət idi və Gülşən xanımın rəhbərlik etdiyi illərdə “Ana Vətən” bir çox böyük layihələr keçirməyə nail olmuşdu. 3 il öncə isə cəmiyyətin sədri vəzifəsi mənə tapşırıldı və mən bu məsuliyyəti üzərimə götürərkən daha böyük uğurlara imza atacağımıza əmin idim. Bu müddət ərzində bir çox işlər görmüşük, uğurlu layihələrə imza atmışıq. Həyata keçirdiyimiz layihə və tədbirlər çoxdur. Hamısını sadalamaq istəmirəm, amma bir neçə yaddaqalan tədbirimiz haqqında bilgi vermək istərdim. Keçən il Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası zamanı digər cəmiyyətlərlə birgə “Ana Vətən” də aktivlik göstərib. Tədbirlər silsiləsində Ermənistanın səfirliyi önündə mitinq keçirilib, Haaqa Ədalət Məhkəməsinə məktub, 1 milyon imza toplanmış kitab və Xocalıya aid petisiya təqdim olunub. (Yeri gəlmişkən, bu ilNiderland Krallığının Parlamentinə Xocalı faciəsi ilə bağlı petisiya təqdim etdik). Cəmiyyətimizin təşəbbüsü ilə azərbaycanlı gənclərlə xüsusi geyimdə, əllərində şamlarlaSükut yürüşü” təşkil etmişdik. “Ana Vətən”in təşəbbüsü ilə Rotterdam İslam UniversitetiAmsterdam Universitetində Xocalı hadisələri ilə bağlı konfranslar keçirilib.

Bu il 20 Yanvarla əlaqədar “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin ofisində dəyirmi masa keçirərək maraqlı məsələləri müzakirə etdik.

Azərbaycanın tanıdılması, mədəniyyətimizin nümayiş etdirilməsi sahəsində atılan addımlardan biri kimi burada yaşayan azərbaycanlı rəssamlar - Rasim Hüseynov və Vəfa Rüstəmovanın Haaqadakı Rijswejk kitabxanasında “Azərbaycan rəngləri” və digər sərgilərini qeyd edərdim. Qadınlarımıza 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə əyləncəli bayram proqramı təşkil etdik. Novruz bayramında isə hollandlar və digər millətlərin nümayəndələrinə bayramımız haqqında məlumat verib, bayram atributlarımızdan ibarət Azərbaycan çay süfrəsinə qonaq etdik. Aprel ayında yerli kitabxana ilə birgə layihəmiz olan bir çox xalqların poeziya gecəsində cəmiyyətimizin üzvü Bənövşə Əzizli və Yasəmən Əkbərova da iştirak etdi və tədbir diaspor fəalları, professional musiqiçilər Firəngiz Bağırova və Elxan Rzayevin ifasında səslənən Azərbaycan musiqilərinin sədaları altında baş tutdu. Bundan başqa Haaqadakı bir neçə kitabxanaya Azərbaycan haqqında kitabların təqdim edilməsinə də nail olmuşuq.

Xüsusilə Novruz bayramının keçirilməsi, Azərbaycan mətbəxinin məşhur yeməklərinin nümayişi, çaymilli şirniyyat süfrələrinin açılması ilə Azərbaycan kulinariya günlərinin təşkili, festivallarda iştirak etmək kimi fəaliyyətlərimiz demək olar ki, ildə bir neçə dəfə baş tutur.

Ən çox rezonans doğuran layihəmiz isə ana dilimizin unudulmaması yolunda ötən ilin dekabrında həyata keçirdiyimiz Nizami Gəncəvi adına “Haaqa Azərbaycan Məktəbi” nin açılışı oldu. Məktəb Hollandiyada açılan 3-cü məktəb olmasına baxmayaraq, böyük maraqla qarşılandı.

Onu da qeyd edim ki, bu ilAna Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin 10 yaşı tamam olur. Bu münasibətlə böyük yubiley mərasimi hazırlamağı nəzərdə tutmuşuq.

-Bu gün diaspor olaraq prioritetləriniz nədir?

- Azərbaycan diasporunun fəaliyyət tarixi son 20 ili əhatə edirbiz bu işdə başqa ölkələrə nisbətən çox gəncik. Niderlandda çoxlu sayda cəmiyyətlər var və çoxları ayrı-ayrılıqda fəaliyyət göstərir. Hazırda Azərbaycan xalqı hiyləgər düşmənlə üz-üzədir və dünyada güclü erməni diasporu ilə mübarizə aparmalıdır. Ermənilər informasiya müharibəsində güclü fəaliyyət göstərirlər. Odur ki, biz diaspor təşkilatımızın kiçik qolları olaraq birgə fəaliyyət göstərməli, xüsusilə milli maraqlarımız olan tədbirlərdə bütün xırda təşkilatlar birlik nümayiş etdirməlidir. Ölkəmizin maraqlarına hesablanmış plan əsasında hərəkət etmək lazımdır. Hərə bir tərəfdə kiçik işlər görməklə ciddiböyük uğurlar qazanmaq məncə, mümkün deyil. İkinci məsələ isə fəaliyyətimizin nə dərəcədə qəbul edilməsi və yaşadığımız xalqa nə dərəcədə çatdırılması məsələsidir. Qeyd etmək istərdim ki, Avropada fəaliyyət göstərmək çox çətindir. Çünki bizim mentalitetimizdəki, mədəniyyətimizdəki fərqlər böyükdür. Bunun üçün yaşadığımız ölkənin dilini, mədəniyyətini, düşüncəsini, həyata baxışını düzgün analiz etməli və hər addımımızı buna uyğun atmalıyıq. Məsələn, bir detalı vurğulayım ki, holland xalqı ağlamağı, sızlamağı sevmir. Ona görə biz ümummilli faciəmiz olan 20 Yanvar və Xocalı hadisələrini onlara çatdırmaq üçün fərqli metodlardan istifadə etməliyik. Fikrimcə, prioritet olaraq qarşıda duran məsələlər öncə birlik, sonra isə düzgün və mənalı fəaliyyət olmalıdır.

-Təşkilat Niderlanddakı azərbaycanlı xanımları nə dərəcədə öz ətrafına toplaya bilib?

- Ofisimiz Haaqa şəhərində yerləşsə də, cəmiyyətimiz təkcə burada yaşayan xanımlarla məhdudlaşmır. Hollandiyanın bütün əyalətlərində yaşayan xanımlar birliyimizin fəaliyyətində yaxından iştirak edirlər. İlk öncə “Ana Vətən”in xanımlarından söz açmaq istərdim. Heç bir büdcəsi olmayan bir təşkilat olaraq qadınlarımızın gücü və dəstəyi sayəsində çox işlər görürük. Bu dəstək həm maddi, həm də mənəvi cəhətdən baş tutur. Kim nə bacarırsa, birliyimizdən öz yardımını əsirgəmir. Məsələn, birliyimizin aktiv xanımlarından Almaz Kərimli həm İdarə Heyətimizin üzvüdür, həm də müəllim olaraq yenicə fəaliyyətə başlayan “Haaqa-Azərbaycan Məktəbi” nin təşkilatçısı və mən deyərdim ki, dayağıdır. Hər həftənin şənbə günü təmənnasız olaraq azərbaycanlı uşaqlara dərs keçir, onlara azərbaycançılıq ruhunu aşılayır. Ofeliya xanım da İdarə Heyətinin üzvübirliyimizin aktividir. Hollandiyaya yeni gəlməsinə baxmayaraq, birliyimizin mətbuat xidmətini təşkil edən və keçirdiyimiz tədbirlərin Azərbaycan mediasında işıqlandırılmasında böyük rolu olan Nərgiz Əhmədqızının adını çəkmək istərdim. Birliyimizin digər üzvləri də - Raya, Şəkər, Pərvanə, Kəmalə, Nərminə, Sevinc, Afət, Natəvan, Gövhər, Sevda, İlona, Nahidə və adını çəkmədiyim onlarla başqa xanımlar da hər zaman arxamdadırlar.

-Ümumiyyətlə, diasporumuzda xanımlarımız hansı aktivliyi göstərirlər?

- Bildiyimiz kimi, Azərbaycan qadınları həmişə cəmiyyətdə ictimai fəaliyyətləri ilə aparıcı rol oynayıb və hazırda diasporumuzun gücləndirilməsi sahəsində də bunun şahidi oluruq. Hollandiyada aktiv fəaliyyət göstərən xanımlarımız var. Fəxri sədrimiz, Azərbaycanın əməkdar mədəniyyət işçisi, yazıçı Gülşən Lətifi xüsusilə qeyd etmək istəyirəm. Gülşən xanımın diaspor fəaliyyətindən başqa həmçinin holland dilində çap olunmuş kitabı, bu yaxınlarda onun haqqında səfirlikdəki Müasir Azərbaycan ədəbiyyatı mövzusunda keçirilən tədbir onun holland cəmiyyətində çox tanınmasından xəbər verir. Bundan başqa müstəqil jurnalist kimi Hollandiya mediasında fəaliyyət göstərən Elnaz Səngin Xocalı hadisələri haqqında holland dilində məqalələr çap etdirib və təbii ki, bu yazılarla ermənilərin qəzəbinə səbəb olub. Bu yazıya görə Elnaz xanım təhdidlərlə üzləşib. Digər azərbaycanlı xanım İradə Uluxanlı da Hollandiyanın Limburq şəhərində fəaliyyət göstərir. Firəngiz Bağırovanın rəhbərliyi altında “Odlar Yurdu” təşkilatının holland uşaq xoru ilə birgə həyata keçirilən “Sarı gəlin” layihəsini də xalq mahnımızın ermənilər tərəfindən oğurlanmasına dəyərli cavab hesab etmək olar. Müğənni və bəstəkar Elxan Rzayevin holland müğənnisi Mariya van Felzeyə Azərbaycan mahnılarını, xüsusilə də “Sarı gəlin”i holland dilində öyrətməsini də qeyd etmək istərdim. Bundan başqa Vüsalə Məmmədovanın Hollandiyaya səfər edən Mixail Qorbaçova mətbuat konfransında 20 Yanvarla bağlı sual verməsini və onunBu cinayətə görə cavab verməlisiz” sözlərini dünya media mənsublarının qarşısında söyləməsini qeyd etmək istərdim. Holland Azərbaycan Dostları Cəmiyyətinin (DufoA) fəalı Leyla Babayevanın təşəbbüsü ilə Hollandiyada bir xrizantema gülünün “Azəri”, daha iki gülün birinin Şuşa şəhərinin, digərinin isə Xocalının şərəfinə adlandırılması və yetişdirilməsi də bu sahədə görülən işlərdəndir.

-Hollandiyada Azərbaycan diasporunun neçə nəsli formalaşıb? Bu gün orada diasporumuzun 3-cü nəslinin itməsi problemi yaşanmır ki?

- Hazırda burada 10 minə yaxın azərbaycanlı yaşayır. Təxminən 20-25 ildir ki, azərbaycanlılar Hollandiyada məskunlaşıb. Əlbəttə, digər xalqlara nəzərən bu çox qısa zamandır. Məsələn, türklər ruslar (malakanlar) ötən əsrin 60-cı illərindən Hollandiyaya gəliblər. Diaspor kimi hazırda burda 2 nəsil var. Birinci nəsil kimi biz daha böyük məsuliyyət daşıyırıq. Çünki biz Azərbaycanda doğulub boya-başa çatmışıq. Xalqımızın bütün adət-ənənələrini, mədəniyyətini, xüsusilə dilini yeni nəslə çatdırmaq bizim borcumuzdur. Gənclərimizin burada bir neçə təşkilatı mövcuddur maraqlı işlər görürlər. Zənnimcə, 3-cü nəsil nəinki itəcək, bizim işlərimizi davam etdirəcək hətta deyərdim ki, bu fəaliyyət bizdən daha çox səmərəli olacaq. Çünki yeni nəsillər holland cəmiyyətinin istədiyini daha yaxşı dərk edəcək.

- Gənc soydaşlarımız arasında milli özünüdərk hissinin aşılanması istiqamətində hansı işlər görürsünüz?

- Məncə, hər şey ana dilindən başlanır. Ana dilimizi yaşatdıqca milli özünüdərk anlayışı itməyəcək. Doğma dilində səlis danışan yeni nəsil təbii ki, gələcək nəslə bunu aşılayacaq. Ailəsində anasından, atasından gördükləri, eşitdikləri adət-ənənələri nəsillər bir-birinə ötürəcək. Yuxarıda qeyd etdiyim kimi, bu sahədə gördüyümüz ən böyük milli məktəbimizin açılması burda doğulan, holland məktəbində təhsil alan uşağın öz əlifbasını, dilini, dövlətini, mədəniyyətini, tarixini öyrənməsi vacib məsələdir. Sonra milli bayramlarımızın bütün atributları ilə keçirilməsi yeni nəslə aşılanması, milli rəqslərimizin, musiqimizin onlara öyrədilməsi önəmli işlərdir. Onu da qeyd edim ki, azərbaycanlılar milli adət-ənənəsinə sadiq insanlardır bu, burada yaşayan hər bir azərbaycanlının evində hiss olunur.

-Hollandiyadakı diasporumuzun yerli ictimaiyyətə inteqrasiya sürəti hansı səviyyədədir?

- Yerli ictimaiyyətə inteqrasiya, uyğunlaşmaq bizim üçün çətin deyil. Çünki digər xalqlardan fərqli olaraq azərbaycanlılar elmə, təhsilə yüksək qiymət verir bura gələn insanlarımızın demək olar ki, böyük hissəsi ali təhsillidir. Holland cəmiyyətinə qarışmağın birinci amili isə dili gözəl öyrənməkdir. Çünki yaşadığın ölkənin dilini bilmədən heç etmək olmaz. Diasporumuzda dili mükəmməl öyrənib yüksək təhsil alaraq müəllim, universitetdə professor, həkim, jurnalist, mühasib, tanınmış şirkətlərdə menecer, bələdiyyələrdə məmur kimi fəaliyyət göstərən azərbaycanlılar az da olsa var. Yəqin ki, gələcək nəslimiz daha yüksək nailiyyətlər əldə edəcək Hollandiyanın siyasi həyatına qatılacaq.

Fuad Hüseynzadə

 

Palitra.-2014.-30 may.-S.6.