“Gənc nəslin mənəvi inkişafında incəsənətin rolu böyükdür

 

Gənc modelyer-rəssam Aysel Davudqızı: “Çalışdığım qədər gənclərə fikirlərimlə kömək olub, onlara istiqamət göstərirəm. Modelyer olmaq istəyən gənclər bu peşəni dərindən öyrənməlidirlər”

 

Ölkəmizdə həyata keçirilən gənclər siyasəti onların fiziki-mənəvi baxımdan sağlam nəsil kimi yetişdirilməsinə xidmət edir. Müxtəlif sahələrdə həyata keçirilən tədbirlər gənclərin tariximizi, mədəniyyətimizi, incəsənətimizi daha dərindən mənimsəməsinə imkan verir. Bu gün gənclər idman yarışlarında çıxış edir, muğam müsabiqələrində iştirak edir, bir sıra rəsm sərgilərində öz əsərlərini təqdim edirlər. Bununla da belə müsabiqələrdə, yarışlarda iştirak etməsi gənclərimizin mənəvi inkişafında mühüm rol oynayır. Budəfəki müsahibimiz məhz belə gənclərdən biri, gənc modelyer-rəssam Aysel Davudqızıdır:

 

-Mən gənc rəssam olaraq düşünürəm ki, gənc nəslin mənəvi inkişafında incəsənətin rolu böyükdür. Rəssam, modelyer, müğənni, istərsə də aktyor olsun, onların hər biri adi peşə sahiblərindən fərqli olaraq, həyata daha rəngarəng və yaradıcı gözlə baxırlar. Bu isə onların rəngli dünyasını əks etdirir. Deyərdim ki, incəsənət ruhun qidasıdır. Hətta stress yaşayan insanlar rəsm çəkməyə başladıqdan sonra özlərini yaxşı hiss edirlər. Psixoloqlar bir çox xəstələrini məhz rəssamlığa yönəltməklə müalicə edirlər. Çünki rəsm işləyərkən insan özünü unudur. Çəkdiyi şəkilin təsiri altında olur, bu isə çox gözəl bir duyğudur. Əsasən də stressdən əziyyət çəkən insanlar üçün böyük müalicədir. Biz rənglərlə işləyərkən rəng duyumunu da gözəlləşdiririk. Rənglərin ahəngini, rəngdən-rəngə keçməni, hər rəngin öz gözəlliyini hiss edirik. Rəssamlıq elə bir sənətdir ki, onu öyrənərkən insan anatomiyasını bilmək vacibdir, məsələn, biz bilməliyik ki, insan başı bədəndə 7 dəfə yerləşir. Biz insan portreti çəkərkən məhz bunlara diqqət etməliyik. Rəssamlarda hətta iti görmə qabiliyyəti vardır. Adi insanların görmədiyi xırda bir əyriliyi rəssam gözü tez görür. Hətta yoldan bir pişik keçirsə, biz onun skeletini artıq görürük, hər bir hərəkətini gözlərimizlə tuturuq. Bir ağaca baxarkən, kölgənin necə və haradan düşdüyünə diqqət edirik. Göydə buludların necə görünüşünə, necə hərəkət etdiyinə fikir veririk. Bunlar artıq biz rəssamların gündəlik həyat rejimidir. Çünki bu, ruhumuzdan gələn sənətdir.

- Gənc modelyer-rəssam kimi bu peşədə özünüzü necə görürsünüz? Necə oldu ki, bu sənəti seçdiniz?

- Modelyerliyə gəldikdə gənc modelyer-rəssam olaraq inanıram ki, yaxın gələcəkdə, özümü bu sənətdə, istədiyim yüksək pillələrdə görəcəyəm. Lap uşaq yaşlarımdan bu arzu ilə yaşamışam və moda aləmi ilə yaxından maraqlanmışam. Hər gün öz xüsusi fantaziyalarımla gəlinciklərimə geyimlər hazırlayırdım. İndi bəzi geyim modellərində, mənim uşaqlıqda düşünüb yaratdığım modelləri görəndə, çox sevinirəm. Mənim uşaq fikirlərimlə indiki dəb üst - üstə düşür. Modelyerlik 3 peşənin bir araya gəlməsi deməkdir. Hansılar ki, dərzilik, rəssamlıq və biçim-kəsim. Bu 3 sahə bir arada modelyerlik adlanır və bir-birini tamamlayır. Bir modelyer dərziliyi bilməsə, o, çəkdiyi eskizi göstərə bilməz, o baxımdan ki, modelyer çəkdiyi eskizi dərziyə anlatmalıdır ki, dərzi nə tikəcəyini bilsin, eləcə də biçim-kəsimi.

Rəssamlığa gəldikdə isə bu sənət mənim həqiqi mənada ruhumun qidasıdır. Mən özümü fırçalarsız, palitramsız və gözəl əsərlərimsiz təsəvvür edə bilmirəm. Əsərlərim mənim doğma balam- tək əzizdir, onları o qədər çox sevirəm ki, kiməsə əmanət etməyə belə çəkinirəm. O qədər həvəslə, ruhla, sevinclə, işləyərək ruhumu qoyuram ki, əsər bitdiyində bütün sevincimi orada tapıram. Kefsiz vaxtlarımda əsərlərimi düşünürəm və əhvalım düzəlir.

-Hansı sənətkarların əsərlərini dəyərləndirirsiniz və sizin üçün bir məktəb rolunu oynayıb?

- Əlbəttə ki, mən də dəyərli rəssamlardan Fərhad müəllim, Şəmsəddin Böyükdüzlü müəllimdən, dərs almışam və daha çox özüm, öz üzərimdə işləmişəm. Dahi dünya rəssamlarının əsərləri ilə yaxından maraqlanıram. Lap kiçik yaşlarımdan Bob Rossun əsərlərini, saatlarca izləyirdim. Onlardan Salvador Dali, Modiglian, Pikasor Pablo, Selapeni və.s göstərə bilərəm. Eləcə Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov . s bu kimi dahi rəssamlar mənim üçün böyük məktəb olublar.

- Ötən müddət ərzində sərgiləriniz təşkil olunubmu?

- Əsərlərimlə bir çox sərgilərdə fəal iştirak etmişəm. Bu yaxında Rusiya Azərbaycanın birgə təşkil etdiyi "Qranatovoe Derevo" adlı sərgidə fəal iştirakıma görə, diplomla təltif olundum, əsərim qonaqlar tərəfindən çox maraqla qarşılandı. Hər kəs o əsərimin ətrafında şəkil çəkdirmək istəyirdi, təbii ki, bu məni çox sevindirirdi. Baku Expo mərkəzində "ADEX -2014" 33 ölkənin nümayəndəsi, 140-dan çox şirkətin iştirak etdiyi sərgidə, fəal iştirakıma görə sertifikatla təltif olundum. “ADEX-2014” sərgisi sülh mövzusunda idi. Mən bu sərgi üçün tank çəkdim, amma tankı köhnəldib, pas atdırdım üstündə güllər çəkdim, içində kök atmış ağac çəkdim, göyərçinlər tankı əhatə etmişdi. Burada onu göstərmək istəyirdim ki, müharibə olmasın, o qədər sülh olsun ki, tank bomba yox, gül açsın. Bu əsərim hədsiz dərəcədə çox alqışa səbəb oldu. Hər kəs bəyəndi, çox maraqlandılar, hətta ukraynalı qonaqlar da çox maraqlandılar. İndiyə kimi 10-dan çox sərgidə fəal iştirak etmişəm əsərlərim dəyərləndirilib.

- Əsərlərinizdə daha çox hansı amillərə üstünlük verirsiniz?

- Əsərlərimdə realizm daha çox sürrealizm üstünlük təşkil edir. Çəkdiyim şəkillər daha çox zəngin mövzusu ilə seçilir, mən çalışıram ki, əsərlərimdə nəyisə insanlara çatdırım. Əsərlərimdən biri "Bəstəkarın yarım qalmış əsəri" adlanır ki, bu əsərimdə mövzu bir bəstəkarın tamamlaya bilmədiyi əsərindən gedir, qırıq musiqi aləti, köhnəlib yarı bölünmüş kağız parçası. Burada onu göstərmişəm ki, bu bəstəkar əsəri tamamlaya bilməyib, bunun üçün o musiqi alətini belə qırmış, yarım qalmış əsəri məhv edib, onun qədər əsəbi bir halını göstərir. Amma bir tərəfdə bütöv gözəl təbiətdən gələn saf meyvələr var, o isə onu göstərir ki, bəstəkarın ümidləri hələ var parçalanmayıb. Burada da demək istəmişəm ki, insan qədər əsəbi olsa da, daxilində bir sakitlik var , ümid var.

Amma hələ ki, fərdi sərgim təşkil olunmayıb. Mən çox istərdim ki, mənə bu şəraiti yaratsınlar. Fərdi sərgim ölkədaxili beynəlxalq səviyyədə keçirilsin. Hələ ki, beynəlxalq sərgilərə çıxa bilməsəm yaxın gələcəkdə planlarımda var.

-Bu gün gənclərin incəsənətə, o cümlədən rəssamlığa marağını necə qiymətləndirirsiniz? İstedadlı gənclərimiz varmı onlar bu keyfiyyətlərindən dərəcədə yararlanır?

- Ötən illərə baxanda bu il rəssamlığa daha çox dəyər verilir. İstedadlı gənclərimiz çoxdur onlar sərgilərdə fəal iştirak edirlər.

Modelyerliyə gəldikdə isə, hələ ki, bu peşəyə yetərincə dəyər verilmir. Bu peşəyə sahib olmaq istəyən gənclərimiz çoxdur çoxları mənə müraciət edirlər. Çalışdığım qədər gənclərə fikirlərimlə kömək olub, onlara istiqamət göstərirəm. Modelyer olmaq istəyən gənclər bu peşəni dərindən öyrənməlidirlər. Yuxarıda qeyd etdiyim kimi, dərzilik, rəssamlıq bicim-kəsimi bilməkləri vacibdir. İnanıram ki, bu sənətə yaxın gələcəkdə daha çox dəyər veriləcək. Bizim ölkədə bu arzu ilə yaşayan gənclər öz arzularına çatacaqlar. Təbii ki, müxtəlif mədəniyyət, incəsənət sahələrini bilmək gənclərimizin mənəvi inkişafına öz təsirini göstərir.

- Gələcək planlarınız nədir?

- Hazırda narkomaniya əleyhinə mövzu üzərində işləyirəm, inşallah gözəl bir əsər ərsəyə gətirəcəyəm. Çalışıram bu əsərimdə insanlara onu çatdırım ki, bu sizin sonunuzdur. Bu pis vərdiş sizi ölümə sürükləyir, uzaq olun pis vərdişlərdən! Mən bu əsərimdə insan beyninin necə məhv olduğunu, necə yavaş-yavaş beynin öldüyünü, qaralaraq məhv olduğunu göstərirəm. Bu tip xəstə insanlar gözəllik dolu həyatlarını bax, beləcə qaraldıb sona çatdırırlar. Halbuki, onların necə xoşbəxt həyatları ola bilərdi buradan gəclərə, yeniyetmə olanlara, özlərini narkomaniya qurbanına çevirmək istəyən insanlara səslənirəm - yol yaxınkən dönün, sonra hər şey gec ola bilər. İrəliyə baxsanız necə sevgi dolu həyat sizi gözləyir, ona çatmağa tələsin. Mənim kiçik, amma mövzu barədə zəngim əsərim bunu deyir insanlara.

Gələcək planlarım çoxdur. Onların həyata keçirilməsi üçün çalışıram. Bu günlərdə bir məktəblə razılığa gəlmişəm. Artıq peşəmi, sənətimi uşaqlara öyrətmək üçün onları hazırlayacam.

 

Nigar Abdullayeva

Palitra.-2014.-8 noyabr.-S.11.