“Gənclər onların inkişafı üçün yaradılmış şəraiti qiymətləndirməlidirlər”

 

Mahmud Sadıqov: “Bu gün gənclər təşkilatlarında xeyli gəncimiz ictimai sektordakı fəaliyyətləri ilə seçilməkdədir. Gənclərin təşkilatlara daha da cəlb edilməsində təşkilatlar tərəfindən davamlı şəkildə motivasiya tədbirləri həyata keçirilməkdədir”

Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və humanitar həyatında böyük rola malik olan potensial qüvvə kimi öncül sahələrdən birini tutur. Bu gün ölkədə yeni nəslin və ölkənin inkişaf maraqlarını təmin etmək məqsədilə dövlət gənclər siyasəti formalaşdırılıb. “2013-2023-cü illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da gənclərimizin potensialının dünyada mövcud olan çağırışlara uyğun inkişafını təmin edərək həmin potensialın Azərbaycanın milli mənafelərinə uyğun istifadə etməkdən ibarətdir. Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılıb. Əhalinin üçdən bir hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı və əmək resursudur. Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkədə gedən proseslərin daim önündə olub. Minlərlə gəncimiz beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edib, idmançıların, yaradıcı gənclərin uğurları nəticəsində Azərbaycanın bayrağı xarici dövlətlərdə yüksəlib. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olublar. Son illər gənclərin ən böyük təşkilatlanmış kütləsi olan tələbə gənclərlə yeni səviyyəyə qaldırılıb, onların ictimai təşəbbüskarlığı və sosial həyatda iştirakı artıb. Ölkədə fəaliyyət göstərən gənclər, o cümlədən tələbə təşkilatlarının gənclərin mənəvi inkişafında mühüm rolu var. Bu gün öz fəaliyyəti ilə seçilən gənclərimiz var ki, onlardan biri də Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, ATGTİ-nın Tarix İşci Qrupunun rəhbəri, Qarabağ Mərkəzinin sədr müavini Mahmud Sadıqovdur:

 

- Bir gənc olaraq dövlətin gənclər siyasəti ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi qayğının nəticəsi olaraq, 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirliyin yaradılması gəncliyimizin inkişafına böyük bir təkan verdi. Bu qurum qısa müddətdə öz ətrafında gənclər ordusu formalaşdırdı. Gəncliyimizin bugünkü dinamik, şaxəli və davamlı inkişafı məhz bu ordunun sayəsində baş verdi. Ümummilli lider Heydər Əliyev gəncləri bir yerə toplayaraq yenidən Azərbaycan tarixində böyük bir addım atdı. Belə ki, 1996-cı ilin 2 fevral tarixində respublika gənclərinin ilk forumu keçirildi. Bu hadisə istər respublikamız, istərsə də ümumilikdə dövlətçilik tariximizdə unudulmaz bir hadisə oldu. Məhz bu tarixi hadisə tariximizə qızıl həriflərlə yazıldı. 1997-ci ilin 1 fevral tarixində isə ulu öndər Heydər Əliyevin imzaladığı fərmanla 2 fevral tariximizə Gənclər Günü kimi yazıldı. Heydər Əliyev forumda iştirak edərək gənclərin problemlərinin həlli istiqamətində özünün şəxsi tapşırıqlarını verdi. Bu forumun keçirilməsindən sonra o, bir tarixi ənənəyə çevrilib və hər üç ildən bir müntəzəm olaraq keçirilir. Belə ki, 1999-cu ildə 2-ci, 2003-cü ildə 3-cü, 2005-ci ildə 4-cü, 2008-ci ildə 5-ci və 2011-ci ildə isə 6-cı forumu keçirilib. Bu forumların keçirilməsində əsas məqsəd gənclərimizin dinamik, şaxəli və hərtərəfli inkişaflarına nail olunması istiqamətlərini müəyyən etməkdir. Dövlətimiz bu gün də, Heydər Əliyev ənənələrinə sadiqdir. Prezidentimiz İlham Əliyev gəncliyimizə qayğı ilə yanaşaraq ulu öndərin gənclər siyasətini davam etdirməkdədir. Gəncliyimizin inkişafı və onun çiçəklənməsi üçün İlham Əliyev tərəfindən bir neçə dövlət proqramları qəbul edilib. Bu proqramlara misal olaraq “Azərbaycan gəncliyi 2005-2009-cu illər”i və “Azərbaycan gəncliyi 2011-2015-ci illər”i əhatə edən iki mühüm və əhəmiyyətli proqramları göstərmək olar. Həmçinin, 2011-ci ildə ölkə başçısı tərəfindən imzalanan fərmanla yaradılmış Gənclər Fondu, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin ən parlaqbariz nümunəsidir. Çox təəssüflər olsun ki, bugünkü gənclər siyasətindən bəhrələnməyən bəzi gənclərimiz də var. Həmin gənclər onlardan istifadə edən qüvvələrin təsirləri altına düşübbugünkü məqsədə uyğun həyata keçirilən gənclər siyasətindən bəhrələnə bilmirlər. Halbuki, ürəyi Vətən eşqi ilə döyünən hər bir gənc onların inkişafı üçün yaradılmış əlverişli şəraitləri qiymətləndirməli və alqışlamalıdırlar. Səy göstərməlidirlər ki, onlar da bu şəraitdən istifadə etsinlər. Absurd vədlərə, söz-söhbətə uyan gənclərin çox hissəsi hesab edirəm ki, intellektual səviyyəsi aşağı olan gənclərdir. Həmin gənclər böyük səylərlə öz intellektual səviyyələrini qaldırmaqdansa, bəzi hallarda lazımsız mitinqlərə qoşulurlar. Mən də bir gənc kimi həmin gənclərə səslənərək demək istəyirəm ki, gəlin, uğurlu gənclər siyasətindən bəhrələnin və absurd düşüncəli insanların ətrafından uzaqlaşın. Absurd fikirdə olan insanlar ildən- ilə dirçələn gənclər siyasətini və Azərbaycanın nüfuzunu görmürlərmi? Azərbaycanın qısa zaman kəsiyində böyük nailiyyətlərə nail olmasını necə görməzlikdən gəlirlər? Hesab edirəm ki, həmin gənclərin böyük bir hissəsi absurd fikirli insanlar ətrafından uzaqlaşacaqlar və müstəqil dövlətçiliyimiz uğurunda səylərini artıracaqlar. Ümummilli lider Heydər Əliyev deyib ki, “kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın”. Bu dahiyanə kəlmə hər bir gəncin ürəyinə əbədi olaraq yazılmalı və hər kəs qeyd-şərtsiz bu kəlama riayət etməlidir. Gənclərimiz unutmamalıdır ki, dövlətin gənclər siyasəti onların mənəvi inkişafında mühüm rol oynayır.

- ATGTİ-nin ötən müddət ərzində gördüyü işlər barədə nə deyə bilərsiniz?

- ATGTİ-nin fəaliyyəti o qədər zəngin və şaxəlidir ki, onun fəaliyyətini sözlə ifadə etmək çətindir. Bu haqda cildlərlə kitablar yazmaq olar. Təsəvvür edin ki, bir gündə bir neçə layihə həyata keçirilirbunu yadda saxlamaq çətindir. Ümumi şəkildə ATGTİ-nin ötən müddət ərzində fəaliyyəti təqdirəlayiqdir. Belə ki, ölkə daxilində ölkə miqyaslı layihələr və dünya miqyasında isə dünya səviyyəli layihələr həyata keçirib və iştirakçısı olub. Bu isə gəncliyimizin inkişafına müsbət təsir göstərir. ATGTİ elə bir idarə strukturuna malikdir ki, onun yerlərdəki TGT-ləri də layihələr həyata keçirir. Həmçinin TGT-nin nəzdində tələbələrin özlərinin layihələri də həyata keçirilir. Əvvəlki müddətdə olduğu kimi ötən müddət ərzində də ATGTİ-nin fəaliyyəti uğurlu olub.

- Gənclərin bu təşkilatda birləşməsi, eləcə də digər gənclər təşkilatları ilə əlaqələri istiqamətində hansı addımlar atılır?

- Öncə nəzərinizə çatdırım ki, bizim təşkilatın hər bir aliorta ixtisas təhsil müəssisələrində Tələbə Gənclər təşkilatları fəaliyyət göstərir. Bu da həmin təhsil müəssisələrindəki tələbələrin təşkilatlanmasında, onların bizim mərkəzi ittifaqa qoşulmasında təkanverici amil rolunu oynayır. TGT-lər hər il öz ətrafına yeni üzvlər qəbul edir. Bu da ümumilikdə bizim təşkilatın üzvlərinin formalaşmasına və həmin təhsil müəssisələrindəki gənclərlə sıx əlaqə qurulmasına gətirib çıxarır. Üzv olmuş gənclər bizim layihələrlə daha yaxından tanış olurlar. Əlbəttə ki, burada üzv olmamış gənclərdə iştirak edə bilərlər. Üzv olmuş gənclər əsasən idarə heyətinə seçilə bilərlər. Üzv olmayan gənclərin isə belə bir seçim imkanları məhduddur. Digər gənclər təşkilatlarına gəldikdə isə onlar da gənclərin öz təşkilatlarına cəlb edilməsində müxtəlif aspektlərdə tədbirlər həyata keçirir. Bu gün gənclərimiz üçün yaradılmış şəraitlərdən biriodur ki, bir gəncimiz bir təşkilata üzv olmaqla yanaşı, digər bir təşkilatda da fəaliyyət göstərə bilər. Dövlətimiz tərəfindən də həyata keçirilən gənclər siyasətində gənclərin gənclər təşkilatlarına cəlb edilməsində çox mühüm addımlar atılıb. Demək olar ki, bu gün gənclər təşkilatlarında xeyli gənclərimiz ictimai sektordakı fəaliyyətləri ilə seçilməkdədir. Gənclərin təşkilatlara daha da cəlb edilməsində təşkilatlar tərəfindən davamlı şəkildə motivasiya tədbirləri həyata keçirilməkdədir. Belə ki, onların asudə vaxtlarının təşkili, intellektlərinin yüksəldilməsi, idmanla məşğulluq qabiliyyətinin artırılması və s. kontekstdə aparılan və həyata keçirilən layihələr gənclərin həmin təşkilatlar ətrafında sıx birləşməsinə gətirib çıxarır. Bu layihələrdə əlbəttə dövlətin rolu danılmazıdır.

- Gələcək planlarınız barədə nə deyərdiniz? Hansı yeni layihələriniz var?

- Gələcəkdən danışmaq bir az çətindir. Ancaq gələcəkdəki planlarımız da gəncliyimizin inkişafına yönəldiləcək. Özümün rəhbərlik etdiyim ATGTİ-nin Tarix İşci Qrupunun fəaliyyətindən danışmaq istərdim. Bizlər tək tarixi yox, digər mövzularda da tədbirlər planlaşdırırıq. İnşallah, gələcək planlarımız baş tutduqca doğma qəzetimiz olanPalitrada bunu oxucu kütləsi üçün işıqlandırarıq.

 

Nigar Abdullayeva

Palitra.-2014.-21 noyabr.-S.11.