Vaşinqtonda “Əsrin müqaviləsi” ilə bağlı tədbir keçirilib

 

Müstəqil Azərbaycanın təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli enerji siyasətinin başlanğıc nöqtəsi kimi qəbul edilən 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” eyni zamanda Azərbaycanın iştirakı ilə regional və beynəlxalq miqyasda uğurlu əməkdaşlıq və tərəfdaşlığın bir tərənnümünə çevrilib.

Dövrün mürəkkəb şərtlərinə baxmayaraq, Azərbaycanın gələcəyinə inam nümayiş etdirən tərəfdaş dövlətlərin dəstəyi və nüfuzlu enerji şirkətlərinin iştirakı ilə Bakıda imzalanmış bu tarixi saziş 20 il sonra belə öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Sazişin imzalanmasının 20 illiyi ərəfəsində onun qazandığı zəfəri və bu zəfəri təmin etmiş beynəlxalq tərəfdaşlığı qeyd etmək məqsədilə Vaşinqtonun ən möhtəşəm mədəniyyət ocağı olan Kennedi Mərkəzində tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyi, BP şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan bu tədbirdə Obama administrasiyasının təmsilçiləri, o cümlədən, ABŞ Dövlət DepartamentiEnerji Departamentinin yüksək rütbəli rəsmiləri, bir sıra Konqres üzvləri, Vaşinqtondakı diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin açılış bölümündə çıxış edən natiqlər ardıcıl olaraq, “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti, onun uğurlu icrası və yol açdığı digər əməkdaşlıq layihələri barədə danışıb və əldə olunmuş nailiyyətləri təqdir ediblər. Səfir Elin Süleymanov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qətiyyətli rəhbərliyi altında “Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzər regionunun enerji ehtiyatlarının beynəlxalq bazara çıxış qazanması istiqamətində mühüm addım atıldığını vurğulayıb və bu istiqamətdə növbəti tarixi bir hadisənin qarşıdan gələn günlərdə, sentyabrın 20-da Bakıda keçiriləcək “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş verəcəyini bəyan edib. O, həmin gün Bakıda Cənub Qaz Dəhlizinin təməlatma mərasiminin keçiriləcəyini və bu əlamətdar hadisənin bütün region və iştirakçı dövlətlər üçün yeni bir eranın başlanğıcı olacağına inamına ifadə edib. ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri, sabiq konqresmen Bil Delahant və icraçı direktoru Süsən Sadıqova “Əsrin müqaviləsi” və onun Azərbaycan və regionumuzun inkişafına verdiyi töhfə barədə danışıb.

Tədbirdə çıxış edən ABŞ Konqresinin üzvləri Cim Moran, Ruben Hinoyoza, Andre Karson, Henri KuellarDonald Peyn ilk növbədə ABŞ-Azərbaycan münasibətlərinin inkişafına dəstəklərini səsləndirib, ölkəmizin regionda tutduğu lider rolu qeyd edib və Azərbaycan xalqını “Əsrin müqaviləsi” nəticəsində əldə olunmuş uğura görə təbrik ediblər. İlk dəfə Azərbaycana 20 il öncə, “Əsrin müqaviləsi”nin imzalanmasından əvvəl səfər etdiyini deyən Cim Moran bu müddət ərzində ölkəmizin inanılmaz bir inkişaf yolu keçdiyini deyərək, hər kəsi Azərbaycana səfər etməyə çağırıb. Ruben Hinoyoza Azərbaycan Respublikası Prezidentininqara qızılı insan qızılına” çevirmək devizi altında həyata keçirilən fəaliyyətləri təqdir edib. Andre Karson Azərbaycanın Avropanın enerji təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirib. Bundan əlavə, Pit Qaleqo, Mayk FitçpatrikStiv Stokman kimi konqresmenlər tədbirə qatılmaqla, Azərbaycana öz dəstəklərini nümayiş etdiriblər.

Tədbirin təşkilatçılarından biri BP şirkətinin nümayəndəsi, Cənub Qaz Dəhlizinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə vitse-prezidenti Co Mörfi və eləcə də Trans-Adriatik qaz kəmərinin (TAP) xarici işlər üzrə direktoru Maykl Hofman vaxtilə “Əsrin müqaviləsi” haqqında səsləndirilmiş pessimist proqnozlara baxmayaraq, onun uğurla icra edildiyini bildirib və qarşıdan gələn günlərdə təməli atılacaq Cənub Qaz Dəhlizinin də eyni uğur qazanacağına inamlarını bəyan ediblər.

ABŞ Administrasiyası adından çıxış edən Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Amos Hokştayn, Enerji nazirinin köməkçisi Conatan Elkaynd və dövlət katibinin AvropaAvrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin öz növbələrində “Əsrin müqaviləsi”nin bağlanması və həyata keçirilməsinə ABŞ-ın verdiyi həlledici və davamlı dəstəyi xatırladıb və bu layihənin ABŞ və Azərbaycan arasında möhkəm əməkdaşlığa dəlalət etdiyini göstəriblər. “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi ilə münasibətilə Bakıda keçiriləcək tədbirə qatılacaq Amos Hokştayn və 20 il öncə Bakıda tarixi mərasimin iştirakçısı olmuş Conatan Elkaynd Cənub Qaz Dəhlizi layihəsinin geniş perspektivlərini qeyd ediblər. Erik Rubin isə öz növbəsində ABŞ-ın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti vurğulayaraq, bu münasibətlərin konstruktiv tərəfdaşlıq və qarşılıqlı hörmət, anlaşma və dəstək üzərində qurulduğunu bəyan edib.

Tədbir daha sonra Azərbaycanın istedadlı caz pianoçusu Emil Əfrasiyabın səsləndirdiyi musiqi nömrələri və "İpək Yolu" rəqs qrupunun ifa etdiyi Azərbaycan milli rəqsləri ilə davam edib.

 

Tural

 

Palitra. - 2014.-  19 sentyabr.- S. 5.