“Xaricdə təhsil alan tələbələrimizin Vətənə ixtisaslı kadr kimi dönməsi vacib şərtdir”

Samir Orucov: “Məhz bu kimi yollarla dövlətimizi iqtisadi və sosial yöndən daha da güclü edə bilərik”

 

Xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdırlar”

Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə də dünyanın qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək məqsədilə bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər. Ölkəmizdə də bu istiqamət hər zaman prioritet olub. Azərbaycanlılar da pərakəndə şəkildə tarixinin müxtəlif çağlarında xaricdə təhsil alıblar. Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra da bu məsələ yenidən diqqət mərkəzində olub. Bu gün Azərbaycanın iqtisadiyyat sektorunda olduğu kimi elm, təhsil və mədəniyyət sahələrində də geniş inteqrasiya prosesləri müşahidə olunur. Elm və təhsil sahələrində tədqiqatçı, müəllim və tələbələrin mübadiləsi geniş vüsət alıb. Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini qoyur. Bütün bunlar dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması zərurətini meydana gətirib. Bu gün artıq gənclərimiz dünyanın müxtəlif ali təhsil ocaqlarında təhsil alır. Müsahibimiz Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy Universitetinin İktisadi İdari Bilimler Fakültəsinin Menecment bölümünün 1 kurs tələbəsi Samir Orucovdur:

-Mən 1989-cu il may ayının 6-da Bakı şəhərində anadan olmuşam. 1996-cı ildə Bakı şəhəri Sabunçu rayonu 68 saylı orta məktəbin 1 sinfinə getmişəm. 2004-cü ildə isə Nizami rayonu Kimya-biologiya təmayüllü Respublika liseyinə daxil oldum. 2007-ci ildə oranı bitirdikdən sonra “Caspian Plaza”da Real Express poçt xidmətində ofis meneceri vəzifəsində çalışmışam. 2008-ci ildə isə ARDNŞ-in tərkibində Mənzil Kommunal Xidmətləri Departamentində operator vəzifəsində çalışmağa başladım. 2012-ci ildə isə Türkiyədə oxumaq qərarına gəldim. Beləliklə, Türkiyə Cümhuriyyətinin Burdur şəhərində Mehmet Akif Ersoy Universitetinin İktisadi İdari Bilimler Fakültəsinin Menecment bölümünün 1 kurs tələbəsi adını qazandım. Hazırda Mehmet Akif Ersoy Universitetinin 133 Yabancı uyruklu öyrencilerin və TDAT-ın sədriyəm.

- Təhsil aldığınız universitetdə tələbələr üçün yaradılan şəraitlə bağlı nə deyərdiniz?

- Oxuduğum bu ali təhsil ocağında ilk xarici tələbələr bizik. Universitetdə təhsil şəraiti qənaətbəxşdir. Universitetin rahat otaqları, kitabxanası, idman zalı, yeməkxanası var. Təhsil almaqla yanaşı, universitetin sosial həyatında yaxından iştirak etmək, başqa ölkələrdən olan tələbə yoldaşlarımla zaman keçirmək, onların mədəniyyətini, dünya görüşlərini analiz edib dəyərləndirməyi sevirəm. Tələbələr üçün hər şərait var. Dünyanın 150 dən çox kitabxanasına online giriş, ən yeni elmi məqalələrlə tanış olmaq imkanımız var. Bundan əlavə müasir yataqxana və Avropa standartlarına tam cavab verən yeməkxanamız mövcuddur. Burada tələbələr özlərini evlərindəki kimi hiss edirlər.

- Oradakı tələbələri Azərbaycan haqqında necə məlumatlandırırsınız?

- Təbii ki, bizim üçün ən əsası torpaqlarımızın bu gün erməni işğalı altında olduğunu və o torpaqların əzəli və əbədi Azərbaycan torpaqları olduğunu, bu istiqamətdə bütün reallıqları dünya ictimaiyyətinə, eləcə də həmyaşıdlarımıza, Türkiyə gəncliyinə çatdırmaqdır. Biz buradakı gənclərə Azərbaycanın böyük tarixi, mədəniyyəti ilə bağlı məlumat veririk. Universitetimizdə Türkiyə Cümhuriyyəti vətəndaşları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən tələbələr təhsil alır. Mən tez-tez onlarla həm universitet daxilində, həm də kitabxanada görüşürəm. Onlara Azərbaycanın mədəniyyəti, Qarabağ müharibəsinin səbəbləri və nəticələri haqqında, Xocalı, 20 Yanvar faciələri haqqında danışıram. İmkan düşdükcə, onlara Azərbaycandan kitablar aparır, azərbaycan dilli internet saytlarını paylaşıram. Tələbələrin əksəriyyəti mənimfacebookdostlarımdır. Sosial şəbəkə vasitəsilə Azərbaycanda baş verən mühüm hadisələri onlarla bölüşürəm. Tələbə dostlarım Azərbaycanın tarixi, ədəbiyyatı, idmançıları, o cümlədən şahmatçıları, musiqisi və mətbəxi ilə bağlı məlumatları çox bəyənirlər. Biz tez-tez birlikdə idman oyunlarına, xüsusən də azərbaycanlı futbol, güləş və voleybol komandalarının oyunlarına baxırıq. Bütün bunlar dostlarımın Azərbaycan haqqında məlumatlarını daha da artırır. Bu bir faktdır ki, hazırda bizim gənclərimiz dünyanın istənilən ölkəsində Azərbaycanı layiqincə təmsil edirlər. Son illər diaspor fəaliyyətimizin daha da güclənməsində, onların aktiv olmasında gənclərin də mühüm rolu var. Çünki diaspor Azərbaycanı xarici ölkədə təmsil edir, onun reallıqlarını çatdırır, ölkəmizi təbliğ edir. Başqa xalqların ölkəmizlə bağlı bilmədiklərini onlara daha düzgün çatdırırlar. Bizim hər birimiz diaspor olaraq ölkəmizin dünyada tanınmasına, reallıqlarının çatdırılmasına, təbliğinə çalışmalıyıq.

Onu da qeyd edim ki, dövlətimizin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz kifayət qədər tanınır. Bununla yanaşı, burada ölkəmizin mədəniyyət günlərini təşkil edir, şəhərlərimizin və turizm potensialımızı göstərmək məqsədi ilə müxtəlif seminarlar təşkil edirik. Yerli əhalinin bizlərə qarşı münasibəti çox gözəldir. Burada hər kəs bizimlə mehriban davranır, insanları gülərüzlü və səmimidir. Köməyə ehtiyac duyulduğunda hər kəs əlindən gələni əsirgəmir.

- Ölkəmizdə gənclər üçün xaricdə təhsil imkanlarının yaradılmasını necə qiymətləndirirsiniz?

- Prezidentimizin uğurlu gənclər siyasəti onun məhz daim gənclərin yanında olduğunun bariz nümunəsidir. “Təhsil ölkənin gələcəyidir”- deyib ulu öndərimiz. Ümumiyyətlə, xaricdə təhsilə olan ümummilli lider qayğısı bu gün də ölkə başçısı tərəfindən davam etdirilir. Belə ki, Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə” ölkə başçısı tərəfindən sərəncam imzalanıb. Xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdırlar. Biz gənclər də daim ölkəmizin inkişafı naminə çalışmalıyıq və bizim təhsilimizə qoyulan sərmayəni, əziyyəti, ən əsası da inamı boşa çıxarmamalıyıq. Daim ölkəmizin adını dünya səviyyəsində tanıtdırmalıyıq. Ölkəmizdə həm Təhsil Nazirliyinin, həm özəl şirkətlərin, həm də beynəlxalq humanitar təşkilatların xətti ilə xarici ölkələrin aparıcı universitetlərində təhsil alıb ixtisaslı mütəxəssis kimi yetişmək imkanı yaranıb. Ölkə başçımızın gənclərimizə göstərdiyi diqqət, qayğısını və ümumiyyətlə, bu istiqamətdə həyata keçirildiyi tədbirləri yüksək qiymətləndirirəm. Xaricdə təhsil alan hər bir gənc həmin ölkənin xaricdəki nümayəndəsidir və diasporun məncə ən əsas aparıcı qüvvəsidir. Mənim fikrimcə, təhsilli bir gənc təhsilsiz və yalnızca o ölkəyə maddi qazanc üçün gedənlərdən daha ətraflı ölkəsini tanıda bilər. Bu gün ölkəmiz inkişaf edib, sürətli iqtisadi inkişafı göz qabağındadır və yetərincə büdcəsi var. Bu baxımdan ümid edirəm ki, ölkəmizin xaricdəki tələbələrə dəstək olmaq imkanı da var. Ulu öndərimizin dediyi kimi biz gənclər ölkənin gələcəyiyik. Təbii ki, buna müvafiq olaraq güclü təhsil almamız və Vətənə ixtisaslı bir kadr kimi dönməmiz vacib şərtdir. Azərbaycan təhsili ilə yanaşı, Avropa təhsil sistemini öyrənmək, tələbələrimizin analitik düşüncə qabiliyyətini artırır. Müxtəlif mədəniyyətləri öyrənərək onlarla birliyində effektiv nailiyyətlər əldə etmək üçün xaricdə təhsil almaq önəmli məsələdir. Məhz bu kimi yollarla dövlətimizi iqtisadi və sosial yöndən daha da güclü edə bilərik. Bu kimi fəaliyyətimizdə bizə yardım göstərdiyi üçün dövlətimizə və şəxsən Prezidentə öz dərin minnətdarlığımı bildirirəm.

Nigar Abdullayeva

Palitra.-2014.-9 yanvar.-S.5.