NDU-da növbəti elektron imtahan

Naxçıvan Dövlət Universitetində artıq 2012-ci ildən elektron imtahanın müvəffəqiyyətlə keçirilməsi semestr imtahanlarında tətbiq olunan bu yeniliyin dünya təhsil sisteminə inteqrasiya, tədrisdə müasir texnologiyaların tətbiqi baxımından zəruriliyini bir daha sübut edir.

Universitetin rektoru, professor Saleh Məhərrəmov imtahan prosesi ilə tanış olaraq tələbələrə uğurlar arzu edib. Elektron imtahanların tətbiqi ilə bağlı tələbələrin arzu və təkliflərini öyrənib. Qeyd olunub ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbənin öz biliklərini operativ şəkildə sərgiləməsi, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. Elektron Təhsil Şöbəsinin müdiri Hüseyn Qasımov və elektron təhsil şöbəsinin əməkdaşları imtahanlarda yaranan texniki problemləri yerindəcə həll edir.

Qeyd edək ki, tələbələr müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra, tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumat əldə edə bilir. Elektron imtahanların gedişində ciddi texniki problemlərə, neqativ hallara rast gəlinməyib, şikayətlərə baxılması və obyektiv həlli məqsədilə appelyasiya komissiyası yaradılıb. Semestr imtahanlarının yeni üsulla keçirilməsi özünü doğrultduğuna görə artıq universitetin müxtəlif kafedraları bütünlükdə elektron test üsulu ilə imtahanlara keçmək üçün müraciət edib, bununla bağlı müvafiq hazırlıq işlərinə başlanılıb. Gələcəkdə imtahan fənlərini daha dolğun əhatə etmək məqsədilə sualların artırılması və təkmilləşdirilməsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, qış semestr imtahanları ərzində universitetin I və II kurslardan olan 2143 nəfər tələbəsi elektron test üsulu ilə 700 imtahan verəcək.

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

Palitra.-2014.-11 yanvar.-S.5.