“Gənclərin müraciət etdikləri yeni üslublarda Azərbaycan musiqisi üçün kəşflər var”

Professor Firəngiz Əlizadə: “Mən arzu edirəm ki, gənc bəstəkarlar həm ənənəyə üstünlük versinlər, həm də Azərbaycan musiqisində yeni kəşflər etsinlər”

Müsahibimiz Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadədir:

- Firəngiz xanım, keçən 2013-cü il Bəstəkarlar İttifaqının fəaliyyəti tarixində nə ilə yadda qaldı?

- Həm Azərbaycan, həm də Bəstəkarlar İttifaqı üçün çox uğurlu oldu. Böyük musiqi hadisələri oldu. Bütün sahələrdə uğurlar əldə etdik. Mən musiqi haqqında danışmaq istəyirəm. Bu baxımdan Bəstəkarlar İttifaqı bir neçə beynəlxalq həcmli festivalların təşəbbüskarı və təşkilatçısı olub. Ötən ilin mədəni hadisələrindən biri də ulu öndərin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərin həyat keçirilməsi idi. Ənənəvi olaraq öncə “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusunda elmi konfrans keçirdik. Bu elmi konfransda ulu öndərimizin 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında çıxışı anıldı, bugünkü gündə dediyi sözlərin aktuallığı təhlil olundu. Daha sonra bununla əlaqədar bir neçə silsilə konsertlər həyata keçirdik. Ulu öndərə həsr olunan və onun sevdiyi əsərlərdən ibarət olan konsertlər təşkil olundu. Konsertlər janr baxımından müxtəlif səpkidə təşkil olundu. Bunlar mahnı konserti, kamera instrumental konserti və Azərbaycan bəstəkarlarının ulu öndərə həsr etdikləri simfonik əsərlərinin konsertidir.

Bundan başqa ötən il ölkəmizdə prezident seçkiləri keçirildi və bu seçkidə də hörmətli Prezidentimiz cənab İlham Əliyev uğurla yenidən ölkə başçısı seçildi. Bununla əlaqədar sentyabr ayında Azərbaycan Bəstəkarlar İttifaqında ümumi iclasımız keçirildi və bəyanat qəbul olundu ki, biz hamımız yekdilliklə səsimizi cənab Prezidentə veririk. Bu, siyasətlə bağlı olan hadisələrdir.

Ancaq musiqi ilə bağlı isə III Muğam Aləmi festivalı keçirildi. Bu festivalı əvvəlki festivallardan fərqləndirən xüsusiyyət isə konsertin açılış mərasiminin Heydər Əliyev Mərkəzində baş tutması idi. Deyərdim ki, bu konsert yeni ahəngdə, yeni üslubda keçirildi və Muğam Mərkəzində 7 gün ərzində 7 muğamımızın hamısı dəskah olaraq səsləndi. Çox böyük festival həyata keçirildi və 9 gün davam etdi. Bu festivalda 25 ölkədən qonaqlar dəvət olunmuşdu. Onlar həm simpoziumda, həm də müsabiqənin münsiflər heyətində iştirak etdilər. Festival çərçivəsində keçirilən konsertlər, müsabiqə və simpozium tədbirləri ilə geniş xarakter daşıyırdı.

Bundan başqa yay aylarında gənc bəstəkarların yaradıcılığından ibarət plenum keçirdik. Bu proqramda yalnız gənc bəstəkarların əsərləri yer almışdı. Plenumda həm ittifaqın gənc üzvlərinin, həm də ittifaqa hələ üzv olmayan gənc bəstəkarların əsərləri ittifaqın konsert salonunda səsləndi. Bundan əlavə konsertdə Bəstəkarlıq fakültəsində oxuyan tələbələr üçün də şərait yaradıldı ki, yeni bəstələdikləri əsərlərini təqdim edə bilsinlər. Plenumda çox maraqlı bir proqram alındı və burada böyük panorama yarandı ki, bu gün bizim gənclərimiz hansı üslubda çalışır və maraqları hansı yöndədir. Mən keçirilən plenumu yüksək dəyərləndirirəm. Burada təkcə gənc bəstəkarlara diqqət edilmirdi. Çünki plenumda ön söz gənc musiqişünaslara verildi ki, gənc musiqişünasın həmkarı olan bəstəkarın yaradıcılığı haqqında mülahizələrini və fikirlərini bilək.

Plenum bitdikdən sonra dəyirmi masa keçirildi. Burada gənc dirijorların, əsərlərin ifaçılarının, bəstəkarların, həm də musiqişünasların konsert haqqında rəyləri öyrənildi, maraqlı diskussiyalar oldu. Diskussiya nəyi göstərdi? Diskussiya göstərdi ki, gənc bəstəkarlarımız hər zaman fəaldırlar, çalışırlar və hər bir gənc musiqiçinin Azərbaycan musiqisinə öz təəssüratları və müxtəlif baxışlarının olduğunu gördük. Mən deyərdim ki, plenumda təqdim olunan əsərlərin heç biri zəif deyildi. Bu, çox sevindirici haldır. Təbii ki, hər gün Ü. Hacıbəyli, Q, Qarayev, F. Əmirov dünyaya gəlmir. Mən bu gün gənc bəstəkar haqqında dahi deyə bilmərəm. Hər bir gənc musiqiçinin xüsusi istedadı var və onlar zaman-zaman öz sözlərini sənət dünyasında deyəcəklər. Bir musiqiçi olaraq Fərid Fətullayev, Türkər Qasımzadə, Tahir İbişov, Ayaz Qəmbərli, Ceyhun Allahverdiyev, Xədicə Zeynalova, Pikə Axundova, Kəmalə Əlizadə, Rüfət Xəlilov kimi istedadlı gənc bəstəkarlarımızın adını çəkə bilərəm ki, onlar Azərbaycan musiqi mədəniyyətinin gələcək nümayəndələridir.

-Sizcə, bu gün gənc bəstəkarlar əsərlərində klassikaya üstünlük verirlər, yoxsa müasir üslublara?

- Bu mövzu ətrafında ötən il keçirdiyimiz dəyirmi masada böyük diskussiya oldu. Bizim görkəmli musiqişünaslarımız dəyərli mühazirələr söylədilər. Onlar haqlı olaraq iki üslubu xüsusi qeyd etdilər. Birinci Azərbaycan musiqisinin tarixinə, inkişafına xas olan ənənəvi üslubdan söhbət açıldı ki, gənclər bu yolla yazıb-yaradırlar. Digər üslub isə modern və avanqard üslubdur ki, bunlara kəskin surətdə maraq var. Lakin uğurlar daha az qazanılır. Çünki bu istiqamət çox çətindir. Bir var müəllimin sənə yol göstərir və sən həmin yolu inkişaf etdirirsən. Bu seçkin yoldur. Digər üslub çox çətindir.

Çünki avanqard və modern üslub axtarışı sevir. Lakin burada kəşflər çox azdır. Ola bilər ki, gənclərin müraciət etdikləri yeni üslublarda Azərbaycan musiqisi üçün kəşflər var. Ancaq mən dünya musiqisinə yaxından bələd olduğum üçün bu kəşflərin şərti xarakter daşıdığını görürəm. Bəlkə də, bu, bəstəkar üçün bir kəşf sayıla bilər. Lakin belə yönlü musiqilər dünya bəstəkarları arasında çox yazılıb.

Mən arzu edirəm ki, gənc bəstəkarlar həm ənənəyə üstünlük versinlər, həm də Azərbaycan musiqisində yeni kəşflər etsinlər. İstəməzdim ki, Azərbaycan musiqisi öz gözəlliyini, milliliyini, xüsusiliyini, özünəməxsus intonasiyasını itirsin. Görürəm ki, gənc bəstəkarlarımız bu yolla getməyə can atır. Lakin bəzi gənclərdə bu alınır, bəziləri isə axtarışdadır. İstedadsız və zəif bəstəkarlar müşahidə etmədik.

-Bu yaxınlarda professor Həcər Babayevanın görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığı haqqında kitabı nəşr olunub. Bu kitab haqqında fikirlərinizi bilmək istərdik.

- Azərbaycanın ilk qadın bəstəkarı və dahi Üzeyir bəy Hacıbəylinin sevimli tələbələrindən biri olan Ağabacı Rzayevanın 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə həyata keçirdikləri 100 illik yubileyi R. Behbudov adına Mahnı Teatrında yüksək səviyyədə qeyd olundu.

Ötən ilin sonunda hörmətli musiqişünas, bir neçə monoqrafiyanın müəllifi, professor Həcər xanım bu kitabı ərsəyə gətirdi. Çox çətin proses oldu. Ona görə ki, Ağabacı xanım haqqında tarixi sənədlər çox az idi. Mən deyərdim ki, bu kitabı hazırlamaq Həcər xanım tərəfindən bir fədakarlıq idi. Çünki o, Ağabacı Rzayeva haqqında olan sənədlərin hamısını çox çətinliklə, damla-damla toplayıb əldə edib. Mən ona çox minnətdaram ki, bizim mərhum həmkarımız, Azərbaycanın ilk qadın bəstəkarlarından olan Ağabacı Rzayeva haqqında bir kitab hazırlayıb. Təbii ki, o, daha böyük kitablara layiqdir. Mən inanıram ki, onun haqqında daha böyük kitablar yazılacaq. Mən üçün ən önəmlisi odur ki, onun musiqisi həmişə səslənir və biz onun musiqisini sevirik. Bu konsert də bunu bir daha sübut etdi.

- Firəngiz xanım, bir az da yaradıcılığınıza nəzər salmaq istərdik . Azərbaycanın incəsənətində sizin xüsusi rolunuz var. Bu gün yaratdığınız əsərlərin çoxunda nədən ilham alırsınız?

- Bilirsiniz, bəstəkarın işi musiqi yazmaqdır. İlham isə gəlməyə də bilər. Amma peşəkar bəstəkar onu gözləməməlidir. Həmişə fəal və axtarışda olmalıdır. Bu təbii ki, çətindir və bəhrələri də müxtəlif olur. Amma mən belə hesab edirəm ki, 2013-cü il mənim üçün çox uğurlu oldu. Ona görə ki, dünyanın ən gözəl virtuoz skripka ifaçısı olan amerikalı Hillari bütün dünyada mənim “İmpuls” əsərimi ifa edib. İlk dəfə bu əsəri yanvar ayının 3-ü İstanbulda ifa edib və daha sonra bütün dünyada bu əsərlə çıxış edib. Artıq mənə skripka və orkestr üçün yeni konsert sifariş edib. Bundan başqa mənim “Sənin adın dənizdir” adlı operamın 2011-ci ildə Amerikanın Hyuston şəhərində premyerası keçirildi. İndi bu operanı Çikaqo şəhərində hazırlayırlar. Bu çox gözəl bir faktdır. Bundan başqa bu yaxınlarda Sankt-Peterburqdan qayıtdım. Orada keçirilən böyük mədəniyyət forumunda bir çox tanınmış bəstəkarların əsərləri ilə yanaşı, mənim də əsərlərim ifa olundu. Bu yaxınlarda bizim gənc ifaçılarımız da bu əsərləri bizim zalımızda ifa etdilər. Bəlkə də, onların ifa etdikləri kimi olmadı. Amma istəyi və enerjisi məni çox ruhlandırdı. Yeni planlarım var. Qismət olsa, onları da işləyəcəyəm.

- Bəstəkarlar İttifaqının 2014-cü il üçün nəzərdə tutduğu layihələri varmı?

- Təbii ki, artıq bizim hər yay keçirdiyimiz ənənəvi Şəki festivalımız var. Keçən il dördüncüsü keçirilən bu festival çox uğurlu alındı. Bu il isə, festivalın kiçik yubileyi keçiriləcək. Ona görə də, bu festivala ciddi hazırlaşırıq. Bu festivalın çərçivəsi daha da genişlənir və biz çox böyük kollektivlərin gəlməsini gözləyirik.

Bundan başqa, 2014-cü ilin ən böyük hadisəsi Bəstəkarlar İttifaqının 80 illik yubileyidir. Bu çox böyük bir tarixdir. Çünki dahi Üzeyir bəyin xeyir-duası ilə yaradılan bir qurumdur. Siz bura gələndə onun heykəlini görürsünüz. Çünki Üzeyir Hacıbəyli buranın təməlini qoyub. Ona görə də bizim bütün tədbirlərimiz onun adı ilə bağlıdır və 80 illik yubileyimizi çox yüksək səviyyədə keçirmək niyyətimiz var. Xaricdən qonaqlarımız gələcək. Özəlliklə bu tədbir üçün yeni əsərlər yazılır. İstəyirəm ki, simfonik orkestrin konsertində yeni əsərlər ifa olunsun. Hamı bilsin ki, Azərbaycan bəstəkarları fəaldır və daim axtarışdadır. Bu yubiley konsertləri təkcə klassikanı sərgiləməsin, bizim yeni kəşflərimizi də sərgiləyə bilsin.

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-14 yanvar.-S.13.