Şura 2013-cü illə bağlı hesabatını açıqladı

“Park-İnn” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 2013-cü ildə QHT-lərin fəaliyyəti ilə bağlı hesabat tədbiri keçirdi. Tədbirdə QHT və media nümayəndələri iştirak edirdilər.

Tədbirin əvvəlində şura sədri, millət vəkili Azay Quliyev bildirdi ki, 2013-cü ildə şuranın fəaliyyəti çox məhsuldar olub: “Çalışmışıq ki, dövlətin QHT-lərə verdiyi dəstəyi yüksək formada təmin edək. Bu yaxınlarda ölkə başçısının dəstəyi ilə qəbul olunanİctimai iştirakçılıq haqqında” yeni qanun isə ölkədə vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələ oldu”. Daha sonra şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov tərəfindən ötən il şuradan maliyyələşən QHT-lərin reallaşdırdığı layihələrin nəticələrinə həsr olunmuş hesabat dinlənildi. Bildirildi ki, ötən il şura yerli və xarici QHT-lərin layihələrini maliyyələşdirmək məqsədilə üç maliyyə yardımı müsabiqəsi elan edib. Maliyyələşdirmə istiqamətləri üzrə tərtib edilən mövzular əvvəlki illərdə olduğu kimi, yenə də Azərbaycanın mövcud reallıqlarını əhatə edib, cəmiyyət üçün aktual problemlərin həllinə yönəlik təşəbbüslərin dəstəklənməsinə yönəlib. Bu il yerli QHT-lərin şura tərəfindən dəstəklənmiş 474 layihəsinin maliyyələşdirilməsinə 3 414 632 manat vəsait ayrılıb. Birinci müsabiqədə insan hüquq və azadlıqları, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial problemləri, elm, təhsil, mədəniyyət məsələləri, ailə institutunun möhkəmləndirilməsi, gənclər, uşaq problemləri, səhiyyə, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı işlər, Azərbaycan mədəniyyətinin xaricdə təbliği kimi vacib mövzular yüzlərlə QHT tərəfindən prioritet seçilib. Məət zorakılığına və insan alverinə qarşı mübarizə, eləcə də gənclər arasında narkomaniya və ziyanlı vərdişlərlə mübarizə problemlərinə həsr olunmuş layihələrin sayı ictimai aktuallıq kəsb edən mövzular sırasında 2013-cü ildə keçən illərdəkinə nisbətən artıb. 2013-cü ilin 1-ci və 2-ci maliyyə yardımı müsabiqələrində maliyyələşən layihələr çərçivəsində "Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlər" və "İctimai əhəmiyyətli nəşrlərin dəstəklənməsi" istiqaməti üzrə 10 təşkilat tərəfindən xarici ölkələrdə 21 tədbir, bir təşkilat tərəfindən Bakı şəhərində 3 dəyirmi masa və 1 teledebat keçirilib, 10 kitab nəşr edilib, 1 sayt hazırlanıb. Ümumilikdə bu layihələrə 124 500 manat vəsait ayrılıb. Şuranın elan etdiyi ikinci maliyyə müsabiqəsi də əvvəlki müsabiqələrdən həm mövzu etibarı ilə, həm də onların icra metodologiyası ilə seçilib. Əsasən kütləvi təbliğat formalarını nəzərdə tutan maarifləndirmə tədbirləri, xüsusilə əhalinin gündəlik həyatında aktuallıq kəsb edən, eləcə də, yeni qəbul edilmiş qanunların təbliği müsabiqənin əsas qayəsini təşkil edib. Bu müsabiqədə günümüzün ən vacib problemlərindən olan ərzaq təhlükəsizliyi məsələləri, həmçinin kənd təsərrüfatında ekoloji təmiz-orqanik məhsulların yetişdirilməsi, genetik modifikasiya olunmuş məhsullara qarşı mübarizə tədbirləri də QHT-lər tərəfindən prioritet layihə fəaliyyəti istiqamətləri kimi seçilib. 2013-cü ildə şura ilk dəfə milli donor olaraq həm də bir sıra xarici QHT-lərin Azərbaycanla, insan hüquqları və demokratik dəyərlərlə bağlı layihələrini maliyyələşdirməyə başlayıb. 15 ölkənin QHT-ləri üçün elan edilmiş maliyyə yardımı müsabiqəsi şuranın beynəlxalq fəaliyyətində ilk təcrübə olsa da, müvəffəqiyyətlə keçirilib. Bu layihələrin əsas mövzuları kimi Xocalı soyqırımının tanıdılması, regional təhlükəsizliyin və insan hüquqlarının təmin olunması, Azərbaycan mədəniyyətinin təbliği üzrə fəaliyyətlər nəzərdə tutulur.

Qeyd edək ki, A.Quliyev jurnalistlərə açıqlamasında onu da bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası 30 xarici QHT-yə maliyyə yardımı ayıracaq. O, qeyd edib ki, şura həmin QHT-lərə 5 istiqamətdə mövzu təqdim edib: “I istiqamət insan hüquq və azadlıqlarının qorunması, II istiqamət Dağlıq Qarabağ probleminin həllində QHT-lərin rolunun artırılması və töhfələrin verilməsi, III istiqamət Xocalı soyqırımının tanıdılması, IV istiqamət mədəniyyətlərarası dialoqun gücləndirilməsi, V istiqamət İslamofobiya, ksenofobiya və hər cür irqçilik əleyhinə olan fəaliyyətin dəstəklənməsidir. Son illər dünyada bununla bağlı narahatlıqlar mövcuddur”.

A.Quliyev deyib ki, dünyanın ən tanınan nüfuzlu beynəlxalq qurumları bu müsabiqəyə qatılırlar. Millət vəkilinin sözlərinə görə, müəyyən səbəblər üzündən bu müsabiqə haqqında çox detallı məlumatlar verə bilmirlər. Elə məsələlər var ki, o detallar haqqında məlumatın verilməsi bizi istəməyən qüvvələrin fəallaşmasına gətirib çıxarardı.

İlkin

Palitra.-2014.-18 yanvar.-S.4.