“Məqsədimiz Azərbaycan mədəniyyətinə qulluq etməkdir”

Xan Şuşinskinin qızı:

“Xalqımızın milli adət və ənənələrini yaşadıb qorumaq bizim bir vətəndaşlıq borcumuzdur

Azərbaycanın milli musiqisinin özəyi əsasən muğamda cəmləşib. Bu sənəti keçmişdən bugünümüzə yaşadan unudulmaz muğam ifaçılarımız olub. Belə muğam sənəti ustadlarından danışanda daha çox Xalq artisti, görkəmli xanəndə Xan Şuşinski yada düşür. Milli mədəniyyətimizə əvəzedilməz töhfə vermiş belə insanların adlarını yaşatmaq hər birimizin borcudur. Dövlət səviyyəsində Xan Şuşinski irsinin qorunmasına daim diqqət göstərilir. Eyni zamanda, hazırda fəaliyyət göstərən Xan Şuşinski Fondu da lazımi işlər görür. Fondun əsas məramı xeyriyyəçilikdən ibarətdir. Fondun topladığı vəsait Xan Şuşinskinin yaradıcılığını öyrənmək və təbliğ etmək, istedadlı muğam ifaçılarına dəstək vermək, muğamın yayılmasına və inkişafına yardım etmək, xalq musiqisinə aid festivallar və tədbirlər keçirmək və sairdir. Xatırladaq ki, fondun prezidenti Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova -Verdiyevadır. Fondun prezidenti qəzetimizə müsahibəsində Xan Şuşinski irsinin təbliği, eləcə də böyük ustadla bağlı maraqlı faktlar danışdı. Öncə Bəyimxanım Cavanşirova -Verdiyevanı elə öz dilindən tanıyaq:

-Mən 1958-ci il avqustun 5-də Bakı şəhərində anadan olmuşam. Uşaqlıqdan ədəbiyyata çox böyük marağım olub. Bu da böyüyüb boya-başa çatdığım ailədən irəli gəlib. Evimizdə böyük kitabxana var idi. Orada kimlərin kitabları yox idi? Günlərlə mütaliə etməkdən doymazdım. Bu azmış kimi bizim evdən bir az aşağıdakı küçədə kitabxana var idi. Atamdan xahiş edirdim ki, mənimlə gedərək oradan bizim evdə olmayan kitabları alıb gətirək ki, o kitabları da mütaliə edim.

Bakıdakı 190 saylı orta məktəbdə təhsil almışam. Sonralar ali təhsil də almışam. Ailəliyəm. Həyat yoldaşım Azərbaycanın Əməkdar artisti, Gəncə Filarmoniyasının bədii-rəhbəri və Gəncə şəhəri "Göy-göl" ansamblının yaradıcısı və bədii rəhbəri Fikrət Verdiyevdir. 3 övladım, 3 nəvəm var.

- Sizin özünüzün musiqiyə marağınız necədir?

- Musiqiyə hədsiz marağım var idi. O da təbii idi. Təvazökarlıqdan uzaq da olsa özümü çox xoşbəxt bir insan sanıram ki, əvvəla, əzəli-əbədi Qarabağ torpaqlarının təməlini qoymuş böyük Cavanşirlər sülaləsinin layiqli övladı, dahi muğam ustadı Xan Şuşinskinin övladıyam. Həm də ona görə xoşbəxtəm ki, gözümü açıb dünyanı dərk etdiyim gündən dahi şəxsiyyətlərin əhatəsində böyümüşəm.

İlk dəfə 5 yaşımda atam ad günümdə mənə hədiyyə olaraq çox dəyərli bir pianino almışdı. Mən pianinoda ilk dəfə Qəmbər Hüseynlinin "Cücələrim" mahnısını ifa edəndə evdəkilər heyrətə gəldilər ki, bu körpə uşaq nə vaxt çalmağı öyrənib. Etiraf etməliyəm ki, təvazökarlıqdan uzaq da olsa gözəl səsim də var idi. Atam mənə bir çox heç yerdə eşidilməyən qədim türk mahnılarını öyrətmişdi məni tez-tez oxudar və çox kövrələrdi. Mən də çox çalışardım ki, ifa etdiyim hər bir mahnını onun ürəyincə oxuyum. Məni qucaqlar, alnımdan öpərdi.

Atam mənə də mahnı bəstələmişdi. 1959-cu ildə Moskvada dekadada olarkən mən atamı televizorda görmüşdüm və əlimi televizorun ekranına qoyaraq demişdim: "Bax, dədə". Atama xəbər vermişdilər ki, qızının dili açılıb. O da mənə "Ay, qəşəng ceyran" mahnısını həsr etmişdi.

-Yəqin ki, evinizin qonaqları daha çox tanınmış incəsənət adamları olub...

-Kimləri görməmişəm evimizdə- Fikrət Əmirov, Əfrasiyab, Şəmsi Bədəlbəylilər, Həqiqət Rzayeva, Seyid Şuşinski, Yavər, Münəvvər Kələntərlilər, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Sara Qədimova, Şövkət Ələkbərova, Bəhram Mənsurov, xalçaçı rəssam Lətif Kərimov, Qurban Pirimov, Hacı Məmmədov və s. Azərbaycanın dahi şəxsiyyətlərinin ruhları şad olsun.

Əlbəttə ki, anam Suğra xanım çox qonaqpərvər bir xanım idi. Hər bayramda, ad günlərində gözəl süfrə açar, gözəl xörəklər hazırlayardı. İnanın, elə gün yox idi ki, bizim evimizdən musiqi səsi əskik olmasın. Dahi maestro Niyazi, bəstəkar Tofiq Quliyev, böyük alimlərimiz, aktyorlarımız, şairlərimiz atamın xətrini çox istəyirdilər. Şair Məmməd Rahim, Cəfər Xəndan, böyük dramaturqumuz İlyas Əfəndiyev, yazıçı Süleyman Rəhimov, şairlərimizdən Süleyman Rüstəm, Əliağa Vahid. Bu şəxsiyyətlərin hər birinin atamın səsinə, şəxsiyyətinə böyük hörmətləri və rəğbətləri var idi.

-Xan Şuşinski Fondunun əsas məqsəd və məramı nədir?

-Xan Şuşinski sənəti və şəxsiyyəti hər zaman dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. 2001-ci ildə ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə atam Xan Şuşinskinin anadan olmasının 100 illik yubiley tədbirləri respublikamızın demək olar ki, hər bir rayonunda çox böyük təntənə ilə qeyd edildi. Yubileyi ərəfəsində atamın bir zamanlar yaşadığı evinin qarşısında barelyefi qoyuldu. Azərbaycan Televiziyası tərəfindən "Havalansın Xanın səsi"adlı sənədli televiziya filmi çəkildi. Yazıçı -publisist Mustafa Çəmənli tərəfindən ustad sənətkarların xatirələri ilə dolu, son dərəcə nəfis "Muğam dünyasının Xanı" adlı kitab nəşr edildi.

Bəstəkar Cavanşir Quliyev tərəfindən Xan Şuşinskinin səsi yazılan vallar təmizlənərək diskə köçürüldü. Bütün bunlar dövlətimizin sənətə-sənətkara verdiyi son dərəcə böyük qiymətin bariz nümunəsidir. Atam hər zaman deyərdi: “Bütün ömrüm boyu çox 1-ci katiblər, dövlət başçıları gördüm. Ancaq Heydər Əliyev qədər sənətə, sənətkara qiymət verən 2-ci bir dövlət başçısı görmədim”.

2011-ci ildə yenə də dövlətimizin diqqət və qayğısı, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi, Şuşa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xan Şuşinskinin anadan olmasının 110 illik yubiley tədbiri keçirildi. Yenə də Azərbaycan Televiziyası tərəfindənXan Şuşinskiadlı televiziya filmi çəkildi. Yubiley ərəfəsində mən və bizim ailə üzvlərimiz Xan Şuşinski Fondunu təsis etdik. Fond 2011-ci il 29 noyabr tarixində dövlət qeydiyyatından keçdi və rəsmi fəaliyyəti üçün şəhadətnamə aldı.

Xan Şuşinski əzəli-əbədi Qarabağ torpaqlarının təməlini qoymuş böyük Cavanşirlər sülaləsinin, şəcərəsinin layiqli davamçısı, özü əslən Xan nəslindən olmasına baxmayaraq, Sovet dönəmində bəy, ağa, xan adlarına qadağa qoyulduğu bir dövrdə böyük ustadları tərəfindən ona verilən Xan adını həm səsi, həm şəxsiyyəti, həm də sənəti ilə doğruldub. O, Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna xidmətləri olan və hələ sağlığında ikən öz adını Azərbaycan musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə həkk edərək minlərlə dinləyicisinin qəlbində böyük sevgi, hörmət və ehtiram qazanmış ilahi səsə, yüksək səhnə mədəniyyətinə malik neçə-neçə muğamlara əlavələr edərək onları daha da mükəmməlləşdirmiş bir ustaddır. Fondun məqsəd və məramı hal-hazırda xalq mahnısı adı altında səslənən 100-ə yaxın mahnının, (hətta bəzilərinin sözlərinin də bəstəçisi) özündən sonra böyük XAN Muğam məktəbi qoymuş bir pedaqoqun zəngin irsinin öyrənilərək gənc nəsillərə çatdırılmasından, gənc istedadların gələcəkdə bir sənətkar kimi yetişməsinə kömək edilməsindən, xalqımızın mənəvi sərvəti olan muğamlarımızı, xalq musiqimizi yad əllərdən, yad nəfəslərdən qoruyaraq gələcək nəsillərə çatdırılmasından, ümumiyyətlə, Azərbaycan mədəniyyətinə qulluq etməkdən ibarətdir.

- Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımdan nə dərəcədə əhəmiyyətlidir?

-Ulu öndərimiz Heydər Əliyev demişdi: "Hər xalq öz milli-mənəvi dəyərləri və öz mədəniyyəti, tarixi ilə tanınır". Bu, həqiqətən də belədir. Biz istər yeraltı, istər yerüstü sərvətlərimiz, gözəl əsrarəngiz təbiətimiz, milli-mənəvi dəyərlərimizlə çox zəngin bir xalqıq. Bilirsinizmi, böyüyüb boya-başa çatdığım ailədə valideynlərimiz bizim hər birimizi milli ruhda tərbiyə ediblər. Məhz ondandır ki, şəxsən mən və bütün ailə üzvlərimiz vətənimizin, xalqımızın, dövlətimizin, xüsusən də Prezidentimiz İlham Əliyevin hər bir parlaq uğuruna ürəkdən sevinərək ondan qürurlanırıq. Mən elə bilirəm ki, bu, hər bir Azərbaycan vətəndaşını, vətəninin, dövlətinin inkişafını görən hər kəsi sevindirməlidir və hər birimiz cənab Prezidentimizin ətrafında bir yumruq kimi birləşərək müstəqil Azərbaycan respublikasının rifahı naminə əlimizdən gələni əsirgəməməliyik. Bunun üçün də ilk növbədə gələcək nəsli milli ruhda tərbiyələndirməli, təhsil sistemini daha da gücləndirməli, xalqımızın milli adət və ənənələrini yaşatmalı və qorumalıyıq.

Bu bizim bir vətəndaşlıq borcumuzdur.

Hami bilir ki, mənfur düşmənlərimiz bizim torpaqlarımızı zəbt etdikləri kimi milli mətbəximizə, milli musiqi alətlərimizə, milli rəqslərimizə də öz əllərini uzadıblar. Bu səbəbdən 2004-cü ildə mən atam Xan Şuşinskininəllifi olduğu bir sıra mahnıları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində təsdiq etdirərək şəhadətnamə almağı özümə borc bildim. Çünki gələcək nəsillərimiz də bilməlidir ki, bu mahnıların müəllifi kimdir. Bu mənim bir övlad kimi borcum idi. Çünki bu mahnıları hər birəllif sevə-sevə bəstələyib və imkan verilməməlidir ki, hər bir yaradıcı insanın müəllif hüququ pozulsun.

Fuad Hüseynzadə

Palitra.-2014.-22 yanvar.-S.13.