Əkrəm Bəydəmirli: “Qobustan kimi tarixi abidələrimiz dünyada daha yaxşı təbliğ edilməlidir”

Layihə çərçivəsində müsahibimiz Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlidir.

-              Azərbaycanın Qobustan, Azıx mağarası və sair kimi qədim tarixi mədəniyyət abidələri var. Bu cür abidələrin dünyada təbliğatı ilə bağlı hansı fikirləriniz var?

-              Əgər ermənidə belə qədim, yaşı minilliklərlə ölçülən tarixi abidələr olsaydı, gecə-gündüz dünyada təbliğat aparmaqla məşğul olardı. Biz isə belə zəngin tariximizi nədənsə dünyaya yetərli şəkildə tanıtmamışıq. Bu gün təbliğatın mahiyyəti, dili, texnologiyası təkmilləşir. Ona görə də belə mədəniyyət abidələrinin daha yaxşı qorunub, dünyada tanıdılması üçün bu sahəyə böyük həcmdə sərmayələrin yatırılmasına ehtiyac var. Milli dəyərlərin öyrənilməsinə, yaşadılmasına qoyulan sərmayə ola bilər ki, rentabelli olmasın. Lakin bu yatırımlar millətin gələcəyinə hesablanır. Necə ki, vaxtı ilə Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev və digərləri bu missiyanı yerinə yetiriblər. Əgər Qobustan hər hansı səfalı yerdə, yaşıllıqlar qoynunda olsaydı, indi orada sərmayə qoymağa can atanların sayı çox olardı. Çünki Tağıyevdən, Nağıyevdən fərqli indiki sahibkarlar arasında dəyərlərə deyil, maraqlara üstünlük verənləri çoxdur. Millətin keçmişi ilə bağlı olan elə dəyərlər var ki, o heç bir maddiyyatlə ölçülmür. Qobustanla bağlı onu demək olar ki, bu ərazilərə geniş auditoriyanı, xüsusilə, xarici turistləri cəlb etmək üçün daha optimal variantlar tapmağa, cəlbedici layihələrin gerçəkləşməsinə, istirahət obyektlərinin tikintisinə, yaşıllıq zonalarının sürətlə salınmasına ehtiyac var. Digər tərəfdən tariximizin bu mərhələsini dünyaya tanıtmaq üçün öncə bizim Qobustanı öyrənməyimiz, bilməyimiz zəruridir. Hər zaman öyündüyümüz İçərişəhərə Qobustanla müqayisədə münasibət fərqlidir. Heç olmasa, İçərişəhər paytaxtdadır və bu tarixi abidəyə ictimai nəzarət var. Bakıya gələn istənilən əcnəbi qonaq İçərişəhərlə tanış ola bilər. Ancaq paytaxtdan xeyli uzaqda, səhrada yerləşən Qobustanla belə tanışlıq imkanı zəifdir.Təbii ki, həm İçərişəhərə, həm də Qobustana doğma münasibət milli dəyərlərmizə verilən qiymətdir. Qeyd edək ki, Qobustan qoruğu Abşeron yarımadasının cənub-qərbində, Bakının 60 km-də yerləşən, Böyük Qafqazın cənubi-şərq qollarının alçaq dağlıq və dağətəyi ərazisidir. Tədqiqatçıların qənaətincə, Qobustanın adı qobu sözündən götürülüb.Ona görə də Qobustan qobular və yarğanlar diyarı sayılır. Ən böyük hündürlük burada 1047 m-dir. Palçıqlı, dərə-təpəli, gilli relyefə malikdir. Cənubunda palçıqlı yanardağlar mövcuddur.

Burada əsasən yarımsəhra landşaftları hökm sürür və qış otlaqları olub. Ehtimal olunur ki, heyvandarlığın bu qədər çoxalması nəticəsində bu ərazilərdəki yaşıllıqların kökü kəsilib. Bəlkə də Qobustanın sovet dönəmində qoyun-qışlaqlarla əhatə olunması, yolsuzluq, səhralaşma bu mədəniyyət abidəsinə qarşı biganəlik yaratmışdı. Son dövrlər Qobustan tarixi qoruq ərazisində görülən işləri, həmin yerlərə müasir standartlara uyğun yolların çəkilməsini, bəzi infrastuktur layihələrinin həyata keçirilməsini müsbət qiymətləndirmək olar. Xüsusilə, Ceyrankeçməz çayı üzərində tikilib istifadəyə verilən körpü qoruğa girişi xeyli yaxşılaşdıracaq. Digər tərəfdən həmin tarixi qoruğa ayrılan səmərəli vəsaitlər turizm üçündə yeni imkanlar yarada bilər.

Onu qeyd edək ki, Qobustan tarixi abidələrinin öyrənilməsi 1939-1940-ci illərdən başlayaraq, bu günə qədər də davam edir. Bu sahədə çalışan bütün tədqiqatçıların əməyini yüksək dəyərləndirmək lazımdır.Yalnız onların sayəsində Qobustanla bağlı ətraflı məlumatlar əldə edərək bu mədəniyyət tariximizi tanıya bilmişik. Onu da qeyd edim ki, Azərbaycan SSR Nazirlər Sovetinin 9 sentyabr 1966-cı il 503 saylı qərarına əsasən Qobustan qoruğu təşkil edilib. Qoruğun ərazisi 4400 hektar olub.

Tədqiqatçıların verdiyi məlumatlara görə, Qobustan dağlarında Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətini əks etdirən 6 mindən çox qədim rəsmlər tapılıb. Qədim yaşayış məntəqələri, mağaralar və dayanacaqlar, 40 kurqan qazıntıları və 100 mindən çox maddi mədəniyyət əşyaları aşkar olunub. Ən qədim rəsmlərin mezazoy erasına aid olduğu bildirilir. Ancaq burada bizim eradan əvvəl də yaşayışın olması istisna edilmir. Elə buna görə də Qobustan qədim mədəniyyətin beşiklərindən biri sayılır.

Qobustanın abidələr məcmusu nadir rəsmlər kolleksiyası və ibtidai insanların yaşayış tərzini əks etdirən bir material kimi dünyada qəbul olunur. Xalq tamaşaları və incəsənətin başqa növləri öz başlanğıcını məhz Qobustan abidələr kolleksiyasından götürür. Qobustandan başlayaraq şimala tərəf Xəzərin sahili boyunca Bakıya və Abşeron yarımadasının ucqarlarına qədər bu tarixi memarlıq ənənələrinə təsadüf olunur.

-              Qobustanın qədimliyi və orijinallığı da onun təbliğatında mühüm istinadlardır…

-              Əlbəttə. Alimlərimizin qənaətincə, Qobustanın qayaüstü təsvirləri bizim eradan əvvəl X-VIII əsrlərə aid edilir. Böyük bir tarixi əhatə etdiyinə görə, Qobustan qayaüstü təsvirləri başqa qayaüstü kolleksiyalardan daha üstündür. Qədim rəsmlərdən başqa Qobustanda, Böyükdaş dağının ətəyində latınca yazılmış sözlər aşkar edilib. Bu yazının bizim eradan əvvəl I əsrə (84-96-cı illər) aid olması və Bakının yaxınlığına qədər Roma qoşunlarının gəlməsi ehtimal edilir. Bundan başqa Qobustanda XII-XIV əsrlərə aid olan ərəb əlifbası ilə həkk olunmuş yazılara da təsadüf olunur. Şübhəsiz Qobustan elə bir tarixi məkandır ki, orada hələ çox tədqiqatlar aparılacaq, ehtimallar irəli sürüləcək. Ola bilər, kimlərsə bu fikirlərlə razılaşmasın. Mən hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Ən yaxşısı odur ki, ora səfər edib həmin abidələrlə əyani tanış olasan.

-              Siz mütəmadi olaraq Azərbaycan Xalq Cümhuriyyəti qurulan ərəfədə baş verənlər, ermənilərin törətdiyi qırğınlarla bağlı da mediada çıxış edirsiniz

-              Azərbaycan Xalq Cümhuriyyəti haqqında xeyli tədqiqat aparılıb, kitablar, məqalələr yazılıb. Ancaq həmin tarixi dövr hər zaman öyrənilməlidir. Çünki tarix, keçmişdən ibrət dərsi götürüb gələcəyi qurmaq üçün önəmli bir məqamdır. Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər xalqsevər olması məni vətəndaş olaraq qürurlandırır. Bu insanlarda nə qədər güclü fədakarlıq olub. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyə nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla müsəlman Şərqində birinci olub. Bəlkə də həmin AXC qurulmasaydı, Azərbaycan sonrakı dövrlərdə Rusiyanın hansısa muxtar vilayəti kimi qala bilərdi. Bundan əlavə, Xalq Cümhuriyyətinin yaradılıdığı şərait, ümumilikdə, o dövr çox dəətli idi. 1918-ci ildə mart ayından başlayan və may ayında da davam edən ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım bölgədə gərginlik, ruh düşkünlüyü yaratmışdı. Müstəqillik haqqında düşünmək kiminsə çətin ağlına gələ bilərdi. Sadə insanlar yalnız canlarının hayında idi. Məhz belə məqamda millətin mübarizə əzmini qaldırmaq, müstəqilliyi bu insanlara bəxş etmək və nəhayət baş qaldıran erməni separatizminin, vəhşiliyinin qarşısını çox peşəkarcasına almaq əsl fədakarlıq idi. Mən son illər 1918-ci il soyqırım hadisələrini qismən də olsa tədqiq etməyə çalışmışam. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xəlil bəy Xasməmmədovun rəhbərliyi ilə yaradılan və fəaliyyət göstərən istintaq komissiyasının materialları ilə tanışam. Görün, bu fədakar insanlar qısa müddətdə nə qədər ciddi araşdırmalar aparıblar. Avtomobilin, texnikanın olmadığı həmin dövrdə soyqırımın baş verdiyi bütün kəndlərdə Xəlil bəy Xasməmmədovun rəhbərlik etdiyi bu komissiya araşdırma aparıb, qətlə yetirilən insanların yaxınları, ümumilikdə erməni vəhşiliyini öz gözləri ilə görən şəxslər dindirilib, protokollar tərtib olunub. O zaman həmin istintaq komissiyası belə obyektiv tədqiqatlar aparmasaydı, bəlkə də bu gün biz 1918-ci il soyqırımlarını qaranlıq tarix kimi unutmuşduq. Bu mənim qənaətimdir. Təəssüf ki, 1918-ci il hadisələri haqqında məlumatlar SSRİ məkanında 70 il ictimaiyyətdən gizlədilib. Sovet dövründə tarix kitablarında həmin hadisələr vətəndaş müharibəsi kimi təqdim olunub. O dövrün tarixşünaslığının dəətli şəkildə saxtalaşdırılması tariximizdə ləkə kimi hər zaman qalacaq. Hər bir millətin öz keçmiş tarixindən qürur duyduğu, gələcəyinə işıq saldığı məqamlar var. Biz Xalq Cümhuriyyəti ilə qürur duymalıyıq. Belə müstəqil, demokratik dövləti qurduqlarına, 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırım faktlarını ciddi tədqiq etdiklərinə görə, bu gün həm Xəlil bəy Xasməmmədova, həm digər Xalq Cümhuriyyətinin qurucularına, liderlərinə rəhmət diləyirik. Lakin onların səhvlərini təkar etməməliyik. Axı tarix və tarixdə yaşananlar həm də bir ibrət dərsidir. Çağdaş dünya siyasətində maraqlara daha çox diqqət yetirilir. Təəssüf ki, belə siyasətdə dəyərlər unudulur. Bəlkə dünya da olan ədalətsizliklər, münaqişələrin uzanması buradan qaynaqlanır. Ancaq Xalq Cümhuriyyətinin liderləri siyasi idarəetmə sisteminə, ümumilikdə o dövrün siyasətinə əxlaqi dəyərlər gətirdilər. O zaman dünyada o cümlədən Avropada tam oturuşmayan demokratik seçki sistemini, idarəetmə ənənələrini, Azərbaycanda tətbiq etməyə cəhd göstərdilər. Azərbaycan dövlətinin yaranması, inkişafı uğrunda mücadilə aparan bu insanlar bu istəklərinəəyyən mənada nail oldular. Cümhuriyyətin önəmli simalarından olan Əli bəy Hüseynzadə yazırdı: "Biz istəyirik ki, ölkəmiz avropalıların mədəsində həzm olunmasın. Onların mədəsində həzm olunmamaq üçün bir çarə varsa, o da onların beyinlərinin məhsulunu alıb həzm etməkdən ibarətdir". Gerçəkdən, onlar böyük ideallar uğrunda mübarizə aparırdılar. Lakin dost olmayan qonşu dövlətlər Azərbaycanın uğurunu, dövlət kimi möhkəmlənməsini həm o zaman, həm indi həzm edə bilmirlər. Belə təhlükələr hər zaman gözləniləndir. Sonda onu qeyd etmək istərdim ki, ermənidən hər zaman Azərbaycana xəyənət gəlib. O zamanda Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinə qarşı erməni xəyanəti öz işini gördü. Belə ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli, parlamentin sədri Həsən bəy Ağayev Tiflis şəhərində ermənilər tərəfindən, yenə həmin ildə Xalq Cümhuriyyəti xarici işlər naziri Fətəli xan Xoyski erməni terrorçusu Aram Yerkanyan tərəfindən qətlə yetirilib.

 

İlkin AĞAYEV

Palitra.-2014.-22 yanvar.-S.11.