Məhsəti Gəncəvinin zəngin irsinin sərgiləndiyi mərkəz

Layihə çərçivəsində budəfəki yazımız Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi ilə bağlıdır. Qeyd edək ki, Prezident 2013-cü il yanvarın 16-da Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncam çərçivəsində çoxsaylı tədbirlər, sərgilər, konsertlər təşkil edilib. Sənədə əsasən Gəncədə Məhsəti Gəncəvi Mərkəzi inşa olunub.

Məhsəti Gəncəvinin zəngin irsinin sərgiləndiyi mərkəzin qarşısında şairənin möhtəşəm heykəli qoyulub, Məhsəti bağı salınıb. Mərkəzin tikintisinə 2013-cü ilin aprelində başlanılıb. Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və yardımçı otaqlar yerləşir. Oxu zalında ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və mədəniyyətimizin hamisi olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat və fəaliyyətini işıqlandıran kitablar yer alıb. Buradakı elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Məhsəti və Nizaminin ədəbi irsini, Azərbaycan xalçaçılığının zənginliyini işıqlandıran kitablar da burada sərgilənir. Azərbaycanın zəngin mədəniyyətini Fransada yaxından tanıtmaq məqsədi ilə müxtəlif tədbirlər hazırlayıb həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ötən ilin noyabr və dekabr aylarında bu ölkənin qədim Reyms və Miluz şəhərlərində Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunan sərgi və konsertlər təşkil edilib. Həmin tədbirləri əks etdirən fotolar da Mərkəzdə nümayiş olunur. Mərkəzdə milli musiqi alətləri sərgisi yaradılıb. Burada Məhsəti Gəncəvinin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycanın görkəmli şair və mütəfəkkirləri və musiqisi haqqında geniş elmi məlumatlar əldə etmək mümkündür. Mərkəzin milli geyimlər sərgisində əsas diqqət Məhsəti dövrü, xüsusilə də İntibah dönəmində xanımlara xas milli geyim nümunələri sərgilənir. Rəsm qalereyasında Məhsəti Gəncəvi obrazı və rübailərinə həsr edilmiş müxtəlif tablolar, sənət nümunələri, monumental əsərlər nümayiş etdirilir. Məhsəti otağında şairənin heykəli ucaldılıb. Burada proyektor vasitəsilə miniatür və rəsm əsərləri təqdim edilir. Mərkəzdə musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalı var.

Vyanada Məhsəti Gəncəvinin yaradıcılığına həsr olunmuş konsert

Qeyd edək ki, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında sərəncamı ilə görkəmli şairənin yubileyi bütün dünyada geniş qeyd olunmaqdadır. Məhsəti Gəncəvinin yubileyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına daxil edilməsi də Azərbaycanın tanınmış şairəsinin həyat və ədəbi irsinə olan böyük marağın təcəssümüdür. Şairənin 900 illik yubileyi Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində fərqli ədəbi-bədii proqramlar çərçivəsində geniş qeyd olunur və yubileyin qeyd edildiyi şəhərlərin sırasına Vyana da qoşulub. Vyananın ən böyük və nüfuzlu mədəniyyət sarayı “Konzerthausda Qədim Musiqi Alətləri Ansamblı və Dövlət Rəqs Ansamblının iştirakı ilə Məhsəti Gəncəvinin yubileyinə həsr olunmuşAy parçasıdır gözəl bir qadın” adlı konsert keçirilib. Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Avstriya parlamentinin üzvləri, dövlət və hökumət nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, avstriyalı musiqisevərlər və soydaşlarımız iştirak ediblər. Avstriyanın Ö1 radio kanalında klassik və Şərq musiqisi verilişlərinin tanınmış aparıcısı, musiqişünas və rejissor Nadya Kayali konsertdən əvvəl Məhsəti Gəncəvinin həyat və yaradıcılığı, həmin dövrün ədəbi mühiti, Azərbaycan ədəbiyyatının intibah dövrü hesab edilən XII əsrdə poeziya ilə yanaşı, musiqi və digər incəsənət sahələrində gedən inkişafdan bəhs edib. Avstriyalı musiqisevərlərə ilk olaraq şairənin təxəllüsü barədə məlumat verən aparıcı bu təxəllüsün farscamah” (ay) və ərəbcəsayyidati” (qadın) sözünün qısaltma forması “sati” kəlmələrinin birləşməsindən əmələ gəldiyini, Şərq ədəbiyyatında gözəl qadının üzünün həmişə ayla müqayisə edildiyini və bunun da Məhsətinin həm gözəl bir qadın olduğuna, həm də dövrünün ədəbiyyatına bir ay kimi doğmasına dəlalət etdiyini bildirib.

Məhsətinin nəinki şairə, eyni zamanda, müğənnilik istedadına malik nadir bir şəxsiyyət olduğunu diqqətə çatdıran N.Kayali şairənin öz rübailərini çəng və bərbət kimi musiqi alətlərində ifa etdiyini bildirib. Qeyd edilib ki, Məhsətinin musiqiyə meyilli olması və müxtəlif musiqi alətlərində ifa etməsini, eləcə də rübailərlə həmahəng musiqi parçalarının bəzən ifaçılar tərəfindən bəstələndiyini nəzərə alaraq, onun Şərqin ilk qadın bəstəkarlarından biri olmasını iddia etmək mümkündür. Öz savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə müasirlərini heyran edən Məhsətinin rübailərinin ədəbi-bədii keyfiyyətlərindən bəhs edən aparıcı ərəb və fars dillərini mükəmməl bilən Azərbaycan şairəsinin insan duyğuları, ani yaşantıları və təəssüratlarını böyük ustalıqla kiçik həcmli rübailərdə dolğunluqla əks etdirə bildiyini vurğulayıb.

Azərbaycan üçün spesifik olan musiqi alətləri bərpa edilib

Məhsətinin yaşadığı dövrdə Azərbaycan ərazisində istifadə edilmiş musiqi alətlərindən söz açan N.Kayali əsrlər boyu unudulmuş həmin alətlərin görkəmli musiqişünas alim Məcnun Kərim tərəfindən bərpa edilərək yenidən musiqi ictimaiyyətinə təqdim olunduğunu, Qədim Musiqi Alətləri Ansamblının da onun təşəbbüsü əsasında yaradıldığını qeyd edib. Bildirilib ki, M.Kərimin tarixin qaranlığından xilas edərək bərpa etdiyi ondan çox qədim musiqi aləti bu gün ansambla daxil edilib. Onlardan çəng, bərbət, rud, səntur, qanun, nüzhə, rübab və s. digər Şərq ölkələrində də rast gəlinsə də, M.Kərim miniatürlər, müxtəlif şairlərin əsərlərindəki təsvirlər və eləcə də orta əsrlər alimlərinin əsərləri əsasında məhz Azərbaycan üçün spesifik olan alətləri bərpa edə bilib. Həmin alətlər içərisində çəqanə musiqi alətinin digər Şərq ölkələrində ekvivalentinə rast gəlmək mümkün deyil. Şirvanşahlar dövründə hazırlanmış bu alət sırf Azərbaycan aləti hesab edilir və onun dünyada yeganə ifaçısı isə ansamblın bədii rəhbəri Munis Şərifovdur. Tədbirin bədii hissəsində Qədim Musiqi Alətləri Ansamblının konserti olub. Konsertdə Abdülqadir Marağayi, Səfiəddin Urməvi kimi orta əsrlər bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan muğamları, xalq və bəstəkar mahnıları da ifa edilib. Azərbaycanın əməkdar artistləri Nuriyyə Hüseynova və Teyyub Aslanov muğam və xalq mahnılarını gözəl ifa edərək tamaşaçıların ürəyini riqqətə gətirib. Əməkdar artist Kəmalə Hüseynova Məhsəti yaradıcılığını ən gözəl nümunələri olan rübailəri səsləndirib, həmin rübailərin almanca tərcüməsi səhnədə qurulmuş geniş ekranda təqdim olunub.

Konsert zamanı ekranda orta əsrlərə aid Azərbaycan miniatürlərinin nümayiş etdirilməsi tədbirin ab-havasına xüsusi bir gözəllik qatıb. Dövlət Rəqs Ansamblının solistləri isə “Tərəkəmə”, “İnnabı”, “Uzundərə” və digər milli rəqslərimizi ifa ediblər. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən konsertlə əlaqədar hazırlanmış 32 səhifəlik proqram broşüründə konsertlə bərabər, Məhsətinin həyat və yaradıcılığı barəsində ətraflı məlumat verilib, eləcə də qədim Azərbaycan musiqi alətləri haqqında leksikon məlumatları dərc olunub. Tamaşaçıların sürəkli alqışları ilə keçən konsert başa çatdıqdan sonra iştirakçıların təkidli xahişi əsasında ansambl proqramda nəzərdə tutulmamış əlavə musiqi parçaları da ifa edib.

Anar Miriyev

Palitra.-2014.-23 yanvar.-S.11.