“Azərbaycan mədəniyyəti özünün intibah dövrünü yaşayır”

Xan Şuşinskinin qızı: “İstər istedadlı gənclərimiz, istərsə də ustad sənətkarlarımız dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar”

Layihə çərçivəsində Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım Cavanşirova -Verdiyeva ilə müsahibəni təqdim edirik

-Bu gün dövlətin milli musiqimizə, eləcə də muğama verdiyi diqqəti necə qiymətləndirirsiniz?

-Bu gün mən ustad sənətkarın övladı olaraq deyə bilərəm ki, ruhun şad olsun, ata! Bu gün Azərbaycan muğam sənətinin, milli musiqimizin beşiyi başında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çox böyük cəsarətlə, dəyanətlə, fədakarlıqla durur!!! Mehriban xanımın səyi və parlaq fəaliyyəti nəticəsində bu gün Azərbaycan mədəniyyəti, o cümlədən musiqisi özünün intibah dövrünü yaşayır.

Mehriban xanımın misilsiz, son dərəcə qiymətli layihələri alqışa layiqdir. İstər respublikamızda, istər dünyanın müxtəlif ölkələrində keçirilən festivallar, müsabiqələr müstəqil Azərbaycan Respublikası haqqında xarici ölkələrdə müsbət imic yaradır və tanınır.

Dünyada analoqu olmayan Beynəlxalq Muğam Mərkəzinin inşa edilərək muğamsevərlərin öhdəsinə verilməsi dünyanın mədəniyyət mərkəzi olan Fransanın Paris şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, bütün bunlar Mehriban xanım Əliyevanın dayanmadan göstərdiyi səyin və zəhmətin sayəsində öz əksini tapıb.

Bütün bunlara görə Mehriban xanım Əliyevaya Azərbaycan mədəniyyətinin təəssübkeşi, Azərbaycan mədəniyyətinin hamisi olaraq misilsiz, parlaq işlərinə görə Xan Şuşinski Fondunun rəhbəri və sənətkarın övladı olaraq dərin hörmət və ehtiramla təşəkkürümü və minnətdarlığımı bildirirəm.

İstər istedadlı gənclərimiz, istərsə də ustad sənətkarlarımız dövlətimizin, dövlət başçımızın diqqət və qayğısı ilə əhatə olunublar.

Azərbaycan gənc müstəqil respublika olmasına baxmayaraq bu gün ulu öndərimiz Heydər Əliyevin son dərəcə uğurlu davamçısı, parlaq zəkası ilə dünya liderləri arasında yüksək nüfuza malik Prezident İlham Əliyevin yorulmaz zəhməti sayəsində istər iqtisadi, istər siyasi baxımdan demək olar ki, hər sahədə ildırım sürəti ilə inkişaf edən tolerant, demokratik, sivil inkişaf etmiş bir dövlət imici qazanıb. Bütün bunlar ürəkaçan, fəxarət, qürur duyulan işlərdir.

- Milli musiqimizin qorunması istiqamətində hansı layihələr keçiribsiniz?

- Demək olar ki, yarandığı ilk gündən Xan Şuşinski Fondu dövlətimizin diqqət və qayğısı ilə əhatə edilib. 2012-ci ildə ilk layihəmiz Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib. "Milli musiqimizin dünəni, bu günü, sabahı" adlı telediskussiya İctimai Televiziyada çox böyük uğurla təşkil edilib. Telediskussiyada xalqımızın mötəbər, dəyərli sənətkarları, respublikamızın xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Ramiz Quliyev, Mənsum İbrahimov, Samir Cəfərov, respublikanın Əməkdar artisti Fikrət Verdiyev bir-birindən maraqlı çıxışlar ediblər. Tədbirdə Fikrət Verdiyevin rəhbərliyi ilə Xalq Çalğı Alətləri Ansamblı ruhları oxşayan maraqlı konsert proqramı ilə çıxışlar ediblər.

2-ci layihəmiz 2013-cü ildə yenidən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilib. Layihəmiz "Məktəbli-gənclər arasında milli musiqiyə marağı artıraq” adlanırdı. Bu layihə çərçivəsində silsilə müsabiqələr keçirdik və bu işi də çox uğurla başa vurduq. Müsabiqəmizin 1-ci turunu biz Gəncəbasar zonasında yerləşən şəhər və rayonlardan seçdiyimiz istedadlı gənclər arasında keçirdik. İlk turumuz Cəfər Cabbarlı adına Gəncə Dram Teatrında keçirildi. Fürsətdən istifadə edərək tədbirimizin keçirilməsində bizə kömək göstərdiyi üçün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Münsiflər heyətində Gəncə şəhərinin ziyalıları, sənətkarlar, xalq artistləri, əməkdar mədəniyyət işçiləri iştirak edirdilər. Qazax, Ağstafa, Tovuz, Goranboy, Göy-göl rayonlarından və Gəncə şəhərindən xeyli istedadlı məktəbli gənclərin içindən 4 nəfər seçildi.

2-ci turumuz Asəf Zeynallı adına Musiqi kollecində keçirildi. Tədbir kollecin böyük akt zalında keçirildi. Tədbirin keçirilməsində kollecin direktoru Nazim Kazımov bizə yaxından köməklik göstərdi. Münsiflər heyətində respublikamızın xalq artistləri Əlibaba Məmmədov, Ramiz Quliyev, Mənsum İbrahimov iştirak edirdilər. Kollecdə də 17 nəfər istedadlı gəncdən 4 nəfərini seçdik.

3-cü turumuz Xan Şuşinski adına Ağdam uşaq muğam məktəbində keçirildi. Məktəbin direktoru Rafiq Rüstəmovun köməkliyi ilə tədbirimiz çox maraqlı oldu. Orada da 18 nəfər istedadlı məktəbli gənclərdən 3 nəfərini münsiflər heyətimiz seçdi. Yekun turumuz oktyabr ayının 3-də Beynəlxalq Muğam Mərkəzində çox böyük təntənə ilə keçirildi və tədbirimiz Azərbaycan Televiziyası tərəfindən işıqlandırıldı. Münsiflər heyətində respublikamızın xalq artistləri Ramiz Quliyev, Canəli Əkbərov, Aygün Bayramova, Nəzakət Teymurova, Respublikanın əməkdar artisti Fikrət Verdiyev, respublikanın Əməkdar müəllimi Qəzənfər Abbasov iştirak edirdilər. Gənclərimiz biri-birindən maraqlı ifalar etdilər. Tədbirdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov son dərəcə maraqlı, dolğun çıxış etdi. İnanın ki, məktəbli gənclərimizin 11-i də çox gözəl çıxış etdilər və sonda münsiflər heyəti 11 nəfərdən 7- sini diplom və pul mükafatı ilə təltif etdilər. Fürsətdən istifadə edərək tədbirin keçirilməsində zəhməti olan hər kəsə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

-Gənclərin milli musiqimizə marağı olsun deyə, nələr edilməlidir?

- Öncə bir haşiyə çıxmaq istərdim. 1971-ci ildə atam Xan Şuşinskinin, böyük ustad tarzən Qurban Pirimovun dili ilə desək, "Fərhad kimi külüng çaldığı, müsəlləh əsgər kimi çalışdığı" Azərbaycan Dövlət Filarmoniyasında anadan olmasının 70 illik yubiley tədbiri çox böyük təntənə ilə qeyd edilirdi. Yubiley tədbirinin sonunda Xan özünün möhtəşəm “Qarabağ şikəstəsi”ni ifa edərək üzünü sevinclə onu izləyən tamaşaçılarına tutaraq dedi: "Əzizlərim, Azərbaycan xalqının mənəvi sərvəti olan muğamlarımızı, xalq musiqimizi uzun illər yad əllərdən, yad nəfəslərdən qoruyaraq indi də estafeti gənclərə verirəm. Sizdən bir təvəqqem var. Qoruyun, muğamı!!!"

Hər bir valideynin övladına verdiyi ən böyük sərvət onun təhsili, təlim-tərbiyəsi, onun milli ruhda yetişdirilməsidir. Hər bir valideyn öz övladını tək özü üçün deyil, Vətən, xalq, cəmiyyətimiz üçün layiqli bir şəxsiyyət kimi böyütməlidir. Məncə, Segah, Cəngi, lay-lay üstə qundaqlanan hər bir körpə milli vətənpərvərlik ruhunda böyüyər və gələcəkdə xalqı, dövləti, Vətəni üçün dəyərli, layiqli şəxsiyyət kimi tanınar.

-Xan Şuşinski virtual muzeyi nə vaxtdan fəaliyyət göstərir?

- Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun yaxından köməyi və maliyyə dəstəyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin diqqət və qayğısı, həmçinin Xan Şuşinski Fondunun təşəbbüsü ilə 2013-cü ildə Xan Şuşinski virtual muzeyi, memorial saytı dünyanın 3 dilində yaradıldı. On bölmədən ibarət olan saytda Xan Şuşinskinin həyatı, yaradıcılığı, fotoşəkilləri, lent yazıları, haqqında yazılan məqalələr, mahnıları, keçirdiyi görüşlər, müasirlərinin və həmkarlarının onun sənəti və şəxsiyyəti haqqında fikirləri, şəxsi əşyaları, məktubları və s. yer alıb. Sayt vasitəsi ilə dünyanın istənilən yerində yaşayan muğamsevərlər Xan Şuşinski haqqında dolğun məlumat əldə edə bilirlər.

Saytın təqdimetmə mərasimi böyük təntənə ilə keçirildi. Fürsətdən istifadə edərək saytın yaradılmasında bizə yaxından dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Ümumiyyətlə, yarandığı ilk gündən Xan Şuşinski Fondunun fəaliyyətini hər zaman dəstəkləyən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə, o cümlədən Şuranın hər bir üzvünə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə özümün, eləcə də ailəmizin adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm!

- Milli musiqimizin və musiqi xadimlərimizin unudulmaması üçün görülən işlərdən razısınızmı?

-Dahi sənətkar Xan Şuşinskinin xatirəsinin yad edilməsi, şərəfli sənət yolunun, şəxsiyyətinin qədirbilən dövlət başçımız, dövlətimiz və xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirilməsi göz önündədir və sizin mənə verdiyiniz sonuncu sualın ən gözəl cavabıdır. Xan Şuşinski sənətinə dövlətimizin verdiyi qiymət göz qabağındadır. Bu yaxınlarda ustad sənətkarımız, böyük muğam bilicimiz Əlibaba Məmmədov televiziya verilişlərinin birində belə bir cümlə işlətdi: "Kaş, Xan əmi sağ olaydı. Biz sənətkarlara, sənətə dövlətimiz tərəfindən göstərilən qayğını görəydi". Elə bu səbəbdən də sənətə, istedadlı gənclərin günü-gündən axını əvvəlki illərə baxanda çoxalıb. Çünki hər bir istedadlı gənc bu sənətə ümidvar olaraq gəlir ki, gələcəkdə onun istər səhnə, sənət fəaliyyətini dəyərincə qiymətləndirən, işıqlı gələcəyə təminatlandıran, nurlu sabaha aparan bir müstəqil dövlətin vətəndaşıdır!

Fuad Hüseynzadə

Palitra.-2014.-24 yanvar.-S.13.