“Gəncliklə müdriklik arasında hər zaman ziddiyyət olur

Xalq artisti Azərpaşa Nemətov: “Biz onları qorumalıyıq ki, 5-10 il sonra meydan tam onların olsun. Çünki meydanda onlar özlərindən gənclərə bu yoldan dönməməyi öyrədəcəklər”

Müsahibimiz Teatr Xadimləri İttifaqının sədri, Respublikanın Xalq artisti, professor Azərpaşa Nemətovdur:

- Azərpaşa müəllim, son işlərinizdən olan yazıçı-dramaturq Əli Əmirlinin “Şah Qacarəsərini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə qoymusunuz. Bu tamaşanın hazırlanmasında əsas məqsədiniz nədir? Şah Qacar haqqında hansı düşüncədəsiniz?

- Ümumiyyətlə, Azərbaycan tarixinə nəzər salsaq, görərik ki, türk dünyasında Tomris, Babək, Şah Abbas kimi böyük simalar olub. Onlardan biri də Ağa Məhəmməd Şah Qacar idi. Qacar dünya səviyyəli hökmdarlardan biri olub. Mən hesab edirəm ki, bu günə kimi onun həyatına bir hökmdar kimi düzgün qiymət verilməyib. Bu həmişə məni narahat edib. Xüsusən də, Xalq şairi Səməd VurğununVaqifəsərində Şah Qacar obrazı şairə qarşı amansız və qəddar bir xarakterə malikdir. Bu əsərdə Şah Qacar şair Molla Pənah Vaqifə bir hökmdar kimi mənfi münasibət bəsləyir. Mən hər zaman istəmişəm ki, Azərbaycan tarixində böyük ada, nüfuza sahib olan Ağa Məhəmməd Şah Qacarın böyük zəkaya, biliyə, savada və eyni zamanda dinə, Allaha bağlı bir insan olduğunu sübut edim. İslama böyük rəğbət bəsləyib və hər zaman boynunda Quran gəzdirib. Döyüşə gedəndə də, çadırda yaşadığı zamanda onun yanında Müqəddəs Quran kitabı olub.

Bu insan hər şeyə olduqca obyektiv yanaşıb. Təbii ki, hökmdardır. Səhvi də olub və bu hökmdarların aqibətidir. Şübhəsiz ki, ona qarşı olan insanlar da hakimiyyət üstündə onunla mübarizə aparıblar. Demək istəyirəm ki, Qacar bir hökmdar kimi keşmə-keşli yollardan keçib. Yəni onun həyat yolu hamar olmayıb, ağır olub.

Hazırladığımız tamaşada belə bir səhnə var. Qacar deyir ki, “Mən dua etmək, Allaha qovuşmaq, Allahla olmaq istədim. Amma səhər məni yenə döyüşə çağırdılar, qan töküldü. Baxmayaraq ki, o, tarixdə yeganə xacə şah olub. Lakin onun müdrik bir insan olması hər kəsə məlum idi. Qacar haqqında tək Əbdülrəhimbəy Haqverdiyev

yazmayıb. Ondan əvvəl yazanlar d a olub. Bir az haşiyədən çıxmaq istəyirəm. Məsələn, tarixdə Napoleon Bonapart haqqında belə söz ifadə edirlər ki, o dahi insan olub. Buna baxmayaraq, o da qan töküb, ərazi zəbt edib. Bəs, niyə görə türk dünyasının hökmdarı üçün belə sözlər deyilməsin. Çünki o, doğrudan da dahi bir insan idi. O dövrün xəritəsinə baxsaq görərik ki, o, ölkəsini 3 dəfə böyüdüb. O, ölkəsinin torpaqlarını zəbt edən millətlərdən bütün torpaqları geri alıb.

Mənim hər zaman Ağa Məhəmməd Şah Qacara bir şəxsiyyət kimi hüsntəvəccöhüm olub. O, bir insan kimi təkcə sərt olmayıb, həm də mərd, igid insan idi. Mənə belə bir təklif olundu ki, yazıçı-dramaturq Əli Əmirlinin Şah Qacar haqqında olan pyesi üzərində çalışım və onu səhnələşdirim. Mən Əli əllimlə əsər üzərində uzun bir müddət çalışdım. Eyni zamanda düşünürdük ki, Qacar rolunu hansı aktyor daha mükəmməl yarada bilər. Qərara aldıq ki, rolu hər zaman birlikdə tamaşalar hazırladığımız, Azərbaycanın görkəmli aktyoru Xalq artisti Fuad Poladova təklif edək. Ümumi tamaşanın ansamblına isə burada ana rolu-Ceyran xanım Xalq artisti Laləzar Mustafayevaya, Kərim xan Zənd rolu Əməkdar artist Məmməd Səfaya, Cəfərqulu xan rolu Anar Heybətova, Axund Hacı Babək rolu Əməkdar artist Ayşad Məmmədova, Şeyx Cəfər Tonkabuni rolu Əməkdar artist Vidadi Həsənova, Sadıq xan rolu isə Əməkdar artist Sabir Məmmədova təklif edildi. Tamaşada Qacarın uşaqlıq illərinin rolunaÇiçəyimteatrından aktyor dəvət olundu. Oğlan rollarını Canəli Canəliyev, Yılmaz Vəliyev, qız rolunu Samirə Xanlarova, yeniyetmə oğlanı Adil Dəmirov, yeniyetmə qız rolunu Fəridə Əliyeva canlandırdı.

Tamaşanın məşqlərində düşünürdüm ki, musiqi bölməsində hansı bəstəkara müraciət olunacaq. Nəhayət, qərara aldım ki, görkəmli bəstəkar Xalq artisti Səyavuş Kərimiyə müraciət edim. Mən Səyavuş Kərimiyə tamaşaya musiqi bəstələməyini təklif etdim. O, çox maraqlı bir musiqi təqdim etdi. Tamaşada səslənən musiqi və onun yaratdığı musiqi səsləri tamaşaya dolğunluq gətirdi. Tamaşanın dekorasiyasını və aktyorların geyimlərini hazırlamaq məsuliyyətini öz üzərimə götürdüm. Tamaşanın elmi məsləhətçisi görkəmli akademik Çingiz Qacardır. Bu tamaşanın ələ-ərsəyə gəlməsi üçün bir ildən çox müddət vaxt sərf edildi. Məqsədimiz, tamaşaçıya tarixi həqiqəti göstərmək idi və nəticədə maraqlı tamaşa təqdim edə bildik.

- Sizcə, teatr aləmində yenilik teatr sahəsində yüksəlişlərə səbəb olurmu?

- Azərbaycan incəsənət sahəsində gənclər arasında rejissorluğa maraq göstərən, can atan çoxdur. Ona görə də, Teatr Xadimləri İttifaqında rejissor laboratoriyası hazırlamışıq. Rejissor laboratoriyasına gələnlər ərisində gənclər üstünlük təşkil edir. Lakin buraya 14-15 nəfər gəlirsə, çalışanlar arasında ancaq 4-5 nəfər qalır. Çünki gəncliklə müdriklik arasında hər zaman ziddiyyət olur. Bu ziddiyyət nəticəsində yeniliklər yarana bilir.

- Həyat yolu, gənclik və səhvlər. Gənclik dövründə sənət dünyasına addım atmaq necə, səhvlərə nə dərəcədə yaxın və yaxud uzaq olursan?

- İnsan həyat yolunda addımladığı zaman mütləq səhvləri olur. Bu təbii haldır. Çünki səhvsiz insan yoxdur. Məsələn, bəzən olur ki, mənim sevdiyim rejissor öz tamaşasında səhv edib. Ancaq mən bunu başqa cür edərdim deyirsən. Mən bunu gördüm, bildim. Çalışacağam ki, məndə belə səhv olmasın. Ancaq bu belə deyil. Mən onun etdiyi səhvləri etmirəm. Öz səhvlərimi edirəm. Bu, bütün gənclərin həyatında öz əksini tapır. Xüsusilə, gənclik çılğın olur. Heç nəyi sevmir, hər şeyə qarşı çıxan olur. Ancaq o mütləq həyatında səhvlər edəcək. Çünki səhv etməsən doğrunu görə bilməzsən. Bəzən gənclik görür, dinləyir, başa düşməyə çalışır. Bu bütün gəncliyə şamil edilə bilməz. Ancaq biz bugünkü gündə gəncliyi qorumaq məcburiyyətindəyik. Gəncliyin gələcəkdə parlaması üçün çalışmalıyıq. Burada biz müdriklərin boynuna böyük yük düşür. Biz onları qorumalıyıq ki, 5-10 il sonra meydan tam onların olsun. Çünki meydanda artıq onlar özlərindən gənclərə bu yoldan dönməməyi öyrədəcəklər.

Çünki bizim sənət elə ağır, çətin sənətdir ki, burada addım atmaq özü bir müşkül məsələdir. Əgər müdriklər gəncliyə kömək edirsə, bunun ancaq xeyri ola bilər. Hər halda mən şəxsən bu yolu tutmuşam. Baxmayaraq ki, mənə bu yolda kömək edən olmayıb. Ona görə də mənim səhvim çox olub. Amma çalışıram ki, etdiyim səhvlər təkrar olmasın. Heç olmasa, öz səhvləri yüngül olsun.

- Tədris etdiyiniz sənətdə tələbələrinizdə xüsusilik sezirsinizmi?

- Gənclərdə yeni fikir, yeni düşüncə tərzi var. Vaxtilə dərs dediyim tələbələr bu sənətdə çox naşı idilər. Baxmayaraq ki, qəbul imtahanlarında yüksək balla qəbul olublar. Lakin indi görürəm ki, 4 il ərzində ixtisasca necə inkişaf ediblər. Başqalarından seçilirlər. Mütaliə edir, araşdırırlar. Bu barədə bəxtim gətirib ki, mənim tələbələrim yaxşı və ən əsası, istedadlı gənclərdir. Mənim üçün onlarla ünsiyyət qurmaq çox maraq oyadır.

- Yeni dövrdə kinorejissorluq sahəsi və teatr rejissoru sahəsi üzrə qarışıqlıq yaranmayıb ki?

- Bunlar ayrı-ayrı sahələrdir. Kino istehsalat sahəsidir. Burada istehsalat üstünlük təşkil edir. Lakin teatrda yaradıcılıq göz qabağındadır. Bu sahələr bir-birindən fərqlənir. Mən heç vaxt düşünməmişəm ki, bir film çəkim. Hal-hazırda bir ssenari üzərində çalışıram. Əgər o ssenari uğurlu alınsa, təklif edəcəyəm ona film çəkilsin. Film çəkilsə, təklif edəcəyəm öhdəlik mənə verilsin. Belə bir niyyət, arzu var.

- Sənət dünyası və insan həyatı. Bunların vəhdəti hansı amildir?

- Ən böyük hökmdar da kimisə sevib. Mən hesab edirəm ki, sevgi hər şeyin açarıdır. Ən sərt, ən qəddar insan da sevgi sahəsində yola gətirilir. Həyatda və sənətdə sevgi çox böyük amildir. Həyatında sevməsən, yaşaya bilməzsən. Sənəti sevməsən ucala bilməzsən. Sevgi tək kişi və qadın məhəbbəti deyil. Birinci olaraq, Vətənə sevgin olmalıdır. Sevgi torpaqdır, sevgi anadır, sevgi ailədir və nəhayət, sənət sevgisi. İlahi eşqin sevgisi isə əvəzsizdir. Mən belə hesab edirəm ki, sənətlə həyatın vəhdəti yalnız sevgi ola bilər.

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-24 yanvar.-S.12.