UNESCO tərəfindən İçərişəhərə gücləndirilmiş mühafizə statusu verilib

Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2013-cü il üzrə fəaliyyəti barədə hesabat toplantısı keçirilib. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev 2013-cü ildə İdarənin əsas fəaliyyət istiqamətləri - abidələrin mühafizəsi, İçərişəhər və Qala qoruqlarının beynəlxalq standartların tələblərinə uyğun olaraq idarə olunması və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə həyata keçirilmiş işlərdən danışıb. Qoruqların tarixi-memarlıq görkəminin qorunmasının milli-mədəni irsimizin təbliğindəki önəmini vurğulayan idarə rəisi bildirib ki, 2013-cü ildə də dünya və ölkə əhəmiyyətli abidələrdə bərpa və konservasiyası işləri idarənin əsas prioritetləri kimi qalıb. Belə ki, Qız Qalasında 2009-cu ildən başlayan konservasiya işləri tamamlanıb, abidənin daxilində beynəlxalq standartlara cavab verən yeni muzey ekspozisiyası yaradılıb. Ötən ilin uğurları sırasında İçərişəhər DTMQİ-nin Xarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması nominasiyasında Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə-Italian Heritage Award nüfuzlu beynəlxalq mükafata layiq görülməsi xüsusi qeyd edilib. Bundan əlavə, UNESCO tərəfindən İçərişəhərə Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusu verilib ki, bu da Azərbaycanın zəngin tarixi-memarlıq irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir. İclasda daha sonra İdarənin tabeliyindəki qurumların rəhbər şəxsləri hesabatları ilə çıxış edərək, öz sahələri üzrə keçən ildə görülmüş işlərdən danışıblar. Sonda İdarə rəisi cənab Samir Nuriyev İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin 2014-cü il üçün əsas məqsəd və vəzifələrindən, qarşıda duran hədəflərdən bəhs edib, İdarənin qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Nigar

Palitra.-2014.-25 yanvar.-S.10.