Rəsm əsərlərində həyatın mənasını axtaran gənc rəssam

Məryəm Ələkbərlinin təkcə Bakıda deyil, İstanbul, Ankara, Berlin, Paris, Roma, Moskva kimi şəhərlərdə də sərgiləri təşkil edilir.

Layihə çərçivəsində yazımız istedadlı gənc rəssam Məryəm Ələkbərli ilə bağlıdır. Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb.

YARAT! Müasir İncəsənət Məkanının rəhbəri, istedadlı gənc rəssam Aida Mahmudovanın təşkilatçılığı ilə açılan sərgidə Məryəm Ələkbərlinin əsərlərinin Müasir İncəsənət Muzeyi tərəfindən nəşr olunmuş yeni kataloqu da təqdim edilib. Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirak etdikləri sərginin açılışında çıxış edən Aida Mahmudova deyib: Məryəmin əsərlərində çox güclü müsbət energetika var.

Çoxsaylı elementləri özündə cəmləşdirən bu işlər güclü emosiyalar doğurur. A.Mahmudova vurğulayıb ki, hələ gənc olmasına baxmayaraq, sənət aləmində yetərincə tanınmış Məryəm Ələkbərlinin əsərlərinin sərgisi dünyanın bir sıra məşhur incəsənət mərkəzlərində keçirilib. Bu qızın daxilində güclü bir istedad gözlənir. O, öz işləri ilə həmin istedadı tədricən bizim üçün açır - deyən Aida Mahmudova qeyd edib ki, Məryəm Ələkbərli Paris Ali İncəsənət Məktəbində təhsil alır: Onun əsərləri insana ruh verir, mən ona daha böyük yaradıcılıq uğurları, enerji, hər işində ilham arzulayıram. Demək istəyirəm ki, o, heç vaxt təslim olmamalı və həmişə öz arzularını gerçəkləşdirməlidir. Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev deyib: Hər bir parlaq incəsənət əsəri nadir hadisədir. Lakin indiki halda bu nadirlik xüsusi cəhətlərə malikdir. Məryəm Ələkbərlinin işlərində nə isə bir əsrarəngizlik var və bu əsrarəngizlik bizim həyatımızla, hisslərimizlə bağlıdır. Gənc rəssamın əsərlərinin rəngarəngliyi, mövzu və rənglərin bənzərsizliyi ilə seçildiyini vurğulayan Elçin Əfəndiyev deyib ki, bu işlərin birində natürmortlar, əlvan çiçəklər, digərində rəngbərəng balıqlar, tamamilə gözlənilməz mövzular əks olunub: Məryəm Ələkbərlinin rəsm əsərlərində sanki həyatın mənası, hisslərin məğzi barədə suallara cavab axtarılır. Onun işləri həm peşəkar rəssamların, həm də incəsənət pərəstişkarlarının böyük marağına səbəb olur. Yazıçı Elçin bu sərginin təşkil edilməsində Aida Mahmudovanın da böyük rolunu vurğulayıb: Aida Mahmudova istedadlı rəssam olmaqla bərabər, həm də gözəl təşkilatçıdır. Bu xüsusiyyətlərə insanlarda nadir hallarda birgə rast gəlinir. Bugünkü sərgi Aida Mahmudovanın təşkilatçılıq işinin gözəl nümunəsidir.

İndiyə qədər onun rus, ingilis, fransız, alman və yapon dillərində albomları buraxılıb

Məryəm Ələkbərli erkən yaşlarından rəsm çəkməyə başlayıb. Hazırda təkcə Bakıda deyil, İstanbul, Ankara, Berlin, Paris, Roma, Moskva kimi şəhərlərdə də onun sərgiləri təşkil edilir. İndiyə qədər onun rus, ingilis, fransız, alman və yapon dillərində albomları buraxılıb. Məryəmin müxtəlif janrlarda yaratdığı əsərlər məna və hisslərin dərinliyi ilə seçilir. Məryəm öz əsərlərində görüb-duyduğu dünyanı məhəbbətlə əks etdirir. İncəsənət aləmində kimisə heyrətləndirmək çətindir. Məryəm Ələkbərlinin məşhur incəsənət xadimlərinin diqqətini cəlb etməsi, onların rəğbətini qazanması bizdə qürur hissi oyadır.

Xalq artisti, kinorejissor Eldar Quliyev Məryəm Ələkbərlinin yaradıcılığından söhbət açaraq deyib: Məryəm Ələkbərli Azərbaycanı bundan sonra da xarici ölkələrdə layiqincə təmsil edəcək və hər birimizi sevindirəcək. İstedadlı gənc rəssamın əsərləri, demək olar, Avropanın əksər ölkələrində nümayiş olunub, fərdi sərgiləri keçirilib. Mən onun əsərlərinə həm peşəkarların, həm də adi tamaşaçıların münasibətinin şahidi olmuşam. Bu heyrətamiz insan öz xeyirxah daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir. Onun mənəvi dünyası zəngin və şəndir. Məryəm Ələkbərlinin əsərləri insanları xeyirxahlığa səsləyir. Bu əsərlərə tamaşa edəndə insan daxilən bir rahatlıq tapır. Onun yaratdığı portretlər qeyri-adidir və heç kimə bənzəmir. Bunlar yalnız Məryəm Ələkbərlinindir. Çox şadam ki, bizdə belə bir gənc rəssam vardır. Əminəm ki, o, bizləri - özünün pərəstişkarlarını bundan sonra da öz əsərləri ilə təəccübləndirəcək və sevindirəcəkdir. Mən özümü onun yaradıcılığının pərəstişkarlarından hesab edirəm. Məryəmin öz daxili aləmini zəngin rənglər vasitəsilə ifadə etmək qabiliyyəti onun yaradıcılığının fərqləndirici cəhətidir.

Sərgidə nümayiş olunan bütün işlər çox yüksək səviyyədədir

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov deyir: Burada nümayiş olunan bütün işlər çox yüksək səviyyədədir. Hesab edirəm ki, bu əsərlərin hamısı Məryəmin təbiəti, dünyası və onun fəlsəfəsidir. Sərgidə nümayiş olunan bütün işlər çox yüksək səviyyədədir. Mən onun bir neçə sərgisini görmüşəm. Hesab edirəm təbiət Məryəmi elə yaradıb ki, onun öz əsərlərini yaratmağında heç bir çətinliyi yoxdur. Onun əsərləri təbii yaranır. Ən əsası odur ki, Məryəm Ələkbərli bir rəssam kimi tamamilə azaddır. İnsan ancaq uşaqlıqda sərbəst və azad olur. İllər keçdikcə, insan o sərbəstliyi axtarır, çox çətin yollarla o sərbəstliyə yaxınlaşır. İstedadlı gənc rəssam Məryəm Ələkbərli isə artıq belə bir sərbəst vəziyyətdə yaşayır və yaradır. Bu sərgi, gördüyüm sərgilərdən ən gözəlidir. Məryəm Ələkbərli forma və rənglərdən cəsarətlə istifadə edərək özünün parlaq və harmonik dünyasını yaradır.

Məryəm Ələkbərlidə sərbəstlik, müstəqillik və sənətkarlıq xüsusiyyətləri cəmləşib

Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun fikrincə, Məryəmin rəsmləri heyrət doğurur: İstedadlı gənc rəssam Məryəm Ələkbərlidə sərbəstlik, müstəqillik və sənətkarlıq xüsusiyyətləri cəmləşib. Bu, çox mürəkkəb məsələdir. Onun əsərləri heyrət doğurur. O, bildirib ki, istedadlı gənc rəssam olmaq, hissləri, emosiyaları yetkin sənətkar səviyyəsində ifadə etmək mənim üçün həqiqətən çox gözlənilməzdir: Məryəm Ələkbərli öz əsərlərində gördüyü və hiss etdiyi dünyanı sevgi ilə əks etdirir. İncəsənət aləmində kimisə təəccübləndirmək çətindir. M.Ələkbərli isə hər dəfə öz əsərləri ilə bizi təəccübləndirir. O, nadir istedaddır. Gənc rəssamın kətan üzərində yaratdığı rəsmlər onun hisslərini, istəklərini, bu dünya haqqında düşüncələrini əks etdirir. Onun yaradıcılığının görkəmli rəssamların rəğbətini qazanması qürur hissi doğurur. Məryəm Ələkbərli kimi istedadlı gəncimizlə fəxr edirəm. Tanınmış incəsənət xadimləri də Məryəm Ələkbərlinin əsərlərini yüksək qiymətləndiriblər. Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev vurğulaıyıb: Bu sərgi məni tamamilə valeh elədi. Ona görə ki, bugünkü sərgi azad bir insanın azad hisslərini nümayiş etdirir. Mən çox şadam, fəxr edirəm ki, bu gözəl insan belə hisslərlə yaşayaraq, onu tablolarda göstərə bilir. Sərgidə Məryəm Ələkbərlinin 50-yə yaxın əsəri nümayiş etdirilir. Ekspozisiya fevralın 8-dək davam edəcək.

Anar Miriyev

Palitra.-2014.-28 yanvar.-S.12.