“Xaricdə oxuyan tələbələr olaraq Azərbaycan təhsilinin inkişafını daha aydın görürük”

 

Söhrab İsmayıl: “Azərbaycan dövləti tərəfindən xarici ölkələrə “beyin axını”nın qarşısının alınması üçün müxtəlif tədbirlər görülür”

 

Layihə çərçivəsində Azərbaycan Gənc Diplomatlar Birliyinin Türkiyə təmsilçisi və Türkiyə-Azərbaycan Tələbə Birliyinin Mətbuat katibi Söhrab İsmayılla müsahibəni təqdim edirik.

 

-İlk olaraq özünüz haqqında ətraflı məlumat verərdiniz.

-Şəmkir rayonunda anadan olmuşam, orta təhsilimi Şəmkir rayonunun Kür qəsəbəsində, bakalavr təhsilimi isə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsində almışam. Hazırda Türkiyənin Qazi Universitetində eyni ixtisasın magistr pilləsində təhsilimi davam etdirirəm. Eyni zamanda Azərbaycan Gənc Diplomatlar Birliyinin Türkiyə təmsilçisi və Türkiyə-Azərbaycan Tələbə Birliyində Mətbuat katibi kimi fəaliyyət göstərirəm.

-Xaricdə təhsil alan gənclərimiz dövlətimizi layiqincə təmsil edə bilirlərmi?

-Dövlətimizi layiqincə təmsil etmək hər bir vətəndaşımızın borcudur. Xaricdə təhsil alan tələbələrimiz də vətəndaş olaraq bu missiyanı layiqincə həyata keçirməyə çalışırlar. Təəssüflər olsun ki, mənfi hallar da az deyil. Bu istiqamətdə görülən işlərdə əsas maneə pərakəndəlik, həm də gənclərimizə xaricdə təhsil imkanları təklif edən bəzi şirkətlərin öz işlərinə daha çox kommersiya fəaliyyəti kimi baxmalarıdır. Fikrimcə, bu sahədəki problemləri aidiyyəti dövlət qurumları səviyyəsində həll etmək mümkündür.

-Təhsil aldığınız universitetin özəlliyi nədir?

-Qazi Universiteti Türkiyənin ən çox inkişaf etmiş qabaqcıl 10 universitetdən biridir. Universitetin diplomu dünyanın əksər ölkələri tərəfindən tanınır. Eyni zamanda bu universitet Azərbaycan universitetləri ilə geniş şəkildə əməkdaşlıq edir. Qazi Universitetində xaricdə təhsil alan tələbələrə, xüsusilə türk dövlətlərindən olan tələbələrə, azərbaycanlı tələbələrə böyük qayğı ilə yanaşılır.

-Türkiyə təhsilində Avropa təhsilinə meyillilik özünü nə dərəcədə göstərir?

-Türkiyədə təhsilin Avropa standartlarına uyğun şəkildə olması üçün bir çox islahatlar aparılıb. Bu islahatlar da öz növbəsində Türkiyədə təhsilin inkişafına təkan verib. Əgər nəzər yetirsək biz bu inkişafı dərslərin internet üzərindən seçilməsindən tutmuş tələbələrin asudə vaxtlarını səmərəli keçirməsinədək olan geniş sahədə görə bilərik. Sözügedən sahədə tələbələrə təqdim olunan imkanlar Avropa standartları səviyyəsində rəqabətədavamlı mütəxəssislərin yetişməsinə kömək olur. Hazırda bu islahatlar davam etdirilir.

-Gənclərin xaricdə təhsil alması elm və təhsilimizin inkişafına hansı formada kömək olur?

-Hər bir xaricdə təhsil alan gənc bir neçə il ərzində müəyyən təcrübə toplayır. O, həm elm sahəsində, həm də təhsil sahəsində yeniliklərlə tanış olur. Tələbə təhsil aldığı sahədə mütəxəssis kimi yetişib Azərbaycana qayıtdıqdan sonra elmi tədqiqatlar aparmaq, yenilikləri tətbiq etmək, yeni mütəxəssislər yetişdirməklə elmimizin və təhsilimizin inkişafına kömək ola bilər. Burda ən önəmli məqam strateji sahələrdə təhsil alan tələbələrimizin təhsillərini bitirdikdən sonra yenidən dövlətimiz tərəfindən ölkəmizdə həmin sahələrdə fəaliyyətə cəlb edilməsidir. Azərbaycanın xarici ölkələrdə strateji sahələrdə təhsil alan onlarla tələbəsi var. Belə tələbələrin təhsillərini bitirdikdən sonra Azərbaycana qayıtması həyati əhəmiyyət kəsb edir. Bu tələbələr ölkəmizdə müdafiə sənayesi, informasiya texnologiyaları, sülhməramlı nüvə sənayesi, nanotexnologiya, mədəniyyət , əczaçılıq və tibb sənayesi, kənd təsərrüfatı kimi və bir çox digər strateji sahələrin inkişafına böyük töhfə verə bilərlər. Ümumiyyətlə, bütün dünyada “beyin axını” prosesi mövcuddur. Azərbaycan dövləti tərəfindən xarici ölkələrə “beyin axını”nın qarşısının alınması üçün müxtəlif tədbirlər görülür, bu tədbirlər davam etdirilməli və daha da genişləndirilməlidir. Çünki belə mütəxəssislər bizim milli sərvətimizdir.

-Elmi işiniz hansı mövzudur?

-Elmi işim müharibənin nəzəri, strateji tərəfləri mövzusunda olacaq.

-Türkiyədəki azərbaycanlı gənclərin həmrəyliyi necədir?

-Türkiyədəki gənclərimizin böyük əksəriyyətinin vətənpərvər, milli məsələlərdə qətiyyətli olması sevindirici haldır. Gənclərimiz ayrı-ayrılıqda, qruplar halında bir çox tədbirlər həyata keçirirlər. Amma dünyanın bir çox ölkəsində olduğu kimi, Türkiyədə də bu fəaliyyət çox zaman pərakəndə xarakter daşıyır. Bu da Türkiyədə və digər xarici ölkələrdə azərbaycanlı tələbələrin sayının artması ilə əlaqədardır. Xarici ölkələrdə müxtəlif mənfi məqsədlərə xidmət edən qruplar da az olmadığı üçün tələbələrimizin o qruplara cəlb olunması təhlükəsi yaranır. Təəssüflənərək qeyd edirəm ki, belə mənfi halların örnəkləri də var. Bu da yuxarıda qeyd etdiyim kimi, çox zaman gənclərimizə Türkiyədə yalnız orta məktəb attestatı ilə təhsil alma imkanı təklif edən şirkətlərin fəaliyyəti ilə bağlıdır. Çünki bu şirkətlər təhsilə ancaq biznes sahəsi olaraq baxdıqları üçün tələbənin təhsil aldığı dövrdə olan problemləri ilə maraqlanmır. Attestatla universitetə qəbul olan tələbə sonradan yataqxana problemi ilə, maddi problemlərlə üzləşir. Bu problemləri kənardan müşahidə edən mənfi məqsədli qruplar tələbələrə qalmağa yer, yaxud təqaüd təklif edərək həmin tələbələri öz təsirləri altına salmağa çalışırlar. Sonradan təsir altına düşən tələbələr müxtəlif pis əməllərə alət olurlar. Bəhs olunan mənfi halların qarşısının alınması üçün həmin şirkətlərin fəaliyyətinə ciddi nəzarət olmalıdır. Bu məsələdə valideynlər də çox diqqətli olmalıdır. Tələbələrimizin də istəyi ilə koordinasiyanı təşkil etmək və canlandırmaq, həmrəyliyimizi gücləndirmək və daha sistemli şəkildə işləmək üçün Hacettepe Universitetinin doktorantı Elvin Ağayevin rəhbərliyi ilə 19 mart 2014-cü ildə Türkiyə-Azərbaycan Tələbə Birliyini qurduq. Birliyimiz adi bir tələbə topluluğu deyil, böyük bir birlikdir. Bugünədək bir çox tədbirlər həyata keçirmişik.

-Siz gənclərlə bağlı hansı işlər görürsünüz?

- Türkiyə-Azərbaycan Tələbə Birliyi olaraq əsas prinsiplərimizdən biri də intellektual gəncliyin yetişməsinə töhfə verməkdir. Geridə qoyduğumuz 2014-cü ilin aprel ayında universitetlər arasında “Nə, Harada, Nə zaman?” intellektual yarışını təşkil etdik, may ayının 5-də həmvətənlərimizlə birlikdə Türkiyə, Bolqarıstan, Albaniya kimi ölkələrdən də olan qonaqlarımızın iştirakı ilə böyük şairimiz Əhməd Cavadın doğumunun 122-ci illiyinə həsr olunmuş tədbir keçirdik. Eyni zamanda may ayında universitetlər arasında “Nə, Harada, Nə zaman?” intellektual oyununun və şahmat yarışlarının final mərhələlərini təşkil etdik. Noyabrın 9-da isə Bayraq Günü münasibətilə flashmob keçirdik. Ölkəmizin bir çox mətbuat orqanlarında, həmçinin Palitra qəzetində tədbirlərimiz geniş işıqlandırıldı. Ən uğurlu addımlarımızdan biri də Qarabağ musiqi qrupunun qurulması oldu. Bu il keçirdiyimiz tədbirlərə Hacettepe Universiteti Sağlık Topluluğunun birgə Xocalı soyqırımını anma mərasimini, 31 Mart Soyqırımı qurbanlarını anma tədbirini, 28 may Respublika Günü münasibətilə “Cumhuriyyət Bayramı”nı misal gətirə bilərəm. Xatırladım ki, Xocalı soyqırımı ilə bağlı tədbirdə iştirak edənlər arasında Hacettepe Universitetinin rektoru Prof. Dr. Murat Tuncer, Atatürk İlkələri və İnqilab Tarixi İnstitutunun üzvü Dr. Seyfi Yıldırım, və Prof. Xanım Xəlilova, Hacettepe Universitetinin Ədəbiyyat fakültəsinin dekanı Prof. Mehmet Öz də var idi. Sözügedən tədbirdə İndoneziya, Qana, Qazaxıstan, Türkmənistan, Mozambik, Bolqarıstan, Gürcüstan, Albaniya, Pakistan, Bosniya, Türkiyə, Azərbaycan və başqa ölkələrdən olan şəxslər iştirak etmişdilər. TATB olaraq səfirliyimizin tədbirlərində də mütəmadi olaraq iştirak edirik. Bu və digər səpkili tədbirlərimiz bundan sonra da davam edəcək.

- Digər diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?

-Bəli, Azərbaycan Kültür Dərnəyi, ASİMDER və Azərbaycan Beynəlxalq Diaspor Mərkəziylə bərabər BMT-nin Türkiyə nümayəndəliyinin qarşısında vətəndaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən haqsız yerə əsir tutulmasıyla bağlı etiraz aksiyası keçirmişik. Yalnız diaspor təşkilatları ilə deyil, Azərbaycan Kültür Dərnəyi, Tarihdaş Millətlər və Topluluqlar Dərnəyi, Ekoavrasya Dərnəyi (Avrasya İqtisadi Münasibətlər Dərnəyi) və Türkiyə KAMU-Sen ilə də əməkdaşlıq edirik.

-Kənardan Azərbaycan təhsilinin inkişafı necə görünür?

-Xaricdə oxuyan tələbələr olaraq Azərbaycan təhsilinin inkişafını daha aydın görürük. Təbii ki, problemlər də mövcuddur. Problemlərin həlli üçün işlər görülür, islahatlar aparılır, proqramlar qəbul olunur. Bu atılan addımları, qazanılan uğurları xaricdən müşahidə etmək bizi çox qürurlandırır.

 

Fuad Hüseynzadə

 

Palitra.- 2015.- 5 avqust.- S. 11.