“Milli mətbuat tariximizin salnaməsini hazırlamalıyıq”

 

Asif Rüstəmli: “Onlar mətbuat tariximizi çiyinlərində qaranlıq mühitdən işığa çıxaran fədakar ziyalılardır”

 

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmlidir:

- Asif müəllim, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Cəfər Cabbarlı poeziyası ilə bağlı apardığınız tədqiqat işləri hansı mərhələdədir?

- Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatında görkəmli dramaturq kimi tanınsa da, o yaradıcılığa poeziya ilə başlayıb. Hələ 1905-1908-ci illərdə 7-ci Müsəlman və rus məktəbində oxuyarkən müəllimi Abdulla Şaiq məktəbli Cəfərin “duzlu-məzəli” şeirlər yazdığını bildirirdi. Araşdırmalar təsdiqlədi ki, Cəfər Cabbarlının ilk mətbu əsərləri 1915-ci ildə “Məktəb” jurnalında dərc edilən “Bahar” mənzuməsi yox, 1911-ci il noyabrın 5-də “Həqiqəti-əfkar” qəzetində işıq üzü görən “Eşidənlərə” və “Şücaətin” şeirləridir.

Bakı Dövlət Universitetində oxuduğum illərdən müxtəlif kitablarda bir neçə satirik şeirlərin həm Cəfər Cabbarlıya, həm də Bayraməli Abbaszadəyə aid olduğunu müşahidə etmişdim. O dövrün ədəbiyyat tarixində “Səfa” operasının liberettosu həm Cəfər Cabbarlının, həm də Məmməd Səid Ordubadinin adı ilə bağlanırdı. Bu ziddiyyətlərin kökü ilə maraqlananda məlum oldu ki, bu problem gizli imzalarla sıx bağlı məsələdir. Ayrı-ayrı tədqiqatçılar gizli imzaları səhv saldığına görə, eyni əsər iki və daha artıq müəllifin adına çıxılıb. Bu məsələ ədəbiyyatımızda ciddi problemdir və hər hansı bir gizli imzanın açılmaması, dərindən öyrənilməməsi məlum çətinliklərə səbəb olur.

Onu da nəzərə alaq ki, eyni gizli imzalardan müxtəlif zamanlarda, müxtəlif mətbuat orqanlarında fərqli ədəbi üsluba malik olan şairlər istifadə ediblər. Məsələn, “Sancaq” gizli imzasından 4-5 nəfər istifadə edibdir. Onlardan Bədrəddin Seyidzadə, “Molla Nəsrəddin”çi yazar Bağır Axundov, Cəfər Cabbarlı və Lənkərandan Nəsrulla Qənbərli istifadə ediblər. Nəticədə fərqli felyetonlar bir şəxsin adına toplanaraq təqdim edilirdi. Cəfər Cabbarlının poeziyası haqqında araşdırma işlərinə asan yolla başlamadım. Bu proses çətin, mürəkkəb və dolanbac yollardan keçdi. Məsələn, “Sancaq” imzasını açmaq və hansı dövrlərdə kimə məxsus olduğunu isbatlamaq üçün mənə illərlə arxivlərdə işləmək lazım gəldi. Bununla da özümdən asılı olmayaraq, mən Cəfər Cabbarlının tədqiqatçısına çevrilmişəm. Baxmayaraq ki, ilk elmi tədqiqat işim, monoqrafiyam “Molla Nəsrəddin”çi şair Bayraməli Abbaszadənin həyat və yaradıcılığı”ndan olub.

Çoxillik araşdırmalar nəticəsində Cəfər Cabbarlının kitablarına salınmayan 30-dan çox lirik və satirik şeir nümunələrini üzə çıxarıb oxuculara təqdim etmək sevinci mənə nəsib olub. Bu şeirlərin böyük bir qismi Cümhuriyyət dövründə yazılmış, istiqlal əhvali-ruhiyyəli olduğu üçün və sair səbəblərə görə çap edilməyib. Digər qismi gizli imzalarla dövri mətbuatda çap olunan satirik şeirlər və felyetonlardır. Cabbarlının kitablarına salınmayan üçüncü qisim poeziya nümunələri isə müxtəlif arxivlərdən tapılmış əlyazmalardır. Böyük sənətkarın sovet dövründə Azçekanın həbsxanasında yazdığı şeirləri də buraya əlavə etsək mübaliğəsiz demək olar ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Cəfər Cabbarlı poeziyasının araşdırılması, üzə çıxarılması istiqamətində uğurlu addımlar atılıb.

- Cabbarlı yaradıcılığının hansı məqamı sizi daha çox cəzb etdi ki, siz onun yaradıcılığının tədqiqatçısı oldunuz?

- Etiraf edək ki, Cəfər Cabbarlı hərtərəfli tədqiq olunan bir sənətkardır. Onun dili, üslubu, poeziyası, nəsri, dramaturgiyası, kino yaradıcılığı, teatr fəaliyyəti, hətta tərcümə əsərləri də tədqiqatlardan kənarda qalmayıb. Arxiv materialları əsasında Cabbarlı irsi ilə maraqlananda guman etmirdim ki, bu böyük sənətkar ilə bağlı yenilik əldə etmək mümkündür. Ancaq bu düşüncənin əksi ilə rastlaşdım. Həm arxivlərdə, həm də o dövrün mətbuatında Cəfər Cabbarlının bir çox elə əsərlərini tapdım ki, çağdaş oxuculara onlar tanış deyildi. İyirmi çap vərəqi həcmində əsərləri nəşrdən kənarda qalıb. Hətta çar imperiyası dövründə, Xalq Cümhuriyyəti zamanında çap olunan əsərlərinin böyük bir qismi Sovet dövründə çıxan heç bir kitabına daxil edilməyib. Təbii ki, rast gəldiyim bu böyük xəzinə, ədəbi irs məni özünə cəzb etdi.

Beləliklə, tədqiqatlarımın nəticəsi olaraq, Cəfər Cabbarlının heç bir kitabına düşməyən əsərlərindən ibarət 320 səhifəlik “Ədirnə fəthi” adlı toplusu “Elm” nəşriyyatında 1996-cı ildə işıq üzü gördü. O dövrdə, yəni 1996-cı ildə bu iş böyük maraqla qarşılandı. Çünki bu əsərlər Cəfər Cabbarlının heç bir kitabına düşməyən əsərləri idi. Bu topluya Cabbarlının 6 pyesi, 4 hekayəsi, 30-a qədər lirik və satirik şeirləri, 60-a qədər ədəbi-tənqidi məqaləsi və bir neçə məktubu daxil edilmişdi.

Sonrakı illərdə araşdırmalar göstərdi ki, Cəfər Cabbarlının mətbuatdan və çapdan kənarda qalan əsərləri heç də az deyil. Cabbarlı Sovet dövründə, 1923-cü ildə həbs olunarkən mənzilində axtarış aparılıb, əlyazmaları Azçeka tərəfindən müsadirə olunub, bəzi əsərləri son nüsxə olduğu üçün it-bata düşüb. Onlardan “Bakı müharibəsi” əsərinin adını çəkmək olar. Bu əsər 1919-cu ildə tamaşaya qoyulub. Əsər 1918-ci ilin mart soyqırımından sentyabrın 15-dək olan dövrdən, Nuru Paşanın Bakıya gəlişi ilə baş vermiş hadisələrdən bəhs edirdi. Əsərin əsas qəhrəmanları Şaumyan və Nuru Paşa idi. Bu əsər Abbas Mirzə Şərifzədənin rəhbərliyi ilə 1919-cu il sentyabrın 16-da Bakıda tamaşaya qoyuldu.

Cəfər Cabbarlı 1923-cü ildə həbs ediləndə onun müsadirə edilən bütün əlyazmaları içərisində “Bakı müharibəsi”də vardı. Cəfər Cabbarlının nəzmlə yazdığı başqa bir əsəri - “Araz çayı” mənzum pyesi 1923-cü ildə tamaşaya qoyulmalı idi. Bütün hazırlıq işləri aparılırdı. Rol bölgüsü də olmuşdu. Bununla bağlı o dövrün “Maarif və mədəniyyət” jurnalında elan da çap edilmişdi. Cəfər Cabbarlının Sovet dövründə Mərkəzi İcraiyyə Komitəsində stenoqrafçı, “Komunist” qəzetində tərcüməçi işləməsi onu həbsdən sığortalaya bilməmişdi.

Qeyd edim ki, Cabbarlının sağlığında çap olunmayan həmin dövrün məşhur əsərlərindən biri - “Ana” şeiri də müsadirə olunanların içərisində idi. Cabbarlı həbsdən çıxandan sonra həmin şeiri yenidən dəftərə köçürür. Bu zaman əsərə 4 bənd də əlavə edir.

- Araşdırmalarınız zamanı C.Cabbarlının həyat və yaradıcılıq tarixi ilə bağlı hansı sənədləri aşkarladınız?

- Cəfər Cabbarlının həyat və yaradıcılığını araşdırarkən, mənim üçün ən böyük tapıntı Cabbarlının Sovet dövründə həbsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin arxivindən əldə etdiyim 2 qovluq oldu. Cabbarlının həbs olunduğu deyilsə, də ancaq heç bir sənəd və sübut ortalıqda yox idi. Əvvəllər Cəfər Cabbarlının adı ilə həmin arxivdə axtarış aparmışdım, lakin kataloqunda onun adı ilə heç bir sənəd yox idi. Ancaq mən o dövrdə həbs olunanların adlarını qruplar, partiyalar üzrə nəzərdən keçirdikdə bir çox faktları aşkarladım. Cəfər Cabbarlı gizli Müsavat Komitəsinin üzvü olub. Onlar o dövrdə özlərini Milli İstiqlal, Milli Müqavimət hərəkatı da adlandırırdılar. Bu gizli qrupun üzvü olan tanınmış ziyalılarımızdan Seyid Hüseyn, Əbdülvahab Yurdsevər, Mirzə Bala Məhəmmədzadə, Rəhim bəy Vəkilov, Ağasəlim Rəhimov, Əbdül Rəhman Dai, Nəsrulla İsrafilov və b. adını çəkə bilərəm. Bu məxfi təşkilatın “İstiqlal” qəzeti Mirzə Bala Məhəmmədzadənin və Cəfər Cabbarlının rəhbərliyi ilə Sovet dövründə, 1922-1923-cü illərdə 19 nömrəsi gizli olaraq çıxıb. Bu nömrələrin hər sayı böyük tiraj olmayıb. 30,40 bəzən də 50 nüsxə olub. İki səhifəlik, A3 formatlı bu qəzet Azərbaycanın tarixi hadisələri ilə bağlı materiallar dərc edib. Xüsusilə 27 aprel Azərbaycanın işğal günü kimi qəzetdə qeyd olunub. Milli ideyaya, istiqlal məfkurəsinə sadiq insanlara bu qəzet paylanılırdı. Dövrün, zamanın problemləri bu qəzetdə açıq şəkildə verilirdi. Azərbaycanda ilk məxfi mətbuat orqanı olan “İstiqlal” 1923-cü ilin oktyabr ayının 5-də Azçekanın əməkdaşları tərəfindən aşkarlandı.

Birinci dəfə gizli Müsavat Partiyasının üzvü olduğuna görə həbs olunan Cəfər Cabbarlı 2 aylıq həbsdən sonra avqust ayının 14-də azad edilir, “İstiqlal” qəzetinin gizli fəaliyyətinə görə oktyabr ayında yenidən həbs olunur. Cəfər Cabbarlının həbsxana yaradıcılığı, oradan yazdığı məktubları, şeirləri mənim araşdırmalarımda yeni səhifə idi. Bütün bunları Cəfər Cabbarlı yaradıcılığında, həyatında, fəaliyyətində yeni mərhələ hesab edirəm. Çünki bu faktları və sənədləri Sovet dövründə üzə çıxarmaq, ictimailəşdirmək müşkül və mümkünsüz idi.

Onu da qeyd edim ki, Cabbarlının həyatının müxtəlif məqamlarını, qatlarını öyrəndikcə maraqlı faktlarla üzləşirdik. Məsələn, Cəfər Cabbarlı 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü, SSRİ Yazıçılar Qurultayının nümayəndəsi, Bakı Şəhər Sovetinin deputatı seçilməsinə baxmayaraq, Komunist Partiyasının üzvü deyildi. Hər kəsə bəlli idi ki, Cəfər Cabbarlı məfkurə etibarı ilə istiqlalçı və milli sənətkardır.

Onun “Mənim tanrım gözəllik” şeiri həbsdən çıxdıqdan sonra çap etdirdiyi ilk şeiridir. Bu şeirdə Cəfər Cabbarlı millətə xidmətin yolunu, üslubunu ön plana çəkir. Yəni mübarizəsinin istiqamətini mədəniyyət sahəsinə yönəldir. Xalqın milli şüurunun inkişafına təkan verməyi bir növ qarşısına məqsəd qoyur. Bu baxımdan Cəfər Cabbarlı millidir, istiqlalçı və azərbaycançı bir sənətkardır.

- Bundan sonrakı tədqiqatlarınızda Azərbaycan ədəbiyyatının hansı dövrünü araşdırmağı düşünürsünüz?

- Mən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin əmri ilə Mətbuat tarixi və publisistika şöbəsinin rəhbəri təyin edilmişəm. İnstitutun ən gənc şöbəsi bir ildir ki, fəaliyyət göstərir. Azərbaycan mətbuat tarixində özünün sanbalı, yaradıcılıq imkanlarının hüdudsuzluğu ilə bütün Şərqdə məşhurlaşan “Molla Nəsrəddin” jurnalı ensiklopediyasını hazırlamağı qarşımıza məqsəd qoymuşuq.

Bildiyiniz kimi, “Molla Nəsrəddin” jurnalının müasir əlifba ilə 8 cildi işıq üzü görüb. Bu 8 cild əsasında sözlük fondu, sözlük xəzinəsi hazırdır.

Digər irihəcmli işimiz isə, Mətbuat tarixi və publisistika şöbəsi olaraq, Azərbaycan milli mətbuat tarixinin salnaməsini hazırlamaqdır. Şöbəmiz az zaman içərisində bu istiqamətdə 500 səhifəlik material hazırlayıb. Bu, mətbuat tariximizin bünövrəsi sayılan “Əkinçi” qəzetindən, yəni 1875-ci ildən 1910-cu ilə qədər olan dövrü əhatə edir. 35 illik mətbuat tariximiz o qədər zəngindir ki, təkcə bu dövrlə bağlı salnamə 500 səhifədən çox bir cild təşkil edir. Bu istiqamətdə əsas işlər görülüb. Hal-hazırda redaktə və nəşrə hazırlıq prosesi aparılır. Hesab edirəm ki, Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti, Azərbaycan jurnalistikası üçün qeyd etdiyim fundamental işlər bizim şöbə tərəfindən xalqımıza bəxş ediləcək dəyərli töhfələr olacaq.

Yaxın gələcəkdə Azərbaycan mətbuat tarixinin ensiklopediyasını da hazırlamağı nəzərdə tuturuq. Azərbaycanın mətbuat tarixi çox zəngindir və o dövrün böyük şəxsiyyətləri olub. Mən onların adlarını xüsusi olaraq vurğulamaq istərdim. Həsən bəy Zərdabi, Kamal, Camal və Səid Ünsizadə qardaşları, Məhəmmədağa Şahtaxtinski, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Haşım bəy Vəzirov, Mirzə Cəlal Yusifzadə, Əliabbas Müznib kimi şəxsiyyətlər Azərbaycan mətbuat tarixinin çar imperiyasının basqılarına, təzyiqlərinə, ehtiyaclara, şrift çatışmazlığına, kağız qıtlığına baxmayaraq, böyük əzmkarlıqla xalqın ümummilli inkişafında xidmət göstəriblər. Onlar mətbuat tariximizi çiyinlərində qaranlıq mühitdən işığa çıxaran fədakar ziyalılardır.

Mənim fərdi tədqiqat planımda isə 1911-1912-ci illərdə çap olunan və bu gün Azərbaycanın arxivlərində bir nüsxəsi belə tapılmayan “Həqiqəti-Əfkar” qəzeti və onun baş redaktoru Mirzə Cəlal Yusifzadə ilə bağlı araşdırmalar yer alıb. Keçən il Sank-Peterburqda elmi ezamiyyətdə olarkən, o qəzetin tam dəstini akademik İsa Həbibbəylinin maddi və mənəvi dəstəyi ilə Bakıya, institutumuza gətirdim. Ədəbiyyat tariximizin 5-ci cildi üçün Əbdül Rəhman Dai, Bayraməli Abbaszadə oçerklərini yazıb təhvil vermişəm. “Yaşıl yapraklar” (Bakı, 1922) dərgisi üzərində araşdırmalar aparıram. Cəfər Cabbarlının “Kazım bəy” romanından bir parçanı müasir əlifbamıza transfoneliterasiya etmişəm. Görüləsi işlərin bolluğu fonunda vaxt qıtlığı sindromunu görməzliyə vurmaq, saya almamaq mümkünsüzdür.

 

Xəyalə GÜNƏŞ

 

Palitra.- 2015.- 5 avqust.- S. 13.