Niyazinin xatirəsi anılıb

 

Avqustun 20-də xalq artisti, dövlət və beynəlxalq mükafatlar laureatı, görkəmli dirijor maestro Niyazinin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Niyazinin ev muzeyində baş tutan tədbirdə bir sıra mədəniyyət və incəsənət xadimləri iştirak edib. Əvvəlcə sənətkarın həyat və yaradıcılığını əks etdirən və muzeyin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş olunub.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək görkəmli dirijorun keçdiyi ömür yolundan bəhs edib. Niyazinin ev muzeyinin direktoru Rza Bayramov sənətkarın Azərbaycan musiqi tarixindəki rolu haqqında çıxış edərək maestronun orijinal musiqi mədəniyyəti və fitri istedadının mükəmməlliyindən söz açıb. Diqqətə çatdırılıb ki, böyük ifaçılıq məktəbinin yetişməsində və simfonizmin təşəkkürü və inkişafında sənətkarın böyük əməyi olub. Daha sonra tədbirin bədii hissəsində qonaqlara Niyazinin və digər Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, bəstəkar Ülviyyə Hacıbəyovanın və akademiyanın magistri Pərvin Nəsirlinin repertuarında bir sıra klassik musiqi nömrələri səsləndirilib.

Sonda qonaqlar rejissor Nonna Müzəffərovanın maestro haqqında çəkilmiş "Rast. Niyazi" sənədli filmini izləyiblər.

 

Tural

Palitra.-2015.-21 avqust.-S.2.