Məmmədrza Şeyxzamanovun 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib

 

Dövlət Film Fondunda görkəmli teatrkino aktyoru, Xalq artisti Məmmədrza Şeyxzamanovun anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

Xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşıb. Gecədə mərhum aktyorun sənət dostları, yaxınları və bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar. Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək unudulmaz sənətkarın kinoteatr fəaliyyətindən, Azərbaycan kino mədəniyyəti tarixindəki müstəsna xidmətlərindən, professional səhnə məharətindən söz açıb. Bildirilib ki, onlarla müxtəlif filmlərdə biri-birindən maraqlı və yaddaqalan obrazlar yaradan sənətkar, əsrlər keçsə də xalqının yaddaşında yaşayacaq. Gecədə unudulmaz sənətkarın ailəsinin 1937-ci ildə repressiyaya məruz qalmasından, bu illər ərzində onun keçdiyi məşəqqətli həyat yolundan söz açılıb. Daha sonra kinorejissor, Əməkdar artist Elxan Qasımov Məmmədrza Şeyxzamanovla bağlı xatirələrini bölüşüb. Sonda Sənətkarın rol aldığı filmlərdən fraqmentlər nümayiş olunub.

 

Palitra.-2015.-16 dekabr.-S.3.